Şəmkirdə Cəlil Cavanşirin imza günü keçirilib

Şəmkirdə Cəlil Cavanşirin imza günü keçirilib
18 noyabr 2013
# 13:07

Noyabr ayının 16-sında Şəmkir rayonunda “Zəka” gənclərin intellektual yaradıcılıq mərkəzində bu təşkilatla “Əli və Nino” kitab mağazaları şəbəkəsinin birgə layihəsi çərçivəsində yazar Cəlil Cavanşirin imza günü keçirilib.

Tədbirdə yazarlar Aysel Əlizadə və Sahilə İbrahimova iştirak edib. Görüşdən öncə mərkəzin kitabxana rəhbəri Həsən Həsənov qonaqları “Şəmkir bayraq muzeyi” “Əyləncə parkı” ilə tanış edib. Tədbirdə çıxış edən yazarlar müasir ədəbiyyatla oxucu arasında əlaqənin möhkəmlənməsi üçün bu cür görüşlərin keçirilməsinin çox önəmli təşəbbüs olduğundan məmnunluqlarını bildiriblər.

Yazarlar auditoriyanın suallarını cavablandırmaqla yanaşı, həvəskar gənc şairlərin şeirlərini dinləyib, mərkəzin üzvləri və oxucularla müasir Azərbaycan ədəbiyyatı barədə qızğın müzakirələrdə iştirak ediblər. Görüşdən sonra yazarlar mərkəzin işi ilə yaxından tanış olub və oxucular üçün kitab imzalayıblar.

Tədbirdən sonra mərkəzin rəhbəri Araz Paşayev qonaqları Şəmkir rayonunun tarixi yerləri ilə tanış edib. Yazıçı Cəlil Cavanşir kulis.az-a bildirib ki, paytaxtdan kənarda bu cür tədbirlərin keçirilməsi təqdirə layiqdir:

“Şəmkirdə imza günümün keçirilməsi təşəbbüsü “Ali və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərlidən gəlib. Təklifi qəbul etsəm də son günə qədər tərəddüd edirdim. Düşünürdüm ki, bu tədbir də hansısa planı yerinə yetirmək məqsədi daşıyır. Ancaq şəmkirli oxucuların kitaba, ədəbiyyata münasibəti məni çox sevindirdi. Məlum oldu ki, mərkəz tədbirə 15-20 gün hazırlaşıb, bizim gedişimizə bir həftə qalmış isə oxuculara təqdimat keçirərək oxucuları tam məlumatlandırıblar. Oxucularla görüşümüz bir saat nəzərdə tutulsa da, təxminən 3 saata qədər uzandı.

“Zəka” gənclərin intellektual yaradıcılıq mərkəzinin kitabxanası yeni yaransa da, çox iddialıdırlar. Mərkəzin işləri ədəbiyyat və kitab üçün çox uğurlu bir başlanğıcdır. Cəmi bir aya kitabxanaya xeyli abunəçi cəlb ediblər. Qarşıdakı aylarda mərkəz digər gənc yazarların da imza gününü təşkil etməyi planlaşdırır və mən yazıçılarımızı bu gözəl təşəbbüsə dəstək verməyə çağırıram.”

# 2148 dəfə oxunub

Müəllifin son yazıları

# # #