Şeytan sonatası – Elçindən YENİ PYES

Şeytan sonatası – Elçindən YENİ PYES
29 sentyabr 2017
# 17:20

Kulis.az Elçinin “Şeytan sonatası” pyesini təqdim edir.

(Absurd)

«Maskalar» silsiləsindən

Konsert zalının səhnəsində yalnız açıq royaldır. Tamaşaçılar görünmür, onların ancaq hənirtisi eşidilir və hiss olunur ki, böyük zalda anşlaqdır.

RADİO İLƏ ELAN. Xanımlar və cənablar! Xahiş edirik telefonları söndürəsiniz.

Pauza.

Ağappaq smokinq geymiş və qıpqırmızı «kəpənək» taxmış Aparıcı (kişi) səhnəyə çıxır.

APARICI (təntənli surətdə) . Xanımlar və cənablar! Əziz dostlar! Bu gün bu gözəl konsert zalında biz hamımız tarixi bir hadisənin iştirakçılarıyıq. XXİ əsrin dahi pianoçusu, (Əlini səhnənin girişinə tərəf uzadaraq.) maestro…

Gurultulu alqışlar qopur və Aparıcı gözləməyə məcbur olur. Yavaş-yavaş alqış sakitləşir və Aparıcı sözünü davam etmək istəyir.

maestro…

Yenə gurultulu alqışlar qopur və Aparıcı yenə gözləməyə məcbur olur. Alqış sakitləşdikdə Aparıcı davam etmək istəyir.

maestro…

Təzədən gurultulu alqışlar qopur, ancaq Aparıcı bu dəfə sözünə ara verib gözləmir və maestronun adını deyir, ancaq alqış sədaları içində, elə bil, onun ağzı boş yerə açılıb-yumulur, nə dediyi eşidilmir. Nəhayət alqış sakitləşir və Aparıcının sözləri aydın eşidilir.)…

Azərbaycana qastrola gəlmişdir! (Alqışlar.) Mən sizin hamınızı bugünkü bu böyük musiqi bayramı münasibətilə təbrik edirəm! (Alqışlar.)

Zal sakitləşdikdən sonra Aparıcı çalınacaq əsəri elan edir.

Skryabin. Fortepiano üçün 9 nömrəli sonata.

Aparıcı gedir.

İntizar dolu bir pauza.

Nəhayət, Pianoçu səhnəyə daxil olur. Tamaşaçılar onu uzun sürən gurultulu alqışlarla qarşılayır.

Pianoçu səhnənin ortasında dayanaraq, təəccüblə zala baxır, elə bil, bu hərarətli alqışların səbəbini başa düşmür və bir müddət beləcə təəccüblə zala baxdıqdan sonra, sürətlə royalın arxasına keçib oturur.

Zalı sükut bürüyür.

Pianoçu yerini rahatlayır, gözlərini yumaraq, əllərini ovuşdurur və yerində donur, sonra, elə bil, birdən ayılaraq, ilk akordları vurur.

Skryabin sonatasının sədaları altında Pianoçunun səhnəarxasından səsi eşidilir.

PİANOÇUNUN SƏSİ (yavaş, az qala pıçıltı ilə və hiss olunan bir həyəcanla özü-özüylə danışır). Bu aparıcı qadın nə dedi? Skryabinin sonatası? Hım…(Yavaşdan gülür.) Bəşəriyyətin ən böyük kəşfi nisbilik nəzəriyyəsidir? Xeyir! Bəşəriyyətin ən böyük kəşfi iki teatr maskasıdır: biri gülür, o biri ağlayır. Çünki…

Pianoçunun sözü də, Skryabinin sonatası da yarımçıq kəsilir və o, birdən-birə royalın arxasından ayağa qalxıb, bir neçə dəfə zala təzim edir.

Alqış sədaları qopur.

- Bravo!..

- Bis!..

- Bravo!..

- Bravissimo!..

Pianoçu yenə yerində oturur və bir müddət özünü hazırladıqdan sonra Skryabinin sonatasının ardını çalmağa başlayır. Musiqinin və ifanın təsiri ilə sükuta dalmış tamaşaçı zalında yalnız yüngül bir hənirti var – kimsə tərpənir, kimsə yavaşdan öskürür və s.

PİANOÇUNUN SƏSİ (sözünə davam edir). … çünki bəşəriyyət milyardlarla maskanı bu iki maskanın içinə pərçim edib. (Gülür.) Yəni ki, insanların cəmi iki maskası var: bir gülür, bir də ağlayır. Vəssalam!.. Hə? Vəssalam?

Pauza. Yalnız onun ifa etdiyi sonata eşidilir.

Ancaq mən bu dünyada azadam, azad nəfəs alıram, yalnız özüməm, heç bir maska taxmamışam, heç nə barədə fikirləşmirəm, heç kim haqqında düşünmürəm, yalnız quşların səsinə, dənizin səsinə, yağışın səsinə qulaq asıram, narın yaz mehini bütün varlığımla hiss edirəm. Ola biləcək bir şeydir?.. Hə? İnandız? (Gülür və sevincək tez-tez təkrar edir.) Aldatdım!.. Aldatdım!.. Aldatdım!..

Pauza. Zalı bürümüş sükut içində yalnız onun ifası – Skryabinin sonatası eşidilir.

Şəxsən mənim on yeddi maskam var. Bir, iki, üç… axırda da on yeddi! Yox, iyirmi üç!.. Yox, yox, on doqquz! Mən o maskaları sevirəm! Mən o maskalarsız yaşaya bilmərəm! Siz elə bilirsiz ki, mən Yer kürəsində yaşayıram? Xeyir! Mən Yer kürəsinə nifrət edirəm! Mən nağıllar, əfsanələr, əsatirlər, allahlar dünyasının sakiniyəm. Siz elə bilirsiz ki, o nağılları, əfsanələri, əsatirləri, allahları yaradıbsız, vəssalam? Xeyir! O nağılları da, əfsanələri, əsatirləri, allahları da maskalar yaradıb! Oradakı vəfa da, ilqar da, azadlıq da, sərbəstlik də, xəyanət də – hamısını, hamısını maskalar yaradıb! Evdə maska, çöldə maska… Hər yer… Hər yer başdan-başa maska içində… Düzdü?! Bax, belə!.. (Birdən gülür və tez-tez təkrar edir.) Aldatdım!.. Aldatdım!.. Aldatdım!..

Və Pianoçu Skryabinin sonatasının son akkordunu vurur. Bir neçə anlıq sükutdan sonra, tamaşaçıların alqışı salonu bürüyür.

- Bravo!..

- Əhsən!..

- Biss!..

- Bravo!..

PİANOÇUNUN SƏSİ. Guya bu adamlar indicə mənim royalda dediklərimi başa düşdü?

Pianoçu royal tellərinin çərçivəsindən yekə ağ dəsmal çıxarıb, tərini silir, sonra dəsmal əlində yerindən qalxıb, tamaşaçılara təzim edir, yenə əyləşir. Alqış eləcə davam edir.

Onlar elə bilir ki, mən Skryabini çaldım… Bədbəxtlər! Mənim Skryabindən zəhləm gedir! Mən Skryabinin notları ilə öz məktubumu yazırdım!

Pianoçu yenə dəsmal əlində yerindən qalxıb, bir neçə dəfə təzim edir. Alqış davam edir.

Kimə yazırdım? Sizə! (Yenə gülərək, tez-tez təkrar edir.) Aldatdım!.. Aldatdım!.. Aldatdım!..

Ağappaq smokinq geyib, qıpqırmızı «kəpənək» taxmış Aparıcı (qadın) gəldikdən sonra alqış nəhayət ki, kəsilir.

APARICI. Vaqner. Fantaziya Fis-moll!

Alqış sədaları zalı bürüyür.

Pianoçu ağ dəsmalı səliqə ilə bükərək royal tellərinin çərçivəsinə qoyur və yerini rahatlayır.

Pauza.

Pianoçu Vaqnerin Fantaziyaının ilk akordlarını vurur və artıq zalı bürümüş səssizlik içində yalnız Vaqner musiqisinin sədaları eşidilir.

PİANOÇUNUN SƏSİ (ironiya ilə). Hım… Bu aparıcı kişi nə dedi? Vaqnerin Fantaziyası? (Yavaşdan gülür.) Ancaq məsələ onda deyil ki, mən bu məktubları kimə yazıram?.. Başlacası odur ki, (Xüsusi vurğu ilə.) nə ü-çün yazıram? Nə ü-çün? (Yavaşdan gülür.) Məktubları mən yox, bu yazır! (Sol əli ilə ifasını davam edərək, sağ əlini qaldırıb barmağı ilə royalı göstərir.) Bu!.. Çünki maskaların hamısı qəlpdir!.. Orijinalı çoxdan itib!..

Pauza. Yalnız Vaqner musiqisi səslənir.

Mən maskaya nifrət edirəm!.. Karnavallarda maska geyib, karnavaldan sonra o kardon maskaları çıxarıb tullayırlar. Maskalarını tulladılar, qurtardı! Vəssalam! Hə? Düzdü? Bax, belə! (Yavaşdan gülür.) İnandız? Dünya o boş karnaval maskaları ilə doludur, nə olsun? O boş kardon maskaların hamısını yığıb yandırsan, nə olacaq? Dünya düzələcək? Bəlkə dağılacaq? (Əsəbi.) Yaxşı, mane olmayın! Mane olmayın!

Pauza. Pianoçu daha artıq bir ehtirasla çalır və «Fantaziya»nın son akkordlarını vurur. Elə bil, hipnoz olmuş tamaşaçıların bir neçə anlıq ölü sükutundan sonra, gurultulu alqış qopur.

- Bravissimo!..

- Biss!..

- Əhsən!..

- Bravo!..

Pianoçu royal tellərinin çərçivəsindən ağ dəsmalı götürüb, tərini silir və yerindən qalxıb zala tərəf təzim edir. Bu dəli alqış səsləri az qalır zalı dağıtsın. Pianoçu bir daha təzim edir, ancaq alqış kəsilmir və bu qızğın alqışın beləcə davam etməsi, elə bil, Pianoçunu əsəbiləşdirir – o, səhnə arxasına tərəf baxır.

Ağappaq smokinq geyib, qıpqırmızı «kəpənək» taxmış Aparıcı iti addımlarla səhnəyə daxil olur və onun üzündə maska var, qadın, ya kişi olduğu məlum deyil . O, yəqin ki, növbəti ifanı elan edir, ancaq alqış sədaları içində nə dediyi eşidilmir.

Pianoçu əlində tutduğu ağ dəsmalla üzünü, boynunu silə-silə əsəbi halda səhnədə var-gəl edir və yalnız bundan sonra alqış yavaş-yavaş kəsilir.

APARICI (naməlum və qəribə, ancaq məhrəm bir səslə). Tartini. Şeytan sonatası.

Yenə alqış qopur. Pianoçu təəccüblə Aparıcıya baxır.

PİANOÇU (həyəcanlı bir pıçıltıyla Aparıcıya). Bunu niyə elan etdiniz?

APARICI (əlini qaldırıb zalı sakitləşdirmək istəyir.) Bir dəqiqə!.. Bir dəqiqə!.. İmkan verin!..

Alqış davam edir.

PİANOÇU (eyni həyəcanlı pıçıltı ilə Aparıcıya). Mən bəyəm sizə demişdim ki, «Şeytan sonatası»nı çalacağam?

APARICI (yavaşdan). Əlbəttə, maestro. Bu ki, sizin şah ifanızdı!.. Görmürsüz, azarkeşləriniz nə edir?!

Pianoçu əsəbi halda səhnədən çıxır və tamaşaçılar nəhayət ki, sakitləşir.

Xanımlar və cənablar! Əziz dostlar! Maestronu səhnəyə dəvət etməzdən əvvəl mən istəyirəm ki, bu əsərin yaranma tarixi ilə sizi tanış edim.

PİANOÇUNUN SƏSİ. Mən bəyəm demişdim ki, bunu çalacağam?

APARICI (davam edir). Cüzeppe Tartini XYİİ əsr böyük İtaliya bəstəkarı və skripkaçısıdır. «Şeytan sonatası» isə onun ən məşhur əsəridir. Bu sonatanın başdan-başa möcüzə olan ecazkar musiqisini sanki, həqiqətən insan yaratmayıb. Tarantini bu dahiyanə sonatanın yaranmasının tarixçəsini xatırlayaraq, deyirdi ki, 1713-cü ildə günlərin bir günü, gecə yuxuda görür ki, öz ruhunu Şeytana satıb. Artıq Şeytan onun hər hansı bir istəyini yerinə yetirməyə hazır olan bir qul idi. Tartini öz skripkasını ona verir ki, görsün o, nəyə qadirdir… Tartini Şeytanın…

Aparıcının maskadan görünən dodaqları səssiz açılıb-yumulur və onun dediklərini Pianoçunun səsi davam edir.

PİANOÇUNUN SƏSİ. … Şeytanın dəhşətli bir ustalıqla çaldığı inanılmaz dərəcədə gözəl, təsəvvürə belə sığışmayan o musiqini eşidəndə, mən, elə bil, bir cadu içindəydim. Mən nəfəs ala bilmirdim, mənim bütün varlığım o musiqinin içində idi və mən birdən yuxudan oyandım. Özümü çarpayıdan atıb, skripkamı qapıb, çənəmin altına saldım və yuxuda eşitdiyim səmalara layiq o musiqini tələsik çalmağa başladım…

Ağzını lalcasına açıb-yuman Aparıcının səsi yenidən eşidilməyə başlayır.

APARICI (ardını davam edərək). Tartini bu sol-minor sonatanı «Şeytan zənguləsi» adlandırır və üç yüz ildən artıqdır ki, daha çox «Şeytan sonatası» kimi məşhur olan bu dahiyanə musiqi incisi dinləyiciləri valeh edir. Və üç yüz ildən artıqdır ki, Tartininin özündən tutmuş Paqaniniyəcən, Anri Vyetandan tutmuş Vivaldiyəcən, Leklerəcən, Oystraxacan böyük skripkaçılar bu əsəri çalırlar. Ancaq maestro «Şeytan sonatası»nı fortepiano üçün işlədi və düz bir ildir ki, bu sonata maestronun özünün repertuarında dünyanı gəzir. Dünyanı fəth edir! Dünyanı təlatümə gətirir! Maestro bu sonataya yeni bir həyat verib, onun sirrini-sehrini daha da artırıb. Bu dəqiqələrdə biz yubiley sevinci yaşaırıq – bu gün maestronun fortepiano üçün işlədiyi və yüz illərlə yaşayacaq yeni «Şeytan sonatası»nın bir yaşı tamam olur!

Alqış qopur və bu alqış sədaları içində Aparıcı səhnənin girişinə tərəf çönərək, bərkdən qışqırmağa məcbur olur.

Buyurun, Maestro!..

Pianoçu gurultulu alqışlar altında əlində tutduğu ağ dəsmalla səhnəyə daxil olur və bir anlıq Aparıcının yanında ayaq saxlayır.

PİANOÇU (yavaş, ancaq əsəbi). Mən bəyəm bunu sizə demişdim?

APARICI (yavaşdan). Əlbəttə, Maestro!.. Bu gün bizim xoşbəxt yubiley günümüzdür!.. (Mikrafona.) Təbrik edirik, Maestro!.. Təbrik edirik!..

Aparıcı səhnədən çıxır. Pianoçu əsəbi halda tələsik royalın arxasına keçib əyləşir. Sükut çökür. Pianoçu ağ dəsmalı yerə atıb, əllərini ovuşdurur və gözlərini yumub, bir müddət yerində donur, sonra qəflətən yerindən qalxıb, zala təzim edir. Yenə alqış qopur. Pianoçu təzədən əyləşir.

PİANOÇUNUN SƏSİ. Mən bəyəm bunu ona demişdim?

Pauza.

O, hardan gəlib? Kimdi? Bəlkə, «kimdi» yox, «nədi»?

Pianoçu nəhayət «Şeytan sonatası»nın ilk akkordlarını səsləndirir.

O, hardan gəlib? Mən bəyəm bunu ona demişdim? Yox! Mən bunu ona deməmişdim! Deməmişdim! Mən heç onu tanımıram! Deməmişdim? (Əsəbi halda tez-tez təkrar edir.) Deməmişdim! Deməmişdim! Deməmişdim!

Və birdən royalın çanağından tüstü qalxmağa başlayır. Zalda uğultu.

Səslər:

- Bu nədir belə?!.

- Tüstüdü?

- Tüstü!..

- Royaldan tüstü çıxır!..

Pianoçu heç nəyin fərqində deyil və ifasını davam edir. Artıq royalın dillərindən də tüstü qalxır, ancaq Pianoçu yenə də bunun fərqində deyil, ifasını davam edir və o, «Şeytan sonatası»nı daha artıq bir cidd-cəhdlə çaldıqca, royalın içindən alov qalxmağa başlayır.

Tamaşaçıların qışqırığı bir-birinə qarışır:

- Royal yanır!..

- Yanğın!..

- Maestro qalxın!..

- Maestro!..

- Maestro, özünüzü xilas edin!..

- Maestro, qaçın!.. Çalmayın!..

Pianoçu elə bil, heç nə eşitmir, heç nə görmür və gözlərini yumub, Tartininin sonatasını çalır və birdən səhnəyə rəngbərəng kardon maskalar tökülməyə başlayır, elə bil, tavandan maska yağışı yağır və get-gedə şiddətlənir.

Tamaşaçılar açıq-aşkar panika içindədir və Pianoçunun eləcə cidd-cəhdlə ifa etdiyi sonatanın sədaları içində onların qışqırığı eşidilir:

- Bu nədi belə?..

- Bu nə oyundu?..

- Maestronu xilas edin!..

- Maestro, qalxın!.. Qalxın!..

- Uzaqlaşın ordan, maestro!..

- Çalmayın!..

- Maestro!..

- Bəsdir!..

Səhnəyə yağan maskalar royalın da üstünə tökülür və alovu daha da qızışdırır. Pianoçu ifasına davam edir və alov onun üstünə tökülən maskalara keçir.

Zal isə təlatüm içindədir.

- Bu Şeytan əməlidir!..

- Şeytan əməli!..

- Şeytan!..

- Şeytan!..

- Şeytan!..

Addım səslərindən, basabas çığır-bağırtısından hiss olunur ki, tamaşaçılar panika içində zaldan qaçırlar.

Royalla birlikdə Pianoçu da alovlanır və onlar səhnədə nəhəng bir məşələ çevrilir.

Tartininin sonatası isə davam edir.

2017

# 1769 dəfə oxunub

Müəllifin son yazıları

# # #