Yaşlı qadınla yataqda və ya jurnalistin bazarlığı Hüseynbala Mirələmovun hekayəsi

Yaşlı qadınla yataqda və ya jurnalistin bazarlığı Hüseynbala Mirələmovun hekayəsi
28 dekabr 2013
# 12:35

Kulis.Az yazıçı Hüseynbala Mirələmovun "Bir gecənin sehri" kitabından götürülən "Hesab çatıb" hekayəsini təqdim edir.

Dostum Əli Mahmuda

Şakir avtobusun yumşaq, rahat oturacağına yayılıb gələcək həyatı barədə düşünürdü: görəsən, yad, ucqar dağ rayonunda günü necə keçəcək? Harda qalacaq? Necə dolanacaq? Bilirdi ki, jurnalistlər heç vaxt, heç nədən korluq çəkmirlər, başlarını girləyirlər, harda olsalar, özlərinə ala-babat gün-güzəran yaradırlar. Ancaq uzaq rayon, adamlar da yad… Onlarla dil tapmaq üçün həm vaxt, həm də təcrübə lazım idi. Şakir isə təcrübəsiz idi, həyatın qoynuna hələ təzəcə atılırdı...

O, öz-özünə təsəlli verdi: «Eybi yoxdur, bir-iki il işləyərəm, yaxşı olar, qalaram, yaxşı olmaz, qayıdaram». Ancaq o, nə qədər optimist olsa da, hiss edirdi ki, qəlbində təskinliklə yanaşı bir nigarançılıq da var, odur ki, qəm-qüssə gətirən bu fikirlərdən yaxasını qurtarmaq üçün avtobusun pəncərəsindən çölə boylandı. Çöl isə yaxşı ki, bitib-tükənmək bilmirdi – uzandıqca elə hey uzanırdı. Otlar, kollar saralmışdı. Susuzluqdan yarpaqları qovrulmuş qovaqlar sanki ötüb-keçən yolçulardan imdad diləyirdilər. Ətrafda bir ins-cins belə gözə dəymirdi…

Şakir universitetin jurnalistika fakültəsini yenicə bitirmişdi. Respublika qəzetlərinin birində məsul katib işləyən dayısı nə qədər çalışsa da, onun təyinatını Bakıya dəyişdirə bilməmişdi. Axırda naəlac qalıb demişdi: «Eybi yoxdur, cavan oğlansan, iki il işləyib qayıdarsan, oranın prokuroru ellimizdir. Çətinə düşsən, gedərsən yanına».

***

Avtobus adamla dolu idi. Sürücü oturacaqların arasına qoyduğu taxta stullarda çoxlu biletsiz sərnişin əyləşdirmişdi. Avtobus ağır-ağır irəlilədikcə, çölün istisi açıq pəncərələrdən içəri dolur və adamların üz-gözünü yandırırdı. Şakirə bir an elə gəldi ki, bu sıxıntılı və bürkülü yol heç vaxt qurtarmayacaq… Sərnişinlərin əksəriyyəti rahat oturacaqlarda mürgüləyirdilər. Şakirlə yanaşı əyləşən yekəpər kişi də avtobus elə Bakıdan tərpənən kimi, gözlərini yumub yatmışdı. Özü də yaman bərk xoruldayırdı. Nəhayət, avtobus bir neçə saatdan sonra sərhəd zonasının buraxılış-yoxlama məntəqəsinə çatdı. Adamlar aşağı düşdülər, istidən daldalanmaq üçün avtobusun kölgəsinə yığışdılar. Şakir ayaqlarının keyini açmaq üçün gəzişməyə başladı. Bu, nədənsə, sərhəd nəzarətçisinin xoşuna gəlmədi, onun pasportuna, sonra da buraxılış vərəqəsinə xeyli baxdı, baxdı, nəhayət, əmrlə:

– Sən gözlə, gözlə! – dedi və harasa çıxıb getdi.

Şakir öz-özünə deyindi:

– Belə də zülm olar? Yadelli gəlib burada sənə əmr versin, Vətəninin bir yerindən o biri yerinə getməyinə qadağa qoysun...

Onunla yanaşı dayanan yekəburun kişi irişə-irişə:

– Aşna, deyəsən, sən qayıtdın geri, – deyib Şakirin qanını bir az da qaraltdı.

Ancaq sərhədçi qayıdıb gələn kimi sənədləri ona uzadaraq:

– Prixodi, – deyib təkəbbürlə növbəti sərnişinin sənədlərini yoxlamağa başladı…

Bir azdan avtobus sanki daha da ağırlaşmış halda nərildəyə-nərildəyə sərin havası artıq yavaş-yavaş hiss olunan dağ rayonuna doğru üz tutdu. Xatanın sovuşduğunu hiss edən Şakir başını arxaya söykəyib, gözlərini yumdu, şipşirin bir yuxuya getdi və gözlərini açanda gördü ki, avtobus sıldırım qayaların ətəyi ilə uzanan darısqal dağ yolu ilə asta-asta və ehtiyatla irəliləyir. Yolun alt tərəfi elə sıldırım idi ki, baxanda adamın zəhmi yarılırdı. Ancaq indiyəcən görmədiyi mənzərələr Şakiri elə sehrləmişdi ki, qorxunu tamam unutmuşdu. Dərədən asta-asta qalxan boz-mavi rəngli sehrli çən tül pərdə kimi yaşıl dağların başına çalmasayağı dolanmışdı. Bu boz-mavi rəngli tül çən, elə bil, həm də, qorxunc və sıldırım uçurumları insanlardan gizlədirdi…

Ətrafı həzin bir sakitlik bürümüşdü və bu həzin sakitliyi arabir sıldırım uçurumun dibindən axan dağ çayının qıjıltısı pozurdu.

Yavaş-yavaş axşam düşürdü.

Avtobus mənzil başına çatmaqda idi...

***

Şakir maşından düşəndə əvvəlcə gözlərinə inanmadı. Sanki möcüzəylə üz-üzə gəlmişdi. Yamyaşıl dağlarla əhatə olunmuş şəhər ağappaq bir rəngə boyanmışdı. Bu füsunkar mənzərə qəlbində heyrət və fərəh hissi doğurdu. Hava o qədər təmiz, o qədər şəffaf idi ki, o, az qaldı bihuş olsun. «Oxay» deyib ciyər dolusu nəfəs aldı, özünü quş kimi yüngül hiss etdi... Amma indi qeyri-adi, füsunkar mənzərəyə, tərtəmiz havaya hayıl-mayıl olmağın vaxtı deyildi. Gecələmək üçün özünə bir yer tapmalı idi. Yoldan keçənlərdən öyrəndi ki, mehmanxana şəhərin çıxacağındadır. Bu, birmərtəbəli və uzun bir bina idi. Ağlasığmaz dərəcədə dar olan dəhlizin hər iki tərəfindəki otaqların qapısına kobud və solğun nömrələr vurulmuşdu. Şakir uzun yol gəlməsinə baxmayaraq, yorğunluq hiss etmirdi. O, zahirən qılıqlı adam təsiri bağışlamırdı, amma insanlarla ünsiyyət yaratmağı bacarırdı. Odur ki, bu üstünlüyünü hiss edib, özünü həmişə iddialı aparırdı və qəribə də olsa, xarakterindəki bu xüsusiyyət həmişə ona uğur gətirirdi...

Üzü üzlər görmüş mehmanxana müdiri onu başdan ayağa süzdü, yağlı müştəri olub-olmadığını müəyyənləşdirmək istədi və nəhayət, soruşdu:

– Mənə görə qulluq?

– Gecələməyə yer lazımdır.

Mehmanxana müdiri açıq qapıya tərəf boylanıb, qışqırdı:

– Şirəli!

Arıq, uzunsifət, əyriburun Şirəli müdirin otağına girib döşəməyə mıxlanmış taxta parçası kimi şax dayandı:

– Bəli, qağa.

– Yer var?

Şirəli əvvəlcədən hazırlanmış ənənəvi cavabı verdi:

– Xeyr.

– Necə yəni xeyr?! Görmürsən qonağımız gəlib?

– Qağa, yer var e, ancaq «lüks»dü.

Mehmanxana müdiri:

– Həə, – deyib, Şakirə tərəf döndü.

– «Lüks»də qalmaq istəyirsiniz?

– Olsun da. Bir gecəsi neçədi?

– Doqquz manat.

Şakir cibindən bir qırmızı onluq çıxarıb müdirə uzatdı. O da qeyd dəftərini açıb, sorğu-suala başladı:

– Adınız, familiyanız?

– Şakir Qələmli.

– Bura gəlməkdə məqsədiniz?

– İşləməyə göndəriblər.

Mehmanxana müdiri başını qaldırıb, onun üzünə baxdı:

– Harda? Nə işində?

– Redaksiyada…

– Hm…

Mehmanxana müdiri başını aşağı salıb, sözləri tələffüz edə-edə, qırıq karandaşla dəftərə «müxbir» yazdı və dedi:

– Hə, az qala, pulunuzun qalığını unutmuşdum.

Şakir əlilə işarə etdi ki, lazım deyil, qalsın.

Mehmanxana müdiri üzünü Şirəliyə tutdu:

– Apar, nömrəni göstər.

Şakir, Şirəlinin arxasınca uzun, dar dəhlizə çıxdı. Mehmanxana binası çox köhnə idi. Deyilənə görə, burada lap əyyami-qədimdə rayon maarif şöbəsi yerləşirmiş, sonradan poliklinika, bir müddət isə, ziyanvericilərə qarşı mübarizə idarəsi, axırda da rayon komsomol komitəsi olub. İndi də, əvvəllər müstəntiq işləmiş və «Paxmel Sebi» kimi tanınmış Səbiyarın ixtiyarına verilib…

Mehmanxana müdirinin hörmət edib verdiyi «lüks» nömrə isə əvvəllər ayaqyolu kimi istifadə olunurmuş. Sonradan kiçik bir «əməliyyat» nəticəsində «lüks» nömrəyə çevrilib. Bu otaqda bir çarpayı, üstünə qırmızı rənglə «8» rəqəmi yazılmış və çox güman ki, poliklinikadan yadigar qalmış nimdaş tumboçkadan başqa heç nə yox idi. Əslində bura o qədər darısqal idi ki, heç əlavə şey qoymaq da olmazdı…

Şirəli qara əsgi parçasına keçirilmiş açarı barmaqları arasında şəstlə fırlatdı və qapını açıb dedi:

– Buyur.

Və cavab gözləmədən çıxıb getdi. Şakir işığı yandıranda, gördüyü mənzərədən dəhşətə gəldi. Fikirləşdi ki, belə də «lüks» olar? İçinə qəribə bir kədər çökdü, bir müddət nə edəcəyini bilmədi. Sonra fikirləşdi ki, yad yer, özü də gecə vaxtı, indi kimi tapa və yaxud hara gedə bilər? Cəhənnəm, birtəhər gecələyər, səhər isə, Allah kərimdir, yəqin ki, iş yerindən bir otaq verərlər.

Şakir çamadanını yerbəyer etdikdən sonra dəhlizə çıxdı.

Şirəlinin yanına gəlib soruşdu:

– Buralarda yeməyə bir şey tapmaq olar?

Şirəli əliylə küçəni göstərərək:

– Yolun o tərəfində yeməkxana var, – dedi.

Şakir qalstukunu səliqəyə salıb mehmanxanadan çıxdı. Şəhər bir küçədən ibarət idi. Yolboyu tikilmiş binaların əksəriyyəti bir və ya ikimərtəbəli idi. Yeməkxana taxta arakəsmələrlə kabinetlərə bölünmüşdü. Bir kotlet yeyib, üstündən də iki stəkan çay içdi. Sonra ayaqlarının keyini açmaq üçün küçədə bir az gəzişdi. Yay olmasına, respublikada havaların çox isti keçməsinə baxmayaraq, bura əməlli-başlı sərin idi. Hə, bu gündən həyatında yeni dövr başlayırdı. Ən azı, iki il bu dağ rayonunda yaşamalı olacaqdı. Şakiri çətinlik qətiyyən qorxutmurdu, bir də ki, o, elə adam idi, ilanla da yola gedərdi. Üstəlik, Bakıda hörmətli dayısı, burda isə nüfuzlu həmyerlisi vardı. Çətinə düşsə, kömək istəyəcəkdi...

***

Mehmanxananın dəhlizində quraşdırılmış radioda hərəkətli bir oyun havası çalınırdı. Otaqda bir işlə məşğul olmaq mümkün olmadığından, Şakir vaxtını təmiz havada keçirməyi qərara aldı. Şəhərin mərkəzi küçəsini bir-iki dəfə o baş-bu başa gedib-gələndən sonra təzədən mehmanxanaya qayıtdı. Çarpayıya uzandı. Nə yaxşı ki, ağcaqanad yox idi. Saf havalı otaqda dərin yuxuya getdi. Hətta köhnə dəmir çarpayının kal cırıltısı da, onun yuxusunu poza bilmədi. Tezdən yuxudan ayıldı. Dünən axşam gördüyü mənzərədən əsər-əlamət qalmamışdı. Hər tərəf aydın idi və qızılı günəşin şüaları altında nura qərq olmuşdu. Təbiət adamın üzünə gülürdü. Dünənki yeməkxanada bir tikə çörək yeyəndən sonra mehmanxanadan çox da uzaq olmayan, ikimərtəbəli binada yerləşən «Bolluq uğrunda» qəzetinin redaksiyasına yollandı. Qəzetin redaktoru Biləndər Muxtarlı kabinetində oturub növbəti nömrənin materiallarını oxuyurdu. Odur ki, katibə Şakirdən bir qədər gözləməyi xahiş etdi. Aradan xeyli vaxt keçdi. Nəhayət, katibə bildirdi ki, içəri keçmək olar. Şakir, adəti üzrə, qalstukuna bir balaca əl gəzdirdi və qapını ehmalca açdı.

Qəribə idi: redaktor Biləndər Muxtarlı zahirən Şakirə çox oxşayırdı. O da qarayanız və girdəsifət idi. Sanki doğma qardaş idilər. Biləndər Muxtarlının cod, pırtlaşıq saçı, qalın dodağı, ətli burnu vardı. O, Şakiri başdan ayağa süzəndən sonra dedi:

– Eşidirəm.

Şakir təyinat kağızını ona verdi. Redaktor gülümsədi:

– Vaxtında gəlmisən. Bizə elə müxbir lazım idi.

Təsərrüfatlarda biçin başlayır. Operativ materiallar verməliyik.

- Qalmağa yerin var?

– Xeyr. – Şakir fağır-fağır boynunu bükdü.

– Çox pis. Bizim də səni yerlə təmin etməyə imkanımız yoxdur. Burada ev kirayələməyə valideynlərin pul göndərə biləcəklər?

Şakir gülümsədi:

– Mən onlara bir şey göndərməliyəm, təqaüdlə dolanırlar.

– Oğul, açığını deyim ki, qəzetdən aldığın məvacib yemək-içməyinə, geyim-keçiminə güclə çatacaq. Ev tutsan, gərək ac qalasan. İndi özün fikirləş. Mən, başqaları kimi, sənə «yox» demirəm, özündən də bir şey istəmirəm. İndi bax də… Biləndər Muxtarlı yenə də qarşısındakı kağızları oxumağa başladı. Şakir pərt halda çölə çıxdı. Gəlib iri ağacların altındakı skamyada əyləşdi. «Əcəb yerdə axşamladım» – deyə düşündü.

İndi neyləsin? Dayısına zəng vursun? Zəng vurmağına, əlbəttə, vuracaq. Ancaq… Birdən prokuror – dayısının dostu yadına düşdü. Cəld qalxıb küçəyə çıxdı. Özü kimi cavan bir oğlana yaxınlaşıb, prokurorluğun harada yerləşdiyini soruşdu.

– Gəl göstərim.

Oğlan bir xeyli onunla yanaşı addımladı, sonra prokurorluğun yerləşdiyi binanı ona göstərdi. Şakir nişan verilən ikimərtəbəli binaya tərəf addımladı. Dəhlizin sağ güncündə açıq pəncərəli otaqda əyləşən gözətçi onu görüb, təəccüblə və bir az da hirslə:

– Sənə kim lazımdır? – deyə soruşdu.

Şakir astadan:

– Vəliyev yoldaş.

– Hansı Vəliyev? Bizdə Vəliyev çoxdur.

– Prokuror Vəliyevi soruşuram.

– Prokuror nəyinə lazımdır?

– Məni onun yanına göndəriblər.

– Kim göndərib?

Şakir əsəbiləşdi:

– Sənə nə var ki, kim göndərib?

– Hardan gəlmisiniz? – deyə gözətçi səsinə bir az yumşaqlıq qatdı.

– Bakıdan.

İdarədə sakitlik olduğundan, deyəsən, prokuror mübahisə edənlərin səsini eşitmişdi.

– İbiş, kimdir elə?

Gözətçi farağat dayanıb dedi:

– Cavan bir oğlandı, Bakıdan gəlib, sizinlə görüşmək istəyir.

– Burax gəlsin.

Şakir sevincək yuxarı qalxdı. İçəri girən kimi prokuror ona əl uzatdı:

– Hə, gəl, elə indicə Səlim müəllim mənə zəng eləmişdi. Otur, redaksiyada olmusan?

– Bəli, Biləndər müəllim məni çox yaxşı qarşıladı, ancaq bir problem çıxdı.

– Nə problem?

– Qalmağa yer yoxdur.

– Necə yoxdur?

Prokuror telefonda nömrəni yığa-yığa:

– Təyinatla göndərilmiş kadrı mənzillə təmin etmək redaksiyanın borcudur, – dedi. – Alo, Biləndər, nədir, mənim eloğluma yer vermək istəmirsən?

Sonra Biləndərin dediklərinə qulaq asıb:

– Başa düşürəm, – dedi. – Hər halda, bir şey fikirləşmək lazımdır. Mənə bax, Paxmeldə yer olmaz? Məncə onun «lüks»ü, bir az kiçik olsa da, yaşamaq üçün… Hə, öyrən. Lazım olsa, mən də zəng vuraram. Dəstəyi yerinə qoyub, Şakirin pörtmüş yanaqlarına baxdı və rəğbətlə gülümsədi:

– Sən Biləndərin yanına get, bir yer tapacaq. Başqa nə çətinliyin olsa, gəl!

Şakir təzədən redaksiyaya qayıtdı.

Biləndər müəllim bu dəfə onu gülərüzlə qarşıladı:

– Gəl, görək, Paxmeldən bir yer qopara bilərikmi?

Telefonun dəstəyini götürdü və Şakirə tərəf döndü:

– Get raykoma, təbliğat-təşviqat şöbəsinin müdiri Sərvaxt müəllimlə görüş. Bu Paxmel köpəkoğlundan bir şey qoparmaq canını almaqdan çətindir. Qoy Sərvaxt müəllim də zəng etsin, bəlkə, onda, bir şeyə nail ola bildik. Şakir redaktoru Paxmellə çənə-boğazda qoyub raykoma yollandı. Qəsəbəyə kim ezamiyyətə və yaxud işləmək üçün gəlirdisə, hökmən gərək raykoma gedib, özünü təqdim edəydi. Şakir otağa girəndə şöbə müdiri telefonda kiminləsə danışırdı.

Dəstəyi yerinə qoyub dedi:

– Gəl, gəl, elə indicə sənin söhbətini edirdik. Axır ki, Paxmeldən bir nömrə qopara bildik. Özü də deyir «lüks»dü. Get, açarı al, yollan işinə…

Şakir rahat nəfəs aldı və tələsik mehmanxanaya yollandı. Paxmel onu gözləyirdi. Qaşqabağını töküb dedi:

– Gəl, yerini göstərim. – Sonra da dodağının altında Sərvaxtın ünvanına yağlı bir söyüş söydü: «Xeyirsiz köpəyoğlu qoymaz dolanaq». Və Şakiri gecə qaldığı elə həmin otağa apardı.

Şakir duruxdu.

– İstəmirsən? – deyə Paxmel hirs qarışıq sevinclə soruşdu.

Şakir narazı qalsa da, başqa çıxış yolu olmadığını nəzərə alıb razılaşdı:

– Yox, yox, niyə ki, çox yaxşıdır!

Paxmel:

– Yaxşıdır? Onda, bu gündən sənindir, – deyib narazı halda kabinetinə qayıtdı. Deyəsən, onun cibinə yamanca ziyan dəymişdi. O gündən Şakir «lüks»ün daimi sakini oldu…

***

Dağ rayonunda taxıl biçini avqustun ortalarına, sentyabrın əvvəllərinə təsadüf edirdi. Redaktor Şakirə Dağdağanlı kəndinə gedib, təsərrüfat işlərinin gedişi barədə reportaj hazırlamağı tapşırdı.

Dağdağanlı kəndi başı qarlı dağların ətəklərində, – axar- baxarlı bir yerdə yerləşirdi. Sıx meşə, adda-budda bitmiş cır alma, armud, tut ağacları, əkin-biçin yerlərində göz-göz qaynayan bumbuz bulaqlar, dərədən qıjıltıyla axan dağ çayı, buranın gözəlliyini birə min qat artırırdı. Kolxoz sədri ilə Şakir taxıl zəmilərini gəzdikdən, biçinçilərlə görüşüb söhbət etdikdən sonra, gəzə-gəzə kənddən xeyli aralıdakı Novlu bulağın üstünə gəldilər. Sən demə, kolxoz sədri Şakirin gəlişi münasibətilə əməlli-başlı hazırlıq görübmüş. Təsərrüfat briqadiri ilə ferma müdiri çoxdan onları gözləyirdilər. Ağacın kölgəliyində açılmış süfrədə nələr yox idi?

Quzu kababı, soyutma çolpalar, yaxındakı bostandan dərilmiş xiyar, pomidor, ən nəhayət, təzəcə çəkilmiş tut arağı. Gənc müxbir özünü tamamilə başqa bir aləmdə hiss etdi. Katibin, xalq nəzarəti komitəsi sədrinin, prokurorun, redaktorun… daha kimlərin sağlıqlarına içmədilər? Qonaqlıq gecədən xeyli keçənədək davam etdi. Axırda – süfrə yığışanda kolxoz sədri Şakirə dedi ki, gecə bizdə qalacaqsan. Ancaq gənc müxbir razılaşmadı, dedi yox, getməliyəm, gərək məqaləni sabah günortaya kimi nömrəyə çatdıram…

Bu sözdən sonra kolxoz sədri çönüb, sürücüsünə dedi:

– Şakir müəllimi rayona apar…

***

Cəmi 10-20 otağı olan mehmanxanada iynə atsaydın, yerə düşməzdi. Növbətçi Şirəli əl-ayaq çəkiləndən sonra hətta dəhlizdə də, açılıb-yığılan çarpayılar qoyub, «levi» qazandığı beş-on manatı Paxmel Sebi ilə bölüşdürürdü.

Bu gün yer istəyənlərin sayı lap çox idi. Paxmel Sebi hərəni bir dillə yola salsa da, uzaq kənddən gələn, hər gün bazarda mer-meyvə, göy-göyərti satan Qızyetərin sözünü yerə sala bilməmişdi və birdən yadına düşmüşdü ki, müxbir uzaq dağ kəndinə gedib, gecəni orada qalacaq, «lüks» boşdur.

Odur ki, Qızyetərə demişdi:

– Gecəni orda qalarsan, amma, obaşdan işçilər və müxbir gəlməmişdən çıxıb gedərsən. Üst-başına da bir az ətirdən-zaddan vur ki, iyin-qoxun yatağa hopmasın…

***

Gecə yarıdan xeyli keçmiş mehmanxananın qarşısında maşın səsi eşidildi. Şirəli yarıyuxulu halda, deyinə-deyinə giriş qapısına sarı getdi, gördü ki, gələn müxbirdi, cəftəni qaldırdı, tez də qayıdıb köhnə divanın üstündə uzandı. Şakir səndələyə-səndələyə alaqaranlıq dəhlizdən keçib otağına tərəf getdi. Açılıb-yığılan çarpayılarda, həmişəki kimi, yaxın-uzaq rayonlardan gəlmiş adamlar yuxu «bişirirdilər». Şakir o qədər içmişdi ki, hətta qıfılın yerində olmadığının fərqinə belə varmadan qapını itələyib içəri keçdi. Otaq qaranlıq idi. Çox da uzaqda olmayan yaşıl yamaclardan əsən sərin meh, özü ilə gətirdiyi reyhan, kəklikotu, lalə ətrini qadın ətrinə qataraq qəribə, bihuşedici bir qoxu əmələ gətirmişdi. Şakir bunun nə olduğunu dərk edə bilmirdi. Bir anın içində damarlarında axan qan seli tüğyan etdi. Gözünü duman örtdü. Ürəyi döyünməyə başladı. İstədi ki, işığı yandırsın. Bu zaman titrək, həzin və bu gecənin özü kimi təravətli, həyəcanlı, ehtiraslı, məlahətli bir səs astadan pıçıldadı:

– Yandırma… Lazım deyil…

Titrək qadın səsi Şakiri diksindirdi. Çaşıb qaldı. Yuxumu görürdü? Gecənin bu vaxtında, onun yatağında uzanan bu qadın kim idi? Bura necə gəlib çıxmışdı? Amma get-gedə araq onun düşüncələrini üstələdi, sanki xanımın odlu, yanar barmaqları onu yatağa sarı çəkdi və bir azdan özünü başqa bir aləmdə hiss etdi. Səhərə qədər bu sehrli gecənin ləzzətindən ayrıla bilmədi və çox çəkmədi ki, elə o ləzzətlə də yuxuya getdi...

***

Şakir yuxudan oyananda günorta idi. Gecə nə baş verdiyini yadına saldıqca vahiməyə düşür və özünü inandırmağa çalışırdı ki, bütün bu olanlar həqiqət deyil, olsa-olsa, şirin xəyaldır. Bununla belə, Şakir uzun müddət bu hadisəni unuda bilmirdi. Həmişə düz qabağa baxır, kiminləsə üz-üzə, göz-gözə gəlməkdən utanırdı. Ona elə gəlirdi ki, Paxmel Şebi də, Şirəli də bu işdən xəbərdardılar. Kim bilir, bəlkə də, qəsdən...

***

Yeni ilin gəlməyinə bir neçə gün qalırdı. Şakir belə götür-qoy etdi ki, bayram ərəfəsində ata-anasına baş çəksin. Yola düşməzdən əvvəl bazara getdi. Əməlli-başlı bazarlıq etmək istədi. Təzə il qabağı bazarda qələbəlik idi. Belinə köhnə, qalın yun şal sarımış, başına qırmızı gülləri olan qara yaylıq və yaylığın da üstündən göy bir əsgi bağlamış qadının satdığı meyvələr diqqətini çəkdi. Hər iki gözünün yarıdan çoxunu qırmızı qan örtmüş, əlləri çat-çat olmuş, üzündə dərin şırımlar açılmış qadın, nədənsə, tez əl-ayağa düşdü:

– Bazarda mənim mallarımdan təzə-təri, dadlısı, ləzzətlisi yoxdur…

Səs, elə bil, Şakirə tanış gəldi. Diksindi. Əvvəlcə bu bədheybət qadından heç nə almamaq qərarına gəldi. Ancaq tez fikrindən daşındı. Qızıləhmədi almalar, mələs, güleyşə narlar, keçiəmcəyi üzümlər… O, ağzınacan dolmuş sarı kağız torbaları piştaxtanın üstünə qoyub, əlini cibinə saldı, bir dəstə pul çıxarıb, hesabı soruşdu. Qadın dinmir, özünü unudubmuş kimi heyran-heyran Şakirə baxırdı. Bu qəribə baxışlar, elə bil, Şakiri bir anlığa qorxuya saldı. Tələsik dedi:

– Hesabı…

Qadın astadan, səsi titrəyə-titrəyə, həyəcanla dilləndi:

– Hesab çatıb, başına dönüm…

Şakir pörtdü. Təəccüblə sağa-sola boylandı. Ancaq ətrafda gözünə tanış adam dəymədi.

– Kimdən? Kim verib?

Qadın altmış-altmış beş yaşını sanki unudaraq, üzünə zərif və utancaq bir ifadə verərək:

– Hesabı yayda… O gecə… Mehmanxanada… – dedi. – Sonra səsi qırıldı, gözləri yol çəkdi…

Şakir sanki yerindəcə qurudu. Ürəyi buza döndü. Təəccüblə arvadın üzünə baxdı. Həyəcan dolu o yay gecəsi, mehmanxanadakı o məlahətli, o kövrək, o titrək, o həzin qadın səsi yenidən qulaqlarında cingildədi və ona elə gəldi ki, indi hamı, hamı ona baxır və gülür… Şakir piştaxtanın üstündəki meyvə dolu kağız torbalara baxmadan, az qala, yüyürə-yüyürə bazardan çıxdı…

2003

# 3846 dəfə oxunub

Müəllifin son yazıları

# # #