Saday Budaqlının şedevr hekayəsi- ŞÜBHƏ

Saday Budaqlının şedevr hekayəsi- <span style="color:red;"> ŞÜBHƏ
14 noyabr 2016
# 17:07

Kulis.az Saday BudaqlınınŞübhə” hekayəsini təqdim edir.

- Niyə belə oldu?

- İndi neylsin?

- Nə vaxta kimi belə yaşayacaq?

Suallar çox idi. Hər sualın da beş cavabı varıydı, on cavabı varıydı. Bir cavabda bənd alammırdı, gəzinirdi söyürdü, uzanırdı söyürdü. Kimi? Heç özü də bilmirdi.

Yeddinci gün idi ki, yataqxanadaydı. Hələ də bir fikrə gələmməmişdi. Nə eləsin? Qayıtsın? Nə üzlə! Burda qalsın? Nə vaxtacan!

Hər şey əvvəl nə yaxşıydı! Ürəyi sakit, canı sakit. Yuxudan dururdu yeməyi hazır, çayını içirdi, uşağın üzündən öpürdü, yollanırdı işə. İşini görürdü, qayıdanbaş yolüstü bazara dəyirdi.

Avtobusdan düşən kimi, uşaq yüyürürdü qabağına. Şeytan bilirdi ki, nəsə alıb. Arvadı həmin saat mətbəxə keçirdi. O da yuyunurdu, daranırdı. Arvadı Allah verəndən gətirib qoyurdu süfrəyə, ağız şirinliyi ilə yeyirdilər. Sonra bir az uşaqla oynayırdı, televizora baxırdı, kefi istəyəndə kitab oxuyurdu. Hər şey yaxşı, rahat, gözəl!

İndi... Yatsa yuxusuna da girməzdi, desəydilər gülərdi. Amma indi nə demişdilər, nə də yuxusuna girmişdi. Olmuşdu, özü də belə başqa cür.

İşdə heç bilməzdi vaxt necə gəlib gedir. Heç kimnən ağızlaşmırdı, incişmirdi. Hamı onun dediyini eşidirdi. Deyə-gülə işi yola verirdilər. İndi elə bil hamısını qudurmuş it dalayıb. Balaca bir şeyin üstə höcətləşirlər. Heç kimi dilləndirmək olmur.

O vaxt bircə Səlim sataşırdı ona. Köhnə dost idilər. Ancaq evlənəndən bekara araları soyumuşdu. Soyumuşdu deyəndə ki, daha işdən sonra pivə içməyə getmirdilər, yataqxanada kef məclisi düzəltmirdilər. Elə ona görə də Səlim sataşırdı ona "evlənənsən, deyirdi, kürt toyuq olubsan, arvad ipini yığıb sənin. Ay yazıq, gör nə günə qalıbsan!? Kifləndin, bala, kifləndin!.."

Özü deyirdi, özü eşidirdi, yeməkxanada kimisə göstərirdi:" nətəri şeydi? qaqaşın olub e, onnan". Sonra başqası, başqası. Hamısı da gözəl, qəşəng, baxırsan üzünə, inanmağın gəlmir. Heç inanmırdı da. "Gop eləmə da, Səlim, - deyirdi, - gop eləmə, onun əri var, boynu belin yoğunnuqdadı".

"Nə olsun əşi, boynun yoğunluğunda döyül ha, iş..."

Bunu deyib irişə-irişə makinaçını göstərirdi: "Canın üçün, deyirdi, mən onnan kəsirəm, o sənnən kəsir, özü də eşitmişəm, yola gələndi, giriş buna, savaba batarsan”.

"Əl çək, Səlim, sən başın əl çək!" Səlim də gülürdü. “Əfəlsən, əfəl! Kəsəmənnən beş -altı arvad lazımdı ağlasın səni.."

Makinaçının da iki sözündən biri əri idi". Kişi getmişdi kamandirovkaya, filan şeyi gətirdi, dünən getmişdik kinoya, əldə biletin biri beş manat, kişiynən o gün…"

Bunları şöbədəki qızlara danışırdı. O da gözaltı baxırdı, elə bil Səlimin dediyini saf-çürük eləmək istəyirdi. Baxırdı, baxırdı, ürəyində də söyürdü Səlimi: “Gör ağlına nə gəlir!?"

Amma, demə, Səlimin sözləri havaya getmirmiş. Demə, o sözlər yığılırmış, içində qurtlayırmış, özünün də xəbəri yox.

Yenə Səlimdən oldu. Makinaçı üçün zavoddan bir az kafel çıxartmaq lazımıydı. Səlim onu verdi qabağa: "maşın mənim boynuma, Söyün də kömək eləyər aparmağa, eləmi Söyün? Hə, gedər, gedər..." Makinaçı o saat gözünü dikmişdi ona. Səlim də bir yandan əvəzinə danışırdı. Ha vurnuxdu, ha döyükdü, mümkün olmadı. Getdilər. O, maşının üstündə, makinaçı sürücünün yanında. Kafeli boşaltdı, yerləşdirdi. Qız onu buraxmadı. Çay qoydu, çörək gətirdi, elə bil onu sakitləşdirmək üçün də "ərim komandirovkaya gedib", – dedi.

Onda bildi ki, Səlimin sözləri içində qurtlayıbmış. Qurdlu sözlər içində tərpənirdi, onu da tərpədirdi. Yedilər, içdilər, daha bilmədi o qızı yola gətirdi, yoxsa qız onu. Amma hər şey razılıqla oldu.

Evə qayıdanda key kimiydi, heç nə haqda fikirləşə bilmirdi. Səhərin tezcə gəlməyini arzulayırdı ki, makinaçını bir də görsün, üzünə baxsın. Guya ki, hər şeyin cavabı onun üzündə yazılmışdı, oxuyub narahatçılıqdan qurtaracaqdı.

Səhər işə qaçanda ağlına cürbəcür şeylər gəlirdi: gedib görəcək ki, qız işə çıxmayıb, ya deyəcəklər ki, ərizə yazıb işdən gedir, ya da...

Ancaq makinaçı işə çıxmışdı. Sakitcə öz makinasını taqqıldadırdı. Onu gördü, başını qaldırıb salam verdi, yenə başladı taqqıldatmağa. Günorta yenə də qızlarla laqqırtı vurdu, şuxluq elədi, rahatca çörəyini yedi. İşdən çıxanda da əl güzgüsünə baxıb darandı, düzəndi, hamı ilə xüdahafizləşib düzəldi yola.

Qəribə işiydi: qız dəyişməmişdi. Dünənkindən üzündə, gözündə, yerişində, duruşunda, danışığında heç bir iz qalmamışdı və bunu anlayanda hiss elədi ki, dünya dəyişib. Öz gözündə dəyişib!

Axşam çörək yeyəndə arvadı işindən danışa-danışa "Kərim" adı çəkdi, təriflədi. Onun dalağı sancdı. Altdan-altdan arvadına baxdı: "Kərim kimdi görən?" Sonra arvadı dedi ki, işarası qaçacam mağazaya, dünən yaxşı stəkanlar olub. Yenə altdan-altdan arvadına baxdı. “İşarası qaçmaq olurmuş, bunu mən indi niyə eşidirəm?"

O günün səhəri haradansa ağlına yerləşdi ki, gedib arvada zəng eləsin. Evlənəndən tək-tük zəng eləmişdi, o da təcili bir iş olanda.

– Nə yaxşı zəng eliyibsən?

– Heç, elə-belə... Mağazaya getmişdin?

– Hə, qurtarmışdı ancaq.

– Qurtarmışdı?

– Hə.

– Özgə kefin nətərdi?

– Yaxşıdı.

– Yaxşı olsun, di sağ ol.

– Sağ ol.

Dəstəyi asandan sonra bir xeyli acı-acı gülmüşdü: arvadilə danışmağa söz tapmamışdı. Orası gülməliydi ki, deyəsən, arvad da danışmağa söz tapmamışdı. "Bə niyə mənnən belə quru danışır? Yoxsa başqalarının yanında utanır ərinnən danışmağa? Kimdən utanır, hə? Kərimdi nədi, onnan yoxsa?.."

Daha işləyə bilmirdi. Durub oturub son vaxtlar arvadındakı dəyişiklikləri axtarırdı. Hər fikirləşəndə də buna inanmaq üçün nəsə tapırdı. Evdəsə bu dəyişiklik lap gözlə görəsi idi. Arvadın iki sözündən biri öz işindəniydi, hərdən də böyük gələcəyi olan Kərimin adı çəkilirdi. Bu ad elə həvəslə deyilirdi ki, durub arvadı vurmaqdan özünü güclə saxlayırdı. Axır ki, bir dəfə yenə bu ad çəkiləndə dözəmmədi, "Kərim" sözünü güclə uddu. "Nə iş-iş salıbsan, bəsdi da, qulağım getdi daha, hara gedirəm iş, iş, qoy bir nəfəs alaq da..?"

Arvadı təəccüblə ona baxmışdı: "Sənə nə olub, danışma deyirsən, daha danışmaram".

"Hə danışma, danışma!"

Amma elə səhərisi yenə danışdı: "İşdən konsertə bilet götürüblər, dedi, gəlirsənmi?" Soruşdu ki, hamı gedir? "Hə, dedi, hamı gedir”. Bu hardan ağlına gəldi, heç özü də bilmədi, iyrənc-iyrənc gülümsəyib ( bu yaxşı yadındaydı), "Kərim də?" – dedi. Bu cümləni deyənə kimi tər basmışdı onu. Həmin an arvadina da, özünə də nifrət eləyirdi.

Arvad özünü o yerə qoymamışdı, “gedir” demişdi.

Gedir, hə.., Səlim demiş, indi moddu ərnən oynaşı tanış eləmək. Buyurun deyəcək, Kərim müəllim, yoldaşımnan tanış olun. Kərim müəllim də üstdən aşağı ona baxıb gülümsəyəcək:"Çox şadam, çox şadam", "a" hərfini də uzadacaq: “şaadam"

"Mən getmirəm, özün get".

Bu sözü elə sakitcə demişdi ki, sakitliyinə özü də məəttəl qalmışdı. Çünki içi elə qaynayırdı ki, həmin an tezcə eyvana çıxmasaydı, allah bilir nə olacaqdı.

Daha evə gec gəlməyə başlamışdı. İşdən çıxıb gedirdi pivələməyə. Nə qədər üz vursa da Səlim ona yoldaşlıq eləmirdi. Özü tək içirdi, tək kinoya gedirdi, evə qayıdanda da ha gözləyirdi, arvaddan bir söz, bir danlaq eşitmirdi.

"Soruşmaz da, soruşmaz, neynir məni, öldüm ya qaldım, fikri-zikri başqa yerdədi..."

İşdə makinaçı qızı görəndə, arvadı gəlib dururdu gözünün qabağında, özü makinaçını necə qucaqlamışdı, necə yıxılmışdılar çarpayıya, kimsə eləcə arvadını qucaqlayırdı, tez-tələsik paltarını soyundurub çarpayıya yıxırdı, arvad da dünyanı unudub, o " kimsənin" sinəsini öpürdü, öpürdü…

Bu səhnələri, arvadının sifətindəki ifadəyə kimi o qədər aydın görürdü ki, durduğu yerdəcə az qalırdı ulasın.

Bir səfər işdən gəlib arvadını evdə görmədi. Gedib özü uşağı bağçadan gətirdi. Yedizdirmək əvəzinə, heç nəyin üstə iki dəfə şapalaqladı. Bir az keçmiş arvadı gəldi, özü də kefi köküydü: "Bağçada deyirlər, yoldaşın gəlib apardı, hələ bir sataşdılar da, deyir, nə ciddi ərin var, bığlarından hirs tökülür, o qədər gülmüşəm...” O isə arvadının zarafatına fikir verməmişdi. Elə bil qaçmağa qoymamaq üçün

Düz qabağında durub soruşmuşdu: "Hardaydın?"

Arvadı özünü itirmişdi: "İclasdaydım".

"Hansı iclasda?" – bu dəfə kinayə ilə soruşmuşdu.

"Nətəri hansı iclasda? Adi iclasda."

Gör necə qızarıb, bayaq da kefi köküydü, işləri yaxşı gedir:"Sən iclasda gəzəcəksən, mən uşaq saxlayacağam?!" Arvadı yenə təəccüblə baxmışdı ona.

Bayaqkı sevinc yara kimi üzündə qaysaqlamışdı. "İclasda gəzmirlər".

Buna bax, hələ səhvimi də düzəldir:"İşdən çıx!”

"İşdən çıxım? – arvadı bu sözü elə təəccüblə təkrar eləmişdi ki, bir an özü də dediyindən qorxub duruxmuşdu. – İşdən çıxıb eləməyəcəyəm, beş il oxuyub diplom almışam, indi evdə oturacam? Bir də mən səni başa düşmürəm, axır vaxtlar sənə söz demək də olmur".

Buna bax? Mənnən hirslə danışmağına bax, yəni belə tanıtmışam özümü! "Çıxacaqsan. Yek kəlmə!"

Arvadı da yek kəlməynən cavab vermişdi: "Çıxmayacağam!"

Yenə özünü saxladı: "Niyə çıxmırsan? Dolana bilmirsən? Dolandıra bilmirəm?"

"İş dolanmaqda deyil, mən öyrəşmişəm ora, qaxılıb evdə oturmuyacam ha".

"Kimsə" yenə arvadını götürüb çarpayaya yıxdı. Arvadı da dünyanı unudub "kimsənin" sinəsini öpürdü... Daha özünü saxlayammadı: "Öyrəşibsən?! Yaxşı keçir ha, orda səninçün! Kimnən yaxşı keçir? Kərimnən yaxşı keçir?! Kef eliyirsən onnan?!

Arvadı külqabını götürüb yerə çırpdı:"Bəsdi !Bəsdi! Gedəcəm, rədd olub gedəcəm, belə şey olmaz, gör nə günə qaldım, allah?!"

Gör e, özünü nə hirslənmiş göstərir. Elə bunu istəyirmiş, bunu gəzləyirmiş hə:"Mən gedəcəm, sən niyə gedirsən? Mənim kimim var gətirim, sən oynaşını gətirərsən".

Bayıra çıxanda elə bil yüngülləşmişdi: "Belə yaxşıdı, bəsdi daha dözdüyüm, hələ yaxşı eləmədim, gərək vuraydım, döyüb öldürəydim."

Amma nə döymüşdü, nə vurub öldürmüşdü. Ordan dükana gedib araq almışdı, sonra da gecələmək üçün yollanmışdı Səlimin yanına. “Gəlmişəm vurmağa sənnən”. Səlim, deyəsən, heç sevinməmişdi onun gəlişinə. Özgə vaxt sataşardı. İndisə dinməzcə araqlarını içib girmişdilər yatağa.

Gecə ilan vuran yatmışdı, o yatmamışdı. Evlənən birinci dəfə idi ki, aralarında belə söz-s öhbət olurdu.

O üzə çevrikirdi, bu üzə çevrikirdi, rahatlanmırdı. Arvadı gözünün qabağına gəlirdi, uşağı görürdü, arvadının axırıncı sözlərini eşidirdi, ürəyi sıxılırdı. "Gör nə günə qaldım, allah". Axır fikirləşdi ki, səhər evə getsin, mütləq getsin, ağıllı-başlı danışsın onnan. Axı, niyə belə oldu? Niyə belə olmalıydı?

Səhərisi işdən çıxıb evə gəldi, amma içəri girməyə ürək eləməyib həyətdə gəzindi. Əl-ayağı əsirdi. Nə deyəcəkdi, nə eləyəcəkdi, fikirləşə bilmirdi.

Arvadı mətbəxdəydi. Səs eşidib döndü, dərdli-dərdli gülümsədi. Əlini işdən çəkib duruxdu.

Arvadının dərdli-dərdli durmağı onu kövrəltdi, dodağını gəmirə-gəmirə gəlib yavaşca arxasında dayandı. Arvadı birdən hönkürüb başını onun sinəsinə dayadı. hönkürtüsü kəsilmək bilmirdi. Elə hönkürə-hönkürə: "Hardaydın, – deyirdi, – hara getmişdin?"

Onun da gözləri dolmuşdu. "Gör nə fikrə düşmüşdü, arvadı heç ona xəyanət eləyərmi, heç elə iş görərmi. Yox, yox! Amma gör o nələr elədi, nələr dedi."

Arvadını sakitləşdirə-sakitləşdirə yalvarırdı. “Qurban olum, bağışla, dərdin alım, bağışla. Mən heyvanam, itəm, eşşəyəm, mənnən pis adam yoxdu, bağışla məni, qurban olum, bağışla..."

Birdən ağlına gəldi ki, hər şeyi açıb arvadına danışsın, kişi kimi danışsın. Arvadı onu başa düşər, günahından keçər.

Danışdı da. Amma heç bunu gözləmirdi, fikirləşirdi arvadı yenə ağlayar, sızlayar, axır sakitləşər.

Arvadı birdən səsini kəsib qışqırmışdı.

Birinci rədd ol sözünü eşitdi. Bu sözdən sonra arvadının gözü lap iriləndi, elə bil dediyi sözün arxasıca baxırdı.

Rədd ol, rədd ol! Mənə buna görəmi əziyyət verirdin. Buna görəmi işdən çıxarmaq istəyirdin, buna görəmi!

Arvadının irilənmiş gözlərinə baxa-baxa başa düşmüşdü ki, heç nəylə onu sakitləşdirə bilməyəcək, nə desə daşdan pis ağrıdacaq. Ancaq gedə bilmirdi, çünki bu getməyin bir də qayıtmağı vardı, həm də arvadının hirslənməyinə sevinirdi, onun hirsli-hirsli dediyi sözlərin hamısını eşitmək istəyirdi.Hiss eləyirdi ki, hər sözdən ürəyi bir az da sakitləşir, olub-qalan şübhəsi get -gedə yox olur. Bu hiss ona o qədər ləzzət elədi ki, sevincini saxlayamayıb qəfilcə gülümsədi.

Arvadı od götürdü: “Nəyə gülürsən, nəyə? Hə, olmuşam, düz fikirləşibsən, evə də gətirmişəm!”

Elə bil arvadını danışmağa qoymamaq üçün yerindən tərpəndi.

Yalan demə, yalan demə.

Arvad dediyini yenə təkrar elədi.

O, indi anladı ki, öz şübhələrinə özü də inanmayıb, hətta dünən qışqırıb-bağıranda , o sözləri arvadına deyəndə də, evdən çıxıb gedəndə də inanmayıb, heç vaxt.

Arvadını əllərindən tutub ağlamsına-ağlamsına. “Qurban olum, – dedi, – qadan alım, yalan demə, elə şey olmaz, sən belə iş görməzsən. Yalan demə, qadan alım, yalan demə!..”

Daha taqəti yox idi, dili söz tutmurdu. Başı fırlanırdı, nəfəsi kəsilirdi.

Amma arvadı o sözü birdə təkrar elədi, özü də lap sakitcə: “Olmuşam, –dedi,– hə,olmuşam!”

Daha heç nə onu saxlamadı. Bircə ümid də yox idi ki, şilləni vuranda əlini tutub qoymayaydı.

Evdən çıxanda acıqlı-acıqlı fikirləşdi ki, daha hər şey qurtardı, onunku onda, mənimki məndə. Qurtardı, vəssalam. Birdə onun ayağına getməyəcək. Getməyəcək.

Amma yataqxanada keçirdiyi ikinci gecə başa düşdü ki, hər gün vəziyyəti daha da dözülməz olur. Bir dəfə işdən qayıdanda gözünü açıb özünü evlərinin yanında görmüşdü, amma hərdən tez ayılırdı, yarıyolda avtobusdan düşüb marşrutu dəyişirdi. Daha dözülməz orasıydı ki, arvadı get-gedə təsəvvüründə dəyişirdi, dəyişib yenə əvvəlki mehriban, qayğıkeş, hər şübhədən uzaq qadın olurdu.

Bu qadın hardasa ondan ötrü darıxırdı, sızıldayırdı, gecələr özü də bilmədən əlini böyründə gəzdirib onu axtarırdı, tapmayıb için-için ağlayırdı. Hər gün də uşağı aldadırdı ki, atan sabah gələcək.

Artıq yeddinci gündü yataqxanadaydı. Səlimə demişdi ki, arvadı uşaqnan dədəsi evinə yollamışam. Deyəsən, Səlim inanana oxşamırdı, amma yaxşı ki, inanmasa da heç nə soruşmurdu.

Günlərsə keçirdi. O, işə gedirdi, yataqxanaya qayıdırdı. Gecələr arvadının onu çağıran əlləri neçə-neçə əllərin içində görünməz olurdu. O, yolayrıcında dayanıb hey düşünürdü, daşınırdı, avtobuslar dolub gedirdi, onun evinin yanından keçirdi. Avtobusun qapıları şaqqıldadıqca arvadı əlindəki işi qoyub tələsik eyvana çıxırdı. Bu baxışların altında yüzcə addımı getməmək üçün o həmin avtobusda olmurdu, həmin dayanacaqda düşmürdü.

Yaxşı ki, hər şeyi təzədən düşünüb bir fikrə gəlmək üçün gecələr var.

Amma neyləyəsən ki, gecə düşündüklərinə şübhə eləmək üçün bu dünyanın səhərləri də vardı.

# 1277 dəfə oxunub

Müəllifin son yazıları

# # #