Evdə yoxam... – GÜNÜN ŞEİRİ

Evdə yoxam... – GÜNÜN ŞEİRİ
3 oktyabr 2017
# 09:57

Kulis.az “Günün şeiri” layihəsindən bu gün doğum gününü qeyd edən gənc şair İntiqam Yaşarın “Evdə yoxam” şeirini təqdim edir.

Qapımı döyən ayrılıq,

Evdə yoxam, evdə yoxam.

Qonağam deyən ayrılıq,

Evdə yoxam, evdə yoxam.

Gördüyüm mənə çoxdumu,

Xoş günüm iti oxdumu,

Döyməyə qapı yoxdumu,

Evdə yoxam, evdə yoxam.

Sənə kim dedi gündə gəl,

Ömür bitəndə sonda gəl,

Haçan çağırsam onda gəl,

Evdə yoxam, evdə yoxam.

Mülkümdən qoparıb məni,

Bu qayğı lap sarıb məni.

Aparan aparıb məni.

Evdə yoxam, evdə yoxam.

Divardakı nəm danışır.

Dam dolusu qəm danışır.

Yerimə qələm danışır,

Evdə yoxam, evdə yoxam.

# 1261 dəfə oxunub

Müəllifin son yazıları

# # #