“Yuxu həsrəti” – HEKAYƏ

“Yuxu həsrəti” – <span style="color:red;">HEKAYƏ
4 sentyabr 2017
# 15:00

Kulis.az Qəfər Rüstəmin “Yuxu həsrəti” hekayəsini təqdim edir.

Mən yuxu görmürəm, bilirsiz? Heç yuxu görmürəm. Bu məni yaman qorxudur. Deyirəm, bəlkə mənə nəsə olub.

Bu həkimin də xəstələri yaman çox olur. Yəqin, yaxşı həkimdir. Qapını döyüb içəri girəm gərək.

– Salam, həkim. Mən yuxu görmürəm, həkim. Bu məni dəhşətə gətirir. Niyə hamı kimi mən də yuxu görmürəm?

Bu həkimlər də bilmirəm necə adamdılar. Bunlarda ürək var, ürək. Gör adamın beynini necə çıxarıb. Elə bil oyuncaqla oynayır. Üz-gözü qan içindədir, ancaq heç bir şey vecinə deyil. Mən bu həkimdən yaman qorxdum. İlahi, belə də həkim olar. Adamda gərək bir az nəvaziş olsun.

– Sizi eşidirəm, cənab. Nə şikayətiniz var?

– Deyirəm ki, yuxu görmürəm. Mən yuxu görmək istəyirəm. Qaranlıq da olsa, nəsə görmək istəyirəm. Sizcə, yuxu görməmək qorxulu bir şeydirmi? Yuxu görmürəmsə beynimin hər hansı bir yerində bir problem yoxdur ki?

– Deməli, yuxu görmürsüz, bu beyini görürsünüz? Yəqin ki, görürsünüz. Mənə deyin görüm, bu beyin indi nə görür? Hə, de görüm nə görür?

– Nə bilim, mən hardan bilim, həkim?

– Axı, bu beyin necə görsün? Bu ət parçası necə görsün?

– Solipsistlər deyir ki, bütün gördüyümüz şeylər beynimizin məhsuludur. Elə isə sənin beynin məni əmələ gətirir, yoxsa mənim beynim səni? Şekispirin, Nizamin əsərlərini sən yazmısan, yoxsa mən?

– Bağışlıyın, həkim, siz nə danışırsınız? Mən kim Şekispir, Nizami kim? Mən elə bir şey iddia edə bilmərəm.

Bu həkim, deyəsən, dəli olub. Yazıq neynəsin? Belə amansızca insanları kəsib doğrayanda axırı belə olacaq da.

– Hə de görüm, sən yazmısan, yoxsa mən? Bütün bu gördüklərimiz bu ət parçasının uydurduğu şeylərdimi? Heç bilirsən, bu beyin nədir? yaxşı piroqluq ətdir. Yumşaq, ləziz, hop, ud getsin. Sən elə bilirsən, mən dəliyəm? Yox, yox mən dəli deyiləm. Sən dəlisən. Uydurma, yalan şeylər istəyirsən. Beyinin növbəti yalanını istəyirsən.

Buna bax, lap havalanıb. Gözləri qan çanağıdı. Mən nə qələt edib bunun yanına gəldim.

– Sən yuxu görmək istəyirsən, hə? Ha-ha, yuxu görmək istəyir, ha-ha...

Dayan görüm, bunun ağzında görünən şar kimi şey nədir elə? Gör güləndə zırrama ağzını nə boyda açır? Boz rəngli top, üstündə də abı xallar var. Bu ki onun beynidir. Aman Allahım, onun beyni şişib. Mən burdan əkilsəm yaxşı olacaq.

Bütün bədənim necə də əsim-əsim əsir, səni lənətə gələsən, həkim. Belə də şey olar? Bundan sonra mütləq yuxu görəcəm. Elə bu yaramaz həkim kabus kimi gəlib yuxuma girəcək.

Aha, bu kimdir belə? Mən bu tibb bacısını tanıyıram.

– Salam xanım, mən sizi tanıyırıam. Siz əliylə “sus” işarəsi verən məşhur tibb bacısısız. Sizi burada görmək məni çox təəccübləndirdi.

– Ah, əlbəttə, mən, o məşhur tibb bacısıyam. O gündən sonra hamı məndən avtoqraf istəyir. Bu, əslində, məni sıxır. Məşhurluq yaxşı bir şey deyil. Məşhur olanda gərək əyin-başın da toya gedən olsun. Üzün makyajlı, saçların zövqə uyğun olsun. Bu zamanda pul qazanmaq heç də asan deyil.

– Xanım, xanım... Mən yuxu görə bilmirəm.

– Bu məşhurluqdan ərim də narahatdı. Bilirsiniz də, bu kişi tayfası istəmir ki, qadın ondan qabağa keçsin.

– Xanım! Xanım! Bir dəqiqə susa bilərsiz?

– Aaa, əlbəttə, sizə nəsə lazımdır?

– Mən yuxu görə bilmirəm, kimə yaxınlaşa bilərəm?

– O qapıya yaxınlaşın. Orada pisxoloq var. O sizə kömək edə bilər. Görürəm, sizin əsəbləriniz pozulub. İnsan məşhur olanda da əsəbləri pozulur. Mənim bütün əsəblərim pozulub, ərimin də...”

Bir az da qalsam, mən dəli olacam. Bu qadın “sus” pozasını verəndə ürəyində mütləq donquldayırmış.

Bu psixoloqlar məni həmişə qorxudur. Adama elə gəlir, onlar ağlı başında olanı dəli eliyib yola salarlar.

Aaa, bu ki Freyddi. Siqaret çəkməkdən də dişi sapsarıdır. Yaman yaşlanıb yazıq.

– Buyurun, divanda uzanın, rahat nəfəs alın. Elə bilin ki, mən burda yoxam. Nə ağlınızdan keçirsə, danışın.

Yumşaq divandı, burda yatsam, heç yuxu görmərəm.

– Mən yuxu görmürəm, yəni yatanda gözlərimi yuman kimi elə dərin yatıram ki, bir də səhər oyanıram. Yuxular şüuraltının məhsuludursa, mən niyə yuxu görmürəm? Yoxsa şüuraltım zirzibillə doludur?

– Bilirsən, mən özüm də yuxu görmürəm, ümumiyyətlə şüuraltı boş şeydir, cəhənnəm olsun.

– Bəs onda yuxu nədir?”

– Yuxunu biz uydururuq. Xəyal etdiyimiz şeyləri, əlçatmaz ümidləri obrazlaşdırıb təsəlli tapırıq. Mistik şeylər insan üçün həmişə maraqlı olub. Yuxu da mistik aludəsi insanların uydurduğu şeylərdir.

– Mən də fikirləşirdim ki, yuxu görməməyim psixi problemim olduğuna dəlalət edir. Deməli, yuxu görənlərin psixi prbolemi var, mənim yox. Özümü o qədər xoşbəxt hiss edirəm ki, cənab Freyd, sizə nə qədər təşəkkür etsəm, az olar. Düzü, yuxu aləminin var olma ehtimalı məni həmişə qorxudub. Əgər yuxu aləmi varsa, bizim bu aləm necə olacaq? Bəs orada yaşayan mən necə olacaq? Yəni paralel aləmlər zad. Belə şeylər adamı dəli edir. Oxx! Bu divan necə də rahatdır. İcazə versəz, bir balaca mürügləyərdim.

Bu divan hansı firmanın məhsuludu, görəsən? Yəqin, import maldı, bizdə belə şeylər olmaz. Bizimkilər nəyi bacarır eee.

Bu ayağıma dəyən şey nədir belə? Qəribə bir sərinlikdi, elə bil nəsə dəniz qoxusu gəlir. İlahi, bu ki dənizdir. Xəzər həqiqətən göl imiş, bu ki əsl dənizdir, bəlkə də okean. Yaxşı ki, bu taxta parçası varmış.

– Ehheeyy, orda kimsə var? Dənizin ortasında qalmışam. Kömək edin, mənə kömək edin.

– Eşidirəm səni, gözəl oğlan. Niyə belə təlaşlısan, yoxsa qorxursan? Dənizə pislik etməyənə o da pislik etmir. Dənizi sev, o da səni sevəcək.

– Səənn... Sən kimsən? Sən suda necə üzürsən? Mən heç üzə bilmirəm. İki ay hovuza üzməyə getdim, heç cür öyrənə bilmədim. Biraz xloru çox qoyurdular, gözlərimi yandırırdı.

– Sakit ol, təlaşlanma, mən dəniz qızıyam, dənizdə yaşayıram. De görüm sən burda neynirsən?

Deyəsən, mən bu qızı hardansa tanıyıram. Yoxsa bu insanların arzusunu yerinə yetirən o məşhur dəniz qızıdır? Elədiki var, bu odur. Onun belə gözəl olduğunu bilmirdim. Dodaqları bir az Cülya Robertsə, gözləri Beyonsə, yox, yox onlar bunun əlinə su da tökə bilməzlər. Bu başqa aləmdir. İlahi, belə gözəllik ancaq yuxularda olar.

– Dəniz qızı, mən səni göydə axtarırdım, dənizdə tapdım. Hardasan neçə vaxtdır? Mənim dərdim böyükdür. Mən yuxu görə bilmirəm. Mən yuxu görmək istəyirəm. İstəyirəm yuxuda görəm ki, mən də dəniz oğlanı olmuşam, dənizin bu başından vurub ta o başından çıxıram. Səninlə dost oluruq. Okeanların əngin, mavi sonsuzluğunda əl-ələ üzürük. Bu mümkün ola bilərmi? Bu o qədər gözəl xəyaldır ki, yuxusu belə insana təsəlli verir.

– Sənin adın nədir?

Nə gözəl gülüşü var, İlahi. Görəsən, özümü suya atsam, üzə bilərəmmi?

– Mənim adım vacib deyil. Qoy dəniz oğlanı olsun, ya da dəniz kralı. Biz kişilər kral olmağı sevirik.

– Ha-ha. Yaxşı dəniz kralı. Demək, yuxu görmək istəyirsən. De görüm, yuxudan oyanandan sonra hər şeyin sadəcə yuxu olduğunu öyrənmək sənə çətin olmayacaq ki? Niyə bu dünya ilə yaşayıb razılaşmaq istəmirsən?

– Xəyallarım, dəniz qızı, sənin kimi gözəl xəyallarım var. O xəyalları sadəcə yuxularda gərçəkləşdirə bilərəm. Kim bilir, bəlkə də elə röya aləmində uyuyub qaldım, heç oyanmadım, səninlə sonsuzluğa üzüb getdim.

– Xəyalpərəstsən dəniz kralı, həm də çox. Eybi yox, sən indi o taxtanın üstünə uzan, mən sənə nəğmə oxuyacam. Sənə gözlərini aç deyəndə açarsan.

– Baş üstə, gözəllər gözəli, bax, uzandım, həm də ölü kimi.

– Gözlərini yum. Hiylə etsən, yuxu görə bilməzsən.

Yuxudur dünya, yuxudur aləm,

Sən yat oyansın, oyansın aləm.

# 1926 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #