Əllərim sevgi məktubu - ŞEİRLƏR

Əllərim sevgi məktubu - <span style="color:red;">ŞEİRLƏR
27 aprel 2017
# 12:16

Kulis.az gənc şair Saqif Zeynalın yeni şeirlərini təqdim edir.

Məktub

O gecə üç rəngli bayrağa bükülü

Bir məktub gəldi cəbhədən

Allahın da əlini alnına,

Gözlərinin üstünə qoyub

Baxdıqca gözündən itən

Bu kimsəsiz uzaqlara...

Vətən şəhid yollamışdı

Tabut zərfində...

Dərdindən qol götürüb

Oynadı nənəsi Göyüş arvad.

Sülh quşları kimi Uçub getdi əlləri...

Uçub getdi üzü Laçına.

Hardasa gülələdilər Göyərçinləri...

Hardasa nənələrin qoynuna düşdü ölmüş əlləri...

Nəsə belə olmamalıydı, dostum!

Cazibə qüvvəsinə söykənib

Göylərdə dayanan qoca Günəş

Hər gün Şərqin qapısından girib,

Qərbin bacasından çıxmamalıydı çölə.

Bir sabah açılmamalıydı Şərqin qapısı,

Bir axşam Qərb pəncərəsini çırpmamalıydı üzümüzə.

Bir gün başqa açılmalıydı səhər,

Axşam başqa cür düşməliydi göylərdən...

Nəsə belə olmamamalıydı, dostum!

Göy üzündə üzməməliydi bulud gəmilər,

Belə əsəbi əsməməliydi küləklər,

Titrəməməliydi ağacların yarpağı,

Yağışlar islatmamalıydı adamları…

Biz də belə sevməməliydik,

Belə unutmamalıydıq,

Belə unudulmamalıydıq,

Tanrım! Başqa cür sevməli,

Başqa cür unutmalı,

Başqa cür unudulmalıydıq...

Hər gün eyni adamlar gedib,

Eyni adamlar qayıtmamalıydı bu kimsəsiz şəhərə.

Kimsə gəlməliydi uzaqlardan...

Kimsə gəlməliydi!

Və bizə mutlu günlər gətirməliydi qucağında.

Nəsə belə olmamalıydı, dostum!

Sən yoxsan

Və buralar soyuq-soyuq,

Torpağı, daşı üşüyür.

Titrəşir işıqları,

Ocaqları üşüyür...

İndi mən bu qürbətin,

Ən yalnız adamıyam.

Bir yandan da sən yoxsan...

Bir də sənsiz keçirəm

Bu soyuq küçələri.

Üstümə də gəlib çatmır,

Çatmır tanrının əlləri.

Barı sən gəl,

Gəl əllərini at çiynimə

Üşüyürəm...

***

Əllərim sevgi məktubu,

Ciblərim poçt qutusudu.

Hər gün əlimi cibimə qoyub

Sənə məktub yollayıram...

# 1215 dəfə oxunub

Müəllifin son yazıları

# # #