2015-ci ilin povestləri – TƏNQİD

2015-ci ilin povestləri – <span style="color:red;">TƏNQİD
8 noyabr 2016
# 12:17

Kulis. Az filologiya üzrə fəlsəfə doktoru, tənqidçi-ədəbiyyatşünas Aynur Xəlilovanın "2015-ci ilin ədəbi mənzərəsində povest janrı" məqaləsini təqdim edir.

Son illər ədəbi sferamızda povest janrı ilə bağlı səslənən bəzi ziddiyyətli fikirlər, janra qarşı bir qədər laqeyd və ögey münasibət təəssüf doğurur. Bu münasibəti mənşə etibarilə “povestvovanie” sözündən alınmış “povest” termini ilə ifadə olunan sözügedən janrın Azərbaycan ədəbiyyatına rus ədəbiyyatından gəlməsi, ümumilikdə dünya ədəbiyyatında bu adda, yaxud belə bir janrın olmaması ilə əlaqələndirirlər. Hətta hekayə–povest–roman ardıcıllığının süni ştamp hesab edilməsi fikrinə də rast gəlirik.

Əvvəla, ədəbiyyatda ardıcıllıq məsələsi şərtidir. Burada ardıcıllıq yox, konkret səciyyəvi xüsusiyyətlərinə görə bir-birindən fərqlənən növlər və bu növləri bir sistem halında formalaşdıran müəyyən fərdi əlamətlərə malik müxtəlif janrlar var. Povestin ruslardan gəlmə janr olmasına qaldıqda isə, fikrimizcə, burada elə bir qəbahət yoxdur. Bu janr müəyyən dərəcədə rus ədəbiyyatının təsirinin müşahidə edildiyi postsovet məkanına daxil olan respublikalarda, həmçinin SSRİ-nin siyasi-iqtisadi baxımdan nüfuz dairəsində olmuş və keçmiş sosialist düşərgəsinə aid bir sıra ölkələrin ədəbiyyatında da mövcuddur.

Bu faktdır ki, Azərbaycan yazılı epik ənənəsində povest artıq öz sözünü demiş və oturuşmuş bir janrdır. Bir sıra yazıçılarımızın yetişməsində böyük rol oynamış sözügedən janr bunun qanunauyğun nəticəsi kimi nəsrimizi maraqlı və yaddaqalan nümunələri ilə zənginləşdirmişdir. Fikrimizcə, problem hər hansı bir janrda deyil, ayrı-ayrı janrlarda yazılıb ortaya qoyulan bədii mətnlərdədir. Həmçinin bədii mətnə yazıçı yanaşmasında və münasibətindədir. Məsələnin kökünü də məhz burada axtarmaq lazımdır. Odur ki, Qərbdə yoxdur deyə, janra ögey münasibət sərgiləmək doğru yanaşma deyil. Bir anlıq hesab edək ki, bədii nəsrdə povestdən imtina edib hekayə və roman janrı ilə kifayətlənirik. O zaman, məsələn, bəs İsi Məlikzadənin povestlərini hansı janra aid etməliyik? Axı bu əsərlər nə hekayədir, nə də roman, bütün struktural səciyyəsi ilə povestdir. Eləcə də başqa yazıçıların bu qəbildən olan əsərləri.

Digər tərəfdən, povest janrının günün tələbləri baxımından da öz üstünlükləri var. Çağdaş dövrümüzdə informasiya axını, düşüncədə yaranan tezlik, dinamik və aktiv həyat tərzi, müxtəlif fərdi və ümumi problemlər və bütün bunların müqabilində yaranan zaman azlığı uzun-uzadı təsvir və təfərrüatların, müxtəlif hadisə-əhvalatlarin yer aldığı kifayət qədər həcmli romanların oxunmasına marağı bir qədər azaldır. Hekayə isə, baş verənlərə çevik münasibət sərgiləməsinə baxmayaraq, etiraf etmək lazımdır ki, janrın tələblərinə görə bəzən yazıçıya öz sözünü demək üçün o qədər də geniş meydan vermir. Bu baxımdan həm hekayəyə nisbətən məzmun-mahiyyətin açılması və ideya-məqsədin ortaya qoyulması üçün müəllifə yaxşı imkanlar açan, həm də romanla müqayisədə nisbətən çevik oxunan povest janrı müasir oxucu üçün daha əlverişlidir. Təbii ki, bütün bunlara rəğmən, hər bir janrın öz oxucusu var. Ümumiyyətlə, bədii ədəbiyyat geniş mənada bütöv bir kompleks olaraq alınmalı, biri digərini aqressiya ilə inkar etməməlidir. Əks halda, bu, heç də inkişafın xeyrinə deyildir.

Povestlə bağlı terminoloji aspektdə səslənən fikirlər də ağlabatan deyil. Onda gərək Azərbaycan ədəbiyyatında mövcud olan əksər janrlarda adlandırma məsələsinə yenidən baxılsın. Çünki, etiraf etmək lazımdır ki, ədəbiyyatımızda mövcud janrları ifadə edən ədəbi terminlərin əksəriyyəti başqa dillərdən alınma – qeyri Azərbaycan sözləridir. Yüzilliklər boyunca dilimizdə və ədəbi terminologiyamızda oturuşmuş bu terminlərin dəyişdirilməsini isə düzgün hesab etmirik. Ümumiyyətlə isə, müxtəlif sahələrə aid terminlərin öz sözlərimizlə yanaşı, başqa dillərdən alınma sözlər də olması normativə uyğun və qəbul ediləndir.

Bəs 2015-ci ilin ədəbi mənzərəsində povest janrı nə ilə yadda qaldı? Və ümumiyyətlə, yadda qala bildimi? Mövzusu, məramı, ideya-məzmunu, bədii-estetik məziyyətləri və s. baxımından çağdaş ədəbiyyatın, oxucunun, ən başlıcası isə içərisində yaşadığımız bu mürəkkəb zamanın tələblərinə cavab verə bildimi? Bütün bu və ya digər suallara cavab tapmaq bizdən tədqiqatçı kimi mövzuya konseptual olaraq kompleks yanaşma tələb edir.

Ötən il kəmiyyət etibarilə kifayət qədər povest çap edilmişdir. Bunların içərisində təkrar nəşrlər (Məsələn, xalq şairi Fikrət Qocanın, Saday Budaqlının, Nəriman Əbdülrəhmanlının, Nurəddin Ədiloğlunun və b. əsərləri) və başqa ölkələrdə çap olunmuş tərcümə nəşrləri də (Xalq yazıçısı Elçinin “Bayraqdar” və “Kaşşeyin taleyi” povestləri (“Kölgə”. Türkiyə.), Mənzərə Sadıqovanın “Üçbucaqda gedişlər” povesti (“Qadınlar və kişilər”. Təbriz) və s.) var. Mövzumuz isə, təbii ki, yeni nəşrlərlə bağlıdır.

2015-ci ildə yeni çap olunmuş (Qeyd: yazılış tarixləri fərqlidir) povestlərin sayı, təxminən, 20-yə yaxındır və bu statistik göstərici bir il üçün o qədər də kiçik deyildir. Buraya Əkrəm Qaflanoğlunun “Talelər kəsişəndə”, İlqar Fəhminin “Karmen” və “Maygülü”, Şövkət Zərinin “Əbədiyyətə qədər”, Əli Şirin Şükürlünün “Su pərisi”, Qafar Cəfərlinin “Günahsız mələk”, “Əlvida, həyat” və “Xeyirlə şərin qovuşduğu gün”, Mustafa Çəmənlinin “Üç yaşlı əsir”, Mübariz Cəfərlinin “Halə”, Gülşən Lətifxanın “Kabus”, Müzahim İsmayılzadənin “Anamsız – amansız dünya”, Vahid Məhərrəmlinin “Cəza”, Səxavət Tağların “Ana fəryadı” povestləri və s. daxildir. Səhər Əhmədin “Yeddinci palata” əsərini povest hesab etmədiyimizdən onu buraya daxil etməmişik. “Yeddinci palata”da sözügedən janrın tələb etdiyi xüsusiyyətlər müşahidə olunmur. Buna görə də, povest adı ilə çap edilməyinə baxmayaraq, “Yeddinci palata” povest deyil.

2015-ci ildə çap olunmuş povestlər müxtəlif mövzulara həsr edilmişdir. Bu povestlərdəki obrazlar müasirlərimiz, problemlər tanış və ümumi, məkan Azərbaycan, dövr isə, əsasən, Azərbaycanda ictimai-siyasi vəziyyətin gərginləşdiyi və məlum hadisələrin başladığı 1988-ci ildən hesablanan 27 illik tarixi zaman kəsimidir. Tarixi aspekt, burada, artıq tarixə çevrilmiş, yaxud çevrilməkdə olan, əksəriyyətimizin canlı şəkildə şahidi olduğumuz və ya şəxsi taleyimizdə yaşadığımız hadisələr müstəvisində cərəyan edir. Təbii ki, sözügedən dövrün mürəkkəb siyasi-tarixi kontekstini nəzərə alsaq, təsvir edilən hadisələr fonunda bu hadisələrin mahiyyətinə varmaq və yazıçı münasibətini sərgiləmək üçün bir sıra hallarda məzmuna uyarlı olaraq müxtəlif zaman kəsimlərinə süjetdaxili müəyyən bədii ekskursiyaların da müşahidə edilməsi qanunauyğundur.

Əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də ədəbi proses günümüz üçün aktual olan müharibə – Qarabağ mövzusuna biganə qalmadı. Ötən il əksər povestlərin süjetində sözügedən mövzuya bu və ya digər dərəcədə yer verilsə də, sırf Qarabağ mövzusunda olan əsərlər – Gülşən Lətifxanın “Kabus” və Mustafa Çəmənlinin “Üç yaşlı əsir” povestləridir. “Kabus” povestində ermənilərin indiki Ermənistan ərazisinə gəlmə olduqları, Rus imperiyasının və onun varisi olan bolşevik-proletar diktaturasının köçürülmə siyasəti və rus-erməni birləşmələrinin işğalçılıq siyasəti nəticəsində süni şəkildə yaradılan indiki Ermənistanın Qafqazda – türk-islam dövlətlərinin sərhəddində bu dövlətlərə qarşı bufer zonası kimi yaradılması məsələləri vurğulanmış, düşdüyümüz bu bəlanın səbəblərinə diqqət çəkilmişdir. Əsərin qəhrəmanı iki oğlu Şuşanın müdafiəsi zamanı şəhid olmuş, ömür-gün yoldaşı övlad acısına, yurd həsrətinə dözməyib dünyasını dəyişmiş, özü isə Şuşanın işğalı nəticəsində doğma yurdundan didərgin düşüb çadır düşərgəsində məskunlaşmış İlyas babadır. Simasına sehrli ifadə verən ağarmış saç-saqqalı, müdrik və nurani görkəmilə sanki Dədə Qorqudu xatırladan bu el ağsaqqalı gördüyü yuxunun təsirilə dərviş misali, payi-piyada Qarabağa – doğma yurda getmək qərarına gəlir və gedir də. Orada bir neçə ermənini öldürüb əsirlərimizi xilas edir. Bu müqəddəs yolçuluğun əsas məqsədi yuxuda ona tapşırılan missiyanı yerinə yetirmək – əcdadlarının uyuduğu, oğlanlarının uğrunda şəhid olduğu torpaqda əbədiyyətə qovuşmaq idi. Artıq əcəl vaxtı yetişmişdi. Yuxuda işarə olunan 44-cü gün İlyas baba təpənin lap yuxarısında, yemişan kollarının arasında qazdığı məzara girib öz əlləri ilə üstünü torpaqlayır ki, nəşinə murdar erməni əli dəyməsin. İlyas babanın son vəsiyyəti səmada başı üzərində dövrə vuran Qarabağ qartalına olur: “Qalalı, qoru məni, qoyma mənim cəsədimi murdarlasınlar.” Ağzı dualı bu nurani qoca dilində “Kəlimeyi-şəhadət” haqq dünyasına qovuşur. Əzəli ərazisində – ovlağında baş verən bu qeyri-adi hadisəni diqqətlə izləyən qoca Qarabağ qartalı şuşalı İlyas babanı öz ağası kimi qəbul edərək həmin andan daima onun məzarının keşiyini çəkir: “Qocanın məzarı üstünə qartal sürüsünün başçısı qonmuşdu. Bu Qarabağ qartalı qarabağlı qocanın diri-diri özünü dəfn eləməsini görən yeganə şahid idi. Bu qoca qartal mərdliyi dəyərləndirə bilirdi. Qartalların ac sürüsü məzarın üstündə dövrə vura-vura qoca qartala niyyətlərini anlatsalar da, o, onları İlyas babanın qəbrinə yaxın düşməyə qoymurdu. O, yurddaşının vüqarını əmanət kimi qoruyurdu....

Ermənilər qocanın izi ilə həmin təpəyə qalxanda və qartalı görəndə qorxudan titrəməyə başladılar:

- Qartala baxın! – Onlardan biri qışqırdı. – Demək, kabus indi də qartala çevrilib! Qaçın! Kabus qartala çevrilib! Görün hələ göydə nə qədərdilər...

Və Qarabağın erməni təcavüzkarları bundan sonra rahat yata bilmədilər. Şuşalı İlyas baba doğma torpaqda uyuyan dəqiqədən qartallar məzarın ətrafında dövrə vurmağa başladılar, sanki Qarabağın əsl sahibinə, el ağsaqqalına təzim edirdilər.”

Əcdadlarının ruhu yaşayan yurdda dünyasını dəyişib ana torpağa qarışan İlyas baba öz ölümü ilə əslində ölümsüzlük qazanır. Bu, sanki dünyasını dəyişməyə az qalmış G.Lətifxanın özünün özünə arzuladığı bir ölüm idi. Əsərin povest-pritça adlanmasi səbəblərindən biri də, yəqin ki, bununla bağlıdır. Povestin əsas ideyası bundan ibarətdir ki, bu gün Vətənin hər bir övladı “Qarabağ qartalı”na çevrilərək torpaqlarımızı yağı düşməndən azad etməli və qorumalıdır. Yalnız o zaman əcdadlarımızın narahat ruhları rahatlıq tapa bilər. Bu kontekstdə “Kabus” povesti vətənə sahib çıxmaq, onu erməni işğalından azad etmək məzmununda müəllifin oxucuya ünvanladığı mesaj və çağırışıdır.

Povestin strukturunda yuxu motivindən və müəyyən simvolik elementlərdən süjetyaradıcı və mənayaradıcı komponent kimi istifadə olunması maraqlı düşünülmüşdür. Tarixi faktların, yaşadığımız və şahidi olduğumuz hadisələrin bəzi hallarda bədii əsərə xas olmayan üslubda diqqətə çatdırılması isə bu məqamlarda əsərin bədiilik məziyyətinə müəyyən dərəcədə xələl gətirmışdir.

M.Çəmənlinin “Üç yaşlı əsir” povestinin əsas məzmunu könüllülərdən ibarət batalyonun Naxçıvanikə hücum əməliyyatı zamanı ermənilərin qoyub qaçdıqları üç yaşlı Sergeyin Teymur tərəfindən tapılması, onun Teymurun ailəsində heç bir ögey münasibət göstərilmədən saxlanılması və bir müddət sonra sağ-salamat qarşı tərəfə təhvil verilməsi üzərində qurulsa da sovet dövrünün və müstəqillik dövrünün müxtəlif məqamları da süjetə əlaqəli şəkildə daxil edilmişdir. Burada Azərbaycanda ermənilərin rahat yaşayışları, bəzi azərbaycanlıların ermənilərlə evlənmələri məsələsinə də diqqət çəkilmişdir. Elə erməni gülləsindən yaralanan 85 yaşlı ağbirçək Qaratel müəllimənin (Teymurun anası) qardaşı partkom Səfər də 1948-ci ildə ailəlikcə erməni deportasiyasına məruz qalan minlərlə azərbaycanlılardan biri olmasına baxmayaraq, erməni ilə evlənmişdir. Bəlkə də ailəsinin bu izdivaca xeyir-dua verməməsindəndir ki, Səfər övlad sahibi ola bilmir. Ermənilərin Azərbaycana qarşı başladıqları müharibədən sonra isə el qınağından utanıb Anyası ilə birlikdə Rusiyaya köçür.

Povestdə rusların Azərbaycanda yeritdiyi siyasət altmışıncı illərin azad düşüncəli, sağlam təfəkkürlü və milli kimlik amilini dərk edən gəncliyinin təmsilçisi kimi təsvir olunan Rahim Ağdaşlı obrazı vasitəsilə diqqətə çatdırılır. Təsadüfi deyildir ki, yazıçı daha sonra onu 1980-ci illərin sonlarında azadlıq hərəkatının iştirakçılarından biri kimi təsvir edir.

Əsərdə Naxçıvanikin azad olunması loyal şəkildə təsvir edilmişdir. Siranuşa olan münasibətə gəldikdə isə, əvvəla, qadın, hər nə olursa-olsun, əgər körpə övladını atıb qaçırsa, o, artıq ana adını daşımağa layiq deyildir! Digər tərəfdən, erməni yaxşı bilir ki, Azərbaycan əsgəri, etnik mənsubiyyətindən asılı olmayaraq, qadına, qocaya, uşağa heç vaxt toxunmaz.

Sergeylə bağlı əhvalatdan bir müddət sonra Teymur erməni snayperindən açılan güllə ilə öldürülür. Gənc yaşında dul qalmış Gültəkin həyatını oğlu Türkərə – Teymurun yadigarına həsr edir. Sergeyin əhvalatından iyirmi iki il sonra isə Teymurun 85 yaşlı anası erməni gülləsinə tuş gəlir. Həm də “atəşkəs rejimi”ndə. Bütün bunlar onu göstərir ki, erməniyə nə qədər yaxşılıq etsək də, o, yenə də türk millətinin əzəli və əbədi düşməni olaraq qalacaq! Povestin sonluğu oxucunu bir anlıq əsərin əvvəlinə qaytarır. Burada Şakir yaralanmış anasına: “ – Müəllimə, heç bilirsən sənə bu şər vaxtı güllə atan ... kimdi? ... Rəhmətlik Teymurun 92-ci ildə əsir gətirdiyi Sergey. ....Gecələr layla çalıb özünlə yatırtdığın o ilan balasının bilirsənmi indi neçə yaşı var, müəllimə? ...İyirmi beş ...Nədi, yalan deyirəm? Orduda qulluq eləyən vaxtıdı də...”, – söyləyəndə Qaratel müəllimə ogluna: “ – O, mənə güllə atmaz”, – demişdi. Əsərin sonunda isə sanki yarımçıq qalmış bu dialoq davam etdirilərək, bir növ, tamamlanmış olur. “Xəbərlər” proqramında ermənilərin yenə də “atəşkəs”i pozmaları haqqında məlumat oxunarkən, Şakir əsəbi halda üzünü anasına tutub soruşur:

“ – Müəllimə, görən, bu atəşkəsi pozanlar arasında Sergey də var?!

Qaratel müəllimənin gözləri yol çəkirdi. Xeyli sükutdan sonra qəmli-qəmli dedi:

– Vallah, nə deyim?! Düzünü Allah bilir.”

Bu, əslində, bir təsdiq idi. Etdiyimiz yaxşılıqların əvəzində tarix boyu ermənilər hər zaman gizli və aşkar şəkildə bizimlə düşmənçilik aparmış, münbit şərait yetişən kimi ağlasığmaz vəhşiliklər törədərək öz işğalçılıq siyasətlərini həyata keçirməyə çalışmışlar. İllər keçsə də, erməni xisləti dəyişməmişdir və heç vaxt da dəyişməyəcəkdir!

Şövkət Zərinin ənənəvi tərzdə yazdığı “Əbədiyyətə qədər” povestində iki gəncin nakam məhəbbəti və bunun fonunda günümüz üçün aktual olan bir sıra məsələlər öz əksini tapmışdır. Əsərin qəhrəmanları Mehin və Nihad bir-birlərini təmiz məhəbbətlə sevsələr də, aralarında olan sosial bərabərsizlik onların qovuşmağına mane olur. Çünki Nihadın atası nazirdir, nazir oğlu isə müəllimə işləyən anasından başqa kimi-kimsəsi olmayan Mehinlə evlənə bilməz. Mehinin gözəl və tərbiyəli olması, universitetdə təhsil alması, Nihadı ülvi məhəbbətlə sevməsi də heç nəyi dəyişdirmir. Və Nihad valideynlərinin məsləhət və təkidiylə Mehindən ayrılıb sevmədiyi Rəna ilə evlənir. Lakin bu evlilikdən iki uşağı olmasına baxmayaraq, o, Mehini unuda bilmir. Nihadın etiraflarından görürük ki, bu ayrılığa səbəb, həm də, onun valideynlərinin iradəsinə qarşı çıxa bilməməsi, sevgisi üçün mübarizə aparmaması və cəsarətsizliyi olur. Yalnız Mehinin məktublarını oxuduqdan sonra o, özündə güc tapır, Rənadan boşanıb Mehinlə qovuşmaq qərarını verir.

Əsərdə bir-birinin ardınca təqdim edilən və kifayət qədər həcmli bir hissəni çevrələyən silsilə məktublar öz əksini tapmışdır. Mətnin strukturunda yer alan məktub motivindən, burada, həm süjetyaradıcı komponent, həm də bədii manera kimi istifadə olunmuşdur. Povestdə bəzi məqamlarda təsvirçiliyə, obrazın daxili düşüncələrinə bir qədər çox yer verilsə də, məktub motivinin struktura daxil olması ilə süjetdaxili dinamika artmış, əsər daha canlı və maraqlı şəkil almışdır. Nihadın əlinə Mehindən xəbərsiz düşən bu məktublarda Mehin ona olan sevgisindən, ayrılığın dəhşətli əzablarından, keçirdiyi ruhi-psixoloji sarsıntılardan, başına gələn müsibətlərdən, bunların müqabilində yenə də bir zamanlar gerçək olub, indi isə artıq xatirəyə çevrilib qəlbində yaşatdığı bu xəyali sevgisinə sadiq qalmasından və s. yazmışdı. Məktubları oxuyan Nihad heç vaxt unuda bilmədiyi, qəlbində gizli yaşatdığı və onu korun-korun yandıran sevgisindən ayrıldığının peşmançılığını indi daha çox çəkir və Mehinə olan sevgisi, onunla qovuşmaq istəyi daha da artır. Əsərdə sevgi və ayrılığın insanın iç dünyasında, ruhi-psixoloji vəziyyətində yaratdığı təbəddülatlar həssaslıqla ifadə edilmişdir. Bu kontekstdə, xüsusilə, Mehinin ruhi-psixoloji və daxili yaşantılarının, keçirdiyi hiss və həyəcanların aydın təsviri, fikrimizcə, bir qədər də müəllifin qadın olmasından dolayı qadın psixologiyasının, qadın ruhunun incəliklərinə bələdliliyi amili ilə bağlıdır.

Əsər sevgi mövzusunda olsa da, burada müharibə – Qarabağ mövzusuna geniş yer verilmişdir. Süjetdə bu iki xətt bir çox hallarda, demək olar ki, iç-içə təsvir edilmişdir. Burada döyüş səhnələri, cəbhə bölgəsindəki müharibə rejimi yuxarıda sözügedən povestlərə nisbətən daha inandırıcı təsir bağışlayır. Oxucu təsvir olunanları hiss edərək hadisələri öz içərisindən keçirə bilir.

Nihad, ailəsinin etirazlarına baxmayaraq, vətən qarşısındakı borcunu dərk edərək könüllü şəkildə müharibəyə getmişdir. İki dəfə ciddi yaralandıqdan sonra isə hərbdən təxris olunmuşdur. Mehinin sonuncu məktubundan onun könüllü olaraq cəbhəyə getdiyini öyrənən Nihad yenidən döyüş bölgəsinə yollanır. Bu dəfə Mehini tapmaq üçün. Lakin müharibə gedən ərazidə bu, heç də asan deyil. Mehin yaralı əsgərimizi hospitala yerləşdirmək üçün Bakıya getmişdir. Nihad Mehinin qayıtmağını gözlədiyi müddət ərzində vəziyyətdən asılı olaraq yenidən döyüşlərdə iştirak edir, düşmənin hücumunun qarşısını almaqda xüsusi şücaət göstərir. Bu döyüşdə “kantuziya” almasına baxmayaraq, hospitaldan çıxan kimi təkrar cəbhəyə qayıdır. Ona bir neçə kəndimizin erməni quldurlarından azad olunması üçün hücuma rəhbərlik etmək tapşırılır. Burada, xüsusilə, qəbristanlıq ətrafında ağır və amansız döyüşlər olur. Qələbə ilə nəticələnsə də, Nihad bu döyüşdə həyatının ən sarsıdıcı zərbəsini alır: “...kiminsə səsi gəlirdi. Məzarlığı o ki var axtardıq. Heç kəsi tapmadıq. Səs əvvəlki qayda ilə gəlirdi. Qaş qaralmaq üzrə olduğu üçün məzarlığın ağır xofu məni sıxırdı. Köhnə, uçuq bir məzarın yanında ayaq saxladım. Səs get-gedə zəifləyir, ara-sıra lap yox olurdu. Yəqin məni qara basır. O qədər ah-nalə eşitmişdim ki, qulağımda səs qalıb deyə çıxıb getmək istəyirdim. Birdən lap yaxından səsi eşidib diksindim. Kimsə köməyə çağırırdı... Nazim alışqanı çıxardıb yandırdı. “– Yoldaş komandir, burada yaralı bir qadın var. Alçaqlar geri çəkiləndə onu güllələyib köhnə, uçuq qəbrə atıb gediblər”, – deyə qışqırdı. Əynindəki milli əsgər paltarı, demək olar ki, tamam qan içində idi. Taxtaları aralayıb çətinliklə qadını ordan çıxardıq... Bu, Mehin idi. Neçə illərdi vüsalına həsrət qaldığım Mehin.” Neçə vaxtdı Mehini axtaran, onunla hansı şəraitdə, necə görüşəcəyinin xəyalını quran Nihad Mehini təsəvvürünə belə gətirmədiyi bir vəziyyətdə tapır. Və bu dəfə onların qovuşmağına mane olan daha kəskin bir faktor var. Bu, vurduğu yaraları sağalmayan, ayrılıqlarının geriyə dönüşü olmayan müharibə faktorudur. Nihad Mehini tapdığı gün də itirir. Bir zamanlar Nihadı əbədiyyətə qədər sevəcəyini söyləyən Mehin sözünə əməl edir və Nihadın qolları arasında öz sevgisi ilə birlikdə əbədiyyətə qovuşur. Yazıçı bu səhnələri o qədər təsirli bir şəkildə qələmə almışdır ki, oxucu uzun müddət bu təsirdən ayrıla bilmir. Mehinin ölümü onu daxilən sarsıdır. Lakin bu, adi bir ölüm deyildi. Mehin düşmənlə mübarizədə qəhrəmancasına şəhid olur. Yazıçının məsələni müharibə mövzusu ilə əlaqələndirməsi təsirli olduğu qədər də realdır. 1988-ci ildən bu günə kimi minlərlə gəncimiz nakam sevgisi qəlbində şəhidlik zirvəsinə ucalmışlar. Və bu, hələ də davam edir. Bütün bunların baiskarı isə tarixi düşmənimiz olan erməni terrorçularıdır. “Ayaqlarımda güc qalmamışdı... Dağıdılmış bir məzarın önündə diz çökdüm. Yanı üstə yıxılmış baş daşının üstündəki bir nurani qocanın şəkli canlı insan kimi üzümə baxırdı. Məni xəcalət təri basmışdı.” Canlı insanlarla kifayətlənməyib qəbirləri, baş daşlarını gülləbaran etmək, milli-mənəvi-tarixi abidələrimizi məhv etmək və s. – bütün bunlar erməni vandalizminə aid olub ermənilərin bütövlükdə vəhşi və xəstə ruhlu etnik qrup olmasının göstəricisidir.

Povestdə qadınların işləmək adı ilə xarici ölkələrə aparılması, orada aldadılaraq başqa çirkin əməllərə məcbur edilməsi və müvafiq qurumların qadın alveri adlanan bu cinayətkarlıqla aktiv mübarizəsi probleminə yer verilməsi günümüzün reallığı kimi bu kontekstdə maarifləndirici səciyyə daşıyır. Əsərdə bəzi məmurların mənəvi kasadlığı, sanki bir-birlərilə bəhsə giribmiş kimi dəbdəbəli və harın həyatları, ümumxalq məsələlərə biganə münasibətləri və s. məsələlər də diqqətə çəkilir. Elə Nihadın valideynləri də belələrindəndir. Beş il öncəyə kimi adi həyat tərzi keçirən, övladlarını “dövlətli bir kişinin ərkəsöyün oğlu” haqqında halallıq və zəhmətsevərlik təlqin edən “Qazanılmış manat” nağılı ilə böyüdən Dadaş Mansurov nazir vəzifəsinə keçdikdən sonra onların təkcə həyat tərzi deyil, düşüncələri də dəyişir. Bəzi şeylər isə yalnız gözdən pərdə asmaq, yaxud göstəri üçün lazımdır. Məsələn, həmişə ədəbiyyata bəsit mövqeyi olan Dadaş Mansurov villasının salonunun divarlarını Azərbaycan ədəbiyyatının klassiklərinin portretləri ilə və Nizaminin əsərlərinə çəkilmiş illüstrasiyalarla bəzəməklə özünü millətin mənəvi-mədəni və tarixi keçmişinə dəyər verən ziyalısı kimi göstərmək istəyir. Onun “Kitabi-Dədə Qorqud”la bağlı söylədikləri isə bu kontekstdə obrazın mənəviyyatındakı boşluqların satirik boyalarla açıqlanması baxımından maraqlıdır:

“ - Bax, bu kişinin (Dədə Qorqudu nəzərdə tutur – A.Xəlilova) bu gün burada görünməsi çox vacibdir. Bu, bizim ailənin ziyalılığından xəbər verir. Bir də onu bildirir ki, biz keçmişimizə qiymət verməyi bacarırıq, oğlum. Səndən soruşan kimdir ki, bu kişi kimdir, nəçidir, nə işlər görüb? Əsas odur ki, başqasında olmayan bizim evdə görünsün.”

Povestdə təmiz və ülvi məhəbbət təlqin edilir, sədaqət, vətənpərvərlik, qəhrəmanlıq hissləri aşılanır. Bu gün hər bir insan ayrıca fərd olaraq öz sahəsində vicdanla, məsuliyyətlə çalışmalı, vətən qarşısında borcunu dərk edərək torpaqlarımızın düşməndən azad olunması üçün birlik nümayiş etdirib ümumxalq mübarizəsinə qoşulmalıdır. Bu kontekstdə əsərin əsas ideya-məqsədlərindən biri də – Kimliyindən asılı olmayaraq vətən, torpaq məvhumuna hamı eyni cür yanaşmalıdır – prinsipini ortaya qoymaqdır. Bu müstəvidən yanaşdıqda Şövkət xanımın “Əbədiyyətə qədər” povestində – Ədəbiyyat təkcə gördüklərimizi deyil, görmək istədiklərimizi də əks etdirməlidir – prinsipi əsas götürülmüşdür.

Əkrəm Qaflanoğlunun “Talelər kəsişəndə” povesti məhəbbət mövzusunda olsa da, özündə bir sıra ciddi ictimai-sosial problemləri ehtiva edir. Bu kontekstdə əsərin süjeti təkcə Azər-Tuti Bikə xətti ilə kifayətlənmir. Burada ilk baxışda mənfi obraz kimi başa düşülən, Tuti Bikənin vasitəsilə təqdim edilən acı həyat hekayətindən sonra isə oxucuda bu qənaəti alt-üst edən Qayanarın həyatı ilə də geniş şəkildə tanış oluruq. Qayanarın dramatik-faciəvi həyat hekayəti povestdə intertekst təsiri bağışlayır. Bununla süjet sanki iki hissəyə ayrılır, sonda yenə Azər-Tuti Bikə xəttində bütövləşir. Təbii ki, sözügedən hekayətin ümumi süjetlə əlaqəsini müəyyən məqamlarda daha da möhkəmləndirmək olardı. Bununla belə, Qayanarın həyatı o qədər təsirli, canlı və real təsvir edilmişdir ki, oxucu qeyri-ixtiyari olaraq Azərlə Tuti Bikədən ayrılıb onun həyatını izləyir.

Qayanarın atası halallıqla yaşayan dövlət məmuru olmasına baxmayaraq, bir gün dost bildiyi adamların cinayətinin qurbanına çevrilir, rüşvət almaqda şərlənərək işdən cıxarılır. O, bu haqsızlığa tab gətirməyib bir müddətdən sonra dünyasını dəyişir. Qayanarın anası maddi çətinliyə görə evi satmaq qərarına gəlir. Bütün hadisələr də bundan sonra baş verir. Qayanar şərlənərək həbs edilir və onun azadlığı müqabilində anasından külli miqdarda pul tələb olunur. Çox keçmədən Qayanara məlum olur ki, onu həbs edənlər mütəşəkkil cinayətkar qrupun üzvləridir. Onlar daşınmaz əmlaklarını satmaq istəyən insanlar haqqında məlumat toplayır, işlərinə yarayan sadə və fağırlarının pulunu ələ keçirmək üçün bu cür alçaq üsullardan istifadə edirlər. Qayanar ağır fiziki işgəncələrə məruz qalsa da, anasına haqsızlığa qarşı mübarizə aparacağını bildirir. Nəhayət, növbəti işgəncələrin birində o, həyatının təkcə fiziki deyil, mənəvi-psixoloji cəhətdən də ən ağır zərbəsini alır.

Qayanarın və Qayanar kimi neçə-neçə günahsız insanın həyatını məhv edən cinayətkar dəstə, gec də olsa, ifşa olunur, Qayanarı ömürlük şikəst edən polis rəisinin müavini sərhəddi keçərkən ailəsi ilə birlikdə qəzaya düşür, lakin dəstənin başçısı xaricə qaçır. Bu, o deməkdir ki, cəmiyyətdə cinayətkarlığın kökünü tam şəkildə kəsmək mümkün deyil. O, imkan tapan kimi, münbit şərait yetişincə yenidən qol-budaq atır, insanların canına daraşıb onların həyatını məhv edir. Povestdə yazıçı cəmiyyətdəki mənfilikləri açıb göstərməklə ona qarşı sərt ittihamlar irəli sürmüşdür.

Əvvəldən axıra realizmlə yazılmış əsərdə hadisələrin gəlişməsi və həlli maraqlı şəkildə işlənilmişdir. Azərlə Tuti Bikə bir-birlərini sevsələr də, həbsxanadan çıxan Qacarın bu evliliyə qarşı çıxması konfliktin əsasını qoyur. Lakin Qayanarın hekayətindən məlum olur ki, konfliktin əsası, əslində, Qacarın həbsxanada bacısını qumarda Qayanara uduzması ilə başlayır. Tuti Bikənin Qayanar tərəfindən ölümcül döyülərək xəstəxanaya gətirilməsi isə konflikti dərinləşdirir. Azər tanınmaz halda olan Tuti Bikəni əməliyyat edib həyata qaytarır, ona sanki öz doğması kimi hər cür qayğı göstərir: “Hava yavaş-yavaş qaralırdı. Evə getmək istəmirdim. Elə bil xəstə ilə aramda heç kimin eşitmədiyi bir dialoq gedirdi: “Məni qoyub getmə!” Elə o sükunət içində düşüncəm dilimə söz ötürdü: “Səni sağaldıb sonra gedəcəyəm. Kimliyindən asılı olmayaraq, öz bilik və təcrübəmi səndən əsirgəməyəcəyəm, ey canı ilə əlləşən qadın! Heç kimin olmasa belə, sənin pasibanın olacağam...”” O, əməliyyat etdiyi bu qadınla özü arasında olan bağlılığı getdikcə daha çox hiss edir: “Mən bu qızın hərəkətlərini heç cür mənalandıra bilmirdim. Arada diqqətlə üzünə baxdım. Mənə elə gəldi ki, qarşımda uzanan, bəlkə də, ondan ayrılmağımı istəməyən elə Tuti Bikənin özüdür. Daxilən özümü məzəmmətlədim, sən də kimi görürsən, elə sanırsan ki, Tuti Bikədir. Onun, bəlkə də, indi başı uşağına, ailəsinə qarışıb...” Bir neçə aydan sonra Azər həmin xəstənin Tuti Bikə olduğunu öyrənir və bununla da konflikt açılmağa doğru gedir. Qayanarın hekayəti isə konfliktin tam şəkildə açılmasını təmin edir.

Tuti Bikənin döyülmə hadisəsində Qacarla Qayanar bir-birlərini öldürürlər. Qacarın peşman olması və ölümü onun hərəkətlərinə bəraət qazandırmır, əksinə, bu, onun bağışlanmaz səhvlərinin məntiqi sonu kimi düşünülür. Qayanar isə ziddiyyətli və xarakterik obrazdır.

“Talelər kəsişəndə”, demək olar ki, psixoloji povestdir. Psixologizm, burada, əsasən, Azər-Tuti Bikə xəttində və Qayanarın həyat hekayətində müşahidə olunur. Əsər Azər-Tuti Bikə müstəvisində müsbət sonluqla bitsə də, bu, oxucunu o qədər də rahat etmir. Yaxşı ailədə tərbiyə almış, həyatı, arzuları hələ qarşıda olan gənc və günahsız tələbənin – Qayanarın məhv edilmiş taleyi onu düşündürür.

Povestdə adına uyarlı olaraq bir neçə fərqli tale diqqət mərkəzinə çəkilmiş, bu talelər, onların kəsişdiyi müstəvidə baş verənlər və s. bədii-təsvir obyektinə çevrilmişdir. Əsərdə saf məhəbbətə inam, haqsızlığa qarşı mübarizə, mənəvi təmizlik, mərdlik və xeyirxahlıq kimi keyfiyyətlər təlqin edilmişdir.

Əsərin dili oxunaqlıdır. Hadisələrin gəlişməsində aktivlik və dinamiklik müşahidə olunur. Mətn uzun-uzadı sözçülük və təkrarçılıqdan uzaq olub bilavasitə mövzunun təsvir-təqdiminə yönəlmişdir. Bu amillər isə sözügedən əsərin həm də rahat və çevik oxunmasını təmin etmişdir.

İnsanın real həyatda gördükləri onun üçün formal olaraq nə qədər adidirsə, haqqında bu və ya digər dərəcədə anlayışı olub gerçəkdə görə bilmədikləri bir o qədər mücərrəd və idrakdan kənardır. Əli Şirin Şükürlünün magik-realist üslubda yazdığı “Su pərisi” povesti də məhz bu kimi məsələləri özündə ehtiva edir. Müəllif təhkiyəsi üzərində qurulmuş bu povestdə real və irreal məkanlarda, yaxud onların kəsişdiyi müstəvidə baş verən müəyyən və qeyri-müəyyən hadisələrin dərkinə can atmaq, yuxu və xəyalın insanın daxili-mənəvi aləminə, psixologiyasına təsiri və başqa bu kimi məsələlər diqqət mərkəzinə çəkilir. Əgər “Kabus” və “Talelər kəsişəndə” povestlərində yuxu olanlar və olacaqlar haqqında nə isə bir işarə, yaxud xəbərdaredici məzmun daşıyırdısa, “Su pərisi”ndə insanın ruhsal aləmi, şüuraltı görüntüləri və iç dünyasında yaşadıqları ilə əlaqəli təzahür edən yuxu sanki həyatın, gerçəkliyin özü kimi təsvir edilir. Bütün bunlar povestin qəhrəmanı, “Dünyanın yeni fəlsəfi modeli” əsərinin müəllifi, filosof-alim və həvəskar şair “X.”-nın həyatının uyğun məqamları əsasında əks olunur.

“Su pərisi” modernist təmayüllü nəsr nümunəsi kimi diqqəti çəkir. Povestdə sevgi ənənəvi müstəvidən kənar, fərqli kontekstdə təsvir olunmuşdur. Burada maddi-fiziki aləmdən daha çox ruhi-mənəvi aləm ön plana çəkilmiş, obrazın iç dünyasına, təhtəlşüur yaşantılarına və varlığın dərki istiqamətindəki düşüncələrinə geniş yer verilmişdir.

Əsər X.-nın Su pərisi ilə cəmi yeddi görüşlük sevgi əhvalatı üzərində qurulmuşdur. Burada görüş məkanı həm ruhsal və mücərrəd, həm də gerçək anlamda, əsasən, dəniz və dənizlə torpağın birləşdiyi yerdir. Lakin bu, qovuşması ayrılığa səbəb olan, vüsalı əbədi həsrətlə nəticələnən bir sevgidir. Çünki Su pərilərinin sevgi taleyi belə yazılıb, tale yazısından isə geriyə dönüş yoxdur: “Bu da son. Artıq dənizdə tək qalan X. inandı ki, bu, son görüş, əbədi ayrılıqdı. Demək, qız buna görə tələsmirmiş. Tələssəydi, tez də ayrılacaqdılar. Özü də əbədi. Çünki onlar bir dəfə sevirlər. Sevdiklərinə qovuşduqları an onların həm də ayrılıq anı olur.”

Cəmi yeddi görüşlük olsa da, bu sevginin saflığı, müqəddəsliyi, ecaskar gözəlliyi və sirli-sehrli cazibəsi X.-nın qəlbinə və ruhuna hakim kəsilərək bir ömür boyunca onu öz ağuşuna alır. Bu əhvalat əvvəldən də fərqli düşüncəsi və müəyyən qəribəlikləri olan X.-nı maddi aləmdən bir qədər də ayırır və o, şəxsi taleyini daha çox yuxu və xəyal gerçəkliyi əsasında yaşayaraq ömrünü başa vurur.

Oxşar əhvalat X.-nın hələ Su pərisi ilə sevgi əhvalatından əvvəl birgə yaşadığı Ofeliyanın qızı Amalyanın da başına gəlir. ““Doğrudan da, təsadüfi heç nə yoxdu həyatda. Gör, övladım olmasa da doğma övlad qədər sevdiyim bu gənc qızın taleyi necə də mənim taleyimə bənzəyir.” Məyus olsa da, qızın bu sevgidən qurtula bilməyəcəyinə əmin idi. Çünki o, əsl sevginin nə olduğunu bilirdi. Əsl sevginin bir dəfə baş verdiyinə və əbədi mövcudluğuna inanırdı.”

“Su pərisi”ndə əsərin ümumi ideya-məzmunundan dolayı simvollardan istifadə olunmuşdur. Povestin qəhrəmanının adı işarəvidir. Görüş məkanı da simvolik anlam kəsb edir. Hətta, X.-nın dənizlə torpağın qovuşacağında yerləşən məzarı da əsərdə, bir növ, simvolik mahiyyət qazanmış olur. Lakin bu kontekstdə əsas semantik yük daha çox Su pərisinin üzərinə düşür. Təmiz sevginin, ülvi məhəbbətin, saflığın və mənəvi-cismani gözəlliyin simvolu olan sirli-sehrli Su pərisinin. Burada görüşlərin sayının yeddi olması da təsadüfi deyildir. Numerologiyada yeddi rəqəmi sakral səciyyəli olub semantik tutum etibarilə bir sıra vacib məqamları simvolizə edir. Təhtəlşüur yaşantılar, yuxu və xəyal kimi motivlər də funksional-mahiyyət etibarilə sözügedən məzmunu tamamlayır.

“Su pərisi” qəhrəmanın İnsan və Sevgi, İnsan, Zaman və Məkan məfhumları, Yuxu, Xəyal, Gerçəklik, yaxud bunların kompleks şəkildə bir-birlərilə əlaqəsinun dərki kontekstində elmi-fəlsəfi mühakimələri ilə əhatələnmiş intellektual tutumu olan əsərdir. Süjet xətti boyunca hadisələrin gəlişməsində reallıqla irreallığın sərhəddini müəyyənləşdirmək bəzən oxucudan daha artıq diqqət tələb edir. Bu baxımdan “Su pərisi” konkret oxucusuna ünvanlanmış əsərdir.

“Su pərisi”nin müəllifi oxucusunu düşündürə bilmişdir. Bu kontekstdə süjetdə yer alan və əsərin ümumi magik-realistik üslubu ilə uyarlılıq yaradan şeir də diqqəti çəkir. İnsanın gerçək və mütləq olduğunu anlayıb da, lakin heç zaman barışa bilmədiyi və bir türlü qəbul etmək istəmədiyi ölümlə bağlı bu şeir oxucunu həyat, ölüm, əvvəli və sonu bilinməyən dünyanın gərdişi haqqında düşünməyə sövq edir:

İnsanlar bilməzdilər

ölümün nə olduğunu

birinci insan ölənə qədər.

Onlarçün həyat vardı yalnız,

sevgi dolu həyat.

İnsanlar ölümü yox,

həyatı tanıyırdılar,

ayrılığı yox,

vüsalı tanıyırdılar

birinci insan ölənə qədər.

Əsər təsirli və maraqlı sonluqla bitir: “Amalyaya səhər həmişəkindən fərqli göründü bu gün. Elə dəniz də. Dəniz sahili aşıb qəsəbənin içinə doğru uzanırdı. Dənizin yaratdığı yeni sahil boyu tələsərək addımlamağa başladı. Bir də dalğaların həzin-həzin çırpıldığı məzarın yanında dayandı. Sanki dəniz də bu məzarı ziyarətə gəlmişdi.

– Mən də bayaqdan səni axtarıram, Dəniz, – uzun, sarışın saçları topuğuna dəyən Amalya başını ucaboy oğlanın sinəsinə söykədi. Sonra başını qaldırıb kədərlə oğlanın üzünə baxdıqdan sonra baxışlarını məzara yönəltdi. Nəsə söyləmək istəyirdi ki, Dəniz onu qabaqladı:

– O, mənim atamdır.”

Povestdə sözügedən məzar və oğlan haqqında konkret açıqlama verilmir. Dənizlə torpağın qovuşduğü yerdə olan məzar, şübhəsiz ki, X.-nın məzarı idi. Bəs bu oğlan kimdir və nə üçün bu məzara işarə ilə “O, mənim atamdır” deyir. Bəlkə o, elə X.-nın oğludur?! Su pərisinin dünyaya gətirdiyi oğlu!

Saf və müqəddəs sevginin ruhi-mənəvi anlamda əbədiliyinə inam hissi aşılayan “Su pərisi” povesti, təsadüfi deyildir ki, sözügedən məzmunda sevgi əhvalatı ilə başlayır və əsərin sonunda da bu, yeni nəslin timsalında davam etdirilir.

İlqar Fəhminin “Karmen” povestinin süjeti kişi-qadın münasibətləri üzərində qurulmuşdur. Bu, sevgi ilə hər hansı bir əlaqəsi olmayan münasibətdir.

Əsərdə gənc dul qadın özündən üç yaş kiçik sevgilisini dəfələrlə aldadır. Hətta ona xəyanət belə edir. Maraqlısı budur ki, şübhələr yarandıqda qadın bunları ondan heç gizlətmir də və açıq-aşkar söyləyir. Süjet boyu kişi qadının müxtəlif oyunlarının müşahidəçisi və iştirakçısına çevrilir. Bəzən buna əsəbləşsə də, lakin bu hal tez də keçib gedir. Çünki qadının teatral şəkildə həyata keçirdiyi bu oyunlar, əslində, daxilən ona zövq verir. Bəlkə də onu bu qadına bağlayan da elə bu oyunlardır. “Bir müddət sonra davranışında nəsə yorğunluq əlamətləri görürəm. Elə bil aşıb-daşan enerjisi tükənməyə doğru gedir. Mən buna həm kədərlənirəm, həm də sevinirəm. Onun tam boşalıb taqətdən düşməyini, dəyişib hamı kimi olmağını istəməsəm də, daxilən sevinirəm ki, bəlkə yorulub bir az sakitləşər, axmaq oyunlar oynamağı tərgidər. Eyni zamanda, etiraf edirəm ki, onun məhz əvvəlki kimi qalmasını, öz oyunlarını davam etməsini də istəyirəm. Əks halda başqalarından nə fərqi olar ki...”

İ.Fəhminin bədii yaradıcılığına xas olan və süjetyaradıcı, yaxud mənayaradıcı komponent kimi istifadə edilən oyun taktikası “Karmen”də qadın obrazının hoqqabazlığı və macəraları müqabilində gerçəkləşmişdir. Burada oyunların, belə demək mümkünsə, ssenari müəllifi də, rejissoru da, əsas qəhrəmanı da qadındır. Aşırı sərbəst, aktiv və dinamik qadın obrazı ilə müqayisədə passiv mövqedə olan kişi bu oyunlarda qadının istifadə etdiyi fiqur, yaxud axmaq vəziyyətində qalan personajdır. Və bir müddət sonra o, anlayır ki, bu oyunlar axıradək davam edə bilməz. Həyat tamaşa deyil, onu oynamaq yox, yaşamaq lazımdır: “Sən həmişə bizim münasibətimizə tamaşa kimi baxmısan. Belə oyunlarsa yalnız səhnə üçündür. Elə bil ki, teatrda oturub sənin, tutalım, Karmen rolunu ifa etməyinə baxıram, böyük həvəslə baxıram. Amma unutma ki, zaldakı tamaşaçı Karmenlə həmişəlik bir yerdə ola bilməz. Aradakı pərdə əvvəl-axır enməlidir.” Sevgidən kənar bir əlaqə olduğundandır ki, onlar çox asanlıqla ayrılıb heç nə olmayıbmış kimi hərəsi öz həyatına qaldığı yerdən davam edir.

“Karmen” bəzək-düzəkli ritorikadan, yorucu təsvirçilik və yersiz təfərrüata varmalardan uzaq, rahat və çevik oxunan povestdir. Təhkiyə birinci şəxsin dililə, sadə və maraqlı şəkildə təqdim edilmişdir.

Müəllif əsəri şərti olaraq “təzə romantik povest” adlandırır. Bəlkə bununla demək istəyir ki, müasir dövrün romantikası belədir? Və bəlkə, həqiqətən də, elə belədir? Əsərdə, demək olar ki, heç bir obrazın adı yoxdur. Yalnız bircə şərti ad var, o da əsərin adıdır – “Karmen”. Bu isə elə şərti olaraq da həmin dul qadına işarədir. Yazıçı obrazlara konkret ad verməməklə onları, bir növ, ümumiləşdirmişdir. Müəllif burada müsbət obraz yaratmaq fikrindən uzaqdır. İnsanlar müxtəlif olduğu kimi onların xarakteri, yaşam və düşüncə tərzi də fərqlidir. Təəssüf ki, cəmiyyətdə həyata özünün müəyyənləşdirdiyi “əxlaq kodeksi”ndən yanaşan bu kimi tipajlar da mövcuddur. Bu kontekstdə əsərin uyğun məqamlarında məhz günah məfhumuna diqqət çəkilməsi, xüsusilə qadının bu məfhuma öz hərəkətlərinə bəraət qazandırmaq üçün yaşam tərzinə müvafiq və özünə sərf edəcək şəkildə şərh verməsi də təsadüfi deyildir.

Vahid Məhərrəmlinin “Cəza” povesti də kişi-qadın münasibətlərindən bəhs edir. Evində həyat yoldaşından görmədiyi sevgi və diqqəti kənarda – başqa qadınların yanında axtaran Sərraf sevgilisi Zərifə ölən kimi Əsurə ilə tanış olur. Lakin müəyyən müddətdən sonra Əsurə internetdə özünü xarici şirkətdə məsul işçi kimi təqdim edən, əslində isə oğru və dələduz olan Qəmbərlə münasibət yaradır və Sərrafla əlaqəsini kəsir. Sərrafın Əsurənin arxasınca sürünməsi onu arzuolunmaz bir tip kimi oxucunun gözündə daha da cılızlaşdırır. Müəllif sonda, xüsusilə, Əsurə ilə Qəmbəri cəzalandırmaqla demək istəmişdir ki, hər kəs gec-tez öz bəd əməllərinin və səhvlərinin cəzasını alır. Lakin elə Sərrafın özü də burada cəzaya layiq olanlar sırasındadır.

Əsərdə bir sıra məqamlar yetərincə əsaslandırılmamışdır. Qeyd edək ki, povestdə müasir dövrdə yayılmış virtual tanışlıq məsələsinə toxunulsa da, təəssüf ki, onun üzərində geniş dayanılmır. Halbuki virtual tanışlıq, bu yolla qurulan və faiz çoxluğu ilə bədbəxtçiliklə sonuclanan evliliklər və virtual tanışlığın yaratdığı digər fəsadlar, demək olar ki, artıq müasir dövrümüzün problemlərindən birinə çevrilmişdir. Bu baxımdan povestdə sözügedən problemə lazımi səviyyədə diqqət ayrılsaydı, daha məqsədyönlü olardı.

Povestdəki yorucu təkrarçılıq və təfərrüata varmaları nəzərə alsaq, indiki halında 105 səhifədən ibarət olan mətni, təxminən, 50 səhifə həcmində və daha münasib bir şəkildə təqdim etmək olardı.

Ötən il keçid dövrü problemlərinin bədii təsvir obyektinə çevrildiyi iki povest çap olunub oxucuların ixtiyarına verildi: İlqar Fəhminin “Maygülü” və Mübariz Cəfərlinin “Halə” povestləri. Hər iki əsərdə Azərbaycanda keçid dövrünün əvvəllərində yaranan siyasi-iqtisadi özbaşınalıqlar, xaos, anarxiya, müxtəlif aspektlərdə baş verən deqradasiya və s. diqqət mərkəzinə çəkilmişdir.

“Maygülü” povesti ilk baxışdan adi görünsə də, əslində, özündə çox ciddi məsələləri ehtiva edir. Bunların təqdimi üçün müəllif burada birbaşa – asan yolla deyil, bir qədər dolayı yolla gedərək bir neçə mənfi tipajın təsvir olunduğu məişət kontekstindən istifadə etmişdir.

İ.Fəhminin şərti olaraq “antiromantik povest” adlandırdığı “Maygülü” əsəri, təxminən, 1991-1992-ci illərin reallıqlarını əks etdirir. Burada mövzuya uyğun olaraq hadisələrin müşahidə qabiliyyəti düzgün seçilmişdir. 1991-1992-ci illər: müharibə şəraitində olan Azərbaycan, iqtisadi çətinliklər, siyasiləşmiş Bakı və paytaxtda yaşayıb bu müharibə ilə o qədər də əlaqəsi olmayan mənfi tipajlar. Təzad açıq-aydın görünür. Ölkədə yaranmış xaos, pozulmuş tarazlıq, sosial gərginlik, siyasi çəkişmələr, mənəviyyatda deqradasiya, az qala bütün cəmiyyətin siyasiləşməsi və s. real müşahidələri əks etdirir. Bu kontekstdə əsərdə maraqlı və tipik şəkildə təsvir edilmiş Həci obrazının vasitəsilə sözügedən dövr üçün xarakterik olan bir sıra problemlərə diqqət çəkilmişdir: “Zəhləm gedir hamısından... Aləmi qatıblar bir-birinə. Qarabağda erməni at oynadır, bunlar burda bir-birini didirlər. Keçən il getmədim? Altı-yeddi ay vuruşdum, axırda baş götürüb qaçdım. Müharibə deyil ey, dəlixanadı. İt yiyəsini tanımır, bilinmir kim kimin adamıdı, kim kimə işləyir, kim kimin ayağının altını qazıyır... Bu tərəflər ondan da beşbetərdi. Odey, bizim kənd. Bapbalaca kənddi, bölünüb neçə yerə. Bu yandan Ayazın köhnə adamları, o yandan cəbhəçilər, ortada islamçılar, nə bilim, kimlər... O gün kənddə avtomat davasına çıxmışdılar. Ağsaqqallar ortaya girməsəydilər, qırıb çatacaqdılar bir-birlərini...” Sadə camaatın erməni ilə üz-üzə qaldığı bir dövrdə, hər gün şəhid verən, minlərlə qaçqın-köçkünü olan ölkədə başbilənlərinin hərəsi özünəbəy olan siyasi qruplaşmaların hakimiyyət davası gedir. Ölkə, xalq siyasi çəkişmələrin burulğanında əzildiyi bir vaxtda erməni fürsətdən yararlanıb ona sərf edən yaranmış bu münbit şəraitdən öz işğalçılıq siyasətini həyata keçirtmək üçün istifadə edir və torpaqlarımız bir-birinin ardınca düşmən əlinə keçir. Siyasilər isə odlu-alovlu, emosional və populist çıxışlarla gündəmi zəbt etməkdə davam edirlər. Müqəddəs məkanları məqsədli şəkildə “Hacı”, “Kərbəlayi”, “Məşhədi” adlarını qazanmaq üçün ziyarət edənlərin də sayı artıb. Əsəri oxuduqda fikirləşirsən: Görəsən, həmin illərdə, keçid dövrü üçün, əsasən, mümkün hesab edilən xaos bu insanları formalaşdırıb, yoxsa xaos özü bu insanların “fəaliyyət”lərinin nəticəsində yaranıb? Hər halda həqiqət budur ki, Azərbaycanda sanki cəmiyyətin mutasiya dövrü keçirdiyi sözügedən dövr mövcud olmuşdur.

“Maygülü”dən fərqli olaraq, “Halə” povestində hadisələr kənddə baş verir. Keçid dövründə, demək olar ki, əksər sahələri əhatə edən özbaşınalıqlar, cəmiyyətdəki naqisliklər, paytaxtda baş verən hadisələr və s. lokal çərçivədə də olsa, kəndə də sirayət etmişdir. “Maygülü”də olduğu kimi “Halə”də də hadisələrin təsviri üçün cəbhə bölgəsindən kənar ərazi seçilmişdir. Əsərdə tez-tez adı çəkilən və yaşı yetmişi ötmüş prokuror Şuranın ölümü Şura hökumətinin dağılmasına işarə kimi maraqlı düşünülsə də, bu motiv nədənsə lazımınca davam etdirilməmişdir. Şura öldükdən sonra onun evi Xatirəyə qalır. Əsərin əsas məzmun yükünün çatdırılması, demək olar ki, bu obrazın üzərinə düşür. Aktivliyi və dinamikliyi ilə seçilən Xatirə adına uyğun olaraq, həm özünün, həm də kənd camaatının həyatı ilə bağlı yalan-doğru, müxtəlif səpgili hadisə-əhvalatları sinədəftər bilməklə sanki sirr dağarcığıdır. Danışdıqlarında bəzi müəmmalı məqamlar da var. Xüsusilə də atası və qardaşı ilə bağlı. Əsərdə göstərilməsə də, ehtimal ki, Xatirənin atasının hələ çox illər öncə qaraçı dəstəsinin içərisində kəndə gəlmiş çal saqqallı kişi ilə, müəmmalı şəkildə yoxa çıxmış qardaşının isə şəhərdə pivəxanada işləyən və sonda qətlə yetirildiyi deyilən Faxı ilə bağlılığı vardır. Və bu bağlılığın “yaranmasına” səbəb də sovet rejiminin həmin dövr üçün mövcud bəzi “qanunları” olmuşdur.

Povestdə sözügedən obrazların, demək olar ki, hər biri mənəvi baxımdan bu və ya digər dərəcədə qüsurludur: öz mənafeləri naminə məqsədli şəkildə övladlarını evləndirmək istəyən valideynlər də, qəbristanlıqdan “kubik” oğurlayan İsmayıl da... İnsanların əksəriyyəti günlərini dedi-qodularla, siyasi zəmində olan mübahisələrlə keçirirlər. Kimin səhv, kimin düz olduğu da bəlli deyil. Bəzi dəyərlərin arxa plana keçdiyi bu dövrdə kitabxanalardan, klublardan və s. müxtəlif partiyaların rayon, yaxud kənd şöbələri kimi istifadə olunur. Mənəvi aşınmalar o həddə çatmışdır ki, hətta məscidin də bir hissəsi hansısa partiyanın kənd şöbəsi kimi “fəaliyyət” göstərir. Məscidin qarşısına isə həmin partiyanın lövhəsi asılıb. Bir sözlə, hamı özünü, şəxsi mənafeyini güdür. Belə olan təqdirdə isə, təbii ki, ümumxalq mənafeyi yada düşmür. Lakin həmin dövrdə Azərbaycan kəndləri təkcə əsərdə təsvir olunan reallıqları əks etdirmirdi. Təzadlarla dolu zamanın sərt sınaqları ilə üz-üzə qalmış sadə kənd camaatının yaşadığı və sözügedən illər üçün xarakterik olan ağır iqtisadi çətinliklər, müharibənin ağrı-acıları və digər problemlər burada nədənsə diqqətdən kənarda qalmışdır. Bu kontekstdə yaxşı olardı ki, əsərdə cəmiyyətin digər zümrəsinin – keçid dövrünün gətirdiyi müxtəlif çətinliklər içərisində sıxılan insanların həyatına və Qarabağ müharibəsinə də, az da olsa, mövzuya uyarlı şəkildə yer ayrılaydı. Hətta kənd burada ərazi baxımından şərti anlam kəsb etsə belə.

2015-ci ildə Qafar Cəfərlinin “Günahsız mələk”, “Əlvida həyat” və “Xeyirlə şərin qovuşduğu gün” povestlərindən ibarət “Günahsız mələk” adlı kitabı nəşr olundu. Bu povestləri birləşdirən əsas xətt onların hər üçünün detektiv səpgidə yazılmasıdır. Ümumiyyətlə, bu istiqamət Q.Cəfərlinin, demək olar ki, digər əsərləri üçün də xarakterikdir. Onun 2014-cü ildə çap etdirdiyi “Əməliyyatçı” kitabına daxil olan əsərləri də detektiv səpgidə idi.

“Günahsız mələk” kitabında toplanan povestlərin məzmununun faiz etibarilə böyük hissəsi hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşı olmuş Q.Cəfərlinin müşahidələrinə və özünün birbaşa iştirakçısı olduğu real hadisələrə söykənir. Bu baxımdan sözügedən povestlərdə Əli Zaminli obrazının timsalında müəllif obrazı da öz əksini tapmışdır. Hər üç povest mövzu etibarilə günümüz üçün aktual olan problemlərə həsr edilmişdir. Burada insan alveri, uşaq oğurluğu, narkomaniya, başqalarının hesabına varlanmaq ehtirası, soyğunçuluq və başqa bu kimi cinayətlər, onların yaratdığı faciələr, insan həyatına vurduğu zərbələr, cinayətkarlığa qarşı mübarizə və hüquq-mühafizə orqanları əməkdaşlarının bu istiqamətdəki çətin və məsuliyyətli fəaliyyətlərindən bəhs olunur. “Günahsız mələk” povestində cinayətkarlar oğurluq məqsədilə gecə yarısı Mərcan nənənin evinə soxulub qızıl və pul tələb edərək Mərcan nənəyə və onun on iki yaşlı nəvəsi Sevdaya qarşı fiziki güc tətbiq edirlər. Mərcan nənə ağzına dolanmış yapışqanlı lentin təsirindən boğulub ölür, Sevda isə keçirdiyi sarsıntıdan psixoloji zərbə alır.

“Əlvida həyat” povestində narkomaniya, onun fəsadları və yaratdığı faciələr bir ailənin timsalında diqqət mərkəzinə çəkilir. Nisbətən imkanlı ailənin yeganə övladı olan Rufat yeniyetmə yaşında ikən cinayətkar dəstə tərəfindən planlı şəkildə narkomana çevrilir. Rufat müalicəyə razı olmur, nəticədə həm öz həyatını, həm də ata-anasının həyatını məhv edir. Beləliklə də, bir ailə və bu ailədən törəyəcək nəsil yer üzündən silinir. Bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya bu xəstəliyə tutulanları həm də oğurluğa, dələduzluğa, ən ağır cinayətlərə sövq edir, müflisləşdirib dilənçiyə çevirir. Bu kimi faciələrlə qarşılaşmamaq üçün valideynlər övladlarını, xüsusilə, yeniyetmə yaşlarında nəzarətsiz qoymamalı, onlarla daha artıq maraqlanmalıdırlar. “Əlvida həyat” sözügedən məsələləri diqqətə çəkməklə, bu kontekstdə maarifləndirici və ibrətamiz xarakter daşıyır.

“Xeyirlə şərin qovuşduğu gün”də cinayətkar dəstə varlanmaq ehtirası ilə kiçik yaşlı məktəbli Turalı oğurlayaraq atasından oğlunun qaytarılacağı müqabilində böyük məbləğdə pul tələb edir. Bu cinayətə bələdçilik edən isə Turalın əmisi Zakirdir. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat planı nəticəsində Tural girovluqdan azad edilir, cinayətkarlar isə həbs olunurlar. Zakir isə elə dəstə başçısı Əmir tərəfindən qətlə yetirilir. Əsər təsirli epiloqla tamamlanır: “...Xeyirlə şərin qovuşduğu gün Əlibəylilər ailəsinin həyatından izsiz ötüşmədi. Əhməd Əlibəylinin ürəyi nəvəsi Turalla görüşdən sonra cəmi bir neçə dəqiqə döyündü... Əhməd kişi gözlərini açdı, ətrafa göz gəzdirdi. Üzünə sanki nur ələnmişdi. Çox çətinliklə sağ əlini qaldırıb qarşısında diz çöküb hönkür-hönkür ağlayan Turalın yanağındakı göz yaşlarını sildi. Güclə eşidiləcək bir səslə: “Allaha şükürlər...”, – dedi. Amma sözün ardını deyə bilmədi və əlləri yanına düşdü... Əhməd kişinin başı yana əyilmiş, gözləri həyət qapısına dikilmiş vəziyyətdə açıq qalmışdı. Bəlkə, son nəfəsində yanında olmayan oğlu Zakir üçün narahat olub gözləri yol çəkmişdi. Bəlkə də, Uca Tanrı mərhəmət nişanəsi olaraq onu doğma oğlu Zakirin əzizlərinə, evinə-eşiyinə, yediyi çörəyə etdiyi xəyanətdən xəbər tutmamış bu dünyadan apardı...”

Sözügedən povestlərin əsas ideya-məqsədi cəmiyyətdə mövcud olan acı həqiqətləri təsvir etməklə günümüz üçün aktual olan ciddi problemlərə diqqət çəkmək, insanları cinayətə aparan səhv və günahlardan çəkindirmək, onları hadisələrdən nəticə çıxarmağa, ayıq-sayıq olmağa və düzgün istiqamətə yönəltməkdir.

Bəzən müəllif hadisəçiliyə o qədər aludə olur ki, bədiilik məsələsi bir qədər arxa planda qalır. Doğrudur, detektiv əsərdən bədii mətn üçün vacib amil olan bədiilik məziyyətlərini digərlərindən tələb edilən dərəcədə gözləməsək də, hər halda, bu amilin diqqətdə saxlanılması lazımdir. Nəzərimizi çəkən digər məqam cinayətkarların oxucuya vaxtından daha tez bəlləndirilməsidir. Fikrimizcə, süjet xəttində cinayətkarın kimliyi məsələsi nə qədər gec bəlli olarsa, sözügedən əsər də oxucu üçün bir o qədər maraqlı olar.

Gördüyümüz kimi, Q.Cəfərlinin hər üç povesti detektiv əsərin səciyyəsinə uyğun olaraq müxtəlif motivli cinayətləri və cinayətkarlığa qarşı mübarizəni, geniş anlamda desək, xeyirlə şərin mübarizəsini əks etdirir. Sonda, bir qayda olaraq, ədalət qələbə çalsa da, xeyir şəri yensə də, məhv olmuş taleləri və yarıda qırılmış ömürləri geri qaytarmaq mümkün deyil. “Yer üzünün ilk insanları Adəm və Həvva Şeytanın felinə uyub behiştdən qovuldular. Onlar günahlarına görə cəza çəkmək üçün yer üzünə – hazırda yaşadığımız məkana göndərildilər. Həmin günahkar bəndələrdən Qabil və Habil qardaşları dünyaya gəldi. Yer üzündə ilk ədavət, düşmənçilik, qisas bu qardaşlarla başlandı. Hərisliyi, tamahı, dikbaşlığı və tərsliyinə görə Qabil bəşər tarixində ilk qətli törətdi, qan tökdü. Heç bir günahı olmayan doğma qardaşı Habili öldürdü. İnsanlıq ilk addımlarından bu cür ziddiyyətlərlə yadda qaldı. Günahkar bəndələrdən törəyənlərin günahlar silsiləsi bir-birini əvəz etdi... Sanki həmin vaxtdan insanlar iki təbəqəyə bölündülər: ədalətsiz, mərhəmətsiz, qəddar Qabildən törəyənlər və bunun əksi olan Habildən törəyənlər... Şəxsi hisslərin əsiri olaraq günah etmək, kin, ədavət bəsləmək, öldürmək bəzi insanların xislətindədir... Bəşər durduqca bu cür insanların olması təbiidir. Çünki Allah-Taalanın öz lütf və nemətindən məhrum edib dərgahından qovduğu mələk – Şeytan öz andına daima sadiqdir. Axı, Şeytan aldığı cəza müqabilində Adəmi və nəslini izləyib onları haqq yolundan çıxarmağa, aldatmağa and içmişdir.” Və heç nəyə baxmayaraq bəşəriyyət yaranandan bu günə qədər xeyirlə şərin mübarizəsi hələ də davam etməkdədir!

Ötən il Müzahim İsmayılzadənin və Səxavət Tağların avtobioqrafik xarakterli xatirə-povestləri çap olundu. M. İsmayılzadənin “Anamsız – amansız dünya” xatirə-povesti anaya həsr edilsə də, burada xatirələr fonunda XX əsrin və müstəqillik dövrünün müxtəlif mərhələlərinə müəyyən ekskursiyalar edilərək ayrı-ayrı hadisə-əhvalatlara və epizodik məqamlara da yer verilmişdir. Sonda müəllif “Anamdan danışırdım axı” – deyə, ana adlı bu yeganə təmənnasız varlığın müqəddəsliyini bir daha önə çəkir və dünyanın faniliyini sanki yenidən xatırlayır. Povest müəllifin “Anamlı da, anamsız da bu dünya amansız imiş” qənaətilə bitir.

S.Tağların “Ana fəryadı” xatirə-povestində bir ailəyə məxsus bir neçə insanın itgisindən bəhs edilir. Müəllif təskinliyi onda tapır ki, dünyadan köçənlərin yerinə onların ruhu yaşayan doğma ocaqların işığını yandıracaq yeniləri doğulurlar. “Ana fəryadı” xatirə-povesti bədiiliyin gözlənilmədiyi bir sıra məqamlarda sənədli-publisistik təsir bağışlayır.

Gördüyümüz kimi, statistik göstəriciyə əsasən, 2015-ci ildə müxtəlif mövzularda yetərincə povest nəşr edilmişdir. Bu isə o deməkdir ki, janr, ədəbi mühitdə ona qarşı olan laqeyd və ögey münasibətə baxmayaraq, yaşamaqda davam edir. Lakin necə? Kəmiyyət önəmli olsa da, məsələyə keyfiyyət və sənətkarlıq baxımından yanaşmağı daha doğru hesab edirik. Odur ki, təəssürat yaratmaq məqsədilə sözügedən povestlərin hər birinə, yığcam şəkildə də olsa, ayrıca diqqət ayırmağı lazım bildik. Və artıq nəyin necə, nə haqda və hansı səviyyədə yazılmağı ortadadır. Qeyd edək ki, bəzi istisnalarla, povestlərin əksəriyyəti, demək olar ki, ənənəvi tərzdə yazılmışdır. İdeya-məzmunu, bədiilik məziyyəti, çağdaş ədəbiyyatın tələblərinə cavab verməsi və s. baxımından diqqəti çəkən əsərlər isə azlıq təşkil edir.

Yazıçı yazmaq istədiklərində nə qədər sərbəst və azaddırsa, millət, dövlət, vətən və tarix faktorunun, həmçinin formalaşmış milli-mənəvi dəyərlərin nəzərə alınmasında bir o qədər məsuliyyətli olmalıdır. Çünki ədəbiyyat, hər şeyə rəğmən, eyni zamanda, ideoloji faktordur, həm də kifayət qədər təsir gücünə malik bir ideoloji faktor! Azərbaycan hal-hazırda müharibə şəraitindədir və ermənilərin xalqımıza qarşı başladıqları bu müharibə hələ davam edir. Ona görə də yazılan və yazılacaq müvafiq bədii nümunələrdə ermənilərlə bağlı siyasi-ideoloji kontekstə xüsusi yanaşma sərgilənməli, təkcə indiki dövrdə deyil, gələcəkdə də ədəbiyyatın təsir gücündən yararlanmaqla tarix boyu başımıza gətirilənlərdən ibrət alaraq doğru istiqamətə yönəldən əsərlər ortaya qoyulmalıdır.

Yazıçı görünəni, yaxud görünməyəni bədii təsvir obyektinə çevirərkən düşündürmək missiyasını unutmamalıdır. Mövzusundan asılı olmayaraq, yalnız yüksək sənətkarlıqla yazılan, insanın ruh aləminə sirayət edən, düşünən və düşündürən əsər uğurlu əsər kimi yaradıcılıq faktına çevrilib ədəbiyyat tariximizdə yaşarılıq qazana bilər. Bəzi maraqlı məqamlar diqqətimizi çəksə də, ötən il povest janrında sözügedən kontekstdə hadisəyə çevriləcək, iddialı, yaxud bütün tərəfləri ilə uğurlu bir əsər ortaya qoyulmadı.

Yazıçı mövzu seçimində, təbii ki, azad və sərbəstdir. Digər tərəfdən, mövzu rəngarəngliyi ədəbiyyata marağı artırır, onu monotonluqdan azad edir. Bütün bunlara rəğmən, düşünürük ki, bu gün müharibə şəraitində yaşayan bir xalq kimi ədəbiyyatımızda tarixi mövzulara müraciət olunması vacib və məqsədəuyğundur.

Ötən il müharibə – Qarabağ mövzusu povestlərimizdə əsas istiqamətlərdən biri olsa da, janrın ədəbi mənzərəsində prioritet məsələyə çevrilə bilmədi. Yazılan əsərlərdə isə görmək istədiklərimizi görə bilmədik. Fikrimizcə, bunun əsas səbəblərindən biri də bədii əsərdə qəhrəman problemi ilə bağlıdır. Etiraf edək ki, altmış-səksəninci illərdə (məlum hadisələrə qədər) Azərbaycan reallığında vətən, millət kontekstində sözün əsl mənasında qəhrəman adlandırılacaq insanlar, demək olar ki, yox dərəcəsində idi. Bunun üçün siyasi-tarixi şərait də mövcud deyildi. Bu illərdə qəhrəmanlıq, əsasən, insanların peşə fəaliyyətlərindəki müəyyən xidmətləri ilə ölçülürdü. Lakin yazıçılarımız həmin illərdə sovet rejiminin ədəbiyyat üzərindəki ciddi nəzarətinə və bəlli yasaqlarına baxmayaraq, tarixə, folklor qaynaqlarına, klassik ədəbiyyata və s. müraciət etməklə uğurlu və yaddaqalan bədii obrazlar yaradır, ədəbiyyatimiza yaşarı əsərlər təqdim edirdilər. Bu gün igidlikləri və qəhrəmanlıqları ilə tarix yazan, şəhidlik zirvəsinə ucalan saysız-hesabsız Azərbaycan övladları olduğu halda, nədənsə, bədii əsərlərdə qəhrəman obrazına müraciət, əksər hallarda, hələ ki, o qədər də uğurlu alınmır, o cümlədən, cəbhədəki müharibə ab-havası, döyüş həyəcanı o qədər də hiss edilmir, atılan topların, raketlərin, partlayan minaların səsi eşidilmir. Biz yazarlarımızdan prototipi gerçək həyatla bağlı olan Azərbaycanın igid və qəhrəman oğullarının həyat tarixçəsini, keçdiyi döyüş yolunu bütün tərəflərilə və layiqli şəkildə əks etdirən, döyüş həyəcanı, mübarizə ehtirası, birlik, əzmkarlıq sərgiləyən əsərlər gözləyirik. Təkcə elə 2016-cı ilin aprel ayında 28 illik müharibədə qalibiyyətə doğru dönüş nöqtəsi sayılan, yaddaşımıza və tariximizə “Aprel döyüşləri” kimi həkk olunan bu döyüşlərdə vətən, millət neçə-neçə igid övladını tanıdı, onlarla qürur duydu. Və fikrimizcə, müharibə haqqında yazılacaq ən yaxşı əsərlər elə məhz müharibə dövründə yazılmalıdır. Müharibənin bilavasitə, yaxud bilvasitə iştirakçısı olan yazarlar tərəfindən! Yaşananlar unudulmamış, yaddaşlar korşalmamış, xatirələr köhnəlməmiş!!!

Povest janrının 2015-ci il üçün ümumi ədəbi mənzərəsini təqdim etdik. Ümid edirik ki, yazıçılarımızın yazacaqları uğurlu əsərlər sayəsində sözügedən janrdan gözləntilərimiz 2016-cı ildə özünü doğruldacaq.

2016-cı il aprelin 18-də AMEA Nizami adına Ədəbiyyat İnstitutunda 2015-ci ilin ədəbi yekunlarına həsr olunmuş “Ədəbi proses – 2015” mövzusunda keçirilən elmi-yaradıcılıq müşavirəsindəki məruzəm. Məruzə ixtisarla Ədəbiyyat qəzetində “Povest janrı: Nəsrdə təbəddülat, yazıçı problemi, yoxsa..?” adı ilə çap olunmuşdur.

# 2243 dəfə oxunub

Müəllifin son yazıları

# # #