Ziyalılardan Yusif Vəzirlə bağlı təklifə REAKSİYA

Ziyalılardan Yusif Vəzirlə bağlı təklifə REAKSİYA
19 noyabr 2013
# 15:19

Kulis.Az “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəylinin repressiya qurbanı Yusif Vəzir Çəmənzəminlinin məzarının ölkəmizə köçürülməsi təklifinə ziyalılardan münasibət öyrənib. Həmin açıqlamaları təqdim edirik.

Anar: “Yusif Vəzir Çəmənzəminlinin nəşinin Bakıya gətirilməsi təklifinə və ümumiyyətlə, repressiya qurbanlarının, hansının qəbri məlumdursa, vətənə qaytarılmasına tərəfdaram. Bu həm də Ulu Öndər Heydər Əliyevin vaxtilə Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi yolunda gördüyü nəcib işin davamı olardı. Repressiya qurbanlarına həsr olunmuş bir parkın yaradılması, onların şərəfinə abidə qoyulması, o cümlədən Yusif Vəzirin də Bakıda heykəlinin ucaldılması yaxşı təklifdir. Dəfələrlə qaldırdığım bir məsələni də yenidən gündəmə gətirmək istərdim. Bakıda xalqımızın başına gətirilmiş bütün müsibətləri əks etdirən Şəhidlər Muzeyinin yaradılması da vacibdir”.

Nizami Cəfərov: “Elçin mənim dostumdu, amma bu məsələdə onunla razı deyiləm. Azərbaycanın çox görkəmli repressiya dövründə, o cümlədən repressiyadan əvvəl mühacirətdə dünyalarını dəyişib, Parisdə, İstanbulda, Moskvada, bir sözlə dünyanın müxtəlif yerlərində dəfn olunublar. Həmin şəxslərin cəsədləri Azərbaycana köçürülsün adlı hərəkata başlamaq heç bir qanuna, heç bir qaydaya uyğun gəlmir. Əvvəla, bu onların tərcümeyi-halıdır. Sadəcə olaraq, diplomatik kanallardan, dünya mədəniyyət mərkəzlərinin imkanlarından istifadə edib, çalışmaq lazımdır ki, onların məzarları baxımlı olsun. Buna çalışmaq lazımdır. Onların cəsədlərinin köçürülməsi məncə Azərbaycan tarixinin də əleyhinədir. Bu tərcümeyi-haldır, yaşanıb. Məsələn, Abbasqulu ağa Bakıxanov ziyarətə gedib və Ərəbistanda dəfn olunub. İndi onun nəşini Azərbaycan gətirməliyik? Bunu heç dünya da qəbul eləməz. Məzar da bir mədəniyyətdir, tarixdir. Onlar harda dəfn olunubsa, orda olmalıdır. Hüseyn Cavidin məzarı Azərbaycana gətirildi. Buna ehtiyac var idi. Çünki onun məzarını lazımı səviyyədə saxlamaq mümkün deyildi. Ora elə yer idi ki, orda abidə qurmaq da mümkün deyildi. Yusif Vəzirin dəfn olunduğu yerə baxmaq lazımdır. Əgər səhrada dəfn olunubsa, şərait yoxdursa, bu haqda düşünmək olar. Qalan hallarda olmaz. Bu prinsip düz deyil gətirək. Burda Cavid istisnadır. Cavidin nəşinin gətirilməsinə ehtiyac var idi. Onun məzarı üzərində məqbərə tikmək də mümkün olan iş deyildi. İmkan olsa elə orda tikmək olardı. Bu məsələdə ən son hədd də hərəkət etmək lazımdır. Şərait olmasa, məzar baxımsız durumda olsa, məzar sahibinin ruhuna sayğısızlıq olmasın deyə məzarı köçürmək olar. Dünya kürəsəlləşir, biz dünyanın hər yerində olmalıyıq. Həm ölümüzlə, həm də dirimizlə”.

Aqil Abbas: “Nazim Hikmətin belə bir şeiri var:

“Ölülərimizi

bərəkət toxumu tək

basdırırıq torpağa,

gah Praqada,

gah Varnada,

gah İstanbulda...”

Çəmənzəminli də bərəkət toxumudur. Nə vaxtsa cücərəcək.

Ona qalsa, Məhəmməd Əminin də, Ceyhun Hacıbəylinin də, Füzulini də məzarını köçürək... Bunlar böyük insanlardı və o torpaqlara bərəkət toxumu kimi basdırılıblar. Hüseyn Cavidin gətirilməsi tamam başqa məsələdir. Cavidinin nəşinin gətirilməsini Ulu Öndər həyata keçirdi. Amma o zaman bu Rusiyaya zərbə idi, cavab idi. Cavid repressiyaya uğramışdı və onun gətirilməsi siyasi bir hadisə idi. İndi Yusif Vəzirin məzarını köçürməklə nə olacaq ki? Nazim Hikməti də Türkiyəyə aparmaq istəyirlər. Halbuki özü şeirində bu haqda yazıb”.

# 2433 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #