“Əkrəmin adını belə eşitmək istəmirəm!” SORĞU

“Əkrəmin adını belə eşitmək istəmirəm!” SORĞU
17 mart 2014
# 14:30

Kulis.Az ictimaiyyət xadimləri arasında keçirdiyi “Əkrəm Əylislinin Nobel Sülh mükafatına təqdim edilməsinə münasibətiniz necədir?” sorğusunu təqdim edir.

Rəhman Bədəlov: “Mən bu barədə dəqiq bir söz deməkdə çətinlik çəkirəm. Bilmirəm, mövqeyim nə dərəcədə insanlara aydın olacaq. Mən nə “Hə”, nə də “Yox” deyirəm. Mən heç vaxt Əkrəmin ifşasının tərəfdarı olmamışam və ona qarşı aparılan kampaniyaya da qoşulmamışam. O, bizim çox dəyərli yazıçımızdır. Lakin onun Nobel Sülh mükafatına təqdim olunmasının da tərəfdarı deyiləm”.

Hikmət Hacızadə: “Əkrəm Əylislinin “Daş yuxular” romanını oxumamışam. Ona görə də əsər haqda konkret bir fikir deyə bilmərəm. Ümumilikdə isə Əkrəmin Nobel Sülh mükafatına namizədlik məsələsinə sevinirəm. Qoy Azərbaycandan da bir nəfər olsun”.

Eldar Quliyev: “Onun adını belə eşitmək istəmirəm. Elə beləcə də yazın!”.

Oqtay Mirqasımov: “Artıq dərəcədə heyfslənirəm ki, Nobel kimi vaxtilə çox səviyyəli bir qurum son zamanlar bəzi siyasi qüvvələr tərəfindən ucuz siyasi oyunlar meydanına döndərilib. Məsələnin başlanğıcı budur ki, bu müəllif bu əsəri yazıb təqdim edib və onun ətrafında bəzi mübahisələri doğurub. Və təbii ki, bu hadisələrin çıxış nöqtəsi əsərdir. Bu əsər, çox, çox, çox zəif, simasız, spekulyativ əsərdir. Bu şübhəsiz ki, ucuz və mənasız siyasi oyundur. Biz bunu, Azərbaycan tarixində görmüşük. Bizə qarşı bu cür xəyanətlər çox olub. Heyf ki, bu səfər xəyanət Azərbaycan vətəndaşı tərəfindən oldu və bu çox kədərləndirən haldır. Mənə elə gəlir ki, biz çox şeylərə dözmüşük, bu da bizim üçün böyük hadisə kimi səslənmir. Sadəcə kiçicik bir narahatlıqdı. Heyf ki, Bitov kimi adamlar, dairələr tapıldı. Təbii ki, sifariş olduğuna görə belə edirlər. Vəssalam, şüt-tamam.”

Elçin Hüseynbəyli: “Qısa olaraq deyə bilərəm ki, bu boş xülyadır”

Aydın Talıbzadə: “Dünya insanının “Sülh” deyilən nisbi bir müvazinətdə yaşamasına yardımçı olacaq hər bir addımı qutlayıram. Allah xətrinə, Əkrəm Əylisli də, qoy, Nobel “Sülh” mükafatına namizəd göstərilsin... Bundan niyə qıcıqlanmalıyıq ki? Hər kəs öz vicdanının yol verdiyi qədərincə xoşbəxt olur... Ox yayından çıxıbsa, bunu geri qaytarmaq mümkünsüzdür. Ona görə bu olayda da biz hamımız çox sivil davranmalıyıq. Vəziyyətdən üstün olmağı bacarmaq gərək... Bu da bir siyasi oyundur, insanların əsəblərinə tuşlanmış siyasi oyun... Ona görə cənablar, ləyaqətimizi itirməyək...”

# 1944 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #