Vaqif Bəhmənlidən “Ulduz”lu güllələr... SƏRT TƏNQİD

Vaqif Bəhmənlidən “Ulduz”lu güllələr... <span style="color:red;">SƏRT TƏNQİD
20 avqust 2014
# 15:10

Kulis.Az Vaqif Bəhmənlinin “Ulduz” jurnalının iyun nömrəsi üçün yazdığı ekspert rəyini təqdim edir. Məqalə “Ulduz”un iyul nömrəsindən götürülüb.

İYUN. “ULDUZ”un ÜZÜ VƏ İÇİ

İrəliki sayların ekspert rəylərini nəzərdən keçirərkən özümü “mafiya” ilə üzləşən kimi hiss etdim. Onlar dərgilərdə işıq üzü görən mətnləri bir qırağa qoyub, baş redaktorun fövqəladə hünərini önə çəkmiş, hətta onunla zarafatlaşmağı da unutmamışlar. Əgər fikri üstündə olsa, Qulu Ağsəs zarafat götürən adamdı...

Özümə söz vermişdim ki, dərginin iyun sayına dair rəy bildirərkən baş redaktorun adını çəkməyim. Çünki yaxşı jurnal buraxmaq ilk növbədə onun vəzifə borcudur. Qulu demişkən, amma hanı? Hansı bölməni açır, hansı başlığa nəzər yetirirəmsə, görürəm ki, mən Quluya yalın gözlə, Qulu isə mənə eynək arxasından baxır... hər halda çalışmalıyam ki, imkan daxilində indən belə baş redaktorun adını tutmayım...

Ekspertlərin isə bostanına daş atmaq olar. Çünki onlar, bugünkü ədəbi mühitimizin qaynarlığı naminə qeyrətlə çalışan əziz qardaşlarım – Əsəd Cahangir və Rəşad Məcid yeni “Ulduz”un iki sayı barədə fikir bölüşüblər və haqlı olaraq ilk səhifədən son səhifəyə yönələn ardıcıllığı gözləməklə, sözün gerçək mənasında çağdaş ədəbiyyatın “Ulduz” hadisəsini yetərincə etiraf ediblər.

İnanıram ki, onların rəy, irad və təklifləri bu saylarda əsəri işıq üzü görən gənc qələm sahibləri üçün faydalı olacaq, oxucuların diqqətini həm yeni nəslin, həm də peşəkar müəlliflərin əldə etdikləri nəticələrə yönəldəcək...

Mənsə ənənəni pozur, sözümə dərginin ilk səhifələrindən yox, 61-ci səhifədən başlamaq istəyirəm və bəri başdan deyirəm ki, Jan de Labruyerin “Qısa fikirlər xəzinəsi” başlığı altında verilən aforizm, maksima və düşüncələr silsiləsi (tərcümə, tərtib və təqdimat İlqar Fəhminindir) nəinki ədəbiyyat və sənətin, bəlkə də, həyatın qapısı ağzında dayanan, böyük amal ardınca bütöv bir ömür həsr edəcəyi gözlənilən ədəbi gəncliyimizə olduqca gərəkli bir mesajdır.

Heç ondan da qorxmaq lazım deyil ki, mərhum cənab Labruyer baltanı kökündən vurur: “Biz dünyaya gəlməkdə gecikmişik. Artıq hər şey deyilib. Yeddi min ildir ki, insanlar dünyada yaşayır və düşünürlər. İnsan xarakteri üzərində hərtərəfli, müdrik və gözəl müşahidələrin əsas nəticələri, demək olar, qeydə alınıb. Belə demək olarsa, zəminin məhsulu yığılıb. Bizə nəsib olan isə qədim filosofların və müdriklərin tör-töküntülərini yığışdırmaqdır”.

Bu fikrin deyildiyi vaxtdan ən azı 350 il keçib və şübhəniz olmasın ki, üst-üstə düşən həmcins düşüncələrin yaşı daha qədimdir.

