Kulisin repressiya siyahısı rezonans doğurdu

Kulisin repressiya siyahısı rezonans doğurdu
26 oktyabr 2015
# 13:07

15 oktyabr 2015-ci il tarixdə Kulisdə yayımlanan «...əfv olmaz, güllələnsin!» adlı yazı oxucuların marağına səbəb olub. Məqalə xalqımızın nə qədər məhrumiyyətlərə məruz qaldığına, tarixin acı və ağır sınaqlardan keçdiyinə şahidlik edir. Oxucuların müəllifə çoxsaylı müraciətləri bir daha təsdiq edir ki, mövzu aktualdır və bu istiqamətdə ardıcıl, sistemli araşdırılmalar aparılmalıdır.

Həmin fikirlərin bir neçəsini təqdim edirik

Professor Asif Rüstəmli:

- Saytın dərc etdiyi məqalə-siyahı gələcəkdə hazırlanacaq bir ensiklopedik mənbə üçün əsas ola bilər: “Əlbəttə, bunun üçün sahə mütəxəssisləri birgə çalışmalı, səylərini birləşdirməli və pərakəndəliyə yol verilməməli, bədii-publisistik yaradıcılıqla məşğul olan repressiya qurbanlarından heç birinin həyat və fəaliyyəti diqqətdən kənarda qalmamalıdır. Mən həmin Siyahıya istedadlı qələm sahibləri Əli Yusif Rainin (Əli Cəlal oğlu Yusifzadə, 1900- 1937), Əbdürrəhman Dainin (Əbdürrəhman Əbdülov (1899-1937) adlarını da daxil edərdim.

Yazıçı-publisist Şəfəq Nasir:

- Babam Məhəmmədəli Hacı Məhəmmədzadə - Məmmədəli Nasir tanınmış Molla Nəsrəddinçilərdən olmuşdur. Yazılarında əsasən avam, yazıq, savadsız, fanatizmin təsirinə qapılan, çıxış yolunu Allahtaalanın "dərgahında" axtaran, məzlum və hüquqsuz camaatı bu acınacaqlı hala düçar edən mühiti tənqid atəşinə tuturdu. M.Ə.Nasir İrəvanda "Nəşr-Maarif" cəmiyyətində çalışır, inqilabi mübarizəyə qoşulur, gizli siyasi dərnəklərdə iştirak edir, həmçinin "Yeni təşəbbüs", “Məşəl", "İqbal", "Zənbur", "Məzəli", "Sovqat", "Açıq söz", "Sədayi-həqq", "Zəhmət sədası", "Yoldaş", "Azərbaycan füqərası" kimi mətbu orqanlarla əməkdaşlıq edirdi. O, mətbuatdakı və inqilabi hərəkatdakı fəaliyyətini xatırlayaraq deyirdi: "...Mənim gözümü "Molla Nəsrəddin" açdı ". Sovet dövründə vaxtaşırı mətbuatda maraqlı məqalələrlə çıxış edən Nasir 1926-1927-ci illərdə Cəlil Məmmədquluzadə ilə tez-tez görüşərdi. Babam da əksinqilabçı kimi repressiyaya məruz qalmışdır. "Molla Nəsrəddin" ədəbi məktəbinə mənsub olan M.Nasirin həyat və yaradıcılığı ilə bağlı "Məmmədəli Nasir" kitabımda ətraflı bəhs edilmişdir.

Dr. Toğrul Abdullayev:

- Atam Azərbaycanın tanınmış nasiri, istedadlı ədəbiyyatşünası, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1988), antisovet "İldırım" təşkilatının qurucularından biri Abdullayev Gülhüseyn Hüseyn oğlu (Gülhüseyn Hüseynoğlu) Stalin repressiyasının qurbanlarındandır. Şəxsiyyətə pərəstiş dövründə həbs edilmiş, 25 il azadlıqdan məhrum olunmuşdur. Yuxarıda deyilənlər repressiya ilə bağlı araşdırmaların vacibliyinə, aktuallığına, eyni zamanda həssaslığına və sahə mütəxəssislərinin üzərinə ciddi vəzifələrin düşdüyünə dəlalət edir.

# 1063 dəfə oxunub

Müəllifin son yazıları

# # #