Güllələr demədi – İsa İsmayılzadə - 75

Güllələr demədi – İsa İsmayılzadə - 75
15 mart 2016
# 10:07

Bu gün tanınmış şair İsa İsmayılzadənin doğum günüdür. Yaşasaydı, 75 yaşını qeyd edəcəkdi. Ömrünü ədəbiyyatımızın, şeirimizin inkişafına həsr etmiş İsa müəllimi hörmətlə anır, onun bir neçə şeirini təqdim edirik.

Güllər demədi…


Getdilər. Getdilər fit çala-çala,
Getdilər atları çimizdirməyə –
Bizi aparmadılar,
Qulançar yığmağa, moruq dərməyə
Bizi aparmadılar.

Yalvarıb-yalvarıb, dil tökəndə biz
onlar üstümüzə ol ələdilər,
qışqırıb-təpinib, hədələdilər:
«Hələ uşaqsınız… nə yaşınız var…»

Bir gün xəbər gəldi: dava başlanıb…
Onlar əsgərliyə çağırıldılar.
Nə tütək çaldılar, nə fit çaldılar,
fikirli oldular, ağır oldular…

Yola salanlara qoşulanda biz
yalvarıb-yalvarıb, dil tökdü onlar:
«Gəlməyin, qayıdın… geri qayıdın…
Qayıdın atları çimizdirməyə,
Qulançar yığmağa, moruq dəyməyə».

Biz getdik atları çimizdirməyə,
qulançar yığmağa, moruq yeməyə:
düşüb arxamızca gəldi uşaqlar.
Dilimiz gəlmədi bir söz deməyə.

Onların yoxluğu düşdü araya,
Oyunlar, «məclislər» qaldı yarımçıq.
Toylar da seyrəldi, toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq –

Kəndimiz yamanca uralanmışdı,
hərdən korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçək də qaralanmışdı:
«Deyəsən, gedənlər qayıtmayacaq» -

Mərmilər, güllələr fit çala-çala
Hey böyür-başından ötdü onların.
Kətmən vura-vura, ot çala-çala
baxdıq yollara.

Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var…

1971

Çaylar çiçəkləyər yağış yağanda

Şıdırğı, selləmə yağış yağanda,
Bizim evimizin yaxınlığında
Arxlar çiçəkləyər,
Kür çiçəkləyər.

Suyunun sinəsi, üzü buluda,
Hər damcı – təzəcə açılan buta,
Açıla-açıla solar yerində.

Bir az boy göstərib, dikləmək istər,
Qorxulu-qorxulu bükülmək istər,
Bükülə-bükülə ölər yerində.

Şıdırğı, selləmə yağış yağanda,
Mən o çiçəkləri görə bilirəm,
Mən o çiçəkləri dərə bilirəm.

Şıdırğı, selləmə yağış yağanda,
Mənim xəyalımın uzaqlığında
Araz çiçəkləyər, Kür çiçəkləyər,
Dəniz çiçəkləyər, göl çiçəkləyər,
Səma çiçəkləyər, çöl çiçəkləyər.

Çaylar çiçəkləyər bahar gələndə,
Arxlar yarpaqlayaq payız gələndə.

1973


Qızlar, oğlanlar

İmtahan günləri yaxınlaşanda,
Çıxardıq çöllərə oğlanlı, qızlı.
Gözlərdə ilk sevgi aşıb-daşanda,
Baxardıq, susardıq biz sözlü-sözlü.

Qovaq kölgəsinin sərinliyində
Hərə bir gözələ çələng hörərdi.
Hardasa,
ürəyin dərinliyində
Körpə bir məhəbbət boy göstərərdi.

Kəsilib məhəbbət imtahanında.
«Əladan»,
«yaxşıdan» alan da oldu.
Bir göz sınağından,
qız sınağından
keçərək, sinifdə qalan da oldu.

Yanaşı çəkilən adlar da vardı,
Adları oxşayıb, əzizləyərdik.
Elə ki, yay gəldi, dərslər qurtardı –
Hər gecə yuxuda yol gözləyirdik.

Ay ötdü, il ötdü, ciblərimizdə,
Ay ötdü, il ötdü, ürəyimizdə
Qat kəsdi məhəbbət məktublarını…
Kim xəbər aparsın, kim bir söz desin.
Lövhə qabağında dərs danışanda,
Oğrun baxışların hənirtisini
Duyurduq üzümüzdə, kürəyimizdə.

Hamımız utancaq, küsən, küsdürən,
Yerişlər,
duruşlar,
baxışlar sözlü.
O şeytan qızları tir-tir əsdirən
İldırımlar sözlü,
yağışlar sözlü.

Üzüşmək,
üşünmək bəhanə oldu,
Dayandıq üz-üzə, nəfəs-nəfəsə.
Satdıq günü-günə, sonra nə oldu –
Dinib-danışmadıq bircə nəfəsə.

Bir gün zəng çalında sonuncu kərə,
Siniflər boşaldı…
Lövhələr üstə
Bir gün qoşa-qoşa adlar yazıldı,
Bir gün qoşa-qoşa adlar pozuldu.
Ağır addımlarla döndük evlərə.

Zərnilər saraldı, otlar saraldı,
Kitablar saraldı, adlar saraldı.
Üfüqdə sarımtıl günəş göründü,
Sıxdı barmaqları qızıl üzüklər,
Körpə bir məhəbbət titrədi, söndü.

On səkkiz il keçib. Deyimmi indi,
Deyimmi, kimi kimi sevirdi, qızlar?
Oğlan ürəyində, qız ürəyində
On səkkiz ildir ki, on səkkiz yaşlı
Bir dilsiz-ağızsız məhəbbət sızlar…

1974

# 4401 dəfə oxunub

Müəllifin son yazıları

# # #