Lakin dünyanı estetik vasitə ilə dərk etmək istəyi heç zaman əlini qoynuna qoyaraq nə vaxtsa sıradan çıxacağı anı gözləməyir. Əgər Labruyerin dediyi ilə razılaşsaq, onda düşünməliyik ki, Adəm və Həvvadan üzü bəri kişilər milyard dəfə əkiblər, qadınlar milyard dəfə doğublar, daha törətmək üçün bizim cana cəfa basmağımıza dəyməz! Bəs yaxşı, onda “Ulduz” niyə çıxır? Niyə mən ona ekspert rəyi yazıram? Hiss edirəm ki, suallarım gülməli səslənir. Bu yandan isə mərhum filosofun gec doğulmağımız səbəbindən keçirdiyi acı təəssüf hissi məndə tam əks olan tükənməz təskinlik ovqatı yaradır. Çünki Labruyer canında yaratmaq ehtirası olan sonrakı nəsilləri nihilizm uçurumuna itələyib qəhr etmək niyyəti güdmür. Qətiyyən! O, aranı qızışdırır. Bu, əslində düşüncəni oyadan xeyirli bir avantüradır. O, yaradıcı insanı məsuliyyətə, bəşəriyyətin hələ bu çağa qədər nail ola bilmədiyi “hərtərəfli müdrik və gözəl müşahidələrin” daha möhtəşəm yekunlarını hasil eləməyə səsləyir.

Labruyerin düşüncələr silsiləsinin üçücü abzası isə bizim bu ekspert rəyinin boyuna biçilib və mən onunla yüzdəyüz həmfikirəm. O deyir: “Yazıçı da öz işinin peşəkarı olmalıdır, saatsaz kimi. Burada təkcə ağıl və istedad kifayət etmir”.

Bravo, Labruyer!

Məncə, hər bir sahədə, o sıradan sənətdə peşəkarlıq elə bir keyfiyyətdir ki, ondan kənarda edilən bütün cəhdlər iflasa uğrayır. 1973-cü ildə, 41 il bundan əvvəl rəhmətlik Yusif Əzimzadənin redaktoru olduğu “Ədəbiyyat və incəsənət” qəzetinin “Ədəbi gənclik” səhifəsində “Mənim nənəm sizdədi?” adlı balaca şeirim dərc olunduğu vaxtdan bu günə qədər böyük filosofun peşəkarlıq haqqında söylədiyinə inanıram: halbuki, həmin fikirlə yalnız indi, “Ulduz”un iyun sayında tanış oluram.

Çay həməşə qızıl balıq gətirmir, söz ki bu məqama yetişib, bəlkə, “Ulduz”un iyun sayına Labruyerin rakursundan baxaq?

Və bu zaman dərhal etiraf etməli oluram ki, dərgidəki yazıları nəzərdən keçirərkən məhz peşəkarlığın yetərincə olmamağı səbəbindən bir neçə məqamda acı təəssüf hissi keçirmək zorunda qaldım. Oxucuları bu tezliklə kədərləndirməmək xatirinə xeyrimizə olan bir müşahidəni önə çəkək. İnsafən, sözügedən sayda, yaradıcı heyət dərginin məqsədinə uyğun janr və mövzu müxtəlifliyini yarada bilib. Məsələn, Rəşad müəllimin “diaqnozu”nu ədəbi tənqid örnəyi qismində qəbul etmək olar. Poeziya, publisistika, tərcümə, reportaj, nəsr, kino, rəngkarlıq, dünya ədəbi irsi... mövzu və janr seçimi bununla bitmir – yeni təqdimat forması olaraq düşünülmüş “Dərgidə kitab” sonda yerləşdirilsə də, ədəbi çəki baxımından oxucu marağının önünə çıxmağa güc tapır.

Hətta burada yeni bir forma da düşünülüb: “Muncuq oyunu”.

Mündəricat belədir, ümumi şəkildə.

İndi biz hər bir bölmə barədə ayrıca bəhs etməliyik.

Bəlkə, tutalım, üz qabığından, tituldan başlayaq? Səlahiyyət həddini aşsam da, bir az irəli gedib qeyd etməliyəm ki, aprel sayının üz qabığında dəniz kənarında əl-ələ tutan bir qız, bir oğlan (üzü o tərəfə), parlayan və indicə axarkən yeri qalan ulduz, batan və yaxud çıxan günəş; may sayının üz qabığında, yenə parlaq bu ulduz, yenə batmağı ilə çıxmağı bilinməyən günəş, bu dəfə tənha qız (üzü o tərəfə); iyun sayının üz qabığında isə qırmızı örtük içində yoxa çıxan qadın (üzü o tərəfə), cadarlı torpaq üstünə atılmış şəkildə təsvir olunub. Cadar torpaq qaralmış xəzəllik kimi görünür. Bu dəfə ulduzun, dənizin, günəşin izi-tozu da qalmayıb...

Nədənsə, bu məqamda müasir milli qrafika sənətimizin bənzərsiz cəfakeçi, ötən əsrin 60-cı illərinin sonlarından bu günə qədər “Ulduz”un illustrativ simasını yaradan rəssam Ədalətin arıq, utancaq, amma həmişə həyat işığı saçan varlığı gözlərim önündə canlanır və mənə elə gəlir ki, müasir poliqrafiya “Ulduz”un ruhuna müdaxilə edib. Düzdü, xeyli çətindir, indi orijinal üz qabığı yaradan, dərgilərə qrafik işlər yollayan rəssamlar yoxdur, bir yandan da dəqiq kompyuter qrafikası müasir zövqü daha çox çəkir, amma bununla belə, mən, necə deyərlər, “əl əməyi”nin tərəfdarıyam.

Yeri gəlmişkən, elə ididən hiss edirəm ki, ən yaxın saylarında “Ulduz” ifrat akademizmdən, “qlamur görünmək” meylindən sürətlə uzaqlaşacaq (bəlkə də, üz qabığının bədii tərtibatı ilə əlaqədar rəssamlar arasında müsabiqə elən etmək gərək), gənclik ruhunu canlandıran sərbəst, çevik, qaynar və təbii ki, düşündürən elementlərə üstünlük verəcək.

Bəs dərginin iç üzü, titul nə deyir? Hər üç sayda pasport fotosu boyda şəkilləri dəyişən “venetka”, dəyişməyən “redaksya heyəti” və səhifənin lap dabanında “nömrənin eksperti” (dəyişən)... Redaksiya heyəti üzvlərinin adlarını gözdən keçirirəm. İçərilərində tanıdıqlarım da var, tanımadıqlarım da. Formal olaraq redaksiya heyəti adıyla siyahı tərtib edib həmin siyahını titul səhifəsinə yapışdırmaq keçmişdən qalan ən pis əlamətlərdən biridir. Kim inana və barmağını qatlaya bilər ki, baş redaktor Qulu Ağsəs, baş redaktorun müavini İlqar Fəhmi və yaradıcı işçilərdən savayı redaksiya heyəti üzvlərində kimsə dərginin bu, eləcə də digər saylarına bir vergül, yaxud bir nöqtə təklif edib? Redaksiya heyəti, bilirsiniz nə zaman olub? “Molla Nəsrəddin” əyyamında. Şahxaxtlı, Ömər Faiq, Sabir, Əzim Əzimzadə, Rotter, Şmerlinq, Üzeyir bəy... Yoxsa ki, Türkiyədən İrfan Çiftçinin, Estoniyadan Xaqani Qayıblının, Özbəkistandan Səadət Məhəmmədovanın, Bolqarıstandan Baloğlan Cəlilin... (özümüzünkülərin adını çəkmirəm, eldən ayıbdı) "Ulduz"un yaradıcılıq fəaliyyətinə nə dəxli? Təklifim budur ki, redaksiyanın halal-hümbət əməkdaşları və konkret olaraq hər sayın müəllif qrupu elə o sayın redaksiya heyəti olsun. Yeniliyə gənclik dərgisi getməsə, kim gedəcək? Xırdaçılıq olmasın, “nömrənin eksperti” – ifadəsi də birtəhər səslənir...

Tiraj: 300! Bax, bu məlumat heç də xırda məsələ deyil. Bu baxımdan ki, sosial şəbəkədə bir sadə nəfər o biri sadə nəfərə “salam” verir, on dəqiqədən sonra minlərlə sıra nəfərindən “salam” alır. Özü də hamısı bir-birini bəyənir! Yaxşı, bəs indi biz, bəlkə də, yarısından bir qədər çoxu gedib ələ çatan bu 300 tirajla, 300 dənə “Ulduz”la neyləyək? Belə çıxır ki, “Ulduz” ya internet - dərgi olmalı, ya da ilk vaxtlar ən azı on min tirajla yayılmalıdır. Gəlisigözəl sözlər işlədirəm, hə? Amma yox, mən bunu deyəndə düşünürəm ki, gənclik gurluq, çoxluq, aşıb-daşan enerji, qaçılmaz sabah deməkdi. Gəncliyə məxsus düşüncələrin bədii söz halında, estetik-mənəvi sərvət şəklində yenidən gəncliyə ötürülməsi dövlət əhəmiyyətli məsələdir, həyati sifarişdir, gənclərarası ünsiyyətə hətta fantastik miqdarda vəsait sərf etməyə dəyər. Başınızı ağrıtdım, bir az uzun yazıram, çünki təfsilat xəstəsiyəm, indi keçək mətnlərə.

Rəşad Məcidin ekspert rəyi kifayət qədər lakonikdir. Hətta o qədər yığcam ki, Rəşad müəllimi şəxsən tanıyıb onun qıvraqlığına bir damcı şəkk-sübhə etməsəydim, elə bilərdim ki, bu yazını köklükdən əziyyət çəkən adam yazıb. Görünür, ekspert rəyi yazılan vaxtla yazıçıların qurultayı və yubileyimiz üst-üstə düşdüyünə görə ortada yorğunçuluq varmış...

Rəşad müəllimin sözündən belə məlum olur ki, o, baş redaktordan soruşub: “Bəs nəsr hanı?” Mən isə bu ərəfədə Qulu müəllimlə rastlaşsaydım, “Bəs şeir hanı?” deyə nigarançılığımı bildirərdim və ekspertin fürsəti məndə olsaydı, Aqşin Evrenin özüylə söhbətindəki ordan-burdan qulağına çalanlara əsaslanıb şit, bayağı cavablar uydurduğuna görə gənc şairi möhkəm tənqid edər, həqiqətən də təpədən-dırnağa yeni obrazlarla, mərhəmət və ağrıyla, özgür bir hava ilə çırpınan modern şeirlərinin alnından öpərdim. Bununla belə, Aqşinə bir də onu deyərdim ki, fikir, düşüncə ocağında odu alışıq və hava törədir, yəni gerçək bədii mətn, bütün digər incəsənət örnəkləri kimi, vəhdətdən – yəni fikrin (obrazın) ahəngdar, gözəl ifadəsindən yaranır.

İşə bax, ən yaxın dostum, mənə ustad gözüylə baxan Elşad Ərşadoğlunun şeirləri barədə fikir bildirməliyəm. O qədər ərki var ki, hətta yolda da tutub təzə şeirlərini mənə oxuya bilir. Deyim ki, onda istedad var, Allah “səs” verib. Hamar, axıcı poeziya dilinə sahibdir, sözə forma verməyi bacarır, milli şeirdən gələn təmiz havanın onun misraları arasından təmiz qan kimi axdığını eşidirəm. Elşad: -Özünü necə təqdim edərdin? – sualına: - Sözün qulu, sözünün ağası, - deyə cavab verir. Məncə, o, bu məqamda yaşından irəlini danışır, bizim kəndlərdə isə belələrinə yaxşı baxmırlar. Elşad, gərək ki, bunu bilir.

Keçək misralara:

... Mən də yoxla məşğulam ...

... Atam, vaxtla məşğulam ...

... Karıxmaqla məşğulam ...

... Darıxmaqla məşğulam ...

XXI əsr, sosial şəbəkə meydanı, informasiya hakimiyyəti, bu yandan da Elşadın qafiyəpərdazlığı. Allaha and olsun ki, gənc insanın necə boş bir əyləncəyə vaxt itirməyi məndə ən azı təəssüf doğurur.

“Ustad” rubrikasında Qulu Ağsəsin “1964 yaşlı şair” adlı dəyərli yazısını oxudum. Vaqif Səmədoğluna həsr edib. Öz üslubunda. Qulu qısa, mənalı yazmağın ustasıdı.

Pərvinin “Film kimi” səfər qeydlərini bəyənmədim. Türkiyədə, türk dünyasının ən dəyərli insanlarından biri ilə keçmişlərə qayıtmaq, Anar müəllimin Türkiyə amalına dərindən nüfuz etmək imkanı olduğu halda, belə bir “xaltura”nın dərgiyə yol tapmasına ad tapa bilmirəm. Nə bilim, bəlkə “Benefis” deyilən şey belə olur...

“Variyasiya” “Ulduz”un tapıntısıdır. Onu deyim ki, tərcümə üçün şeir uğurlu seçilib. Üstəlik, oxucu yalnız qalib tərcüməçinin deyil (Nəsir Əhmədlinin), həm də qalib gəlməyən tərcüməçilərin sayəsində Alla xanımın “Qısqanclıq”ına maksimum yaxınlaşma imkanı tapır. Çünki Hicran Hüseynova, Aynur Nurlu, Sima Ənnağı, Nərgiz Məhərrəmzadə, Səadət Ələkbərova, İlkin Xaliq, Ağamir Cavad, Ülviyyə Tahir, Mahirə Mübarizqızı, Yavər Həsən və hətta qocaman İltifat Salehin tərcümələrində elə adekvat misralar var ki, onlar mətnə qalib tərcümədəkindən daha yaxındır.

Nəsir Əhmədli peşəkar jurnalist, mətbuat nəzəriyyəçisi, tərcüməçi, müəllimdir. Görünür, o, bizim sözü sərrast ifadə etməyi bacaran digər ədiblərimizə mesaj verir ki, vaxtdı, pəncərələrinizi taybatay açın, qolunuzu çirməyin ki, dünya ədəbiyyatının dili təmiz türkcə açılsın.

Təranə Vahidin imzasına və şəxsiyyətinə sayğım var. Amma Cavid haqqındakı reportajında bu nə sözlərdi: “kiçik variant”, “maket”... Sənətşünaslıq elmində incəsənət əsərlərinin, eksponatlarının ölçülərə, təyinata görə məxsusi adları var, zəhmət çəkib öyrənmək lazımdır.

Varisin hekayəsi: “Apokalipsis”. Bu sözün tərcüməsi vəhy deməkdir, yaxud dünyanın sonunu bəyan edən “Əhdi-Cədid” hekayətlərindən biri. Hekayə dini məzmun daşımır. Belə məlum olur ki, 2012-ci ildə dünya dağılacaq. Hamı əl-ayağa düşür, sonda dünya dağılmır. İnsanlar yeni şayiənin həqiqət olacağını - 2014-cü ildə dünyanın dağılacağı günü gözləməyə başlayırlar. Böyük istedad və zəhmət hesabına bu şayiədən Azərbaycan romanı çıxarmaq olar, bəlkə də. Mövzu o qədər üzdədir və populistdir ki, yəqin ki, yer üzündə bu konflikt əsasında minlərlə əsər yaradılıb, sadəcə, bizim xəbərimiz yoxdur.

Varisin, səhv evtmirəmsə, iki romanını oxumuşam. İnsafən bəyənmişəm, həyatdan yazır, dərin düşündürməsə də, həyəcanlandırır. Təhkiyəsi sadə və cəlbedicidir.

Dünyanın dağılmasından bəhs edən bu hekayə isə oxucunun yazıçıya olan bütün ümidlərini dağıdır. “Ulduz”un doqquz səhifəsini tutan hekayədə istifadə olunmuş obraz istilahlarının bir qisminin siyahısını verirəm ki, dostum Varisin necə anlaşılmaz bir yolla getdiyinin fərqinə varasınız. 13 yaşlı oğlan – Məcnun – Kənan, Aytən – onun sevdiyi qız, Optik Həsən, Barat müəllim, Turqut, Nənə, Delfinlər, Notbuk, Balon Yoxden, Sayalı xala – qonşu, Uzundraz Vüsal, Çopur Kazım, Feldşer Qoşqar, Dalay Lama, Allahşükür Paşazadə, Təqaüdçü Paşa kişi, Türkiyənin Şirinli kəndi, Putin, Medvedyev, Şamaxı, Türkiyə, Bakı, Azərbaycan, Həkim, Professor, Nostradamus, Zırpı Oqtay, Ərəstun müəllim – məktəb direktoru, Dul Hənifə, Dükançı Şəmsir, KAQB, bələdiyyə pay torpağı, Asiya, Avropa, Cənubi Amerika, Günəş, Ay, Yer, Yupiter, Salam müəllim, Hikmət, Azər, Cəbr müəllim, kənd ağsaqqalı Savalan baba, Aytənin atası Müzəffər əmi, Aytənin anası, Köhnə “Moskviç”, Mobil telefon, su pərisi, uşaq əmziyi, Kənanın anasının teyfi, Rusiya, Qəssab Mədəd, Dürrə xala, Balta Cəfər, Rəzil Avdı, Albert Servinski, Koperfild, Cəyirtkə...

Allah, sən özün saxla, səbrim oldu bir tikə...

Gələk “Muncuq oyunu”na. Təqdimatın tərzi cəlbedicidir. Daha doğrusu, eyni yanaşmanın ikinci variantıdır. Dərgi “Variasiya”da tərcüməçi şairlərə, “Muncuq oyunu”nda orijinal şairlərə yarış meydanı açır. Buradakı hər üç şeir üçün söz oyunu humanizmdən üstündür. Şəhid, Allahın hökmüylə göyə yüksəlmişkən Allahın cıqqılı şairləri hansı əsasla o müqəddəs ruhu göydən yerə endirməyə cəhd göstəriblər, mən bunu anlamıram!

“Ulduz+” rubrikasında gözəl balamız Sevinc Mürvətqızının “Sənə olan segimi sənə də alçaltmaram” kino araşdırmasını qısametrajlı film sürətiylə oxudum. Dolanışıq xatirinə “525-ci qəzet”in hər sayına vəfalı bir dözümlə iki, bəzən üç məqalə yazan Sevinc mənim gözümdə çoxseriyalı kino həcmində miqyas aldı. Məndən olsa, “Ulduz+” dakı “+” işarəsini “Ulduz” sözünün əvvəlinə keçirərdim. Çünki mövzunun seçimi, yanaşma və onu həll etmə baxımından ən bitkin əsərin müəllifi bu dəfə odur – Sevinc Mürvətqızı. Və bir daha inanıram ki, istedadın parlaması üçün zəhmətdən, axtarışdan düşərli ayrı bir ovxar yoxdur.

Günel Treunun (dilim də dönmür) “Böhtan” hekayəsinin əsasında dedi-qodu dayanır. Dedi-qoduların əsası olmur. Dedi-qodunu əsaslandırmaq yazıçı işi ola bilərdi. Günel məhz bunu bacarmadığına görə hekayə məişət səviyyəsində qalıb. Burada zamana, məkana və insana nabələdlik var. Elə bil hər şey bir uşağın əlinin altında istəyə müntəzir dayanmış fiqurlar kimidi. Uşaq isə nəyi, nə zaman, hara istəyir qoyur. Həyatın və ədəbiyyatın qanunları başqadır, məncə.

Əyyub Qiyasın “Rəngarəng” rubrikasında verilən “Darıxmaq” təəssüratını reklam kimi oxudum. Bildim ki, Azərbaycanda Nəvai adında gözəl bir rəssam var, çox qonaqpərvərdi, onun emalatxanasında viski də içmək olar, həm də o, başqalarının iki-üç aya çəkdiyi insan portretini iki-üç saat ərzində çəkib hazır eləyir. Olsun, əsrimiz sürət əsridir. İndi portret çəkdirmək üçün kimin hövsələsi çatar ki, hər gün rəssamın düşüncəsinə uyğun geyim-kecimlə emalatxanaya yollansın və canlı natura qismində saatlarca dəyişməz pozada portretinin nə zaman tamama yetəcəyini gözləsin? Hər halda, gənclik dərgisində Əyyub Qiyasın bu yazısı əlli yaşının içində olduğunu özü də kəsdirməyən rəssam Nəvaiyə onun öz üslubunda sürətlə çəkilmiş babat bir hədiyyədir.

Nəhayətdən bir qədər əvvəl başladığım yerə qayıdıram, Ulduzun 61-ci səhifəsinə. “Qısa fikirlər xəzinəsi”. Məncə, rubrikaya aid söz sırasından “qısa fikirlər” birinci növ təyini söz birləşməsini atmaq gərəkdir. Çünki İlqar Fəhminin bu zəhmətindən hasil olan nəticə əsl xəzinədir. Təklif edirəm, “Ulduz” həmişə “Xəzinə” bölümüylə açılsın. Ədəbiyyatımızın bugünkü halına baxıram, belə qənaətə gəlirəm ki, bizə yüyürmək üçün yeriməyi öyrətmək lazımdır.

Yaxşı ki, qədim dostum İlham Abbasov bu sayda ədəbiyyat üzrə Nobel mükafatı Laureatı isveçrəli şair, romançı və esseist Karl Şpitteler haqqında portret yazısı təqdim edib. İlham ədəbi portretləri yaratmaq sahəsində ustad qələm sahibidir. O, ədəbiyyatın tarixi, nəzəriyyəsi, ədəbi proses və publisistikanı həmişə məharətlə birləşdirir. Çünki bilikli, istedadlı və zəhmətkeşdir. Bunu ədəbi ictimaiyyətimizdə bilməyən yoxdur. Amma bu ədəbi portretlə İlham Abbasov bizə və gənc yazarlara, həm də gənc oxuculara deyir ki, dünyanın ədəbiyyat sarayına gərəkli bir daş qoyan hər bir ədibin əsərləri Azərbaycan dilinə çevrilməlidir. Çünki yarımçıq həqiqət olmur. Hər hansı bir lokal mühit və ərazidə böyük simalar o zaman yetişə bilər ki, dünya mədəniyyətinin təməl varidatını ƏXZ etmiş olsun.

Bu abzası İlham Abbasovun təqdimatıyla cənab Karl Şpittelrin bir aksiomu ilə bitirək və keçək “Dərgidə Kitab”a.

Karl Şpitteler: “Dünya tarixindən çıxan nəticəni bircə cümlə ilə ifadə etmək olar – hər bir dövlət nə qədər bacarırsa, o qədər də talayır, vəssalam. Yalnız yağmaladıqlarını həzm etmək və bir hovur dirçəlmək üçün hərdən nəfəs dərir və bunu sülh adlandırırlar”.

Nəhayət, “Dərgidə kitab” – Şəhriyar del Gerani... ilk görüşümüzdə qolumdakı saatın qiymətini soruşan, kolpanbaş, qədim abidə kimi içinə girilməyənə qədər dəyəri bilinməyən, Təbriz qoxulu, oğlum kimi dağınıq Şəhriyar... Ona rəğbət bəsləmək istəyirəm, birmənalı. Bununla belə, boynumda Qulu Ağsəsin ekspert missiyası var. Qulu düzünəqulu adamdı. Sözümü düzünəqulu deməliyəm. “Ulduz” üçüncü dəfə dərgi olaraq parlayır və sonda kitaba çevrilir. Bu, baş redaktorun tapıntısıdır.

Yenə də ekspert həddini aşmaq zorundayam. Çünki tam həqiqətə çatmaq üçün polemika ən etibarlı tutalqadır. “Ulduz” üç sayda üç kitab təqdim edib. “Sol çiynində qarğa gəzdirən qızcığaz” (Könül Həsənqulu), “Təbir caizsə” (Fərid Hüseyn), “Kvartet” (Şəhriyar del Gerani). Kitab, istər dərgidə olsun, istər sərbəst, ciddi məsələdir. Dərgidə olmağına baxmayaraq, şəxsən, hər üç kitabı kitab kimi oxudum.

Nəhayət, missiyamın sonuna doğru Şəhriyar del Geraninin “Kvartet”indən danışmalıyam. Şəhriyar – adından da göründüyü kimi, Şairdi, nə zamansa naşir, publisist, dramaturq... olacaqsa, şairliyin ona heç bir ziyanı dəyməyəcək, xeyirdən başqa.

Hekayələrin bədii məziyyətlərini, uğur və qüsurları söyləməzdən öncə qeyd edilməlidir ki, Şəhriyar həyatdan, yaxud fantaziyadan “Kvartet”in hər bir hekayəsi üçün elə mövzu və süjet seçib ki, onlar nəsr üçün yararlıdır.

Birinci hekayə: “İnsult”. İfrat ehtiyac sıxıntısından evindən baş götürüb qaçan, ruhi psixoloji vəziyyətə və yəqin ki, həyat sınaqları ilə üzləşərkən bir çoxlarımızı çaşdıran fərdi (və ümumi) natamamlığa görə aqressiyaya yuvarlanan Elmar müəllim (süjet içində) vağzalda xidmətçi qadını necə alçaltmışdısa, sonda öz qadınının da o hala düşdüyünü gözləri ilə görür və faciəli şəkildə yıxılıb ölür.

İkinci hekayə: “Mədinə 11-ə keçəndə”. Bu əsər dərd və nisgil verən ayrılıqların səbəbi haqqındadır. Əsərdən çıxan məna budur ki, qismətə vədəsində sahib olmaq namus məsələsidir. Sən çıxıb gedirsən. Təbii ki, sənə hansı bir şəkildəsə bağlı olanlar da bir yerdə durmur. Müəyyən vaxtdan sonra köhnə ünvana qayıdarkən görürsən ki, etibarına əbədiyyət qədər inandığın varlıqlar orada yoxdur. Halbuki, itirdiklərin sənin həyatının mənası ola bilərdi. Ömür çox qısadır və heç demə, o, bir çox hallarda harasa gedib-qayıtmaqdan və geri dönərkən qoyub getdiklərinin daha yerində olmadığını görməkdən ibarət imiş.

Üçüncü hekayə: “Vəfalı xoruzu cehiz apardı”. Burada yazıçının məqsədi, məncə, istək və imkanın tərs mütənasibliyi və bu reallıqda insan davranışlarının izlənilməsindən ibarətdir.

Dördüncü hekayə: “Bizim olan heç nə”. Ana cuzam xəstəsidir, çürüyür. Balaca ailənin başı dərddədir. Bu yandan da kişinin gözlərini aseton yandırıb “kor edir”. Sonradan məlum olur ki, kişi qəsdən gözlərini “yandıraraq” doqquz ay, yəni arvadı ölən günə qədər yalandan üzünü bağlı saxlayıb ki, xəstə qadın ən əziz bir insanın, yəni ərinin gözləri önündə çürüməyi səbəbindən xəcalət çəkməsin.

Bəzən Şəhriyar del Gerani təsvir etdiyi hadisələrə inandırmaq üçün oxucusuna açıq-aşkar and verir, yalvarır. Deməli, o bilir ki, bədii əsərin gücü inandırmaqdadır. Bu yaxşıdır. Amma bu, and içməklə yox, peşəkarlıqla, bədii vasitələrlə baş verməlidir. Şəhriyar del Geraninin hekayələrinin dördü də hələ oturuşmayan nəsrdir. Bəzən zaman əlaqələri diqqətdən kənarda qalır, bəzən məkan qarışır, insan obrazlarının daha dərin qatlarına enmək səriştəsi isə zəif hiss olunur. Mənə elə gəldi ki, gənc naşir bu əsərlərin hər birini bir dəfəmə, elə “Ulduz” dərgisinin səhifələrinə yazıb. Əsərlərin dili, detalları üzəridə yenidən işlənmək zərurətini qeyd edirəm. Ümumiyyətlə isə Şəhriyarın “Kvartet”i uğurludur. “Kvartet”in ifasını, hətta alqışlamaq da olar.

P.S. Dərgini tam oxuyub başa vurandan sonra ərinməyib hesabladım: sözügedən sayda təqdim olunan imzalardan cəmi 6-sı gəncdir. Bu statistika etiraz doğurur. “Ulduz”da yalnız o halda yaşlı yazarın əsəri yer ala bilər ki, həmin əsər gəncliyin əşədi-ehtiyacı olsun, yola işıq salsın, gözlənilməz forma və məzmun daşısın, yeni nəsli heyrətləndirsin və böyütsün.

“Ulduz” dəyişib. Deməli, dəyişmək olur. Riyaziyyatda toplananların yerini dəyişəndə cəm dəyişmir. Ədəbiyyatın qanunu başqadır. Hələ baxın, sadə bir dəyişikliklə “Ədəbiyyat qəzeti” də dəyişib. Görünür, dəyişən dünyada dəyişmədən yaşamaq mümkün deyil...

# 3151 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #