Dostoyevski müsəlmanlara və türklərə niyə nifrət edirdi?

Dostoyevski müsəlmanlara və türklərə niyə nifrət edirdi?
29 aprel 2013
# 12:30

Dostoyevski sevimli yazıçılarımdan biridir. Onun çox fikirlərini bölüşürəm, bəzi fikirləri ilə razılaşmıram, bəzi fikirlərini isə tamamilə rədd edirəm. O yaxşı yazıçı olub. Amma təəssüf ki, bunu onun şəxsiyyəti barədə deyə bilmirik.

Çünki onunla bağlı müasirlərinin xatirələrini oxuyanda, bu qənaətə gəlirsən ki, əsərlərindəki ziddiyyətli xarakterlər daha çox onun şəxsinə aiddir, nəinki obrazlarına. Dostoyevski ilə bağlı müxtəlif istiqamətlərdə yazmaq olar. Amma bu yazıda onun türklərə qarşı nifrətindən, bu nifrətin əsərlərinə yansımasından və bunun səbəblərindən bəhs edəcəyik.

Dünya ədəbiyyatında Dostoyevski qədər həyatı və əsərləri arasında paralellik olan ikinci bir yazıçı göstərmək çətindir. Dostoyevskinin bütün əsərləri şəxsi həyat təcrübəsi ilə birlikdə dövrünün sosial və siyasi təsiri altında qələmə alınmışdı. Dostoyevskinin həyatı araşdırılarkən onun dinsizlikdən dinə, çara və dövlətə qarşı düşmənçilikdən çar sevgisinə və milliyyətçiliyə, hətta panslavizmə meylləndiyi aydın şəkildə görünür. Xüsusilə həyatının son illəri dininin ortodoksluq (pravoslav) olduğu və milliyyətini yenidən kəşf etdiyi illərdir. Əsərlərində Avropaya, türklərə və İslama münasibəti olduqca mənfidir. Çılğın, əsəbi, vərəm xəstəsi, ziddiyyətlərlə dolu, dəyişkən xarakterli və davakar olması onun bəzi hadisələrə obyektiv və realist baxmasını əngəlləmişdi. Dostoyevski ilə bağlı çox adam araşdırma aparıb.

Stefan Sveyq, Edvard Halett Carr və Henri Troyat da yazarın həyatının, xüsusilə də son illərindəki fikirlərinin qəbul edilməyəcək dərəcədə absurd olduğunu, fəqət bunun Dostoyevskinin yazarlığına mane olmadığını söyləmişdilər. Dostoyevski insan təbiətini anlatmaqda nə qədər realistdirsə, dövrün sosial və siyasi olaylarını dəyərləndirərkən də bir o qədər romantikdir. Bu səbəbdən də onu uğurlu bir yazıçı, uğursuz bir siyasətçi kimi dəyərləndirirlər.

Dostoyevski 1870-ci illərdən sonra Rusiya mətbuatında rus milliyyətçiliyini və türklərə qarşı düşmənçiliyi qatı şəkildə müdafiə edənlərdən biridir. Onun bu mövqeyində həm mənsub olduğu ailənin, həm dövrün ictimai-siyasi şərtlərinin, həm də sosial-mədəni ab-havasının böyük təsiri olub. Dostoyevskinin ulu babalarından biri olan Stepan Dostoyevski Osmanlı həbsxanalarında bir müddət qaldıqdan sonra 1624-cü ildə həbsxanadan qaçıb. Yazıçının atası Mixail Andreyeviç Dostoyevski isə hərbi həkim olub və 1806-1812-ci illərdə Osmanlı-Rus müharibəsində yaralıları müalicə edib. Dostoyevskinin özü milliyyətçi rus ziyalıların əksəriyyətini yetişdirmiş Peterburqdakı Hərbi Mühəndislik Məktəbində oxuyub. Türklərə nifrəti ilə seçilən Puşkinə olan məhəbbətinin də Dostoyevskinin türklərə qarşı antipatiyasında təsiri olub. Puşkin həm panslavist idi, həm də rus milliyyətçiliyinin oyanmasında əvəzsiz xidmətləri olmuşdu. Puşkin Balkanlarda slavyan əsilli bolqarların olduğunu və bolqarların türklərin əlindən qurtarılması üçün Avropa və Rusiyanın bolqarların tərəfindən çıxış etməsinin vacibliyini söyləmişdi.

Dostoyevskinin Avropaya getməmişdən əvvəl yazdığı əsərlərində milliyyətçiliyi elə də nəzərə çarpmır. Amma onun milliyyətçilik hissləri Avropada oyanmağa başlamışdı. Xaricdəki maliyyə çətinliklərindən onu orda yaşayan ruslar xilas edirdilər. Həmçinin avropalıların ruslara münasibəti yaxşı deyildi və ruslara qarşı pis rəftar edirdilər. Dostoyevski xaricdən rus qəzetlərinə yazdığı məqalələrdə bildirirdi ki, o, Avropada olarkən rus xalqını yenidən kəşf edib. Onun panslavist damarı da elə həmin vaxtlarda yaranmışdı. Dostoyevskinin antitürk ehtirasını şərtləndirən başlıca səbəblərdən biri dövrünün sosial və siyasi vəziyyəti idi. Əvvəllər çar əleyhdarı olduğu üçün Sibirə sürgün edilən, daim xristianlıq nəzəriyyəsini sorğu-suala çəkən Dostoyevskinin, 1870-ci illərdən sonra çar tərəfdarı, panslavist və pravoslavların qatı müdafiəçisi kimi ortaya çıxması dövrün konyuktur ab-havası ilə bağlı idi.

1870-ci illərdən sonra panslavist hərəkat genişlənməyə başlamışdı. Rusiyadan mənbəyini götürən bu hərəkat getdikcə Balkanlara, Qafqazlara və Orta Asiyaya doğru genişlənmişdi. Dostoyevskiyə bunun təsiri böyük idi. Dostoyevskinin əsərlərində türklərə və müsəlmanlara qarşı antipatik münasibəti əsasən “Ölü evdən xatirələr”, “Karamazov Qardaşları» romanlarında və 1873-1881-ci illər arasında yazdığı gündəliklərin toplandığı «Yazıçının gündəliyi»ndə təsadüf olunur. O, «Ölü evdən xatirələr» əsərində (1862) Sibirdəki həbsxanada qarşılaşdığı bir tatardan bəhs edib.

Qazin adlı bu tatar, romanda qorxunc bir uşaq qatili kimi təqdim olunur. Həzz almaq üçün uşaqları öldürən Qazin, həbsxananın ən güclü məhbusu olması ilə yanaşı, hamının ondan çəkindiyi qorxulu adam idi.

«Onun bir vaxtlar sırf əyləncə naminə balaca uşaqları kəsməkdən xoşu gəldiyini deyirdilər: Balaca uşağı uyğun bir yerə aparıb, əvvəlcə qorxudurmuş, uşağa işgəncə verirmiş, zavallı uşağı qorxutmaqdan, dəhşətli dərəcədə heyrətləndirməkdən zövq alandan sonra, yavaş-yavaş, qətiyyən tələsmədən, böyük həzlə onu kəsirmiş».

«Karamazov qardaşları»nda isə Dmitri Karamazov qardaşı Alyoşa ilə söhbəti zamanı deyir: "Bu yaxınlarda Moskvada bir nəfər bolqar mənə danışırdı ki, onların vətənində, Bolqarıstanda türklər və çərkəzlər slavyanların kütləvi etirazından qorxuya düşərək hər yerdə zalımlıq edirlər, yəni yandırır, qılıncdan keçirir, qadınları və uşaqları zorlayır, dustaqları qulaqlarından hasara mıxlayır və beləcə səhərə qədər bu vəziyyətdə saxlayırlar, səhər tezdən isə asırlar və bu kimi digər şeylər, hamısını ağla gətirmək belə olmur. Doğrudan da bəzən insanlardakı «vəhşi» qəddarlığından söz açırlar, lakin bu vəhşi heyvanlara münasibətdə ədalətsizlikdir: vəhşi heç zaman insan qədər qəddar ola bilməz......Bu türklər uşaqları da analarının bətnindən xəncərlə doğrayıb çıxarmaqdan tutmuş onları havaya atıb analarının gözü qarşısında süngüyə keçirməyə qədər böyük şəhvətpərəstliklə işgəncələr verirlərmiş. Və onlara xüsusi ləzzət verən o imiş ki, bunu uşaqların analarının gözü qarşısında edirlər. Amma bu mənzərə məni yaman maraqlandırdı. Bir təsəvvürünə gətir: südəmər uşaq tir-tir əsən ananın qucağındadır, ətraf isə türklərlə doludur. Onlar şən bir oyun çıxarırlar: körpəni əzizləyirlər, onu güldürmək üçün özləri də gülürlər və buna nail olurlar, körpə gülməyə başlayır. Bu anda türk bir qarış məsafədən tapançanı onun sifətinə tuşlayır. Uşaq sevincək şaqqanaq çəkir, əllərini uzadıb tapançanı tutmağa çalışır və birdən artist tətiyi çəkir və onun başını parça-parça edir...".

Çılğın, içki düşkünləri ilə dolu, qayda-qanunlardan uzaq Avropa ölkəsi olan Rusiya və din adamları Dostoyevskinin "Karamazov qardaşları"nda İvan, Dmitri və Alyoşa adlı üç qardaş tərəfindən təmsil olunur. Romanda rus xalqının xarakterik cəhətləri qələmə alınsa da, burada 19-cu əsrdə rus xalqında dərin iz buraxmış Osmanlı-Rusiya müharibəsinin də təsiri diqqətə çarpır.

"Yazıçını gündəliyi" əsərində Dostoyevskinin radikal türk və islam düşməni olduğu, rus xalqını türklərin əleyhinə qaldırdığı aydın şəkildə büruzə verilib. Yazıçı türkləri sevən, onları haqlı sayan, onlara rasional və humanist münasibət bəsləyən rus ziyalılarını kəskin tənqid edirdi. Onun tənqidlərindən Tolstoy və Levinlə yanaşı siyasi panslavizmin ideoloqlarından biri olan Nikolay Danilevskiyə də pay çatır. Halbuki Danilevski Osmanlı və Avstriya imperiyaları dağılandan sonra Rusiyanın himayəsində paytaxtı İstanbul olan federativ Rus-slavyan imperiyası qurmağı təklif etmişdi. Danilevski Rusiyanın təkbaşına İstanbulda hakimiyyəti əldə saxlamasını əxlaqi cəhətdən düzgün saymayaraq onun bir müddət türklərin tabeçiliyində qalmasının zəruriliyini demişdi.

Dostoyevski də Danilevskinin bu fikrinə qarşı çıxmış, İstanbulun birmənalı şəkildə rus tabeçiliyində olmasını müdafiə etmişdi. 1877-78-ci ildə baş verən Osmanlı-rus müharibəsinin təsiri altında Dostoyevski Həzrəti İsanın düşmənləri ilə müharibəni, İstanbulun alınması üçün qanın tökülməsini müqəddəs iş hesab eləyirdi. Rusiyanın bütün pravoslav slavyanların himayəçisi olduğunu düşünən yazıçı İstanbulun işğalını vacib şərt sayırdı. Onun fikrincə, İstanbul avropalılara, ingilislərə deyil, məhz ruslara qalmalıdır.

Dostoyevski türklər və müsəlmanlardan fərqli olaraq rusların dini və humanitar baxımdan pozitiv olduqlarını, tatarlar zəiflədikdən sonra belə onlara qarşı zülm və təzyiq göstərmədiklərini, torpaqlarından sürgün etmədiklərini, heç bir Avropa dövlətində olmayan şəkildə yerli xalqdan daha çox imtiyazlar verildiyini söyləyir. O, türklərin İstanbul və Anadoludan çıxarılıb Asiya təpələrinə sürgün olunmasını, Osmanlı imperatorluğunun zor gücünə və ya siyasi cəhətdən deyil, ağılla çökdürülməsini, pravoslavlığın İstanbulda yayılmasını, İstanbulu ələ keçirəndən sonra türklərin və müsəlmanların silahlandırılmasının qadağan edilməsini və “Aya Sofya”nın kilsəyə çevrilməsini təklif edirdi.

Dostoyevski türkləri fanatik, barbar, zalım və qəddar hesab edir, İslamı isə "Vəhşət dini" adlandırırdı. O, Osmanlı dövlətini "xəstə adam"a bənzədirdi. Onun türklər əleyhinə fokuslaşmış təxəyyülü ona imkan vermişdi ki, türklərin hər cür insanlıqdan kənar işgəncə növlərindən insanlığa qarşı istifadə etdiyini öz əsərlərinə yazsın. Məsələn: “Türklər slavyan xalqlarına müxtəlif işgəncələr veriblər, əsirlərin qulaqlarını və müxtəlif orqanlarını kəsiblər, qadınlara təcavüz etdikdən sonra onları dəlik-deşib ediblər, kişilərin dərilərini soyublar, kiçik uşaqların bir hissəsini ayaqlarından iki yerə bölüblər, bir hissəsini isə süngüyə keçiriblər, gözlərini oyandan sonra payaya keçiriblər, analarının gözləri qarşısında uşaqların, hətta qundaqdakı körpələrin barmaqlarını kəsərək onları əzabla öldürüblər....”

Dostoyevskiyə görə, ruslar Avropa xalqlarından daha mədənidir. Türkləri məğlub etdikləri zaman onların başına eyni oyunları açmayıblar. Hətta rus əsgərləri öz yemək paylarını türk əsirlərlə paylaşıblar. Hətta bolqarlar ruslardan qəsəbələrini tərk etdikləri türklərin mülklərinin aqibəti barədə sual verəndə, rus generalı deyib: "Mallar, mülklər toplanacaq və mühafizə ediləcək. Tarlalar əkiləcək, toplanan məhsul əməyin əvəzi olaraq üçdə bir hissəsi kəndlilərə veriləcək, yerdə qalan məhsul isə türklər qayıdana qədər anbarlarda saxlanılacaq və onların özlərinə təhvil veriləcək".

Dostoyevskinin əsərlərində türklərə qarşı bu qədər gerçəklikdən uzaq, qərəzli, nifrət doğuran şeylər yazmasına baxmayaraq, türk ədəbiyyatında o, dünya ədəbiyyatının önəmli siması adlandırılmış, təqdir edilmişdi. Onun türklərə nifrət yağdırdığı əsərləri türk dillərinə tərcümə edilmiş, milyon nüsxələrlə satılmışdı. İngilis, fransız, alman akademikləri, yazıçıları Dostoyevskinin radikal, antihumanist, panslavist fikirlərini kəskin tənqid edərək onu Avropanın fikir tarixi üçün zərərli saymışdılar. Hələ 1910-12-ci illərdə Yunanıstanın ikinci böyük şəhəri Selanikdə dərc olunan "Gənc qələmlər" dərgisində Dostoyevskinin türk düşməni olmasından bəhs edilmişdi. Qaya Alp imzalı müəllif yazmışdı: "Ədəbi həyatı ilə siyasi həyatını qarışdırdığı gündən etibarən Dostoyevski bütün gündəlik yazan mühərrirlər kimi siyasətin ehtiraslı cərəyanlarına qoşulmuş və nəfis ədəbi simasını itirmişdir. Dostoyevski bir qisim rus arasında sevilə, hörmət qazana bilər, amma biz türklər onu nifrətə yaxın bir hisslə yad etməyə məcburuq. Çünki o, dəhşətli bir slavist, türk düşmənidir. Və mənim onu ədəbi şəxsiyyət kimi deyil, daha çox türk düşməni kimi tanıtmaqdan başqa çarəm yoxdur "...

Dostoyevski əslində öz əsərlərindəki fikirləri ilə bir daha rus imperializminin türklər üçün nə qədər təhlükəli olduğunu ifadə etmişdi. Bu təhlükə təkcə hərbi-siyasi mənada deyil, həm də milli-etnik, ədəbi-mədəni zəmində də özünü göstərir. Dostoyevskidən bu yana 200 ilə yaxın bir zaman kəsiyində də ruslar əsrlər əvvəl baş vermiş monqol-tatar işğallarının acı nəticələrini unuda bilməyiblər. Yazıçı öz əsərləri və baxışları ilə isbat edirdi ki, onun türk düşmənliyinin kökündə məhz tatarlara dözümsüzlük dayanır. Əsrlər keçir, əcdadlarımızın, ulu babalarımızın hərəkətlərinin və hərəkətsizliklərinin bədəlini ödəmək sonrakı nəsillərə düşür.

Burdan yola çıxaraq, biz müasir Rusiyanın türk dövlətlərinə qarşı siyasətinin əsasında nəyin dayandığına dair ehtimallar irəli sürə bilərik. Zaman dəyişir, tarixdəki nifrət isə nəsildən-nəslə ötürülür...

Araşdırmada Dostoyevskinin əsərlərindən, türk professor Səlahəddin Çitçinin "Dostoyevskinin əsərlərində türklərə və islama baxış" adlı elmi məqaləsindən istifadə olunub.

fikir.ffi.az

# 4815 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #