Təpədən dırnağa sevgidən yetim - ŞEİR

Təpədən dırnağa sevgidən yetim - <span style="color:red;">ŞEİR
25 yanvar 2017
# 16:17

Kulis.az Saqif Zeynalın yeni şeirlərini təqdim edir.

***

Tanrının alnıma yazdığı şeir

Oldu qırış-qırış telimin altda.

O sevdanın közü hələ qalıbdı

Qalıbdı bir qalaq külümün altda.

Göylərin qapısın bağlayanda Gün

Mən oldum sevdamın Sibrinə sürgün...

Səni unudacam dediyim o gün

Adını qoymuşdum dilimin altda.

Dəli dağda duman yetim, çən yetim

Saçlarıma sığal çəkən dən yetim

Təpədən dırnağa sevgidən yetim

Bir şair böyütdüm əlimin altda.

***

Bu göz yaşını bu üzdən

Silmək olmur İlahi.

Bu üzlə də sevinib

Gülmək olmur İlahi.

Bir cüt göyərçin kimi

Uçub getdi əllərim...

Bəxtin qara tellərin

Hörmək olmur İlahi.

Bu nəğmə yatmır dilə

Bu ömür də bu ələ...

Yaşamaq olmur belə,

Ölmək olmur İlahi.

# 1061 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #