Nirvana səssizliyiHEKAYƏ

<b>Nirvana səssizliyi</b> – <span style="color:red;">HEKAYƏ
30 dekabr 2017
# 12:47

Kulis.az Qəfər Rüstəmin “Nirvana səssizliyi” hekayəsini təqdim edir.

- “Müəllim ləyaqəti”, “müəllim şərəfi” deyəndə mənim ağlıma Paşa müəllim gəlir. O, kafedramızın müdirindən çox ağsaqqalımız, rəhbərimizdir.

“Bəli, bəli”, “əhsən” sədaları yüksəldi. Sonra stəkan cingiltiləri ağız marçıltılarına, çəngəl-qaşıq səsinə qarışdı.

Paşa müəllim iri sağanaqlı eynəyinin arxasından qonaqları seyr edirdi. Həmişəki kimi əynində boz kostyum, ağ köynək geyinmiş, bağayarpağına bənzəyən qırmızı qalstuk taxmışdı. Qıvrım, çal saçları seyrəlmiş saçların yerini örtüb onu az-maz abırlı göstərirdi.

Banket zalının rəqs meydanı yenə doldu. Qonaqlar ortalığa tökülüşüb can-başla rəqs etməyə başladılar. Belə səmimi mühit onlar üçün girəvə idi. Hamı Paşa müəllimin gözünə girmək üçün sino gedirdi.

Paşa müəllim ömür billah rəqs etməmişdi. Rəqs edə bilmirdi. “Niyə rəqs eləmirsən, elə belə əlini qaldır da”, - deyənlərə: “Neyniyim, əlimi qaldıranda ayağım yaddan çıxır, ayağımı qaldıranda da əlim. Çaşbaş qalıram”, − deyə cavab verirdi.

Ancaq siz Paşa müəllimi elə də sadəlövh bilməyin. O çox bacarıqlı adamdı. Paşa müəllim kafedra müdiri keçənə qədər kafedrada hərc-mərclik hökm sürürdü. Kafedrada əməlli-başlı bazarlıq gedirdi. Sinif nümayəndəsi pulun miqdarını razılaşdıra bilməyəndə aləm bir-birinə dəyirdi. Müəllim tələbəyə, tələbə müəllimə qarışırdı. Kafedra müdiri qışqırıb bağırmaqdan təngə gəlmişdi. Paşa müəllimsə heç bir şeyə qarışmadan portfelini qoltuğuna vurub səhər işə gəlib axşam evə qayıdardı. Belə intriqaları qəti başı götürməzdi.

Kafedra müdiri keçəndən sonra elə bir sistem qurdu ki, elə bil qurbağa gölünə daş atıldı. Hər yerə əmin-amanlıq gəldi. Çünki ona tapşırmışdılar ki, səs çıxmasın. Necə edirsən et, səs çıxmasın. Paşa müəllim üçün səsin çıxmaması çox vacib idi. Heç vaxt səsi çıxmazdı, səsi çıxanlardan da zəhləsi gedərdi.

Tələbələr müti halda pullarını verir, üstəlik, müəllimlərə qiymət yazdırmaq üçün xahiş edirdilər. Paşa müəllim vəzifəyə gələndən sonra müəllimlik də abıra minmişdi. Bütünu hamı onun kafedrasından danışmağa başlamışdı. Rektor da onu ağız dolusu tərifləyirdi. Səs çıxmadan, lazımı işləri görmək, planı vaxtlı-vaxtında vermək hər oğulun işi deyildi.

Paşa müəllimin bu gün əlli beş yaşı olurdu. Ətrafında dövrə vuran bu avanturist insanların daxili aləmini asanlıqla müşahidə edirdi. Onların gözə girmək üçün cidd-cəhdlə rəqs etməkləri Paşanın əhvalını pozurdu. Arvadı Ziba da qol götürüb qonaqlarla rəqs edirdi. Onun əynində qara rəngli don vardı. Saçlarını tarım çəkib yuxarıdan yaxşıca bərkitmişdi. Üzünə-gözünə çəkdiyi kosmetika qırışmış üzünü əcaib hala salmışdı. Əslində, Ziba heç vaxt bəzənib düzənməyi bacarmamışdı. Evliliklərinin ilk günlərində Paşa bir neçə dəfə irad tutsa da, Ziba onun dediklərini vecinə almamışdı. Bir müddət sonra Paşa səsini çıxarmamışdı.

Ziba iri bədənini oynada-oynada ətrafa təbəssüm saçırdı. Onun iri sinəsi, sallaşan qarnı, yekə yançağıyla qəribə, assimetrik quruluşu vardı. Paşa onu ilk dəfə görəndə heç bəyənməmişdi. Ancaq ata-anasının təkidinə tab gətirə bilməmişdi. Anası hələ o universitet üçün şəhərə yollanarkən bərk-bərk tapşırmışdı ki, şəhər qızlarından uzaq dursun. “Yerində dingildəyən şəhər qızı mənə gəlin ola bilməz” demişdi. Paşa da evdə söz-söhbət çıxmasın deyə Zibanı özünə arvad eləmişdi.

Zibanın görkəmini, bir az da köntöylüyünü kənara qoysaq, pis insan deyildi. Paşanın anasının dediyi kimi ərinə baxan qadın idi. Heç kim “Paşa müəllimi ütüsüz paltarda gördüm” deyə bilməzdi. Hər gün səhər yeməyi, iş üçün ləzzətli günorta yeməyi öz yerində. Paşa aradabir dieta saxlamsaydı, Zibanın ləzzətli yeməkləri ucbatından çoxdan əndazədən çıxmışdı. Üstəlik, Ziba ərinə iki oğlan övladı vermişdi. Ziba onların da təlim-tərbiyəsi ilə ciddi məşğul olurdu. Hər axşam hara gedib gəldiklərini, nə baş veridyini bircə-bircə öyrənərdi. Biri iyirmi, digəri iyirmi üç yaşında olan oğlanların bütün dostlarını Ziba əzbər bilirdi. Xoşuna gəlməyən adamlar olsa, dostluqdan çıxarmağı tələb edərdi.

Paşa geridə qoyduğu ömrünə baxanda heyfslənmirdi. “Şükür, ailəm, işim var, hörmət-izzət necə lazımdır... Yaxında dekan olma ehtimalım da var” deyə fikirləşirdi. Əslində, özünü belə düşünməyə məcbur edirdi. Şən musiqinin, gülüb oynayan insanların içində belə fikirləşməyə özünü vadar edirdi. Çünki fikri-zikri Könüldə idi. Hardan urcah olmuşdu bu hisslər ona, özü də məəttəl qalmışdı. Yatsa yuxusuna da girməzdi ki, o, kimisə sevəcək. O, kimisə daim düşünəcək, dəli kimi onun adını öz-özünə fısıldayacaq.

Könülü ilk dəfə teatrda görəndə qəribə bir hiss ürəyini sarmışdı. Bu, qəribə sevinc hissi idi. Könül səhnədə hər nə etsə, Paşa qeyri-ixtiyar gülümsəyirdi, hətta yerli-yersiz gülərdi. Elə o gündən sonra sevgi azar kimi ürəyinə çökmüşdü. Nə illah elədisə, Könülü ağlından, qəlbindən ata bilmədi. Neçə dəfə teatra getməməyi özünə söz versə də, buna əməl edə bilmədi. Elə bil vaxt gələn kimi ayaqları onu sürütüləyə-sürütləyə teatra aparırdı.

“Niyə sevirəm onu mən?” − deyə öz-özünə sual verirdi. Əslində, ürəyini çulğayan bu hissin sevgi olduğuna da əmin deyildi. Ötüb keçən bu ömürdə, uzaqlaşıb gedən bu gənclikdə tapa bilmədiyi, indiysə qarşısında çıxıb meydan sulayan yad hiss sevgi ola bilərdimi? “Əgər sevgiydisə indiyə qədər harda yatıb qalmışdı.” deyə fikirləşirdi. “Məgər indiyə qədər Könül kimi gözəl birini heç görməmişəm?” sualını özünə çox soruşmuşdu.

Hərdən ona elə gəlirdi ki, Könülün səhnədə quş kimi pərvaz edən əndamı nəsim kimi sərin və sakitdir. Bəzənsə onun alovunu çox uzaqdan hiss edə bilirdi. Həmin alov onu özünə tərəf çəkib yandırıb-yaxırdı. Bəzən üşüdən, bəzən tərlədən hisslər yumağında ilişib qalmış kiçik bir ot parçası kimi hiss edirdi özünü. Bu dağınıq, bu dərbədər haldan yaxasını qurtarmaq istəyirdi. İstədiyi şey Könülün yumuşaq, dolu sinəsində səssizcə yatmaqdı. Ona elə gəlirdi ki, eləcənə yatsa illərlə ürəyində qubar bağlamış acılar, dərununda yuvalanmış nisgillər silinib yox olacaq.

Paşa müəllim Rektorun səsini eşidəndə özünə gəldi. Rektor mikrofonda tost deyirdi. Paşa müəllim əllərini önündə bir-birinə pərçimləyib diqqətlə qulaq asırmış kimi dayanmışdı. Məzmunsuz danışıqlardan bezdiyini büruzə verməmək üçün əlindən gələni edirdi. Xoşbəxtlikdən rektor tostu tez bitirdi. Sonra tosqun bədənini oynada-oynada rəqs etməyə başladı. Paşa da məcbur əlini qaldıraraq rəqs eləməyə çalışdı.

Ad günü mərasimi qurtarandan sonra maşına minib evə yollandılar. Maşını böyük oğlu sürürdü. Kiçik oğlu da ön oturacaqda oturmuşdu. Paşa da arxada Ziba ilə əyləşmişdi. Ziba sakitcə oğullarından gileylənirdi.

− Deyəsən, ikisi də qız tapıb. Buna bir çarə tapmaq lazımdır. Gecə-gündüz yazışırlar avaralar. Sən də bir şey elə. Arada bir danla-dansı. Səndən çəkinərlər.

Ancaq Ziba da bilirdi ki, onlar ən çox analarından çəkinirlər. Paşa eynəyini işarə barmağıyla burnuna tərəf itələyib fikirli-fikirli Zibaya baxdı. Elə bil Zibanın nə dediyini anlaya bilmirdi.

Maşın Könülün teatrının yanından keçəndə elə bil ürəyinə buzlu şiş sancıldı. Arxada qalan elə bil teatr deyildi, keçib gedən boz-bulanıq ömrü, silik hisləri idi. Maşını saxlatdırıb teatra tərəf qaçmaq istədi. Ancaq Ziba və uşaqları nə deyər deyə fikirləşdi. Bir də bu yaşda, bu əyin başda qaçmaq onun harasına yaraşırdı.

Evə gələn kimi yıxılıb yatdı. Nə keçmişi, nə də gələcəyi, heç nəyi, heç bir şeyi fikirləşmək istəmirdi.

Səhərsi gün universitetdə işləri çox idi. Gəlib gedən qonaqlar, deyingən müəllimlər, yalvarıb-yaxaran tələbələr baş qaşımağa belə vaxt qoymurdular.

İş qurtarandan sonra yaxınlıqdakı kafeyə getdi. Evə getmək istəmirdi. Axşam Könül səhnəyə çıxacaqdı. Evə getsə, bayıra çıxa bilməyəcəkdi. Zibaya yalandan nəsə uydurub gec gələcəyini dedi.

Kafedə bir-iki qismət yemək yeyəndən sonra teatra tərəf yollandı.

Könülün oyunlarını çoxdan əzbərləmişdi. Onu tanıdığı bu üç il müddətində Könülün səhnəyə çıxdığı bütün teatrlara getmişdi. Onun replikalarını əzbər bilirdi.

Üç il müddətində uzaqdan-kənardan Könül haqqında məlumat toplamışdı. Könül əri öləndən sonra bir oğlu ilə tək yaşayırdı. O, Paşadan düz on üç yaş balaca, qırx iki yaşında idi. Yaşadığı çətinliklərə rəğmən simasının gözəlliyini, qəlbindəki şən-şaqrar həyat eşqini qoruya bilmişdi.

Paşa müəllimin Könülün hissləri haqqında heç bir məlumatı yox idi. Ola da bilməzdi. Bu üç il ərzində ona sadəcə gendən baxıb durmuşdu. Könül səhnədəykən bəzən ona elə gəlirdi ki, Könül bütün sözləri ona deyir. Səhnədəki artistin yox, elə Paşanın üzünə çırpır bütün sözləri. Könül səhnədə əsəbiləşəndə Paşa yerində vurnuxub həmin məlun səhnənin keçməyini səbirsizliklə gözləyərdi. Könül sevinəndə isə onun çiçəyi çırtlayır, ürəyinə fərəh hiss dolurdu.

Teatrın qapısında çoxlu adam toplanmışdı. Paşanın indi yadına düşdü ki, bu gün yeni əsərin premyerası var. Mətbuatdan, nazirlikdən bir çox adam tökülüşüb gəlmişdi. Paşa qalstukunu düzəldib eynəyini burnun üstünə yaxşıca dürtmələyəndən sonra adamları itələyə-itələyə vestibülə keçdi. Vestibüldəkı tanış simaları uzaqdan salamlayıb amfiteatra tərəf getdi. Biletinə baxıb öz yerində oturdu.

Uzun bir səssizlikdən sonra qaranlıq səhnədə yalnız bir yerlə fokuslanmış gur bir işıq yandı. Könül gur işığın altında qara bir örtüyə bürünüb dayanmışdı. Örtüsünü açdıqca par-par parıldayan paltarı, saçlarındakı zərlər alışıb yanırdı. Bir anda dənizdən boylanmış su pərisi kimi ətrafı süzdü. Paşa nəfəs dərmədən diqqətlə baxırdı. Bir anlıq nəfəs alıb almadığını belə yoxladı. Könülün ətrafında qaranlıqdan ona tərəf uzanan nizələr dayanmışdı. Könül hansı tərəfə əyilsə nizənin iti ucuna tuş gəlirdi. Nizənin dəydiyi yerdən qanlar boşalırdı. Könülsə yorulmadan, usanmadan qollarını qanad kimi tərpədir, nizələrin iti ucundan özünü qorumaq istəyirdi. Könül çırpındıqca Paşa əsəbiləşir, Paşa gərginləşirdi. Qaranlıqda nizəni tutanların üstünə şığımaq istəyirdi. Səhnədən bir səs gəldi: “Məğlub ol, zavallı, qaranlıqla savaşa bilməzsən.” Paşa gələn səsdən diksindi. Elə bil onu ürəyini oxumuşdular. Başını yırğalayıb toxdadı. Könül bütün gücüylə qışqırdı: “Sən, ey zavallı qaranlıq, sən sadəcə yerdəsən, səma mavidir.” Elə bu dəm Könülün bədənindən bir qanad çıxdı. Könül qanadını tərpətdikcə yuxarı doğru yüksəldi. O yüksəldikcə səhnənin yuxarısı mavi işığa boyanırdı.

Könül yüksəlib mavi işıqların içində qeyb oldu. Paşa yenidən hər tərəfi bürüyən qaranlıqdan, qulağında cingildəyən səssizlikdən təngə gəlib özünü bayıra atdı. Vestibülda heç kim yox idi. Ürəyi nizamsız döyünürdü. Nəsə bir fəlakət, ya da ürəksıxan bir şey baş verəcəyini hiss edirdi. Cibindəki dərmanı çıxarıb dilinin altına qoydu. Dərindən nəfəs alıb toxdamağa çalışdı.

Teatr binasının önündə o tərəf-bu tərəf gedib gəlməyə başladı. Bu işin hara gedib çıxacağını bilmirdi. Bu barədə düşünmək ona əzab verirdi. Bəlkə də, belə daha yaxşı idi, elə uzaqdan, səssiz-səmirsiz Könülü izləmək ən yaxşı qərar idi.

Teatr binasından insanların çıxdığını görəndə teatrın bitdiyini anladı. Qapıya tərəf yaxınlaşdı. Könül hər dəfə teatr bitəndən yarım saat-qırx beş dəqiqə sonra çıxırdı. Bunu bilə-bilə həyəcanına məğlub olub insanlara tərəf yaxınlaşdı. Könül orda deyildi. Bir kənarda durub plaşını bədəninə yorğan kimi sarıdı.

Könül Paşa yaşlarında bir kişiylə qol-qola girib teatrdan çıxırdı. O biri əlində bir dəstə gül var idi. Gözəl üzü, iri-incə dodaqları səhnədəki kimi insanı özünə məftun edirdi. Paşa biixtiyar yorğan kimi büründüyü plaşını açıb düz Könülə tərəf baxdı. Onunla göz-gözə gəlməkdən çəkinmədi. Ona elə gəldi ki, ilk dəfə belə göz-gözə gəlirlər və bu baxış, çox uzun, bəlkə də, dəqiqələrlə çəkdi. Könül ona nələr demədi nələr... Uşaqlığı, gəncliyi, boz-bulanıq, mağmın keçmişi bir-birinə qarışıb səhnə kimi gözündə canlandı.

Bomboş küçədə, tək-tənha qaldı. Heybətli teatr binasıyla üz-üzə durub bir-birinə baxışdılar. Enli prospektdə maşınlar ora-bura şütüyürdülər. Teatrın önündə təkəmseyrək cütlüklər, tək adamlar keçib gedirdi.

Paşa çarəsizlik içində Könül və yanındakı könül verdiyi insanın qaranlığa süzülüb yox olmağını izlədi. Ürəyindən nəsə eləmək keçdi. Nəsə çılğınca, hətta axmaqca bir şey eləmək. Məsələn, durub dəli kimi qaçmaq, yada da dəli kimi “Könül” − deyə qışqırmaq. Elə qışqırmaq ki, prospekt və küçədəki hamı durub ona baxsın. Onun lap gözünün içinə baxsınlar. Paşa da qorxmadan düz onların gözlərinə baxaraq dəli kimi hayqırsın.

Nəfəsini dərib qışqırmaq istədi. Ciyərlərindən çıxan hava boğazına, hulqumuna ilişdi, boğulurmuş kimi təngnəfəs oldu. Asqıran pişik kimi əcaib öyümə-öskürmə səsləri çıxardı. Ağzına acı su dolmağa başladı. Axırıncı dəfə nə vaxt qışqırdığını xatırlamırdı. Küçədə keçən biri ona baxıb başını yırğaladı. Yəqin, onu əyyaş zənn edib uzaqlaşıb getdi. Paşa utandığından yer yarılsa, içinə girərdi. Bir az toxdayıb ağız burnunu sildi.

Maşına minib qaza basdı. Şəhərin içində dəli kimi maşın sürmək istədi. Döngələri yarış maşınları kimi keçib getdiyini biranlıq xəyal etdi. Elə qaza basırdı ki, qarşıda polis maşınının gəldiyini gördü. Maşının sürətini aşağı sürət həddindən də aşağı salıb polisin yanından keçib getdi

İçində toplanan hirsi-qəzəbi hara tökəcəyini bilmirdi. Maşını ən aşağı sürətdə sürə-sürə ailəsini fikirləşirdi. Zibanı gətirdi gözünün qabağına. Hər şeyin səbəbkarı budur. Bütün həyatımı məhv edən bu qadındı deyə qəzəblə yumruğunu sükana vurdu. Evə gedib hər şeyi darmadağın etməyi fikirləşdi. Hər şeyi dağıtmaq, hər şeyi yandırıb-yaxmaq. Məni bu hala salan, məni qorxaq, gözü qırpıq edən mənim ailəm, ən əsas da Zibadır deyə fikirləşdi. Hər şeyi, evi-eşiyi, işi-gücü atıb getmək istədi. Həm də eləcənə yox, hamını, ona hörmət edən, ona sayğı göstərən hər adəmoğlunu söyüb getmək istəyirdi.

Maşını həyətdə saxlayıb evə tərəf getdi. Hirsindən nərdivanları zor-bəla çıxırdı. Qapını dalbadal döydü. Açan yox idi. Yenə döyməyə başladı. Handan-hana kimsə tənbəl-tənbəl qapını açdı. Ziba idi.

− Nə olub? Evi yıxaceysən başımıza? Keç görüm içəri.

Paşa hikkəsindən ağlamamaq üçün özünü zorla tuturdu. Ayaqqabılarını çıxarıb içəri keçdi. Ziba saymazyana soruşdu:

− Yemək yeyəcəksən? Pendir-mendir qoyum ye.

− Yox, lazım deyil.

Paşa həmişə yatdığı yerə keçib yatağa sərələndi. O, həmin otaqda çoxdandı tək yatırdı. Ziba ilə eyni yataqda yatdıqlarını az-maz xatırlayırdı. Məcbur qalmadıqca bu otaqda tək-tənha yatardı.

Paşa səs çıxmasın deyə yastığı başına basıb ağlamağa başladı. Bəzən yastığı qaldırıb nəfəs dərir, sonra yenə də var gücüylə yastığı başına basıb ağlamağa davam edirdi. Yorulub taqətdən düşdü, sonra də dərin bir yuxuya getdi.

16.12.17

# 1147 dəfə oxunub

Müəllifin son yazıları

# # #