Səlim Babullaoğlu Dünya Şairlər Hərəkatının səfiri oldu

Səlim Babullaoğlu Dünya Şairlər Hərəkatının səfiri oldu
28 sentyabr 2015
# 11:51

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr mərkəzinin rəhbəri Səlim Babullaoğlu bu yaxınlarda Dünya Şairlər Hərəkatının Azərbaycan üzrə səfiri təyin edilib. Bu barədə Adalet.az-a S. Babullaoğlu məlumat verib.

Qeyd edək ki, S. Babullaoğlu Hərəkatın Azərbaycandan ilk üzvüdür. Dünya Şairlər Hərəkatı 2005-ci ildə Çili şairi Luis Arias Manzo tərəfindən Valparaisoda yaradılıb. 5 qitə, 120 ölkəni əhatə edən 8000-dən artıq üzvü olan ən böyük peşəkar poetik gildiyadır. Baş katibi Luis Arias Manzo, prezidenti Athanase Vantchev de Thracyidir. Baş ofis Çilidə, prezident ofisi isə Fransadadır.

Azərbaycan ədəbi mühitinin növbəti uğuru hesab olunan üzvlüklə bağlı S.Babullaoğluna bəzi suallarla müraciət etdik.

- Dünya Şairlər Hərəkatı haqqında əvvəldən əlaqəniz və bilginiz vardımı?

- Vardı. İrandan, Türkiyədən, Serbiyadan bəzi şairləri tanıyırdım. Çepat Çapan, Ataol Bəhramoğlu, Ziba Kərbasi, Duşka Vrxovası… Hərəkatın bir Ümumdünya Manifesti də var. Onu da oxumuşdum.

- Manifestin əsas prinsipləri nədən ibarətdir?

- Hərəkatın bir neçə dildə olan saytı var. Poetasdelmundo.com. Manifestin mətni var orda. Humanist dəyərləri önə çəkən bir manifestdir. Xüsusən, həmin manifestdə bir məqam mənim çox xoşuma gəlir. "Şair olmaq yalnız yaxşı şeirlər yazmaq deyil, həm də onlarla yaşamaqdır. Onlarla yaşamaq şeirin, poeziyanın gözəlliyini hiss eləmək deyil, həm də onu həyata keçirməkdir.” Yəni əməldir.

- Bəs necə oldu Hərəkata üzv olmaq qərarı verdiniz?

- Bu mənim arzumla olmadı. Dünya Yazıçıların 52-ci Beynəlxalq Belqrad Toplantısından qayıdandan sonra əvvəl Hərəkatın Avropa üzrə vitse-prezidenti Duşka Vrxovasdan, sonra həmin günün axşamı isə Hərəkatın prezidenti Athanase Vantchev de Thracydən məktub aldım. Mənim namizədliyimi xanım Vrxovas irəli sürmüşdü. Cənab Vantchev razılığım olacağı təqdirdə qərarın artıq verildiyini yazır və məndən özüm haqqında bilgi istəyirdi. Mən razılıq verdim və tələb olunan məlumatı göndərdim. Bu gün isə Hərəkatın baş katibi Luis Arias Manzo mənə qərarı və bəzi qeydlər olan məktubu göndərdi. Qısacası belədir.

- Sizcə bu Hərəkatda olmağınızın faydası nə olacaq, ümumiyyətlə faydası olacaqmı?

- Yaşayarıq, görərik. Məncə olmamış olmaz. Hər halda ümid edirəm ki, bu milli ədəbi həyatımızın dünya ədəbi prosesinin bir hissəsi olmaq, müəyyən beynəlxalq tədbirlərə qoşulmaq kimi işlərdə, ədəbiyyatımızın, ələlxüsus da poeziyamızın tanınması istiqamətində az da olsa, amma hökmən öz bəhrəsini verəcək.

# 980 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #