Məşhur yazıçısı: “Onları qısa hekayə hesab etmirəm”

Məşhur yazıçısı: “Onları qısa hekayə hesab etmirəm”
10 avqust 2015
# 11:59

2013-cü il Man Booker Mükafatı”nın qalibi olan tərcüməçi-yazar Lidiya Devis 1947-ci ildə ABŞ-ın Massaçusets ştatında anadan olub. İngilis dili müəllimi və ədəbi tənqidçi Robert Qorham Devis ilə qısa hekayələr və memuarları ilə tanınan Hop Heyl Devisin ailəsində dünyaya göz açıb.

Uşaqlıqdan pianino və skripka çalmağı öyrənən Lidiyanın ən ilhamverici mənbəyi musiqidir. Fransız dilini ana dili kimi bilən Lidiya ədəbi karyeraya tərcüməçi kimi başlayıb. O, dünya ədəbiyyatında nəhəng əsərlərin uğurlu tərcüməçisi kimi şöhrət qazanıb. Lidiyanın sevimli müəllifləri Marsel Prust, Flobert, Samuel Beketdir.

O, “National Book Award”, “PEN Hemingway Award”, “American Academy of Arts and Letters” kimi nüfuzlu ədəbi mükafatların qalibi, “13-cü qadın və digər hekayələr” (“The thirteenth woman and other stories”), “Prust, Blenşot və qırmızı paltarlı qadın” (Proust, Blanchot and woman in red”), “İnəklər” (“The cows”), “Lidiya Devisin hekayələr toplusu” (“The collected stories of Lydia Davis”) kimi kitabların müəllifidir.

- Son iki ayda iki kitabınız gündəmdə möhkəmləndi. Əslində iki kitabın birdən belə sürətlə gündəmi zəbt etməsi son əsəriniz “Edə bilmərəm və etməyəcəyəm”in (“Can’t and Won’t) uğurudur desək, yanılmarıq, çünki “Narahatlıq formaları” (“Varieties of disturbance”) və digər əsərləriniz daha çox ondan sonra insanların diqqətini çəkməyə, kəşf olunmağa başladı. Adını çəkdiyim hər iki əsərdə tərcümələriniz və yazıçılarınız müxtəlif formalarda özünə yer tapıb. Məsələn, “Narahatlıq formaları”nda Prust və Beket, digərində isə Flobert tez-tez özünü xatırladır. Sizin yazdıqlarınız da başqalarının hekayələrində özünü amiranə şəkildə nümayiş etdirirmi?

- Bəzən başqa bir müəllifin hekayələrində və ya şeirlərində öz yazdıqlarıma rast gəldiyim olur. Bu nə sevincdir, nə də mənfi bir emosiya. Sadəcə, qəribə duyğudur. İnsan işğal olunmuş, zəbt etmək üçün seçilmiş və özündən xəbərsiz baş verən bu hadisələrin içində heç nə edə bilməyəciyini anlayaraq, özünü çarəsiz hiss edir. Bu, mənə elə gəlir ki, təbii reaksiyadır, amma mənim üçün problem xarakterli bir şey deyil. Sadəcə, qəribə hissdir, çünki mən bütün bunların fövqündə həm də insanların istədiklərini yazmaq azadlığına inanır və buna hörmətlə yanaşıram. Üstəlik, bununla bağlı indiyə kimi hər hansısa münaqişə, ziddiyyət yaranmayıb.

- İyirmi ildir ki, durmadan roman tərcümə edirsiniz, amma nədənsə karyeranızı hekayə müəllifi kimi qurmağa üstünlük verdiniz. Bu, şüurlu, düşünülmüş seçim idi, yoxsa hər şey təsadüfən belə formalaşdı?


- Tamamilə təsadüfən. Yazdığım bircə roman var, o da yazılmaq istədiyi üçün yazıldı. İndi yenə uzun kitablar üzərində planlar qururam, amma bunlar roman yox, xəyal məhsulu olmayan hekayələr olacaq. Çox az romanın mətni, forması diqqətimi çəkir. Məni maqnit kimi özünə çəkən romanlar da var təbii ki, məsələn, bəlkə haçansa bir gün Sebaldın, Bernhardın, Handkenin, ya da hazırda oxuduğum norveçli yazıçı Daq Solstadın istifadə etdikləri forma və üslublarda yaza biləcəyimə inandığım bir roman yaza bilərəm. Hələlik xəyallardan yaranan qısa hekayələr hər şeyin önündədir, üstəlik, əlimdə başqa bir neçə layihə də var.

- Zaman-zaman illər əvvəl yazdıqlarınıza qayıdıb, göz gəzdirirsinizmi?

- Çox nadir hallarda belə şey baş verir. O da hansısa mənəvi ehtiyacdan yox, nəyisə dəqiqləşdirmək, ya da yada salmaq lazım olanda olur. Bəzilərini oxuduğum zamanın üzərindən o qədər vaxt keçib ki, indi bəlkə adını soruşsanız, hətta süjeti belə danışsanız, xatırlaya bilməyəcəm. Amma sevindirici hal odur ki, geri qayıdıb oxuyanda da hələ də onlardan məmnunluq hissi ilə ayrılıram.

- Özünüz ədəbi karyeraya tərcüməçi kimi başlamısınız. Yazdıqlarınızın tərcümə olunması sizə nələr hiss etdirir?

- Əgər bildiyim dilə çevrilirsə, tərcümənin müəyyən hissəsini oxuyub, tərcüməçinin işə necə yanaşdığını, bildiyi ifadələri istifadə etdiyini, yoxsa lazım olan ifadələri axtardığını təyin etməyə çalışıram. Amma bilmədiyim – çex, türk, çin, polyak – dillərə tərcümə olunursa, artıq mənlik bir şey qalmır, bu halda yalnız tərcüməçiyə güvənmək və əlindən gələnin yaxşısını ortaya qoyacağına ümid etməklə kifayətlənirəm. Amma əsərlərimin daha çox oxucusunun olduğu, daha kütləvi tərcümə və çap edildiyi dillərdən bir-ikisini öyrənməyi çox istəyirəm.

- Yazarkən tərcüməçilərin bunların üzərində necə işləyəcəyi və ya yazdıqlarınızın necə tərcümə olunacağı haqqında düşünürsünüzmü?

- Əslində, ümumiyyətlə, tərcüməçi haqqında düşünmürəm. Bəzi yazıçıların, bir kitabda tərcüməçi üçün müəyyən şeylər daha asan olduğundan, onu tərcüməçinin işinə uyğunlaşdırdıqlarını bilirəm, amma mən bunu heç vaxt tətbiq etmədim. Hətta hekayə toplusundan birində lap son mərhələdə tərcüməçiləri bir xeyli axtarışa məcbur edəcək bəzi detallar əlavə etmişdim, çünki hekayənin bunun tələb etdiyinə əmin idim. Bunu qəsdən etmədim, sadəcə, buna ehtiyac var idi. Əgər tərcüməçi hansısa detal ilə bağlı çətinlik çəkirsə, onda birgə çıxış yolu axtarmağa üstünlük verirəm.

- Musiqi təhsili almısınız, hələ də pianino çalırsınızmı? Yazanda musiqi dinləmək kimi vərdişiniz də varmı?

- Bəzən pianino çalıram, amma skripkanı daha az alıram əlimə. Demək olar ki, sevimlilər siyahımdakı musiqini hər gün dinləyirəm, amma əsla yazanda musiqi dinləmirəm. Mümkün deyil. Bu formada işləmək mənə mümkünsüz görünür, alınmaz. Çünki musiqi dinləyəndə həqiqətən də onu dinləyirəm, beynimin bütün fəaliyyəti onunla bağlanır, hətta musiqi dinləyərək, ev işi, mətbəx işi də görə bilmirəm, çünki ya gördüyüm alınmır, ya musiqini dinləyə bilmirəm. Yazanda musiqi dinləsəm, yenə eyni şey olacaq, nə musiqini eşidəcəyəm, nə hekayəni. Yazanda da ancaq yazı ilə, hekayə ilə, sözlərlə məşğul oluram, çünki yazanda da sözləri eşitməliyəm, musiqi ilə yazı bir arada olmur. Bu aralar axşamlar Baxın kantatalarını dinləyirəm, hər axşam iki-üçünü. Hamısı möhtəşəmdir. Ən sevdiyim ifaçı isə Montserrat Fiqerasdır.

- Son toplulardan birində yer almış “Yazı” (“Writing”) adlı hekayənin qəhrəmanının dilindən belə bir fikir səsləndirmisiniz: “Həyat olduqca ciddi zaman hədiyyəsidir, onu tamamilə yazmaqla keçirmək olmaz”. Həqiqətən belə düşünürsünüz? Nə zamansa yazmağa son qoya bilərsiniz?


- Zaman-zaman yazmağa ara verirəm. Ancaq düşünmürəm ki, nə zamansa yazmaqdan tamamilə imtina edə bilərəm, ən azından ona görə edə bilmərəm ki, bu işdən sözün əsl mənasında zövq alıram. Bəzən öz-özümə sual verirəm ki, Lidiya, təsəvvür et, kimsəsiz bir adaya düşmüsən, bir dünya yoxdur, insanlar yoxdur, yenə də yazardın? Bəli, əgər kağızım və qələmim olsaydı, mütləq yazardım.

- Elə həmin kolleksiyadan başqa bir hekayədə - “Fonda məktub” (“The letter to the foundation”) – yazmağa və öyrətməyə olan maneələr haqqında yazmısınız...

- Əngəllər daha çox öyrətmək prosesində çıxır, nəinki yazarkən. Həmin hekayədə orta təbəqədən olan, çox da diqqət çəkməyən bir akademik müəllimin üzərində işləmişəm. Hadisələr onun aldığı xırda qrantla başlayır. Bu məbləğ çox olmasa da, onun balaca dünyası üçün bu, olduqca nəhəng məbləğdir. Hekayə əsasən öyrətmək istəyən insanların qarşılaşdıqları maneələr və şikayətlər üzərində qurulub. Mən öyrətmək prosesini çox çətin hesab edirəm, bu, hər adamın işi deyil, bir yandan da bunu bacaranlara əngəllər qoyulur. Bəlkə də yazmağı daha çox sevməyimin bir səbəbi də budur, öyrətmək istəyəndə keçməli olan div əngəllər burada ölüdür.

- Çox az hallarda yaratdığınız qəhrəmanlara ad verirsiniz. Bu, nə ilə bağlıdır?

- Nəsə mənə elə gəlir ki, qəhrəmanları adlandırmaq işin artistik tərəfidir, boyama, nümayiş sənətidir. Adlandırdıqlarım da az deyil, məsələn, hekayələrin birinin qəhrəmanı Floridada yaşayan bir xanım idi, o, real qəhrəman olduğu üçün elə həmin şəxsin adını obraza verdim – xanım Orlando. Bir məsələ də obrazların keyfiyyətləri ilə fərqlənməsidir, oxucu üçün fərqi yoxdur onun adı Davisdir, yoxsa Harris. Oxucunun xatırladığı ad deyil, obrazın keyfiyyətləri və hekayəsidir.


12 yaşımda məktəb daxilində keçirilən bir müsabiqə üçün Uimpl adında qızın başına gələn əhvalatdan bəhs edən hekayə yazmışdım. O hekayənin Ceyn və ya Betsi adlı qəhrəmanları ola bilərdi, amma olmadı. Hətta onda belə obrazlara sıradan adlar verməkdən uzaq durmuşdum. Əslində bilmirəm heç niyə belə edirəm.

- Hekayələrinizdə dialoqlara o qədər də tez-tez rast gəlmirik.

- Çünki dialoqdan çox təsvir yaratmağı sevirəm. “Hekayənin sonu”nda (“The end of the story”) Cənubi Kaliforniyanın landşaftı ilə bağlı uzun təsvir hissəsi var. Hansısa mənzərə, landşaft, relyef, ya da nəsə başqa şey məni daxilən sarsıdır, silkələyirsə, bunu mütləq yazmaq istəyirəm. Təkcə o gördüyümü yox, onu görəndə nə hiss etdiyimi də oxucu duysun istəyirəm. Çünki insan mükəmməl bir mənzərəni kiminləsə danışanda gözləmədiyi reaksiyalar ala bilir, artıq mənzərənin onda oyandırdığı duyğu itir, ona görə də bunu dialoqda vermək uğurlu alınmır. Mən də təsvirlərə üstünlük verirəm.

- Hekayələrinizin “qısa hekayələr” yox, məhz “hekayələr toplusu” adı altında toplanmasını israrla tələb etmisiniz.

- Mənə görə hər şeyin müəyyən bir ənənəvi forması var. Qısa hekayənin ənənəvi forması məlumdur, Heminquey, Katerina Mensfild, Çexov qısa hekayənin qalaktikasını yaradıb, formasını təyin ediblər. O formaya, üsluba, həcmə uyuşmayan şeylərə qısa hekayə adı verməyi düzgün hesab etmirəm. Mənim hekayələrimdə uzun təsvirlər, dialoqlar var, kifayət qədər inkişaf etdirilmiş hekayələr yer alıb, bunlar isə qısa hekayənin qəbul etmədiyi şeylərdir. Ən azından mən belə hekayələri qısa hekayə hesab etmirəm.

Tərcümə etdi:
Elcan SALMANQIZI

Kaspi.az

# 1260 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #