Əkrəm Əylislinin məşhurlarla bağlı yuxuları

Əkrəm Əylislinin məşhurlarla bağlı yuxuları
24 iyun 2014
# 12:28

Kulis.Az yazıçı Əkrəm Əylislinin “Əylisdən Əylisəcən” memuarından hissələri təqdim edir.

Əkrəm Əylislinin Qaqarinli XATİRƏLƏRİ

Stalinlə səhərə qədər içmiş yazıçı - Əkrəm Əylislinin xatirələri

"Fikrət Qoca Əlcəzairdə fransızlara qarşı vuruşmaq istəyirdi"

Əkrəm Əylisli Nazim Hikmətin yalanını necə tutdu?

Nəhənglərin döyüşü: Əkrəm Əylisli ilə Mirzə İbrahimovun davası

Nəhənglərin döyüşü: Mirzə İbrahimov və Əkrəm Əylisli

Rəsul Rza pivəxananı niyə bağlatdırdı?

Anar Elçinin üzünə necə bozardısa...

“Axund”un Səməd Vurğundan niyə zəhləsi gedirdi?

Yusif Səmədoğlunun ikinci parçası heç nədi...

ÜÇÜNCÜ ŞƏNBƏ – BAZAR

YAŞIL BLOKNOTUN NAĞILI

Əgər bundan əvvəlki iki “gündəlik”də olduğu kimi, bu şənbənin söhbətini də günün ilk ovqatından başlayası olsam, onda hüzurunuza ərz etməliyəm ki, bu səhər mən “təpədən dırnağacan” gecə gördüyüm yuxunun təsiri altındayam.

“YERUSƏLİM! YERUSƏLİM!..”

Yenə yuxuda Əylisdə öz tikdiyim evi axtarırdım. (O EVƏ gedib çatmaq nə yaman çətin oldu, Pərvərdigara!)

Evimi axtara-axtara bu dəfə gedib ƏLMÜZÜRƏ çıxmışdım. (Əlmüzür Əylislə Nüsnüsün arasında insan yaşamayan bir dar dərədir).

Haradansa qulağıma səs gəlirdi: “YERUSƏLİM! YERUSƏLİM!..” Səs Natiqin (Natiq Səfərovun) səsi idi, bəs özü hardaydı Natiqin? Sonra görürəm ki, məndən aralıda dərənin o başındakı qayalar qədim qala divarlarıdır və Natiq, təsbeh çevirə-çevirə, o qala divarlarının arası ilə “YERUSƏLİMDƏN” yavaş-yavaş mənə tərəf gəlir.

Yuxudan ayılanda birinci, “YERUSƏLİM” sözünə heyrət eləyirəm. Sonra Natiqin dilindən heç vaxt eşitmədiyim bu sözün yuxuda və (məhz Natiqin dilində!) necə təbii və inandırıcı səslənməyi məni heyrətə gətirir.

Sonra yadıma düşür ki, elə həyatda da Natiq çox vaxt mənə, başqalarına nisbətən, bir az qədim adam təsiri bağışlayıb və o təsbehli “Yerusəlim məsələsi” də yəqin ki, “yuxu dilində” elə qədimlik deməkdir.

... Amma bir şeydən axıracan şübhəli qalıram. Düşünürəm ki, bizim əsl həyatımız bəlkə yuxudakı həyatımızdır və bizim, yuxudakı, o ƏSL HƏYATIMIZDA bəlkə Natiq elə doğrudan da tez-tez Yerusəlimə gedib-gəlir...

İŞIQSIZ QALMAQ QORXUSU

Bilmirəm, haçandan bəridir ki, “ev mövzusu” mənim əksər yuxularımın başlıca mövzusu olub. Yuxularımda bəlkə yüz dəfə görmüşəm ki, evimi ya kiməsə satmışam, ya kiminləsə dəyişmişəm – başqa mənzilə köçmüşəm və köçdüyüm o mənzilin hər şeyi var – təkcə işıqdan savayı...

Evi dəyişməyimin, ya satmağımın əzabını çəkə-çəkə və köhnə mənzilimdəki işığı axtara-axtara – Bakıda, Moskvada, İstanbulda və Nyu-Yorkda – bu dünyanın neçə-neçə işıqsız mənzilində mən dönə-dönə lələgiryan qalmışam. Və hər dəfə yuxudan ayılıb, evimi satmadığıma, ya dəyişmədiyimə ürək dolusu sevinmişəm.

Bakıda üç dəfə ev dəyişmişəm: bir otaqlı şərikli mənzildən bir otaqlı şəriksiz mənzilə. Sonra – indiki üçotaqlı mənzilimə.

İndiki evim (qəsdən “mənzil” demirəm) 10-cu, axırıncı mərtəbədədir. Axırıncı mərtəbənin bəzi problemləri də olur. Məsələn: qar-yağış problemi, dəyişkən “heyətlərdə” (və kiçik fasilələrlə) damda məskən salıb, hər cür murdarçılıq törədən “bomjlarla” barışmaz sinfi mübarizə... Ancaq mən öz mənzilimdən narazı deyiləm. Əksinə: qorxuram ki, üzüdönmüş çərxi-fələk bir vaxt bu mənzili də mənə çox görə və mən – Bakıda, Moskvada, İstanbulda, ya Nyu-Yorkda – işıqsız bir mənzildə indiki bu mənzilimdəki işığın həsrətini çəkə-çəkə qalam.

Əgər qorxmasaydım, neçə vaxtdan bəri mən – bu qədər ardıcıllıqla EV YUXULARI görməzdim.

BİR YAŞIL BLOKNOTUM VAR

Açıb vərəqləyirəm.

Bu yaşıl bloknotda mən gördüyüm yuxuları hərdən yazıb saxlamağa çalışmışam. Bir də burada bəzi kiçik qeydlər eləmişəm. Gördüyüm yuxuların və elədiyim qeydlərin tarixini də çox yerdə göstərmişəm. Normal gündəlik yazmağa heç vaxt zorum çatmayıb. (Normal gündəlik yazmaq üçün normal hövsələ lazımdır).

Bloknotu hələ axıracan vərəqləməmiş aydın xətlə yazdığım bir neçə cümlə diqqətimi o saatca özünə çəkir.

OKTYABR, 98

Şəhərin həmişə tünlük olan Nizami küçəsində, “Vətən” kinoteatrının yanında İSA İSMAYILZADƏYƏ rast gəlirəm. Ancaq indi şəhər bomboşdur, heç yerdə ins-cins gözə dəymir.

Bilirəm ki, İsa ölüb. Amma özümü o yerə qoymuram. İstəyirəm anlayam: İsanın özü də öldüyünü bilir, ya bilmir?

Çox ehtiyatla:

- Hardaydın? – deyirəm.

İsa, yazıq və taqsırkar görkəmdə :

- İşləyirdim, - deyir.

- Nə iş görürdün ki, İsa? - Qorxa-qorxa xəbər alıram.

- BUTILKA YIĞIRDIM... – İsa titrək səslə belə deyir və deyəsən, vidalaşmaq üçün əlini mənə uzadır.

Ancaq İsanın mənə uzatdığı əli, hiss eləyirəm ki, yoxdur. (Daha doğrusu: əlin “havası” var, özü yoxdur).

Rənglər: boz-bulanıq.

Dünya: kimsəsiz və alaqaranlıq.

6 MAY, 90

Hardasa alaqaranlıq, böyük bir zal. Zalda Şukşin də əyləşib. Mən Qorbaçovun necə adam olduğunu Şukşindən soruşmaq istəyirəm.

Birdən Şuşkin ayağa durur: ağlamaq istəyir, ağlaya bilmir. Mən də ağlamaq istəyirəm - alınmır.

165

Sonra Şuşkin mənim qolumdan tutub, zaldan çıxarır.

Həyətdə - su kranı. Kranı açırıq, ancaq su gəlmir.

Sonra su gəlir. Mən o suyu ovuc-ovuc doldurub, üzümə vururam.

Amma üzüm o suyu hiss eləmir.

2 APREL, 91

Bu gecə yuxumda bir körpə qız uşağının balaca, ağappaq əllərini öpdükcə öpürdüm və bundan bir qəribə (ilahi) ləzzət alırdım...

7 APREL, 92

Əyalət xəstəxanasında baş həkimin qəbul otağı. Alaqaranlıq pinti və miskin bir mənzərə. baş həkim kabinetindən çıxır və sifətində öldürücü bir biganəlik, dayanıb mənə baxır.

- Analizlərinizi yoxlamışıq, - deyir, - canınızda vur-tut bir uşaq canındakı qədər güc qalib.

- Yəni, deyirsiz, öləcəyəm? – soruşuram.

Yenə o öldürücü biganəliklə və üstəlik ləzzətlə gülə-gülə həkim deyir:

- Hə, də, elə çıxır.

Sonra görürəm ki, qəbul otağında – məndən və həkimdən savayı – bir saçı-saqqalı ağarmış qoca kişi də var. Otağın lap uzaq bir küncündə (bircə qara trusikdə!) yazıq bir görkəmdə oturmuş o qocanın Lev Tolstoy olduğunu görəndə ürəyimdə qəribə bir təskinlik tapıram.

Ayılıb görürəm ki, hava bir gecədə tamam dəyişib: dünənki xoş havadan heç əsər-əlamət də qalmayıb, elə bil payız təzədən qayıdıb.

1 MAY, 92

Əylisdə - suyu qurumuş bir arxın qırağında oturmuşdum. Birdən, bir yaralı qumru özünü arxa çırpdı. Quşu əziyyətdən qurtarmaq üçün mən onun boğazını üzdüm. Ancaq qumrunun boğazından bir zərrə də qan çıxmadı. Canımı dişimə tutub, qumrunun boğazını var gücümlə bir də sıxdım. QAN ÇIXDI!

Yuxudan soyuq tər içində ayıldım və o saat başa düşdüm ki, bu oyun ürəyin oyunudur.

Əgər o qumrunun qanı çıxmasaydı, çox güman ki, elə yuxudaca məni infarkt vura bilərdi.

  1. YANVAR, 90

Şüvəlandakı Yaradıcılıq Evinin həndəvərində gəzə-gəzə, bir də görürəm ki, gedib Türkanda Xəlil Rzanın bağına çıxmışam.

Xəlilin bağı müdhiş bir səliqəsizlik içindədir. Haçansa kəsilib tökülmüş meyvə çubuqları nə ki var yerdə qalıb. Bağın otu biçilməyib, tutun, əncirin meyvəsi yerə tökülüb, ağacların dibindəcə çürüyüb...

Sonra otluğun-çayırlığın içində, lap yaxında, təzəcə kəsilib atılmış insan başı görürəm. Baş keşiş – başına oxşayır: keşişin iri, mapmavi gözləri və şəvə kimi qapqara saqqalı var. Sonra görürəm ki, o saqqal – saqqal-zad deyil, bir topa qapqara qarışqadır.

Sonra (çox zəhmli-vahiməli musiqi sədaları altında) bir dünya ATLI QARIŞQANIN üstümə hücum çəkməyə hazır dayandığını görürəm.

Və bu yerdə Xəlilin səsi mənim dadıma çatır. Səs hardansa damın dalından gəlir:

- Haydı igidlərim! – Xəlil “öz ordusuna” komanda verib, qarışqa sürüsünü başqa istiqamətə yönəldir və xata-bəlanı məndən sovuşdurur.

Yuxudan ayılan kimi bir yaz Əylisdə (hədsiz miqdarda!) əsl bəla kimi qəfildən peyda olub, bütün kəndi zinhara gətirən “qarışqa müsibəti” yadıma düşür. O qarışqalara Əylisdə “atlı qarışqa” deyirdilər, çünki onların – ayaqlarından savayı – həm də qanadları vardı və onlar istədikləri vaxt istədikləri yerə hücum çəkib, çörəyə, qəndə, qovurma küpəsinə və pendir motalına daraşıb, kənddə bütün evlərə talan sala bilirdilər.

Ancaq o qarışqa əhvalatı ən azı 55 ilin əhvalatıydı. Və məni dəhşətə gətirən də elə bu idi ki, o zamandan ötüb keçən bu boyda vaxt ərzində bu, birinci dəfəydi ki, o ATLI QARIŞQA əhvalatı mənim yadıma düşürdü.

Yaddaşın, deməli, belə-belə işləri də varmış: nəyi nə vaxtacan gizlədib saxlamağın yolunu Yaddaş necə də yaxşı bilirmiş!..

ALLAH VƏ YADDAŞ – bəlkə hər ikisi eyni yerdə yaşayır.

  1. İYUL, 95

Əylisdə qəbiristanlıqdan yuxarıdakı təpədə durmuşdum. Solğun, soyuq bir mənzərəydi. Sonra üfüqdə nöqtə boyda çəhrayı işıq yandı. Və elə bil o işıq dil açıb, mənə dedi ki: qorxma, dünya Allahındır, şeytanın deyil. Və nə qədər ki, dünya durur, dünyada bir zərrə işıq mütləq olacaq.

12 NOYABR, 95

Əylisdən bir-iki dağ yuxarıda – Dırnısa bənzər bir kənd. Kənddə heç kəs yox idi. Amma heç kəsin olmamağının vahiməsi kənddə vardı.

8 İYUL, 96

Keçmiş, çox yaxın bir dostum (Opera teatrında) təzəcə tribunaya yanaşıb söz demək istəyirdi. Birdən, zalda, gözü mənə sataşdı və bu zaman birdən-birə hönkürüb, elə bir ağlamaq ağladı ki, ürəyim az qaldı yerindən qopa.

Yuxudan ayılıb gördüm ki, balıncım göz yaşından əməllicə islanıb.

16 MART, 97

Yuxumda Moskvadayam. Bakıya qayıtmaq üçün sabaha bilet almışam. Yoldayam. Gəzə-gəzə "Manej" meydanından üzüyuxarı "Rossiya" mehmanxanasına gedirəm. Mavzoleyin qabağında bir qırmızı paltarlı qaraçı qadın məni zorla saxlayır və ovcumun içindəki qarmaqarışıq cızıqlara baxıb, laqeydcəsinə deyir: “SƏN AYIN 25-də ÖZ EVİNDƏ ÖLƏCƏKSƏN”.

Qorxmuşam. Özümü güc-bəla mehmanxanaya yetirirəm. Otaq qaranlıqdır. İşığı yandırmaq istəyirəm, işıq yanmır. Qaranlıq otağın bir küncündən birdən bir adam ayağa qalxıb, əlində tutduğu qalın kitabı bir müddət kirimişcə vərəqləyəndən sonra hədsiz dərəcədə qədim bir səslə, olduqca astadan və hər sözü hecalaya-hecalaya deyir: “BƏLİ, DÜZ 25-DƏ MÜTLƏQ ÖZ EVİNDƏ”. Özümü birtəhər ələ alıb: “HANSI EVİMDƏ?” – deyirəm. Çünki haradasa – ürəyimin bir yerində bu adamın mənim Əylisdəki evimdən xəbəri olub-olmadığından bərk şübhəliyəm. Otağın qaranlıq küncündən bir müddət səs-səmir gəlmir. Və sonra, nəhayət, o səs bir də gəlir: “ƏYLİSDƏ DƏ!.. BƏS HARDA ÖLMƏK İSTƏYİRSƏN?”

İndi mən necə sevinirəm, Allah.. Qorxum, narahatlığım büsbütün çəkilib gedir.

... Guya Əylisdə ölmək – ölmək yox, toy-bayrammış!..

16 APREL, 97

Əylisin köhnə bağlarının birində bir qoca armud ağacının dibində yamyaşıl çəmənlikdə oturmuşam. Qardaşım Cavid də yanımdadır.

Cavidi inandırmağa çalışıram ki, mən bir azdan mütləq öləcəyəm. Və bir azdan mütləq öləcəyimə özüm tam arxayınam.

Əvvəl Cavid mənim öləcəyimə heç cür inanmaq istəmir. Sonra elə bil gözlərimin içində nəsə qeyri-adi bir şey görüb, dediyimə birdən-birə inanır və durub kəndə tərəf qaçır.

Cavid gedəndən sonra da mən bir müddət rahatca oturub, SƏMİMİ İNTİZARLA ölümün gəlməyini gözləyirəm. Ancaq ölüm gəlmir. Bayaqdan bədənimdə bir ləzzətli isti meh kimi gəzən ölmək ümidi də sonra, yavaş-yavaş, elə bil buxarlanıb canımdan çıxır. Məndəki o “ölüm rahatlığını” indi yaşamaq məcburiyyətinin real məsuliyyəti əvəz eləyir. Bilirəm ki, durub qaçmalıyam: özümü Caviddən qabaq evə yetirməliyəm ki, hələ ölmədiyimi anama xəbər verim.

27 AVQUST, 97

Yuxumda – dayımgilin qapısının həndəvərində - ləzzətlə uçurdum. Axşamtərəfiydi. Küçənin bozumtul havasında qəribə bir yumşaqlıq, həzinlik, mülayimlik vardı. Bir də iy: palçıq iyi, peyin iyi, təndir iyi... Bir sözlə, haçansa illər uzunu o küçədə burnuma dəyən bütün iylər yuxuda birdən-birə nə ki var, dirilmişdi.

2 DEKABR, 97

Yerimə girib, gözümü yuman kimi – elə təzəcə mürgələyər-mürgüləməz – bir də baxıb gördüm ki, başımın üstündə dumduru günəş dayanıb. O günəş hardan gəlmişdi, Allah!.. O günəş niyə mənə ağlamaq dərəcəsində tanış gəlirdi?.. Mən onu haçan görmüşdüm, harda görmüşdüm?..

YAŞIL BLOKNOTUN NAĞILINI BURDACA BİTİRMƏK İSTƏYİRƏM

Ancaq mənim o yaşıl bloknotda zaman-zaman qələmə alıb, bu gün ilk dəfə məhz sizə danışdığım bu, bir silsilə yuxu orada qələmə alınmış yuxuların, əlbəttə, hamısı deyil. Çox intim, bir də kimdənsə, kimlərdənsə son dərəcə incik yuxularımı mən sizə, söz yox ki, danışa bilməzdim. Və bir də mən sizə o yuxuları danışmadım ki, orada mənim haçansa yazılacaq hekayə, ya povestimin real mənzərəsəi, canlı materialı var.

Hər yuxudan əsər yazmaq olar: buna yəqin ki, siz də inanırsınız. Ancaq istərdim buna da inanasınız ki, bu şənbəylə bazarı o yaşıl bloknota həsr eləməyi mən əvvəlcədən planlaşdırmamışdım. Hətta dünən gecə Əlmüzür dərəsində “Yerusəlim! Yerusəlim!” deyə-deyə aləmə səs salmış Natiqin səhərəcən qulağımda qalan titrək səsi də bəlkə məni o yaşıl bloknota bu dərəcədə bağlaya bilməzdi. Bu işdə heç şübhəsiz, havanın da rolu oldu. Bir üzü boz, bir üzü qara: bu şənbə Bakının havası xalis payız havasıydı.

... Otağımda gün işığı olmayanda mən ÖZ SÖZÜMÜN “sifətini” yaxşı görə bilmirəm. Və bəlkə buna görə də qışda və payızın son aylarında, demək olar ki, heç nə yazmıram.

Bəli, belə-belə işlər...

DÖRDÜNCÜ ŞƏNBƏ – BAZAR

TELEFON ZƏNGİ

“MƏNİ HEÇ BİR İÇKİ, HEÇ BİR YEMƏK ZƏHƏRLƏYƏ BİLMƏZ! MƏN İNSANLARDAN ZƏHƏRLƏNİRƏM”.

(Natiq Səfərovun nitqlərindən)

Bu səhər yuxudan telefon səsinə oyanıraş. Dəstəyi qorxa-qorxa götürürəm. Ancaq tez də ürəyim yerinə gəlir. Çünki zəng eləyən köhnə tanışımdır, həm də, necə deyərlər, müsbət adamdır.

Ənənəvi salam-kalamdan sonra MÜSBƏT ADAM mətləbə keçir:

- O FİLANKƏS (tanışım filankəsin adını da deyir) yenə gəzib hər yerdə deyir ki, Əkrəm əsər yaza bilmir, ona görə də belə-belə mənasız şeylər yazır.

Tanışımın səsində əməlli-başlı həyəcan var, narahatlıq var. Bu əsassız narahatlıq, deyəsən, yavaş-yavaş mənim də içimə dolur. Ona görə ki, “Filankəs” dediyim o adamın adı mənə yaxşı tanışdır. Ancaq bu adın sahibi ilə mənim nə keçmişdə hər hansı bir münaqişəm olub, nə də indi hər hansı (yaxşı, ya pis) münasibətim var.

Bir sözlə, indiki rolunda bu adam məndən ötrü tamamilə yeni adamdır. Deməli, köhnə dəyirman öz işindədir. Deməli, o küt, köhnə balta vaxtaşırı təzə adamların əlinə keçir. Deməli, bir vaxt mən o povest və hekayələri yazdığıma görə təqib olunmuşamsa, indi o povest və hekayələri yazmadığıma görə də yenə təqib olunmalıyam.

Fələyin qara çarxının mənim vücudum ətrafında bu dərəcədə “ahəngdar” gərdişi axı məni necə heyrətləndirməyə bilər?..

Bir müddət çaşıb qalıram. Sonra özümü ələ alıb:

- Ona deyəydin ki, “belə-belə mənasız şeylərdən” bir-ikisini də özü yazsın da, - deyirəm. Çünki o, “filankəs” dediyimiz də məmləkətin yazan ərlərindəndir. Və elə bu sözləri deyə-deyə də başa düşürəm ki, dediyimin heç bir mənası yoxdur.

Araya başqa söz salıb, söhbətin mövzusunu dəyişirəm. Ancaq hiss eləyirəm ki, içim pisdir. İçim murdarlanıb elə bil. Və mənim əsər yaza bilməməyimin “dərin narahatlığını keçirən” o FİLANKƏS, elə bilirəm ki, bu saatın özündə də haradasa kiməsə yenə məndən danışır. Özü də, mənə elə gəlir, o adam bir yerdə deyil, hər yerdədir. O adamın sanki min illərdən bəri məni qarabaqara izləyən işıqsız, qansız sifəti içimi əməllicə üşüdür. Hətta, elə bilirəm ki, bəndənizi min illərdən bəri qarabaqara izləyən o sifət haradansa yol tapıb hətta içimə də dürtülə bilib.

Əl-üzümü yuya-yuya o sifəti içimdən qusmaq istəyirəm. Və eyni vaxtda da düşünürəm ki, bunu mənası yoxdur. Çünki bu filankəsi qusacaqsan, o biri filankəs gəlib onun yerini tutacaq. Sonra belə bir qəti qərara gəlirəm ki, Allah məni yaradanda yəqin şeytan da cəld əl-ayağa düşüb, özünə oxşar bir əbləhi yaradıb dalımca salıb ki, o əbləh ömrümün axırınacan məni təqib eləsin. Bəli, şeytanın barmağı olan yerdə insandan da həqiqətən zəhərlənmək olar. (Bunu Natiq Səfərov tamamilə doğru deyir).

Ha istəyirəm fikrimi başqa səmtə yönəldəm – alınmır, əmələ gəlmir. Fikirləşirəm ki, o FİLANKƏS şeytan törəməsinin mənim “əsər yaza bilməməyimdən” bu dərəcədə narahatlıq keçirməyinin – genetik şeytançılıq məsələlərindən əlavə - başqa bir səbəbi də ola bilər, ya ola bilməz?... Axı o, hardan bilir ki, mən “əsər” yazıram, ya yazmıram. Bəlkə mənim, gop olmasın, bir yox, lap bir neçə romanım var, ancaq mən o romanları çap etdirmək istəmirəm, ya da, deyək ki, onları çap etdirməyə pulum yoxdur.

Bəli, Natiq əfəndi, insan zəhəri də, demək, qana keçə bilirmiş. Ancaq sən də inan mənə: əgər insan öz işində möhkəm olsa, o zəhərin ondan ötrü ən uzağı ürək bulandırmaq qədərində zoru ola bilər. Bundan o yana keçə bilməz. Məsələn: bax, elə bu gün – o zəhər qanımda ola-ola – mən öz işimi görəcəyəm. Çünki bu işi əvvəlcədən planlaşdırmışam və heç bir şeytan zəhəri bu planı poza bilməz.

LƏNƏT ŞEYTANA, DEYİRƏM:

“Yaşıl bloknotu" açıb qabağıma qoyuram və bundan əvvəlki “gündəliyimdən” sizə tanış olan “yuxu yazılarının” arasında orda-burda elədiyim qeydlərimin bəzilərini kağızdan-kağıza köçürməyə başlayıram.

MƏNƏVİYYATIN ÖLÜMÜ

“26-lar” bağında İsmayıl Şıxlıya rast gəldim. Yorğun və xəstəhal idi. Bağda gəzə-gəzə söhbət eləyirdik. Birdən İsmayıl müəllim dayandı.

- Mənəviyyat-zad qurtardı! - dedi və dəhşətli bir ah çəkdi.

Ayrılanda:

- Hara gedirsiz? - dedim. Dedi:

- Meydana – mitinqə gedirəm.

CANAVARLAR

Bəlkə otuz il bundan qabağın əhvalatıdır. Yusif Səmədoğlu ilə o zamankı zooparka getmişdik. Zooparka girən kimi qəfəsdə birinci gördüyümüz, deyəsən, canavarlar idi. Yusifin canavarlara bərk aludə olduğunu görüb, müvəqqəti Yusifdən aralanıb, təkbaşına dolanmağı qərara aldım. Və gedib, xeyli gəzib-dolanandan sonra qayıdıb gördüm ki, Yusif elə oradaca – canavarların qəfəsinin yanında durub.

- Mənim ən çox sevdiyim heyvandır, - dedi.

Yusifin dediyi əvvəl məni əməllicə heyrətləndirdi. Çünki mənə - kənd uşağına görə yer üzünün bəlkə ən əclaf heyvanı canavar idi. Sonra məsələnin məğzi mənə aydın oldu. Başa düşdüm ki, qışda – qarda-çovğunda dəyirmana dən aparmayan, yayda dağın kəlləsində qoyun-quzu güdməyən şəhər uşağının ürəyində canavar qorxusu hardan ola bilər... Bir də, fikirləşdim ki, təbiət təkcə mərhəmətli deyil, həm də bəs deyincə qəddar və zalımdır. Və təbiətə münasibətdə şəhər uşağı kənd uşağından yəqin ki, qat-qat rəhmdil və humanistdir. Ancaq bu rəhmdillikdə-humanistlikdə

heyif ki, təbiətin özündən heç nə yoxdur.

KAMANÇAÇI HABİL RADİODA DEYİRDİ:

- Kamançanı əlimə götürəndən, onun səsindən həmişə zəhləm gedib. Sonra çalışdım necə eləyim ki, bu səsdən xoşum gəlsin. Kamançanın başına min cür oyun açıb, ondan cürbəcür səslər çıxartdım... Və bir də baxıb gördüm ki, kamançanın səsindən xoşum gəlir.

Zahirən çox adi, əslində olduqca dərin sözdür. Burada söhbət sənətkarın öz üslubunu necə axtarıb tapmağından gedir.

Burası ədəbiyyatda da eynilə belədir: biz də öz üslubumuzu tapanacan sözün başına min cür oyun açırıq.

HARRİ KASPAROVUN MÜSAHİBƏSİ

"Arqumentı i faktı" qəzetində (mart, 93) böyük şahmatçı deyir ki, daha məndən ötrü “Bakı” adda şəhər yoxdur. O şəhər mənimçün ölüb...

Kim kimi itirdi, görəsən: Kasparov bakını itirdi, yoxsa bakı Kasparovu?..

Məncə, hər iki halda itki ağır itkidir.

RAMİZİ FİKİRLƏŞİRƏM:

Şairin milləti olmur. Şairin Allahı olur... O da gah olur, gah da olmur.

MÖVLUD - "SƏS" :

Sözun sehri var, canı yoxdur.

PUŞKİN:

"Mən darıxmaqdan çəkdiyim əzabı heç bir ağrıdan çəkməmişəm".

ERNST NEİZVESTNI YELTSİNİN HAQQINDA DEYİR:

"Bu adamın uşaqlığı hələ canındadır. Bu adamda hələ ölməyib o uşaqlıq.Əgər insanda uşaqlıqdan nəsə qalırsa, deməli, ölməyib o

insan".

PREZİDENT SEÇKİLƏRİ KAMPANİYASINDA TELEVİZORDA BİR NAMİZƏDİN ÇIXIŞINA BAXIRAM:

Simasız, əxlaqsız, həyasız və allahsız bir cəsarət... Xalis vəba kimi!..

BUDDA DEYİR:

"Mən bu dünyanın qaranlığında ölməzlik təbili çalanam".

QORKİ DEYİR:

"Dünya insan üçün qaranlıq gecədir. Burada öz işığını hər kəs özü tapmalıdır".

AĞAMALI SADİQİN YASINDA MOLLA MƏHƏMMƏD DEYİRDİ:

“Zahirdə xalqla, batində haqqla”.

Zahirdən çox cazibədar səslənir. Ancaq xalqla zahirdə xoş rəftar eləyənlərin batinindəki “haqq” mənə çox şübhəli görünür.

"DƏDƏ QORQUD"

Dərin bəşəri məzmunu və mətləbi olan əsərlərin dil materialını da sanki Allah öz ruhunun mayası ilə yoğurur. Bu cür əsərlərin hər sözündə Tanrının və Tarixin səsi, nəfəsi duyulur.

Belə əsərlərin biri də “Dədə Qorqud” dastanıdır. Allah günahımdan keçsin: hərdən mənə elə gəlir ki, heç Quran olmasaydı da, “Dədə Qorqud” dastanındakı mənəvi enerjinin hesabına biz, millət olaraq, yaşaya bilərdik.

ALLAHA YAXINLIQ

Allaha nə qədər yaxın olursansa, Ona bir o qədər lazım olursan. Çalış, Allaha lazım ol.

YUXU

Yuxu dediyin nədir?

Ayıqkən düşündüyümüz və arzuladığımızın gah cənnəti, gah da cəhənnəmidir.

ALMAN DÜŞÜNCƏSİ

“Znamaya”da German Hessenin “Nyurinberqə səyahət” adlı yazısını oxuyandan sonra elə bildim ki, yazını mən yazmışam... Henrix Böllün əsərlərini oxuyanda da mən bu hissi həmişə keçirmişəm. Görəsən, alman düşüncəsi niyə mənə bu dərəcədə yaxındır?..

RUSCA ŞEİR

Yuxuda rusca şeir qoşmağa çalışıram və görürəm ki, alınır.

Çox asanca qoşduğum iki misranı, yuxuda qəribə bir ləzzətlə, dönə-dönə təkrar eləyirəm:

Pust mne budet qrustno,

Çem qryazno i pusto..

Yuxudan ayılıb, düşünürəm: Allah məni rusca şeir yazmaqdan saxlasın.

VALENTİN RASPUTİNİN FİKRİDİR:

“İfrat populyarlığa hər şeyin hesabına nail olmaq mümkündür – bircə sənətdən savayı”.

YÜKSƏKLİK

Hər bir yazan adam özünü, zirvədə olmasa da, hər halda müəyyən bir yüksəklikdə görür. Buna görə də, bəlkə məhz yazan adamların ucalıq barədəki təsəvvürü əksər hallarda iddialı, pozğun və yalan təsəvvürdür. Bunu həmişə yadda saxlamaq və ən aşağı “yüksəkliklərdən” atılan daşlara da mərd-mərdanə dözmək lazımdır.

AĞRI

Məni ən çox təhrif eləyənlər yazdığımda özlərini görənlərdir.

Ancaq Allah bilir ki, hər hansı bir AĞRILI SÖZ deyəndə mən o sözlə heç vaxt heç kəsi ağrıtmaq niyyəti güdmürəm.

Anlaşılmazlıqların hamısı bəlkə də ondan doğur ki, biz Azərbaycan ziyalıları heç vaxt BİRLİKDƏ AĞRIYA BİLMİRİK. Yaxud ah-uf salıb, “ağrıyanlarımızın” bir çoxunun əslində heç yeri ağrımır. Hər halda, “məndən ağrı çəkənlərin” mənə qarşı mübarizə metodlarında həqiqi ağrı naminə hələ ki, heç nə görməmişəm. Həmişə: şər, böhtan, qurşaqdan aşağı zərbə...

Əlbəttə, doğru sözü vurmaq bir o qədər də çətin məsələ deyil. Çünki doğru sözü (bütün dövrlərdə!) hər kəs yalnız öz adından deyir, yalanı isə həmişə xalqın adından deyirlər.

XALQ

Xalq lazım olanda öz sifətini gizlədə bilir, ancaq onu heç vaxt dəyişmir və itirmir.

MİLLƏT

Biz bu millətin millət olmağı yolunda həqiqətən can qoymuş ən işıqlı adamlarımıza hələ bir dəfə də ürəkdən və doyunca ağlamamışıq. Və bu günahımızı yumasaq, çətin ki, millət olaq.

XOF

Əksəriyyəti mən yaşda və məndən cavan olan – tanıdığım-tanımadığım – bir xeyli adamın həcc ziyarətinə televizorda tamaşa eləyəndə mənə birdən-birə elə gəldi ki, o adamlar indicə Allahın yanına çıxıb, Onun var-yoxunu nə ki var, talayacaqlar. Ya da Allahı allahsızlaşdıracaqlar.

Sonra fikirləşdim ki, oradan Allahın yanına yol ola bilməz. Əgər ordan Allahın yanına yol olsaydı, bu qədər komsomol və partiya fəalını bu cür asanlıqla ora buraxmazdılar.

YOLDA MEHMAN CAVADOĞLUNA RAST GƏLDİM.

Bir az dərdləşəndən sonra Mehman bəy mənim harasa tələsdiyimi görüb: “O ALÇAQ CƏMİYYƏTDƏ YAŞAMAĞA GEDİRSƏN?” – dedi. Çıxıb getdim, ancaq bu sözlər bəlkə bir ay yadımdan çıxmadı.

Bəs o UCA CƏMİYYƏT hardadır, Mehman bəy?.. Tapsan, bizə də xəbər elə.

ŞAM

Konfutsi (yeni eradan 500 il əvvəl yaşamış dahi çin filosofu) deyib: “Bu dünyada bircə dənə şam yandırıb qoyanlar ömrü boyu zülməti lənətləyənlərdən qat-qat ağıllı və faydalı adamlardır”.

1999

# 3631 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #