Sabir Əhmədlinin qızının hekayəsi: “Həsrət”

Sabir Əhmədlinin qızının hekayəsi: “Həsrət”
29 oktyabr 2013
# 14:49

Yaqut Sabirqızı (Quliyeva)

Mən ilk dəfə ən böyük sarsıntını “Dədə Qorqud” dastanının “Qazan xanın evinin yağmalanması” boyunu oxuyanda keçirtmişəm. Bu xanın elinin, obasının, var-dövlətinin yağı tərəfindən yağmalanması, elatın əsir aparılması mənə çox ağır təsir etmişdi. O vaxt mən heç təsəvvür etməzdim ki, belə bir tale bizim də el-obanı gözləyir. Bu yazını sinni vaxtında acı qaçqınlıq taleyini yaşayan bütün nənələrə həsr edirəm.

Səhər obaşdan qalxdı. Gecə yarısı teştdə yoğurduğu xəmir acımışdı. Yarısını qalac çörək eləyəcəkdi, yarısını yuxa salacaqdı. Hava hələ açılmamışdı. Gərək çatdıra idi. Yaşının sinni olmasına baxmayaraq cəld tərpənirdi. Bir də, lazım olan şeylərin hamısı əlinin altındaydı. Yataqxananın bir otağında özü, gəlin, iki uşaq oğlu ilə bir qaçqınlıq ömrü keçirdirdi. Bircə otaq. Ev işini gəlin görsə də çörəyi, yuxanı heç kimə tapşırmazdı. Çörək gərək təmiz əldən çıxaydı, qüsullu, namazlı, oruclu, bismillahlı əldən çıxaydı. O işi gəlinə tapşırmazdı. Səhərdən-axşama uşaqla əlləşir.

Teştin üstünə sərdiyi süfrəni açdı, xəmiri acımışdı. Elə yerdəcə xalçanın üstünə bir döşəkcə atdı, süfrə sərdi, dördayağı yerə qoydu, kündə tutmağa başladı. Kündələr hazır olduqca yığdı başqa bir teştə, üstünü örtdü ki, bir az da kündə özünü tutsun. Sonra elektrik sobanı və elektrik sacı naqilə taxdı. Bunlar qızsın. Bir şey vardı ki, qaçqın olduqları üçün işıq pulu vermirdilər.

Çörək bişirməyə nə var, əsas yuxadı. Gərək kəlağayı kimi nazik olsun. Kəlağayı naxışı kimi bunun da “gülləri” zərif düşsün. Bir az urfa töküb başladı birinci kündəni açmağa. Oxlovu hər dəfə yaydığı xəmirə dolayıb yaydıqca dodağının altında qımışır, köks ötürürdü. Kənddə evdə yuxa yaymazdılar. Bir gün əvvəldən qonşu arvadla danışardı. Odun, gərmə yığıb hazır qoyardı. Ununu ələyərdi. Hamısını yığardı çovustana. Hindən yumurta, bir az nehrə yağı, qızıl inəyin südündən əlavə edib, ayrıca fəsəli üçün hazırlayardı. Ocağı qatıb sacın altın külləyərdi. Acıtmasın, hamısını əlinin altına yığardı.

Günortaya qədər rəfiqəsiylə neçə büküm yuxa salardı. Axırda da uşaqlar üçün közə qarğıdalı, kartof basdırardı. Ev də təmiz qalardı. Sonra da gəlib hananın qabağında oturardı. Hanı o həyət, o baca, o çovustan? Ay Allah elə bu yataqxananın qabağındaca bir çovustanı olaydı.

Fikirdən ayıldı. Çörəyi də sobanın dəyirmi qabına yayıb, üstünə süd çəkib, çəngəllə nişanlayıb, deşib, üstünü dəsmalla örtdü. Bir yuxa yayınca həmin qabı da sobaya qoydu. Kənddə hamı onu çağırırdı təndirə çörək yapmağa. Hələ elə olmamışdır ki, onun çörəyi küt düşsün. “Bismillah” deyib əyilirdi təndirə. Kənddə bir-birinə qonaq gedəndə , ya şəhərə qohum-qardaşa qonaq gələndə bir on büküm yuxa, bir iki qalac çörək, fəsəli onun fəxriydi. Hamı da onun sovqatını arzulayırdı. Soyusa da ətrindən durmaq olmurdu. Ya, biri təntiyib yemək hazır olanacan acanda, tez soyutma yumurta, nehrə yağı, göy soğanla bir dürmək düzəldib verirdi, bir öynəni ötürürdülər.

Sobadakı çörək bişdi, üzü də qızardı. Onu çıxardıb eyni qayda ilə o birisini qoydu sobaya. Nəvələri də onun çörəyini sevirdilər. Nənələrinin dürməyini heç kim, heç anaları da düzəldə bilmirdi. Bircə gecikməyə idi. Uşaqlar bağçaya gedənəcən çörəklər, yuxa hazır olaydı. Nənənin çörəyinin tərifi bağçaya da gedib çatmışdı. Bağçada indi nə verirdilər ki, yeməyə, heç nə. Vallah müharibə vaxtı, kənddə bağçada bir az işləmişdi o. Səhər uşaqlara süddaş verirdilər, içində bir bişmişi yola verən kərə yağı, ya da “paraşok yumurta”dan qayğanaq, kükü, günorta da şorba, içində ət də olurdu. İndi nə verirlər, sən allah. Gör işin nə yeridi ki, uşaqlar bağçaya gedəndə səhər anaları ilə pilləkənlərin üstündəki qaçqın bazarındakı dükanlara girib bir torba xam-xurt alırlar. Bu, nəvələrinə heç nə almır ordan. “Ay bala, nə bilirsiz onun içinə nə qatırlar. Hamısı zəhərdir, vaxtı keçmiş şeylərdir”. Nənə onlara dürmək qoyurdu. Bağçada bu dürməklərin üstündə müəllimlərin arasında dava düşürdü. Nəvələr müəllimələr ilə dəyiş-düyüş edirdilər. İçində motal pendiri, yağ olan dürməyi verib, peçenye, keks alırdılar onlardan.

Şəhərə gələndən bir çox qaçqın ailələrindəki gəlinlər, qızlar şəhər dəbini götürmüşdülər. Onda görürsən ki, kənddə başı yaylıqsız darvaza ağzına çıxmayan gəlinlər, əyinlərində şalvar, saçlarını təzə dəblə elə bu qaçqın şəhərcikdəcə özlərindən olan ustalara düzəltdirib çıxdılar şəhərə. Hələ desən şəhərli qadınlarla dilləşdilər də: - “Nə bizə bir təhər baxırsınız? Qaşqın kimi. Biz indi qaşqın düşmüşük, siz elə ömrü boyu bu şəhərdə qaşqın kimi yaşamısınız. Girmisiniz balaca, qutu evlərə, deyirsiniz bəs dünya sizindi. Az, bizim kənddə həyətimizdəki aşxanamız, əl damımız sizin bu “kvartira” dediyinizdən böyük idi. Hələ evlərimizi demirik”.

Buranın havası deyəsən onun da gəlininə dəyib: -“Ay ana, niyə özünü əziyyətə salırsan, gejədənnən xəmir yoğurub, tezdən durub yuxuna haram qatırsan. Budey, hara baxırsan çörəkdi. Uşağa pul verək getsin alsın”.

Nənə yaşlansa da qaşı-gözü cavanlığındakı gözəlliyini, cazibəsini bir az özündə saxlamışdı. Qaşlarını çatıb “- Ay qızım, o çörəyi mənimkiynən bir eliyirsən? Heç bilmirsən onun xamırını kim yoğurur, o kündəni kim tutur, əli, ayağı təmizdirmi, dili bismillahlıdırmı, qabı suya çəkibmi, daşırdıbmı, unu əliyibmi. Sonradakı o çörək gətirən maşınları görmüsən? Çörəyi bükürlər köhnə-küsnat ədyala, atırlar tozdu maşının oturacağına. Bu satıcı da, bilmirsən əlin yuyub, yumayıb, yığır rəflərə. O gün elə girmişdim o dükanların birinə. Gəlin yeri süpürür, toz-duman götürüb oranı, rəfin üstündə də hər şeyin üstü açıq. Deyirəm, a bala, onun üstünü ört heç olmasa. Deyir onda mallar görsənmir.

İndi deyirsən mən o çörəyi alım, nəvələrimə yedirdim? Nə olub özümə. İşimin gücümün adı nədir? Bir də onun içinə o qədər ajıtma vururlar ki, şişsin, yekə görsənsin. Çəkisi az, qiyməti baha. Bir çörək külfətin bir öynəsinə çatmır. Amma mən iki qalac bişirirəm, iki günümüzü görür. A bala, hər şeyi dükannan alsax adam ev-eşik qura bilməz.”

Onlar kənddə yaşayanda dükana çox az gedirdilər. Tayla unu dəyirmandan gətirirdilər. Çörəyi, yuxanı salırdı, malı-qoyunu, toyuq-cücə saxlayırdı. Südü, qatığı, nehrə yağı, hələ desən malın qarnını yuyub, qurudub onun da içinə yağı duzlayıb basırdılar qışa qalırdı, pendiri, hamısını özü tuturdu. Yayda həyət-bacada göy-göyərti, tağda xiyar-pomidoru, bostanda lobyası, istiotu, kələmi, bağda meyvəsi, hamısından əkirdi. Onun ərinin, özünün qayırdığı ləkə kim baxırdı gözü sevinirdi. Səliqəsi-sahmanı ilə ildə də bir xalça kəsirdi. Elə gündə iki-üç dəfə həyət süpürürdü. İllahımda kı, payız gələndə, xəzəl töküləndə...

Nənənin işi çörək salmaqla bitmir. Çörəyi, yuxası hazır olandan sonra yerin - süfrənin urfasını təmizləyib, tavanı qoyacaqdı qazın üstünə. Tava qızandan sonra qara tumu, fındıq içini, yer fındığını qovurub, qarışdırıb yığacaqdı ayrı-ayrı torbalara onu da qoyacaqdı iş çantasına. Düz yollanacaqdı qaçqın şəhərciyinin ayağında, yolun o üzündə yerləşən universitetin ala qapısına. Ora onun iş yeriydi. Kənddə çəpər deyərdilər, universitetin dəmir məhəccərli hasarının dibinə balaca kətilini qoyurdu. Evdən gətirdiyi döşəkcəsini daşın üstünə atırdı, dörd tərəfini süpürüb torbalarını kətilin üstündə açırdı. Burdan keçən tələbələr, sürücülər onun müştəriləri idilər. Salam verənə “Bala, işin avand olsun, getdiyin işdən xeyir tapasan!” deyirdi.

Bunların kəndlərində, heç rayon mərkəzində də alver eləmək, satmaq dəb deyildi. Bir dəfə, elə bu yaxınlarda, bu cənub rayonlarından birində rəhmətə gedən vardı. Qaçqınlarından idi. Səpələniblər də hərə bir yana. Bu da qoşuldu bu yataqxana yoldaşlarına, bir avtobus tutub getdilər. İndi bu rayonların kəndləri başladıqca hərə öz darvazasının ağzına həyətin urasını yığıb satırlar. Bir az lobyasınnan, pomidorunnan, kələminnən, əllərinə nə keçdi. Nənəyə çeçin gəldi: - “Vallah, kasıbçılıq da görmüşəm, ajdıx da. Amma biz belə şey eləməmişik. İndi məjbur olmuşuq. Həyətin ortasında bir gilas vardı. Dədə-baba gilası, nə hündürlüyündə. Dəyəndə qonum-qonşuya hay salırdıx. Hamı yığışırdı, dörd bir tərəf. Vedrə-vedrə daşıyırdılar. Ma da qalırdı. Mürəbbəsin, kompotun bişirirdik qalırdı qışa. Elə də tutu, şəfdəlisi, qozu, gavalısı, zoğalı. Ta nə bitmirdi. Amma qapı ağzına yığıb satmaq. Heç ağlımıza, ürəyimizə də gəlmirdi. Eləməzdik. Qapıdan qonaq girəndə, istiyir səhər, günorta, axşam olsun çıxırdıx çölə. Qaz yox, tez ojağı qalayırdıq, suyu qoyurdux, çolpalar kəsilirdi, təmizlənirdi. Hinnən yumurtanı götürüb bir çığırtma bişirirdik, yağın içində üzürdü, düyünü qoyurdux dəmə. Qonax nəfəsin dərməmiş süfrə açılırdı. İndiki gəlinlərin qorxusundan evə qonax da gəlmir. Gərək əvvəldən xəbər verəsən ki, ay filankəs, sizə gəlmək olar? Ona görə də evlərin ruzi-bərəkəti kəsilib dayna”.

Bunları fikirləşə-fikirləşə qabağına qoyduğu torbalara baxıb köks ötürürdü. Kişiynən, ərinə belə deyirdi, əl-ələ verib həm dirrikdə, həm də çöl işində ev-eşik düzəltmişdilər. Alt-üst ev tikdirmişdilər, içində hər cür avadanlığıynan. Düzdü, bunlar birdən-birə başa gəlməmişdi. Amma, müəllimin, həkimin evində olannan bunlar da alıb yığmışdılar evlərinə. Yataq otağında qarnitur mebeli, kallayı otaqda ipək üzlü yorğan-döşək yerdən göyəcən üst-üstə yük vurmuşdu. Bir də gəlinlik vaxtından indiyəcən öz əlilə toxuyub kəsdiyi gəbələr, kilimlər. Onun toxuduğu xəli-xəlçə elə bir möcüzəydi. Gül xəlçə deyirdilər. Hər övladı olanda adına bir hana qururdu.

“Axır vaxtlar kəndi bombalayanda, bu qapımızda işlətdiyimiz ermənilər, evdən tez-tez çıxırdıx, balnisənin badvalında daldalanırdıx. Bu dəfə də çıxanda nə bileydik ki, bir də qayıtmayacayıx. O vəzifədə olanlar evlərini tavarnı poyuzlarla daşıdılar Bakıya. Bizə də deyirdilər hara veririk, rayon bizdə qalajax. Evdən çıxanda qalın pərdələri də çəkdik pencərəyə ki, gün düşüb divarın kağızlarını soldurmasın”. Hərdən fikirləşdikcə az qalırdı havalana, sonra tez özünə təskinlik verirdi ki, əşi elə bil yuxuda görmüşəm o evi, eşiyi.

Soyuqdan gördü ayaqları donur, üstdən köhnə paltosuna büründü. Gördü yox, soyuq əhədini kəsəcək. Durdu ayağa, əlinə süpürgəni alıb oxşama deyə-deyə başladı küçənin xəzəlini süpürməyə, toplayıb yığdı qarşıdakı ağacın dibinə. Gün dönmüşdü axşama doğru, uşaqların bağçadan gələn vaxtlarına az qalırdı. Ehmalca torbasında qalan tumu, fındığı, bu da uşaqların bugünkü payı, yığıb, düzəldi üzü yuxarı, qaçqın şəhərciyindəki evciyinə doğru.

# 2530 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #