“Düşmən kəsildilər, sevimli kişilər uğuruna”

 “Düşmən kəsildilər, sevimli kişilər uğuruna”
2 oktyabr 2013
# 11:08

Kulis.Az şairə Sevinc Elsevərin yeni şeirlərini təqdim edir.

Hədə

bədənimizin az qala hər yerində

qollarımızda

qıçlarımızda.

zamanın vurduğu damğalar-

yara izlərimiz var.

indi gülə-gülə

danışırıq onlardan.

bir tək könlümüzün aldığı

yaralar xaric.

ayrılsaq düşmən olmayaq, sevgilim,

bir-birimizin könlünü qanatmadan ayrılaq.

gülə-gülə danışmaq istəyirəm səndən,

rəfiqələrimə.

hətta səndən sonra sevə bilsəm,

sevdiyim adama

gözümün müzüyünü axıda-axıda,

ağzımın-burnumun suyunu

bir-birinə qarışdıra-qarışdıra,

bəhs etmək istəmirəm səndən.

sevgilim,

payız dənə-dənə saraldır yarpaqları.

zaman dənə-dənə ağardır

saçlarımızı.

qar dənə-dənə yağır

yolları-izləri yığır altına.

payızın da,

zamanın da,

qışın da işi ağır demək istədiyim

dənə-dənə

damla-damla sevmişdim səni.

mən elə qəfildən

bir könüldən-min könülə olan

sevgilərə inanmıram.

səndən sonra

buğdayla düyünü

bir-birindən ayırmaq gözlərinə duran

Göyçək Fatma kimi

ərinirəm kimisə sevməyə.

səninlə gəldiyim nöqtəyə

bir başqasıyla gəlmək gözümə durur.

nə zaman var,

nə eyni həvəs

bədbəxtlikdən qürurum da vermir aman.

vecimə deyil Cəmal Sürəyya kimi sevə bilmək

"qürursuzunam sənin" demək.

biz ki hər işdə beləyik,

hətta sevməyə ərinərik

ağır gələr bütün işlər kimi

sevmək işi.

var gücümüzlə

sevginin ağırlığı altına vermərik

çiyinlərimizi.

biz onu dığırlada-dığırlada

sürüyə-sürüyə

aparmağı sevərik...

sən də beləsən, sevgilim,

həmvətənimsən

kim tanıyar səni məncə

içimdə bir qorxu var,

sanki bir qatardayam

bələdçi içəri girəcək,

"yalnış qatara minmisiniz

biletiniz başqa qataradır" deyəcək.

gözümə durur

rahatlandığım

nəfəsimlə qızdırdığım

qatarımı tərk etmək.

çıxıb gedərkən

boylanıb

bayaq oturduğum yerdə

ağırlığımla çəkdiyim

kədərli şəklimə baxmaq

gözümə durur.

bu yaralar ki var

baxır bədənimizin hər yerindən

qanlar axıb kəsəcək

gülə-gülə danışacağıq xatirələrindən

nəvələrimizə...

***

türmədə

dörd-divar arasında

bər-bəzəkli şəkil albomları

düzəltməklə,

təkcə vaxt öldürmür,

həm də vaxtı öldürür

usta Əli.

rəngbərəng şəkillərlə doldurduqca

o albomları

azadlıqdakı yaxınları

illərin daha tez keçəcəyinə inanır.

bir gün gəlib

albomlardan birini

ən məhrəmini vərəqlədikdə

itirdiyi zamanı

tutacaq ovuclarında

və bu zamanın

vur-tut iki yüz qram çəkisi

otuz-qırx səhifəsi olduğunu görəcək öz gözləriylə.

“ yanınızda yoxamsa da

yaşamağa davam edin” demək

xeyir-dua etməkdi bu albomlar həm də

bər-bəzəkli

rəngarəng

gözəl günlər diləməkdi.

boz divarlar arasında

bər-bəzəkli şəkil albomları düzəldib

azadlıqdakı yaxınlarına dağıdan usta Əlinin

albomların səhifələrindən birində

özünün də gülərüzlü şəklini

görmək arzusu var...

Almanın nağılı

əvvəlcə bir bütövdülər

kişilərlə qadınlar

hərəsi bir almanın yarısıydılar.

aldandılar

almanı ikiyə parçaladılar

“bir parçasını sən ye, o birini sevgilin

9 ay, 9 gün, 9 saatdan sonra oğlun olacaq ”dedilər onlara

bütün qadınlar oğul doğdular,

oğullarının tərəfinə keçdilər

qaynana oldular,

gəlin oldular.

bir-birinə düşmən kəsildilər

sevimli kişilər uğuruna...

hər axşam onları gözləyən qadınların yanına

bir səbət almayla döndülər kişilər.

günahını hər addımda gözünə dürtdülər

“alma almaya bənzər ”deyibən

heç nədən şübhələnmədən

almaları gözlərinə təpdilər qadınlar.

yedikcə

sevdilər

sevdilər

sevdilər

sevgidən dəli oldular

alma sevgi yoluxdurur

bunu bilmədilər

sevgi azadlığa düşmən

sevgi qarşı çıxılması imkansız

ən böyük güc

nəyi var sevməlisən sevməli

almalardan zəhərlənməli

nəyini sevmişdi qadın almanın?

rənginmi

qoxusunmu

dadınmı

günah almanınmı, qadınınmı?

bilmirəm

nə zaman bu nağılı danışdım

göydən üç alma düşdü

üçünü də mənə yedirdilər

amma mən alma yeyə bilmirəm

dişlərim qamaşır

alma yeyəndə

***

təsəvvür elə, əzizim

elə bu şəhər böyüklüyündə

tort bişirtdirib şəhərin meri

şəhərimizin bəlkə də yüzüncü dəfə

azad olunmağı şərəfinə

bir üzük atıblar tortun içinə

kimin tikəsindən çıxsa

üç arzusunu

həyata keçirəcəklər

mücərrəd olmamalı arzular

bu şəhərdə bütün yoxsul oğlanların üç arzusu var:

evi, işi, sevgilisi olsun

hamı da bir nəfəsə

o tortu partlayınca yeyib bitirməyə

hazır

belə bir şəhərdə

mənimlə yaşamağa

yaşlanmağa hazırsanmı,

moskvalı Nadejda?

bizim şəhərimizdə ümid yoxdu

tort da xəyaldı

kart da bitmək üzrə

internet gedir

mən gedirəm

Nadejda, mənə ümid ver

yanına gəlim.

Direktora ərizə

cənab direktor, yazıb sizdən

xahiş edirəm ki

bizim uşağı məktəbinizə

götürəsiz

amma ona tərs-tərs

baxmayasız harda görsəz

xahiş edirəm,

kabinetinizdəki monitordan

bütün hərəkətlərini izləməyəsiz

qız uşağıdı

ilk müəlliməm deyirdi ki,

məktəbin direktoru güdür bizi

səhər-axşam

otağındakı ekrandan

əstəğfürullah, Allah kimi

görür bizi

günün istənilən vaxtı

evimizədək çatır əli

ata-anamızdan da xəbərdar

kimin valideyni nə iş görür

bilir o.

mən onda

lap balaca olanda

müəllimə çox inanardım

onun dedikləriylə

boyumdan iki dəfə hündür

yükün üstündə oturan

təsbeh çevirib

siqaret püskürdən nənəmin dedikləri

üst-üstə düşürdü çünki

əstəğfürullah, Allah kimi

təsəvvür edirdim direktorumuzu

o hər yerdə görür, hər yerdə eşidirdi

Xızır kimi görünməzdi

görünüb qeyb ola bilirdi.

nə vaxt evimizdə ab-hava pozulsa

ətrafa baxınardım

üzr istəyən sulu gözlərlə

valideynlərim bir-biriylə savaşanda

bilmirdim necə ayıram

qapıda qalırdı gözüm,

qorxurdum,

indicə direktor gələcək.

yanında da polislər

atam işsizlikdən, yoxsulluqdan, müharibədən

şikayət eləsə

sözünü kəsirdim

isti yay günlərində də

sərbəst ola bilməzdim

ağlıma gəlməzdi

direktorun da istirahət elədiyi.

tək qalanda uzun, dar koridorlarda,

soyuq sinif otaqlarında

sanki onunla göz-gözəyəmmiş kimi

sıxılırdım

çarəsizlikdən və qorxudan

o qoca, ağsaçlı, ciddi, görünməz kişiyə

dodağımın sağ küncüylə

gülümsəyərdim...

onunla üz-üzə gəlsəm

elə bilərdim

təkcə mənə görə

acıqlıdır belə

harda, hansı yanlışım oldu deyə

özümü sorğu-sual edər,

günahkar çıxarardım

durduğum yerdə

cənab direktor,

aman, belə bir monitordan bəhs etməsin

müəllimləriniz qızıma

gün gəldi böyüdüm əlbəttə

o qoca, ağsaçlı, ciddi kişini

nəvələriylə parkda gördüm

saçlarına sığal çəkir

əzizləyirdi

uşaqları sevə bilməsi

mənə möcüzə kimi gəldi...

yazıb sizdən xahiş edirəm ki,

dərsliklərdəki şəkillərin hamısını

sevdirin uşaqlara

şəkillərin arasında ayrı-seçkilik eləməyin

onların hamısı

əlbət yaxşı kişilərdi

yazmasınlar üz-gözlərini

saqqal-bığ çəkməsinlər bığsızlara,

keçəllərə saç əkməsinlər,

gözlük taxmasınlar gözlərinə

uşaqların işi dəcəllikdi

kitabları yazsalar

şəkilləri korlasalar

valideynlərini tutduracağınızla hədələməyin

sarılıq olarlar qorxudan

allah eləməmiş.

cənab direktor,

hədiyyələr istəyəcəklər müəllimləriniz bayramlarda

cürbəcür pullar yığacaqlar bəhanələrlə

verəcəm

amma siz də əmr edin

doğru-dürüst öyrətsinlər

bufetinizdə uşaqları zəhərləməsinlər

ayaqyoluna heç olmasa aftafayla su qoysunlar

xadimələr.

su qədər ömrünüz olsun,

cənab direktor,

şükürlər olsun,

kişisiniz, deyirəm,

qadınlar bayramında sizə

bahalı hədiyyə almaq zorunda qalmayacam,

yüküm az olacaq heç olmasa bu qədər...

# 2418 dəfə oxunub

Müəllifin son yazıları

# # #