Babamın sümüklərindən təsbeh - ŞEİR

Babamın sümüklərindən təsbeh - ŞEİR
10 avqust 2015
# 11:54

Kulis gənc şair Saqif Zeynalın yeni şeirlərini təqdim edir.

Qocalığın bayrağı

Qocalıq duman kimi çökən evlər bir az qəribə,

Bir az da qocaman görsənir...

Bizim də qapını qocalıq

Nənəmin çəliyiylə döydü,

Siqaretinin tüstüsüylə çökdü

Dünyaya bir "göz"lə baxan komamıza...

Biz onda hələ uşaq idik.

Onda bizim üçün qocalıqla əylənmək:

Çəliklə özümüzə qıça düzəldib

Nənəmi yamsılamaq,

Oturanda qucağına tökülən döşləriylə məzələnmək,

Başına dolanmağımızı istəmirdi deyə

Dayanmadan başına dolanmağımız vardı...

Özümüz də bilmədən qocalığın başına fırlanırmışıq illər öncə...

Həyat -

Gülüşü, ağlamağı üzündə qırışan

Nənəmin sifətiylə göstərirmiş bizə öz amansız üzünü...

Səsinin xırıltısına gülüb,

Titrəyən başına baxıb

Uğunub özümüzdən gedərdik...

Nənəmin titrəyən başı

Evimizdə hökm sürən qocalığın dalğalanan bayrağı,

Xırıldayan səsi qocalığın himniymiş demə...

Darıxa bilmirəm

Artıq darıxa bilmirəm

Daha darıxmaq da gücdən düşüb mənimçün ...

Durum deyim kimdən ötrü,

Nədən ötrü darıxıram indi?!

Atanlar atıb gedib,

Gedənin arxasınca darıxmazlar...

Ölənlər canın qurtarıb

Üz də vursan,

Boğaz da çəksən geri qayıtmazlar...

Əyninə barıt qoxusu hopan

Kəndimiz üçün də darıxmıram daha

Deyillər orda adamlar kəndin mərkəzinə:

İdarənin qabağına toplaşarmışlar,

Uzun-uzadı danışarmışlar.

Bundan mənə nə?!

Babamın qəbriyçün də darıxmıram

İyirmi il bundan qabaq düşmənlər sümüyündən

Təsbeh düzəldib satıblar indi...

Əlimdəki sümük təsbeh mənə çox doğmadır nədənsə?!

# 1301 dəfə oxunub

Müəllifin son yazıları

# # #