Yazıçılarımız tənqid oxuyurmu? – SORĞU

Yazıçılarımız tənqid oxuyurmu? – <span style="color:red;">SORĞU
18 aprel 2016
# 09:00

Tənqidi və eyni zamanda ədəbiyyatşünaslıqla bağlı yazıları yazarlarımız oxuyurmu? Həmin yazılardan nələrsə əxz edirmi?

Kulis bu barədə yazarlardan münasibət öyrənib. Cavabları təqdim edirik.

Anar: “Əvvəllər də oxumuşam, indi də ədəbi tənqid, ədəbiyyatşünaslıqla bağlı yazıları mütəmadi oxuyuram. Daha çox qəzet və jurnallardan. Açığı, sonuncu dəfə oxuduğum tənqidi yazını xatırlamıram. Ancaq Vaqif Yusifli, Tehran Əlişanoğlu, Əsəd Cahangir və digər tənqidçilərin yazılarını izləyirəm. Düşünürəm ki, ağıllı yazılan yazıdan çox şey öyrənmək olar. Konkret nəyi öyrəndiyimi deməkdə çətinlik çəkirəm. Ancaq ağıllı tənqidi yazı yazıçını öyrədir, yetişdirir. Ağılsız yazıdan isə heç nə öyrənmək olmaz. Heç kimə lazım deyil elə yazılar”.

Aqil Abbas: “Mən o vaxt Azərbaycan Dövlət Universitetində filologiya fakültəsində oxumuşam. Daha sonra bizim qrupu iki yerə böldülər: dilçilər və ədəbi tənqidçilər. Mən, Vilayət Quliyev və başqaları ədəbi tənqidə keçdik. Yəhya Seyidov, Bəkir Nəbiyev kimi müəllimlər dərs deyirdi bizə. Ancaq nə dilçi ola bildim, nə də ədəbi tənqidçi. İndi əlimə nə tənqidi yazı keçir oxuyuram. Tehran Əlişanoğlu, Əsəd Cahangir, Vaqif Yusiflinin yazılarını həmişə oxumuşam. Elçin də ədəbi tənqidlə məşğul olurdu, son vaxtlar onun yazılarına rast gəlmirəm”.

Səfər Alışarlı: “Mən belə məqalələri gənc yaşlarımda da səthi oxumuşam, yəni onlara aludəliyim olmayıb. İndi isə müasir tənqidi məqalələri görəndə təzadlı hisslər keçirirəm. Səbəbləri müxtəlifdir. Bəzi tənqidçilər konkret adlara xidmət edir, oradan onların çörəyinin çıxması dərhal görünür. Bəziləri maraqsız, bəzilərinin isə ədəbiyyata dəxili azdır. Baxırsan, fikirləşirsən və təəssüflənirsən”.

Saday Budaqlı: “Mən çalışıram tənqid yazılarını oxumayım. Düzdü, arada ədəbi tənqid yazılarına göz gəzdirirəm. Ancaq mənim üçün bir qələm adamının, yazıçının fikri daha maraqlıdır, nəinki tənqidçinin”.

Murad Köhnəqala: “Əlimə keçəndə, rastıma düşəndə oxuyuram. Tehran Əlişanoğlunun, Əsəd Cahangirin, Cavanşir Yusiflinin yazdıqları maraqlı olur. Uzunçuluq görəndə isə ordan-burdan baxıb öz adımın keçdiyi yerləri oxuyuram. Öyrənməyə gəldikdə, Əsəd bəyin yazdıqlarından namazı necə qılmağı öyrənirəm...”

# 1092 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #