Anarın yeni təyinatlarında şübhəli məqamlar  

Anarın yeni təyinatlarında şübhəli məqamlar  
18 aprel 2014
# 10:34

Azərbaycan Yazıçılar Birliyinin XI qurultayında qəbul olunmuş nizamnaməyə görə bu qurumun İdarə Heyəti Birliyin strukturuna daxil olan qəzetlərin, dərgilərin, topluların baş redaktorlarını, Tərcümə Mərkəzinin sədrini və ədəbi orqanlarının baş redaktorlarını, bölgə rəhbərlərinin, Ədəbiyyat Fondunun sədrinin, Ədəbiyyatı Təbliğ Bürosunun sədrinin namizədliyini katibliyin təklifi ilə təsdiq edir.

Ancaq, deyəsən, “Ədəbiyyat qəzeti”, “Ulduz” və “Azərbaycan” jurnalına son təyinatlar zamanı nizamnamənin bu tələbinə əməl edilməyib.

Şübhə yaradan məqamlardan biri budur ki, təyinatlar barədə açıqlama verilərkən İdarə Heyətinin adı ümumiyyətlə çəkilmədi. Və belə təəssürat yaranır ki, AYB-də ümumiyyətlə nizamnamənin bu tələbi yaddan çıxıb.

İkinci şübhə yaradan məqam odur ki, AYB İdarə Heyətinin bəzi üzvləri bu təyinatlardan mətbuat vasitəsilə xəbər tutublar.

Məsələn, Kulis.az bu məsələni araşdırarkən İdarə Heyətinin üzvlərindən biri, tanınmış tərcüməçi Nəriman Əbdülrəhmanlıya müraciət edib və o bildirib ki, on il ərzində bir dəfə də olsun hər hansı məsələ ilə bağlı İdarə Heyətinin iclasına dəvət olunmayıb.

İdarə Heyətinin başqa üzvlərini də danışdırmaq istəyirdik. Amma məlum oldu ki, Yazıçılar Birliyinin rəhbərliyində təmsil olunan şəxslər belə İdarə Heyətinin üzvlərini tanımırlar. Bu fakt başqa bir şübhəyə də yol açır: ola bilsin ki, İdarə Heyəti deyilən qurumdan ümumiyyətlə əsər-əlamət qalmayıb.

Kulis.az mövzu ilə əlaqədar AYB-nin də mövqeyini öyrənib. AYB mətbuat katibi Xəyal Rza deyib ki, katibliyin qərarı İdarə Heyətinin üzvləri ilə razılaşdırılıb, hər şey nizamnaməyə uyğun olaraq həyata keçirilib.

Göründüyü kimi Nəriman Əbdülrəhmanlı ilə Xəyal Rzanın dedikləri üst-üstə düşmür.

Şablon təsiri bağışlasa belə qərar verməyi oxucuların ixtiyarına buraxırıq.

# 2705 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #