Salam Sarvandan YENİ ŞEİRLƏR

Salam Sarvandan <span style="color:red;">YENİ ŞEİRLƏR
7 noyabr 2016
# 10:32

Kulis.Az Salam Sarvanın yeni şeirlərini təqdim edir

Payiz şeirləri

1.

Pəncərədən baxıram payızın son ayında

vərəqləri saralmış səmavi kitablara.

Göydən yağışlar yağır, göydən yağışlar yağır,

dolur yer altındakı qədim saxsı qablara.

Mənaların hamısı cəfəng imiş, rəng imiş,

nə yarpaq qoxlar daha, nə ağaca sarıllam.

İndi mən bir qadının qaşına-gözünə yox,

indi mən bir qadının taleyinə vurullam.

Hələ də vurnuxuram zaman şəcərəsində:

bu epoxa, bu əsr, bu il, bu gün, bu saat.

İllərlə məşq edərsən finişə tez çatmağa,

finişdən o yandasa elə əvvəlki həyat.

Ürəyimdən nə keçir, deyim sən də biləsən:

hər yerdən çıxıb getmək və hər kəsi unutmaq.

Cəmisi bircə dəfə, cəmisi bircə dəfə

Günəşlə birgə çıxıb Günəşlə birgə batmaq.

2.

Qızarmış yanağını söykəsən kürəyimə...

Yavaş-yavaş düşürəm burda təbdən-təhərdən.

Daha yaşamaq olmur, daha yaşamaq olmur

binası ağacından hündür olan şəhərdə.

Qızarmış yanağını söykəsən kürəyimə,

ayaqyalın, başaçıq girsən bu yağışlara:

sənə kağızdan qayıq, sənə kağızdan çiçək,

sənə kağızdan şeir düzəldib bağışlaram.

Adamlar çox soyuyub, belə soyuq havada

sevmək cana ziyandı, heç bilmirəm neynəyim.

Qızarmış yanağını söykəsən kürəyimə –

yenə ütüyə gəlsə bu qırışmış köynəyim...

# 2110 dəfə oxunub

Müəllifin son yazıları

# # #