Anar Turala MƏKTUB YAZDI

Anar Turala MƏKTUB YAZDI
11 iyun 2014
# 10:05

Kulis.az Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarın oğlu Turala yazdığı məktubu təqdim edir.

Turalım! Sənin də əlli yaşın tamam oldu. Mənim əlli yaşım olanda artıq yeddi il idi ki, atamı da, anamı da itirmişdim. Sən xoşbəxtsən - anan da, atan da sağdırlar. Biz,sənin valideynlərin - Zemfira və mən də xoşbəxtik ki, sənin kimi oğlumuz var.

Həyatda nəyə nail olmusansa öz gücünlə, ağlınla, iradənlə, səbrinlə çatmısan, addım-addım yüksəlmisən. Gənc yaşlarından elə peşə seçdin ki, ömrünün yarısını ayrılıqda keçirdik. Uzun illər aramızda məsafələr, dövlət sərhədləri, müxtəlif ölkələr... Bir vaxtlar yalnız məktub, son illər telefon, internet ünsiyyəti...

Liviyanın ən ağır günlərində, bu ölkə Amerika təyyarələrinin bombardımanına məruz qalanda, blokada şəraitində əziyyət çəkəndə tərcüməçi kimi orda çalışırdın. O vaxt hələ Universitetin son kurs tələbəsiydin. Məni başqa bir ölkəyə ezamiyyətə göndərmək istəyirdilər, Asiya - Afrika ölkələriylə Həmrəylik Komitəsinin rəhbərliyindən xahiş etdim ki, Liviyaya yollasınlar. Bir həftə səninlə bir yerdə olduq.

Benqazidən Tripoliyə gələrkən yolda maşınımız xarab oldu. Gecəydi. Ətrafımız göz işlədikcə uzanan səhra... Bir yerdən azacıq işıq gəlir. Bədəvilər çadırları qarşısında ocaq qalayıblar. Yanaşırıq. Sən ərəbcə maşınımızın xarab olduğunu deyirsən. Aydın olur ki, bunlardan heç bir kömək uma bilmərik.

Qəribədir, o gecənin ovqatı, təəssüratı tez-tez yadıma düşür- sanki bütün dünyada, bu iri ulduzlarla dopdolu apaçıq səma altında ancaq ikimiz qalmışdıq - sən və mən. Belə anlarda insan sanki kainatla ,əbədiyyətlə qovuşur, Allaha daha yaxın olur.

O vaxt, ya bilmirəm bəlkə də bir az sonra, sənə bir şeir də həsr etmişdim:

Gəl qınama oğul məni,

Xatirələr boğur məni

Sənin haqqında düşünəndə istər istəməz, daha əvvəlki illərə qayıdıram, nənələrin və babanla münasibətlərin düşür yadıma. Rəsul babanla Nigar nənənin ilk nəvələriydin. Rəsul Rza ensiklopediyada işləyəndə hər fasilədə ya səni yanına gətizdirir ya da bulvara gedib səni orda görürdü. Nigar Rəfibəyli "Məhəbbətim bölünmədi" şeirində nəvələrindən və birinci olaraq səndən yazır. Nigar nənənlə və Cavahir nənənlə zarafatlaşmaların düşür yadıma. Nə yazıq ki, Yusif baban səni görmədi, sən dünyaya gəlməmişdən bir neçə ay qabaq rəhmətə getdi.

1981-ci ildə yüz gün ərzində Rəsul babanla Nigar nənənin vəfatı sənə də çox ağır təsir etmişdi, o vaxt on yeddi yaşın vardı və bu həyatının ilk böyük itgisi idi.Nigar xanımın yüz illiyi ərəfəsində qələmə aldığın xatirələrində yazırsan:

"Nənəm rəhmətə gedən gün heç ağlamadım. Onu anasının yanında basdırdılar. Üçünü verdik. Mən də qohumlarımız kimi ehsana gələnlərə xidmət edirdim. Çay daşıyırdım, sifrəyə halvalar düzürdüm. Gecə öz evimizə qayıtdıq. Yatağıma girdim, Nənəmi həmişəlik itirdiyimi və bir daha onu heç vaxt görməyəcəyimi o an anladım. Səsimi eşitməsinlər deyə üzümü balışla örtüb hönkür-hönkür ağladım. O göz yaşlarım uşaqlığımın son, gəncliyimin ilk göz yaşları idi. O gecə uşaqlığımla vidalaşırdım".

Həyatımızın o ağır ilində Universitetin şərqşünaslıq fakültəsinə daxil oldun.

Universiteti əla qiymətlərlə bitirdin, evləndin, indi də sizi həyat yoldaşın Sevinclə Suriyaya yola saldıq. Bu ölkədə xeyli problemlərlə üzləşdiniz, amma sənə xas olan nikbinliklə bu çətinliklər haqqında da yumorla danışırdın. Həyatın ən müxtəlif mürəkkəb problemlərinə yumorla yanaşmağın sonralar hekayələrində də öz əksini tapdı.

Vaqif Səmədoğlu deyir ki, Günelin nəsri mənim şeirlərim kimi kədərlidir, Turalın hekayələri pyeslərim kimi məzəli.

İlk iş yerin yanılmıramsa, rəhmətlik Bəkir Nəbiyevin və Kamal Abdullanın rəhbərlik etdiyi Mədəniyyət Fondu oldu. Dostumuz Kamalın adını xüsusi minnətdarlıqla çəkmək istərdim, ilk addımlarından sənə dəstək verdi. Çox sonralar hekayələrinlə tanış olanda kitabına səmimi ön söz yazdı.

Bir müddət Ankarada AzərTAC-ın müxbiri kimi çalışdın.

Bu vaxt "Gülxanə" xəstəxanasında müalicə edilən böyük öndərimiz Heydər Əliyevdən müsahibə almaq sənə nəsib oldu. Həyatının unudulmaz hadisəsi kimi bununla həmişə qürur duyursan.

Səndən əvvəl, 1993-cü ildə mən də bir neçə ay İstanbulda çalışdım, Memar Sinan Universitetinin dəvətiylə orda Azərbaycan ədəbiyyatından dərs dedim. Minlərlə mütəxəssisimiz illərlə Türkiyədə işləyir, amma mənim bu bir neçə aylıq ezamiyyətim yaman hay-küyə səbəb oldu. Mətbuatda nələr yazmadılar. "Vətəni ağır gündə qoyub getdi" və bu qəbildən. Halbuki elə həmin il iyun ayında hadisələrin ən gərgin vaxtında Bakıya qayıtdım. Bir mərhum professorun mənə verdiyi ittihamlar çox ağırdı: "Axı sən görkəmli alim deyilsən ki, orda dərs deyəsən" -deyə yazırdı.

Başa düşmürəm bu qədər görkəmli alimimiz Türkiyədə işləyirsə, bir mənim kimi görkəmsiz müəllimin də dərs deməsindən kimə nə zərər?

Bu hücumlara sən cavab verdin, Tural. Özünəməxsus təmkinli, nəzakətli, mədəni, ədəb-ərkanlı şəkildə məntiqli və tutarlı cavabını elə həmin qəzetdə dərc etdirdin. Yazını oxuyanda yalnız qürur duymadım, həm də arxayınlaşdım ki, bir gün mən olmayanda adımı şərdən, böhtandan qoruyan hayanım qalacaq.

Elə bu illərdə xalqımız ən böyük arzusuna çatdı - Azərbaycan müstəqillik qazandı. Xarici İşlər Nazirliyində ana dilindən başqa bir neçə xarici dili bilən kadrlara ehtiyac vardı. Orta və ali məktəbdə ana dilində təhsil alaraq, şərqşünaslıq fakültəsində ərəb dilini, geniş mütaliən sayəsində rus dilini mükəmməl mənimsəmişdin. Sonralar ingilis dilini, daha sonralar Rumıniyada işləyərkən rumın dilini də öyrəndin. Türkiyədə işlədiyin vaxtlarda isə Türkiyə mətbuatında sırf Türkiyə türkcəsində yazıların çıxdı.

Xarici İşlər Nazirliyində ən aşağı diplomatik vəzifədən başlayaraq il-il, pillə-pillə yüksəldin. Misirdə diplomatik kursları bitirdikdən sonra diplomu sənə şəxsən o ölkənin Xarici İşlər naziri təqdim etmişdi. Diplomat kimi yetişməyində bu xüsusi təlimindən başqa o vaxtkı xarici işlər nazirimiz Həsən Həsənovun tələbkarlıq məktəbinin də xüsusi yeri var.

Həyatının ağır məqamları da oldu. Səni dünyaya gətirib, böyüdüb, oxudub, namuslu, layiqli insan kimi yetişdirməkdən başqa sənə başqa heç bir imtiyaz qazandırmamışıq. Hər şeyi öz yorulmaz zəhmətinlə, enerjinlə, biliklərinlə qazanmısan. Bunu ona görə təkrar-təkrar vurğulayıram ki, bədxahlarım məni sancmaqçün əl atdığı nalayiq üsullardan biri də, oğlumun diplomatik karyerasını hallandırmaqdır. Bəzi tanınmış ya vəzifəli adamların övladlarının harınlığını, yaramaz əməllərini təbii qəbul edən belələri heç cür razılaşa bilmirlər ki, məşhur adamın övladı da öz namuslu əməyi, savadı, qabiliyyəti sayəsində nələrəsə nail ola bilər.

Əksinə, tanınmış adamlara pis münasibət bəsləyənlər bu münasibəti onların övladlarına da yönəldirlər. Öz həyatımda bununla dəfələrlə qarşılaşdığım kimi, oğlumun da taleyinin bəzi məqamlarında rastlaşmalı oldum. Xırdalamaq istəmirəm, amma mənə azacıq münasibət dəyişən kimi bundan istifadə edib oğlumu "vurmağa" həvəslənənlər tapıldı. Xoşbəxtlikdən dünyada xeyirxah, ədalətli insanlar daha çoxdur və Turalın ömrünün çətin məqamında o vaxt Rumıniyada səfirimiz olan Eldar Həsənovun müstəsna yaxşılığını ailəmiz heç vaxt unutmayacaq. Mənim heç bir proteksiyam, xahişim olmadan gənc Turalı qanadı altına alan Eldar müəllim Rumıniyada işlədikləri illərdə zəngin həyat və peşə təcrübəsiylə diplomat kimi onu daha da püxtələşdirdi. Və bir neçə il sonra hörmətli Prezidentimiz İlham Əliyev Turala böyük etimad göstərərək onu Küveytdə ölkəmizin Fövqəladə və səlahiyyətli səfiri təyin etdi.

Küveytə tez-tez müxtəlif heyətlərimiz, ayrı-ayrı nümayəndələrimiz gedir. Vətənə dönərkən Tural haqqında elə xoş sözlər deyir, səfir kimi fəaliyyətini elə tərifləyir, diqqətindən, qayğıkeş davranışından, işlədiyi ölkədə qazandığı nüfuzundan elə ağız dolusu danışırlar ki, ürəyimiz dağa dönür. Ölkəmizlə bağlı sərgilərin, konsertlərin təşkili, kitabların nəşri, ən əsası və vacibi isə Azərbaycan gerçəkliklərini, Qarabağ dərdimizi, haqlı mövqeyimizi ərəb ictimaiyyətinə çatdırmaq, Küveytdə yetərincə yayılan erməni yalanlarını vaxtlı-vaxtında, tutarlı faktlarla ifşa etmək səfirin gündəlik vəzifəsi, vicdan borcu və patriotik amalıdır.

Əlli yaşın tamam olur, Turalım. Bu əziz günü bir-birimizdən ayrılıqda, bir-birimizdən uzaqlarda qeyd edəcəyik. Nə etməli, seçdiyin peşə ayrılıq peşəsidir. Bu ayrılıq müvəqqəti olsa da hər halda ayrılıq ayrılıqdır.

Nədənsə birdən-birə uşaqlığın yadıma düşdü. Beş yaşın olardı. Sənə söz vermişdim ki, səhər Bir may nümayişinə aparacam, amma gecə gec yatdığımdan səhər yuxuya qalmışdım, heç cür yerimdən durmaq istəmirdim. Gəlib məni dümsükləyirdin. - Dur, dur - deyirdin. - Bir may qurtarır axı...

Əlli yaşın mübarək, Tural...

8 iyun 2014 (525.az)

# 3345 dəfə oxunub

Müəllifin son yazıları

# # #