Mən min ildi oturub, səninçün darıxırdım...

Mən min ildi oturub,  səninçün darıxırdım...
15 aprel 2014
# 08:00

Kulis.az şair Mətləb Ağanın yeni şeirini təqdim edir.

Lap az qalıb sabaha,

gedənlər - yığışırlar...

hərdənbir qaranlığa

gülüb keçir maşınlar...

lap uzaqda bir qatar

cırır öz yaxasını...

...bəlkə səhər gec olar,

indi tutum yasını?..

nə deyim indi sənə,

ölüsən, sağsan deyim?

beş gün keçsə aradan

unudacağsan deyim...

dünən deyildi bəlkə,

min ildi burda yoxsan...

yəqin səni görərəm,

durub güzgüyə baxsam...

bəlkə burda olarsan,

saatı geri çəksəm...

ya da indi çağırsam,

otağa girəcəksən...

...deyəcəksən: “çox şükür,

nə yaxşı ki, çağırdın...

mən min ildi oturub,

səninçün darıxırdım...”

# 2588 dəfə oxunub

Müəllifin son yazıları

# # #