[b]Onlar nə yazırlar? – SORĞU[/b]

[b]Onlar nə yazırlar? – SORĞU[/b]
12 mart 2018
# 12:13

Getdikcə yaz fəsli özünü büruzə verir. Təbiət təzələnir. Bəs bu təzələnmə yazarlar arasında baş verirmi? Hazırda hansı əsər üzərində çalışırlar, yeni yazdıqları əsər varmı? Yaradıcılıqlarında nə yeniliklər var?

Adalet.az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Səfər Alışarlı: "Əlimdə olan yazılardan birini dünən martın 11-də, nəhayət, yekunlaşdırdım. Bu, həmin yazının 15-ci, 20-ci, bəlkə də 30-cu oxunuşu idi. Hər oxunuşda redaktə, düzəliş və amansız ixtisar işi gedir. İndi 15 səhifəlik yeni bir hekayə oxucuya doğru yola düşməyə hazırdır. Yəqin bu həftə biz onun məsələsini həll edərik.”

Nəriman Əbdülrəhmanlı: "Hazırlıq mərhələsindəyəm, o əsəri beynimdə "bişirirəm”, hazır olan kimi, yazmağa başlayacağam. Bu da yəqin ki, çox çəkməz. Çünki tanış, məhrəm mövzudu, illərlə içimdə gəzdirmişəm. Elə bilirəm ki, payızda oxuculara təqdim eləyə biləcəyəm.”

Etimad Başkeçid: "Üzərində işlədiyim kitabı hardasa iki il, iki il yarıma bitirəcəyəm. Bu mənim ikinci və yəqin ki, axırıncı romanım olacaq. Ona qədər hekayələr kitabımı və köşə yazılarımdan ibarət toplunu çap etdirməyi düşünürəm. Belə isə, hazırda Qoqolun əsərlərini dilimizə çevirirəm.”

Şərif Ağayar: "Dörd hissəli roman düşünürəm. Və qəribədir ki, roman dördüncü. axırıncı hissədən yazılmağa başlanıb. Dörd hissənin hər biri ayrılıqda povest olacaq."

Aqşin Yenisey:"Türkəyədə şeir kitabı hazırlayırıq. Əlavə üç roman var, sadəcə, vaxt qıtlığı imkan vermir ki, ortaya çıxaraq. 5-6 hekayə də hazırdı. Fürsət yaranan kimi kitab halında oxuculara təqdim edəcəyik.”

Mirmehdi Ağaoğlu: "Heç bir əsər üzərində çalışmıram. Hazırda əlimdə bir kitab var. Onun tərcüməsi ilə məşğulam. Çox güman onu bitirməyincə heç nə yazmayacam.”

Alpay Azər: "Hal-hazırda dini mövzuda bir hekayəni yazmaqdayam. Hekayənin məni və peşəkarlarını qane etməsini çox istəyirəm deyə, sonda bitirəcəyim mətnə indidən xüsusi məsuliyyətlə yanaşıram. Qaldı ki, yeni yazdıqlaırıma, keçən il "Azərbaycan" jurnalında çıxan "Həyat epikrizi" romanım yeni əsər sayıla bilər.”

Cavid Zeynallı: "İndi məni dramaturgiya daha çox maraqlandırır. Akademik Milli Dram Teatrında çalışmağım, rejissor və aktyorlarla tez-tez ünsiyyətdə olmağım məndə bu marağı yaratdı. "Tanrı quşu gəlmədi" adlı pyes yazmışam. "Azərbaycan" jurnalına göndərdim, ümid edirəm, bəyəniləcək və aprel sayında çıxacaq. Hazırda Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım haqqında pyes yazıram. Xeyli material oxumuşam, araşdırmışam. Şükriyyə xanım Qazaxıstandakı Akmol düşərgəsində 8 il sürgün həyatı yaşayıb. Dəhşətli hadisələr gəlib başına. Artıq pyesin yarıdan çox hazırdır, yəqin ki, iki aya bitəcək. Daha sonra bir neçə hekayə yazıb, kitab çıxarmaq istəyirəm. Planlar çoxdur. İlk kitabım olan "Günəşi gözləyənlər" romanını təzədən çap etdirmək istəyirəm. Daha sonra tammetrajlı iki film üçün ssenari yazmaq fikrim var. Sağlıq olsun."

Narıngül Nadir: "Hazırda "Professor” adlı bir hekayə üzərində işləyirəm. Uzun hekayədir, povest də adlandırmaq olar. Əslində, bir neçə ay bundan əvvəl yazmağa başlamışam. Yazıb bitirəndən sonra yenidən redaktə edirəm. Artıq neçənci redaktədir... Bir yazar dostuma oxumuşam, çox bəyənib, amma özümü tam qane etmir. Bəlkə də ilk dəfədir yazının üzərində bu qədər dayanıram. Ümid edirəm ki, uğurlu bir nəsr əsəri alınacaq. Ovqatıma görə şeir də yazıram. Çap olunmamış bir neçə şeirim var."

Sahilə İbrahimova: "Uzun zamandır üzərində işlədiyim romanı bitirmişəm. Çapı ilə bağlı nəşriyyatla danışıqlar mərhələsindəyəm. Adını açıqlamayım hələ:"

# 1076 dəfə oxunub

Müəllifin son yazıları

# # #