Qaş qaralan vaxtı... - 60 YAŞ

Qaş qaralan vaxtı... -  60 YAŞ
20 may 2015
# 17:22

Şair-publisist Qorxmaz Şıxalıoğlunun 60 yaşı tamam olur. Kulis bu münasibətlə Qorxmaz müəllimi təbrik edir və onun şeirlərini təqdim edir.

***

Salam, yaxşı adam, salam hardasan?

Bəlkə də elə bu yaxınlarda,

bəlkə də bir uzaq diyardasan,

bilmirəm.

Bilirəm-sən düz adamsan,

Namərdlərlə vuruşursan,

Haram tikə yemirsən.

Tanımasam da səni,

sağ ol, yaxşı adam!

İstiliyini duyuram,

varlığın kömək eləyir bizə

yaşamağa

Bilirəm, bilirəm sənə görədir

bu yaz səhəri

uşaqlarımla oturub süfrə arxasında

şirin-şirin çörək yeyirik

Hamımız -uşaqlarla birlikdə

bu işıqlı süfrə üçün

sənə “sağ ol” deyirik.

Sağ ol, yaxşı adam!

02.04.2003

***

Sabaha baxmaq olmur,

təsəlli tapmaq olmur,

Nə bu ömürlə,

nə ölümlə.

Nə də ki evdəki uşaqla.

Allah, sənə qurban olum,

bəlkə bir az da işığından verəsən bizə,

Ya da bir az bilmədiklərimizdən.

Çünki olmur!

Vallah, bizə verdiklərinlə

Daha yaşamaq olmur.

15.12.2003

***

Qulaq as, gülüm,

ərz eləyim biləsən ki,

ovqatım necədir:

...Qaş qaralan vaxtı

bir kənddə

bir günahsız qaraçını təkləyib

döydü beş-altı nəfər.

Partlasa da üzü-gözü,

amma qaraçının bir dəfə də

çıxmadı səsi.

Qara saçlarının arasından

qan axa-axa

qaraçı üz tutdu məchulluğa,

qarışdı qaranlığa...

...İndi bildinmi,gülüm,

bu payız axşamı necədir halım?!

17.11.2003

***

Mən elə bilirdim, sevdiyim qız

başqasına gəlin köçən gün,

üfüqlər “getmə” deyib qışqıracaq,

lərzəyə gələcək yer-göy

bu səsdən.

Mən elə bilirdim, gəlin aparan

o maşınların keçdiyi yol

qızıl ilan kimi qıvrılıb

qalxacaq yerindən.

Mən elə bilirdim, o payız gecəsi

kəndimizin üstündən keçən

durna qatarı

qışqıra-qışqıra enəcək

həyətimizə.

Mən elə bilirdim, o durnalar

insan kimi dil açıb

başlayacaqlar könlümü almağa.

Sonra da qoşulacaqlar

qaranlıq eyvanda sütuna söykənib

xısın-xısın ağlayan anama.

Mən elə bilirdim...

Mən...

14.01.1980

***

Çalış, oğlum,

Həyatda vəfalı dostun olsun.

Çətinə düşəndə,

qəm-kədər üstünə qoşun çəkib,

düşmən kimi səni təkləyəndə,

biləsən ki, arxadan bir səs,

şimşək kimi çaxacaq göydə:

“Çal qılıncını, yetdim” deyəcək.

Bu səsdən gözlərin dolacaq.

Yerin, Göyün gücü gələcək

qollarına.

Görəcəksən ki, nə düşmən? –

Daha Allahdan başqa

heç kim dura bilməz

qabağında.

03.12.04.

# 1087 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #