"Cəmiyyətimizdə kitaba böyük hörmətsizlik var"

"Cəmiyyətimizdə kitaba böyük hörmətsizlik var"
12 yanvar 2015
# 17:12

“Əhalinin kitaba tələbatı çox zəifdir. Bizim ədəbiyyat ocağımız sayılan Gəncə şəhərində, yarım il əvvəl kitab evi açmışıq, amma bu yaxınlarda kitab evini artıq bağlamaq məcburiyyətində olduq. Çünki faktiki olaraq satış yoxdur, günə 3-4 kitab belə satılmır”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramında “Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli deyib.

Onun sözlərinə görə, kitaba olan tələbat baxımından Bakıda da vəziyyət fərqli deyil: “Kitab mağazası açmaq və onu idarə etmək çox çətindir, bunun üçün çox böyük bir əziyyət tələb olunur. 3 milyonluq Bakı şəhərində maksimum 15 kitab evi var. Bu, çox kədərli statistikadır. Əslində Bakı kimi böyük şəhərdə ən azı 500-600 kitab evi olmalıdır. Azərbaycan kimi böyük ölkədə isə ən azı 1500-1600 kitab evi olmalıdır. Bizdə isə Azərbaycan üzrə ümumilikdə cəmi 15 kitab evi var”.

Nigar Köçərli dünya təcrübəsində böyük supermarketlərdə xüsusi kitab satışı bölümü olduğuna diqqət çəkib: “Dünya üzrə statistika belədir ki, marketdə satışlar ümumi faizdən 10-12 faiz təşkil edir. Bu, həqiqətən yaxşı bir rəqəmdir. Mən hesab edirəm ki kitab əl çatan bir yerdə olmalıdır, marketdən nə isə almağa gedirsənsə niyə kitab da almayasan? Biz bu işi bəzi marketlərdə təşkil etmişdik. Düzdür, bu, çox çətin işdir. Həmin o market sahiblərini inandırmalısan ki, kitab lazımlı şeydir. Çünki bizə açıq şəkildə deyirlər ki, bu, nəyə lazımdır? Bir-iki ay işləyirik, sonra görürük ki həqiqətən böyük bir marketdə cəmi 5-6 kitab satılır, ümumi aylıq dövriyyə 50-60 manat təşkil edir. Sonra məcburən yığışdırmalı oluruq”.

Nigar Köçərli ölkədə kitab oxuyanların sayının hədsiz dərəcədə az olduğunu deyib: “Hətta "Əli və Nino" kitab evinin oxucularını bir-bir tanıyıram. Biz nə qədər desək ki, bu sahədə inkişaf var, bu, belə deyil. Sadəcə tutaq ki qabaqlar 50 oxucu vardı, indi onların sayı 100 olub. Bir tərəfdən iki qat artım var, o biri tərəfdən ümumu rəqəm çox aşağıdır. Cəmiyyətdə qəribə bir yanaşma var. Cəmiyyətin əksəriyyətində kitaba böyük bir hörmətsizlik var. Demək olar ki cəmiyyətin 90 faizi niyə kitab oxuyursan, gözünü kor edirsən deyə düşünür. Digər tərəfdən isə ziyalılar, həqiqətən kitabı sevən insanlar var, amma onların arasında da kitaba xüsusi bir münasibət var. Onlar kitaba müqəddəs bir əşya kimi yanaşırlar. Əlbəttə kitab müqəddəsdir, amma ondan hədsiz bir kult düzəltmək də düzgün deyil. Məncə kitab əlçatan bir yerdə olmalıdır. Bəzən tez-tez deyirlər ki, kitab oxumağa vaxt yoxdur. İnsan öz-özünə deməməlidir ki, mən bu gün saat 5-dən 6-ya qədər kitab oxuyacağam, kitaba belə yanaşmayaq. Televiziyaya baxmaq, gəzintiyə çıxmaq kimi kitab oxumaq da normal bir şeydir, burada xüsusi bir şey olmamalıdır. Malcolm Gladwell adında bir yazar var. Onun kitabında maraqlı bir süjetlə rastlaşdım. Yazar iki ailəni müqayisə edərək deyir ki, bir ailədə kitaba çox hörmətlə yanaşırlar, uşaq həmin ərazidə yerləşən kitabxanaya üzv yazılır, anası daim kitab oxumağın vacibliyindən danışır. O biri ailədə isə ümumiyyətlə kitab haqqında danışmırlar, amma evdə hər yer kitabla doludur. Həmin yazar bir sual verir ki, sizcə bu ailələrdən hansında uşaq daha çox kitab oxuyacaq. Müəllif deyir ki, əgər uşaq hər yerdə kitab görürsə, təbii Kİ, onu əlinə götürüb oxuyacaq, burAda xüsusi bir möcüzəyə ehtiyac yoxdur. Sadəcə kitab həyatımızda olmalıdır”.

Nigar Köçərli cəmiyyətdə kitaba marağın artırılması üçün gördükləri işlərdən danışıb: “Biz açıq havada yarmarka keçiririk. Bu yaxınlarda belə bir yarmarkada müxtəlif endirimli kitablar təklif etmişdik. Amma kitablara tərəf baxan belə yox idi, maksimum on dəqiqədən bir, bir nəfər gəlib baxıb gedirdi. Bu reaksiyanı görmək adama çox pis təsir edir. Uşaq ədəbiyyatına tələbat var, bəzən bu tələbatı təmin edə bilmirik. Eyni zamanda bir fakt da var – Harri Potter seriyasından olan kitablar dünyada 50-60 milyon tirajla buraxılırsa, Azərbaycanda cəmi 500 tirajla buraxılır. Biz bu tirajı belə bir ilə sata bilmirik. Bir tərəfdən hələlik yaxşı seçim yoxdur, bir tərəfdən isə kitab alan yoxdur”.

Qonaq Azərbaycanda əsas kitab oxuyanların gənclər olduğunu deyib: “Gənclərlə fəxr edirəm, çünki həqiqətən kitab oxuyanlar məhz onlardır. Gəncləri qınayırıq ki kitab oxumursunuz, amma oxucu auditoriyasının 70-80 faizi məhz gənclərdir. Amma bizim dayılarımız, əmilərimiz, xalalarımız ümumiyyətlə kitabdan uzaqdırlar, sanki kitabla bağlı onlarda böyük bir ümidsizlik var. Sanki hesab edirlər ki 90-cı ildən bu tərəfə ağıllı kitab nəşr olunmayıb. Bu, həqiqətən də böyük problemdir. Ola bilsin ki, 8 manat verib aldığınız kitab sizin və sizin uşağınızın həyatını dəyişəcək. Mən əminəm ki bu kitab sizə çox vacibdir, 20-50 ildən sonra da siz onu unutmayacaqsınız. Axı kitab insanı formalaşdırır. Kiminsə maliyyə problemi ola bilər, amma yenə də “kitab bahadır deyə biz onu almırıq” demək sadəcə bir bəhanədir. Təbii ki bölgələrdə maliyyə problemi var, amma məncə əsas problem o deyil. Belə bir deyim var - "Kasıb adamın evində böyük televizor, varlı adamın evində isə böyük kitabxana olur". Mən bu fikirlər tamamilə razıyam, çünki kitab oxumaq uğura aparan bir yoldur. Cəmiyyət başqa şeylərə alışıb, amma bizim də missiyamız odur ki, kitab oxumaq çox vacibdir, təhsil çox vacibdir, sizi uğura bu aparacaq”.

Nigar Köçərli deyib ki, oxucuları yüngül sayıla biləcək ədəbiyyata meyl etməyə görə qınamaq düzgün deyil: “İnsanı ümumiyyətlə qınamaq olmaz ki, kitab oxumur, ya da oxuyanda da tutaq ki Elxan Elatlını oxuyur. Qınamaq yox, danışmaq, öyrətmək lazımdır. Mən düşünürəm ki bu gün Elxan Elatlını oxuyan gələcəkdə bir pillə yuxarı qalxacaq, Çingiz Abdullayevi oxuyacaq, Aleksandr Dümanı oxuyacaq, sonra Oşonu oxuyacaq, beləcə pillə-pillə artacaq. Ona görə də heç kəsi qorxutmaq, özümüzdən uzaqlaşdırmaq düzgün deyil, əksinə hər kəsi özümüzə yaxın etməliyik”.

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi 2014-cü ildə ən çox satılan kitabın adını da açıqlayıb: “Bizdə ilin ən yaxşı əsəri, ən çox satılan əsəri Xalid Hüseyninin "Çərpələng uçuran" əsəridir. Fəxr edirəm ki oxucumuz belə ağıllı, belə intellektualdır. Rusdilli auditoriyanın bu ilki seçimi isə sevgi romanları olub. Bizim oxucuların 90 faizi rus dillilərdir, bu tendensiya hələ də davam edir. Görünür hələ də bir neçə il də davam edəcək, ən azından bu insanlar olmasaydı, biz çoxdan dükanları bağlayardıq. Yalnız Azərbaycan dilində olan kitabları satmaqla bu ölkədə demirəm pul qazanmaq, ziyana işləməmək belə mümkün deyil. Digər tərəfdən sevinirəm ki Azərbaycan dilində oxucuların sayı az olsa da, çox yaxşı və keyfiyyətli ədəbiyyatı seçirlər, bu çox gözəl göstəricidir. Mən çox istəyirəm ki insanlar nə isə oxusunlar, hətta metroda gedirlərsə, orada bir yazı varsa, onu oxusunlar, reklamı oxusunlar, təki oxumaq qabiliyyətini itirməsinlər”.

Nigar Köçərli kitab nəşrində estetik göstəricilərə əməl edilməsinin vacibliyi fikri ilə razıdır: “Təbii ki, burada estetika da olmalıdır, oxuduğun kitab gözəl olmalıdır. Hər kitabın öz yeri var. Maraqlı bir faktdır ki Azərbaycanda bir oxucu kitaba 5 manatdan çox pul verə bilmir. Biz də əvvəl 5 manatdan başladıq, dedik ki bu psixoloji baryeri aşaq. Burada pis bir vərdiş də var. Bizim şairlərimiz, yazıçılarımız kitabları öz hesabına çap edirlər, sata bilmirlər və başlayırlar pulsuz paylamağa. Ona görə də insanlar alışıblar ki kitab pulsuz olar, bu isə kitaba qarşı böyük bir hörmətsizlikdir. Biz artıq kitabları qalın üzlükdə çap etdirməyə başlamışıq və bu çox gözəl alınır. Hələlik ölkədə poliqrafiyanın səviyyəsi çox zəifdir, amma zaman-zaman bu düzələcək. Təbii ki, səhvlər olanda kitaba maraq da azalır və bu, kitabı gözdən salır. Əslində danışdığımız bu problemlərin ən asanı budur, təcrübə lazımdır, dil özü də inkişaf edir. Və təbii ki hər ölkədə kitabların nəşrinə dövlət dəstəyi olmalıdır. Dövlət səviyyəsində kitab siyasəti ilə bağlı proqramlar olmalı, orta və ali məktəblərdə yarmarkalar keçirilməlidir”.

# 952 dəfə oxunub

Müəllifin son yazıları

# # #