"Xəlili qorxa-qorxa ziyarət edirdim" YAZIÇI XANIMI

"Xəlili qorxa-qorxa ziyarət edirdim" YAZIÇI XANIMI
23 oktyabr 2013
# 10:26

Oktyabrın 21-də Azərbaycanın görkəmli şairi Xəlil Rza Ulutürkün 81 yaşı tamam olur. Şairlərin ölüm günü olmur, yalnız doğum günü olur, çünki onlar həyatdan köçmürlər, sonsuz zamanın əbədi sakininə çevrilirlər və hər ötən gün onları bizlərə, biz oxuculara daha da yaxınlaşdırır, doğmalaşdırır. Bu günlərdə əməkdaşlarımız belə söz sahiblərindən olan Xəlil Rza Ulutürkün evində olublar. Şairin ömür-gün yoldaşı Firəngiz Ulutürk onunla keçən ağrı-acılı, sevincli günləri belə xatırlayır:

– Firəngiz xanım, bütün müsahibələrinizdə yalnız Xəlil Rzadan danışırsız.

– Bəs kimdən danışım?

– Özünüzdən...

– Xəlil dura-dura nə danışım özümdən, ay qızım?

– Xəlil Rza kimi böyük bir şairin həyat yoldaşı olmaqdan, öz duyğularınızdan, xatirələrinizdən danışın...

– Bakıda doğulub, boya başa çatmışam, kifayət qədər tanınan, olduqca zəngin Aşurbəyovlar ailəsindənik. Atamla anam dayı uşağı – bibi uşağı olublar. Var – dövlət parçalanmasın deyə, ailələrinin diktəsi ilə evləniblər. Anama işləməyə icazə verməsələr də, çox təhsilli bir qadın, ziyalı, kübar və eyni zamanda özündən razı idi. Onun istəyinə əsasən həkim olmaq qərarına gəlmişdim. Orta məktəbi bitirdikdən sonra Tibb İnstitutuna daxil oldum, amma neyləyim ki, qandan çox qorxurdum, elə bu səbəbə də təhsilimi davam etdirə bilmədim. Atamsa həmişə siyasətlə maraqlanmağımı istəyərdi, elə özümün də bu sahəyə marağım böyük idi. Dünya tarixi, siyasəti, mədəniyyəti məni özünə cəlb edirdi. Atamın köməyi ilə peşəmi dəyişmək qərarına gəldim. Tanışların da köməkliyi ilə Tarix fakültəsinə qəbul olundum. Peşəmi sevə – sevə öyrənirdim. Bir bacım, bir qardaşım var idi, bacımla universitetdə bir oxuyurduq.

– Bəs Xəlil Rzayla nə vaxt tanış oldunuz?

– Xəlil də mənim təhsil aldığım universitetdə oxuyurdu. Allahın qisməti idi ki, bacımla qrup yoldaşı idi. Mən onlardan bir kurs aşağıda oxuyurdum. Bacımın adı Sima idi, yanına gedib gələndə Xəlil məni görüb. Yaraşıqlı oğlan idi. Görürdüm ki, elə hey mən Simanın sinfindən çıxandan sonra bir oğlan ardımca gəlir, məni izləyir, sinfimizin qabağında gəzir. Mən ağır gəzmək, batman oturmaq nədi bilməzdim, ərkəsöyün böyümüş uşaq idim. Musiqi ilə məşğul olurdum, aktrisalıq edirdim. Xəlilsə Salyanda dünyaya göz açmışdı. Bir – birimizdən tamam fərqli idik. İşin gedişatı elə oldu ki, mən Xəlilə qəlbən bağlandım. Sonralar gördüm ki, Xəlil sevilməyə ən layiqli kişi imiş. Bizim evliliyimizin ən böyük səbəbkarı elə Xəlil özü olub. Bütün çətinliklərə, uyğunsuzluqlara baxmayaraq, heç vaxt məndən, sevgisindən əl çəkmədi, elə bunun sayəsində biz birlikdə xoşbəxt ömür sürdük. Allaha çox minnətdaram ki, qarşıma elə bir insan çıxarıb. Mülayim, təmkinli, mələk idi sanki... O da mənim bəxtimə yazılmışdı. O qədər güclü, özünün dediyi kimi, qorxaqları lərzəyə gətirən sədası var idi, amma bir dəfə də olsun mənə qarşı səsini yüksəltməmişdi. İclaslarda çıxış edəndə, inanmağım gəlmirdi ki, bu, Xəlilin o ahəngli, mülayim səsiydi.

– Universitetdə ən yaddaqalan hadisə nə olub sizin üçün?

– Bir dəfə həmişəki kimi Xəlil bizim sinfin qabağında dayanmışdı. Qəfil fikir verdim ki, bizim qrupdan olan oğlanlarla nəsə qızğın söhbət edirlər. Bu hadisəyə o qədər də əhəmiyyət vermədik, kişi kişiylə söhbət edər də. Sabahı gün dekan məni yanına çağırıb sorğu – sual etməyə başladı. “Firəngiz, bu nə işdi? Niyə qrup yoldaşlarınızı göndərmisiniz ki, xalxın kişisinin başını yarsınlar?” Sən demə Xəlilgil məni imtahanlardan kəsdiyinə görə universitet müəlliminin başını vurub yarıblar. Çox təəccüblənmişdim və təbii ki inad etməyə başladım. Nə fayda ki dekan mənə inanmadı, valideynimlə görüşmək istədiyini bildirdi. Qorxudan bütün bədənim əsirdi. Atama nə deyim? Deyim ki mənim üstümdə dava düşüb, səni universitetə çağırırlar? Bütün cəsarətimi toplayıb hər şeyi gizlicə anama elə təzəcə danışırdım ki, sözümü qurtarmağa aman tapmamış anam məni döyməyə, təhdid etməyə başladı. “Kənd hara, sən hara, sən bilirsən kimsən?”

– Bəs necə oldu ki, ananızın icazəsini ala bildiniz?

– Anam sevgi nədi bilməzdi, onu maraqlandıran pul, qızıl, brilyant, şan –şöhrət idi. Xəlilinsə ürəyindən, iti zəkasından və əvəzedilməz insanlığından başqa heç nəyi yox idi. Anam məni öz nəslimizdən olan varlı bir həkimə ərə vermək istəyirdi, oğlan da “dəvə” boyda idi. Xəlillə mənim evlənməməyimiz üçün min bir bəhanə gətirirdi. Atam isə tam əksinə, razı idi. Atam pul naminə qurulan evlilikdən o qədər əziyyət çəkmişdi ki, bunu onun baxışlarından da anlamaq olardı. Atam Salyanda işləyirdi. Xəlilin atası ora atamın yanına elçiliyə gedir, atam da “qızım razıdırsa, mən də razıyam” deyir. Bizim də heç nədən xəbərimiz yox. Bir gün atam məndən “Ay Firəngiz o salyanlı kimdir elə, atası mənim yanıma gəlib” deyə soruşdu. Az qalsın həyəcandan, qorxudan öləcəkdim. “Qorxma! Əgər ona qarşı istəyin varsa, ailə qurmağınıza icazə verəcəm” - dedi. Çox çək – çevirdən sonra anamı da yola gətirdik. Anamın tənələri, kənd həyatının mənfi tərəfləri haqqında uydurmaları, Xəlili yaxından tanıyana qədər davam etdi. Toyumuz oldu, ilk dəfə kəndə gedəndə anamın dedikləri qulağımda idi, amma hər şey çox fərqli oldu. Birlikdə çox xoşbəxt və mənalı ömür sürdük... Atam Xəlili çox sevər, ona böyük hörmət bəsləyərdi, sonralar anam da Xəlili çox istədi. Bütün bunların hamısı Xəlilin yüksək mədəniyyəti və əxlaqi keyfiyyətləri sayəsində olmuşdu.

– Bir həyat yoldaşı kimi özünüzdən necə, narazı qaldığınız olubmu?

– Bir tarixçi kimi gecəm-gündüzüm Marksı, Lenini oxumaqla keçib. Amma mənim siyasətlə maraqlanmağım onu qəti narahat etmirdi. Baxmayaraq ki, bizim həyata baxışımız tamam başqa idi, amma o həmişə mənim peşəmə, düşüncələrimə hörmətlə yanaşırdı. Mən səhvimi Xəlilin ölümündən sonra anladım, amma artıq gec idi.

Yeddi il həkimlərin qapısında qaldım. Uşağımız olmurdu. Qəlbimə xal salmasın deyə, o yeddi il müddətində bir dəfə də olsun, həkimin nə dediyini soruşmadı. Mənsə elə bilirdim ki, bu biganəlikdi. Sonra da ailə qayğıları, məişət problemləri, təhsil, iş, uşaqlar məni ondan o qədər uzaqlaşdırmışdı ki, mənə yazdığı sevgi şeirlərinin çoxunu belə, onun ölümündən sonra oxumuşam. O qədər yüksək mədəniyyətli bir insan idi ki, heç vaxt aramızda söz – söhbət olmazdı. Mənə şeirlər verirdi ki, bunları vaxtın olanda köçürərsən. Gözüm hərflərdə qala-qala şeirləri köçürmüşəm. Sonra görmüşəm ki, bunlar hamısı mənə yazılıb. Mənə nə qədər dəyər verdiyini, nə qədər sevdiyini ölümündən sonra daha yaxşı anlamışam. Çox təəssüf edirəm ki, Xəlilin sağlığında bu saydığım səbəblərə görə onun sevgisinə layiqincə qarşılıq verə bilməmişəm, qiymətləndirməmişəm. Buna görə sonradan böyük peşmanlıq keçirmişəm.

– Oğlunuz, Milli Qəhrəmanımız Təbrizin şəhidlik xəbəri... Necə yaşadınız o ağrılı – acılı günləri?

– Oğlum könüllü müharibəyə getmək istədiyini dedi. Mən nə qədər etiraz etsəm də Xəlil fərəh hissi ilə onu cəbhəyə yola saldı. “O, mənim oğlumdur, mənim yolumla da gedir, uğurlar olsun, bala” dedi. Ağır, çətin günlər idi, Xəlil çox sarsılmışdı, amma müharibədə şəhid olan tək bizim oğlumuz deyildi. Xəlil şəkər xəstəliyindən əziyyət çəkirdi, ayaqları sözünə baxmırdı, tez – tez şişkinləşir və yeriməyinə böyük maneə törədirdi. Həmişə “Ayaqların aman versə mən özüm də gedib, torpaqlarımızın, şəhidlərimizin qisasını yağı düşməndən alardım” – deyərdi...

– Xəlil Rzanın ölümünün müəmmalı məqamları haqda nə deyə bilərsiniz?

– Gözümlə görmədiyim hadisəni deyə bilmərəm qızım. Bilmirəm, amma mənim üçün burda sual doğuran hadisələr az deyil. Onu sevməyən çox idi. Xəlilin dostundan çox düşməni var idi, bu onun özünə də məlum idi. Amma ölümü haqda heç nə deyə bilmərəm. Həkim tibb bacısına mənim gətirdiyim iynəni gözümün qabağında verdi, o iynədən sonra da Xəlil keçindi. Deyə bilmərəm, bəlkə dərmanı dəyişdirmişdilər, ya öz əcəli idi, əmin olmadığımı desəm, həm haqq, həm də vicdanım qarşısında cavab verməli olaram.

– Şairin ölümündən sonra siz bütün həyatınızı onun ədəbi irsinin toplanmasına, kitab halında oxuculara çatdırılmasına sərf etmisiz. Bu böyüklükdə işi təkmi görmüsüz?

– Xəlilin yazdıqlarını, məndən başqa kim toplamalı idi ki qızım? Mən onun kitablarının tərtibçisiyəm. 42 kitabının çapdan çıxmasında əməyim olub, bu işləri böyük maraq və sevgiylə etmişəm. Bu, mənim içimdə olan məhəbbətdən qaynaqlanır. Elə əsəri ola bilər ki, 1960-cı illərə aid olsun, amma 1990-cı ildə yazılmış gündəliyin içində olsun. Bunu məndən daha yaxşı kim seçə, kim ayıra bilər axı? Mən Xəlili ən böyük şair hesab edirəm. Fikrimcə ondan əzəmətli şair yoxdu. Elə iti zəkası var idi ki, şeiri beş-on dəqiqənin içində yazırdı. Oturub qafiyə axtaran şairlərdən deyildi. Onun şeirlərini oxuduqca anladım ki, mən tarixi oxumaqla nə qədər səhv etmişəm, bu elə əsl tarix, əsl siyasətdir. Nə qədər canımda can var, Xəlilin yarımçıq qalan işlərini tamamlamağa sərf edəcəyəm... Prezidentimizə minnətdaram, mənə hər cür şərait yaradılıb, Xəlilin ala bilmədiklərini mənə veriblər.

– Onun kəskin çıxışları yəqin sizin də həyatınıza mənfi təsir edirdi.

– Xəlili 67 – ci maddəylə “milli ədavət salmaq” maddəsi ilə təqsirləndirib həbs etmişdilər. Hər ay onu ziyarətə gedirdim, amma qorxa – qorxa. Bir dəfə hakim məni də onun yanına, zindana atacağı ilə hədələdi. Ermənilər çox naqis millətdir, onlardan nə desən gözləmək olar. Allaha şükür ki, onu 18 ay sonra, o qaranlıq zindandan qurtara bildik.

Əlbəttə mən istəyirdim ki, onu çox şeylərdən çəkindirim, Vətəni müdafiə etmək müqəddəs vəzifədir, amma hər sözü hər yerdə deməyin səhv olduğunu dəfələrlə Xəlilə demişdim. Çox vaxt ona qarşı gedə də bilmirdim, bilirdim ki, düz deyir, doğru hərəkət edir...

525.az

Digər yazılar

“Məni Seyran Səxavətin yanına göndərdilər və evləndik”

"Mən bircə gün Vaqifə can deməsəm..."

“İsanın əlini tutub yatıram”

“O məni küçədə öpə də bilərdi”

# 2696 dəfə oxunub

Müəllifin son yazıları

# # #