Estoniya prezidentinin azərbaycanlı tərcüməçisinin şeirləri

Estoniya prezidentinin azərbaycanlı tərcüməçisinin şeirləri
28 fevral 2014
# 12:47

Xaqani Qayıblı 1964-ci ildə martın 1-də Gürcüstanın Ləmbəli kəndində anadan olub.

1989-cu ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna, həmin ilin sonunda Azərbaycan Təhsil Nazirliyinin xətti ilə Yazıçılar Birliyi nəzdindəki Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Estoniyaya, Tartu Universitetinə göndərilib.

Eyni müddətdə həm filologiya, həm də jurnalistika fakültələrində təhsil alaraq, Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlı tələbədir.

2004-cü ildə ekstern yolu ilə Ankara Universitetini bitirib.

1987-ci ildən Azərbaycan, Türkiyə, Gürcüstan və Estoniya mətbuatında vaxtaşırı şeir və publisistik yazıları ilə çıxış edir.

1997-ci ildən Estoniya prezidentinin şəxsi tərcüməçisidir.

1998-ci ildən Tartu Universiteti Türk Dili Mərkəzi müdiridir.

2000-ci ildə Estoniya hökuməti tərəfindən Türkiyə və Estoniya arasında diplomatik və mədəni əlaqələrin inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə fəxri Estoniya vətəndaşlığı alan ilk türkdür.

Əsərləri eston, gürcü, rus, latış, alman dillərinə və tatar, qazax, qaqauz, Türkiyə türkcəsinə çevrilib. Müxtəlif illərdə 30-dan çox ictimai-siyasi, tarixi, elmi-mədəni məqalənin, 4 kitab və 1 monoqrafiyanın müəllifidir.

Kulis.az Xaqani Qayıblının şeirlərini təqdim edir.

Bu ömrümdə şair oldum...

Adımı qoydular “Dəli”,

Çətin daha yola gəlim…

Bir başımdı iki əlim –

Döydüm, öz başımı döydüm!

Yanğım var, su ver bir udum,

İçimi yandırdı odum.

Bu ömrümdə Şair oldum,

o ömrümdə, görən, nəydim?!

…Baxdım, son anımı gördüm,

ruhumdan anrımı gördüm…

dikəldim Tanrımı gördüm,

əyildim Sevdama dəydim!

1992

Haqq deyilən buymuş demək

Bu sevdadan könlüm yalın –

ki gör səndən keçdi yolum!

Gəl köksün göstərmə, Zalım,

Uçunur, əlim uçunur…

Mən – divanə,

Sən – can üzən!

Yağmalandım bu qaş-gözə…

Dodaqlarım möhtac sözə –

ağzımda dilim uçunur!

Göylər pəmbə, yerlər ipək…

Əllərini gözümə çək!

Haqq deyilən buymuş demək –

Önümdə ÖLÜM uçunur!

1993

O qız...

O qız, eşqin ağrısını

yaxşı ki məndən almadı.

Zəmim düzlərdə saraldı,

biçilib dən-dən olmadı.

Dən-dən olub gedən ömrüm

ovcumdan axıb tökülər…

Mən o qıza qovuşan gün

ruhum göylərə çəkilər!

Ağlamağa göz yaşı yox…

Gedin o qızı susdurun!

Ölsəm, mənə başdaşı yox,

bir körpə çinar basdırın!

1995

Mən söz əlində yesir

Dərd azar oyar canı,

Qürbətdirsə həyanın.

Toz basmış dəyirmanın

Dərdi dənin əlində.

Ömrün sabahı düyün –

Ya yas gözlər, ya düyün.

Salamat çıxdım bu gün

Bir dünənin əlindən.

Günlərim sətir-sətir

ötür… beləcə, ötür!

Mən söz əlində yesir,

Qələm mənim əlimdə.

1996

Ölüm üçün fərqi yох

Hеy düşünüb, qәm yеmә,

Çох çаlışıb, kәm yеmә!

İnsаn ömrü, sәn dеmә,

qаşlа gözün аrаsı!

Söylә, kimin dәrdi yох?!

Yаşа gözü-könlü tох.

Ölüm üçün fәrqi yох -

qırхlа yüzün аrаsı!

Sönmәz еvin-еşiyin –

Tаnrı çəksə kеşiyin!

Fәlаkәtin bеşiyi

küllә közün аrаsı!

Sözü dürr, vаrlığı dürr,

Hаqqа ərәnlәr bilir…

Şеir vәhy kimi gәlir -

hisslә Sözün аrаsı!

2000

Yenə az qala…

Yenə

az qala

unutmuşdum səni!

baxdım ki,

ömrümün Danı çoxdan atıb

Günü də batabatdadır

xatırlanası bir şey yox bu dünyada ...

Tanrım, nə ömürdü bu?!

Təsəlli olsun deyə

səninlə bağlı günlərin

xatirəsini yad etmək üçün

‘‘bir dəqiqəlik sükut’’

təklif etdim yaddaşıma

İÇİMDƏ FIRTINA QOPDU!!!

2004

Yurd

İllərdir bu Yurd can çəkir,

Can çəkir canı üstündə!

Yarası söyər yerindən –

qurumur qanı üstündə!

Çağırır bu Yurd hey məni,

Dərdi eləyib key məni...

Bu Yurddan Ölüm eymənir –

Kimsə yox canı üstündə!

Tayası odlanıb qalıb,

Dəryazı qatlanıb qalıb,

Dəhrəsi paslanıb qalıb...

Çəpəri yanı üstündə!

Sürüsünü güdəni yox,

Bir hal-əhval edəni yox!

Gələni yox, gedəni yox,

Yox bir həyanı üstündə!

Yalan, yurd sevgisi yalan...

Gör, neçə yol oldu talan!

Eh, bu Yurddan bizə qalan

quru ad-sanı... üstündə!

2012

Quş olmaq istəyirdim...

Quş olmaq istəyirdim...

düz sözümdü,

dodaq buzməyin –

quş kim, mən kim.

ürəyimə dammışdı...

quş olacaqdım.

bildiyiniz bir quş yəni –

qanadları gərili,

səmalara hakim...

qırdılar qanadımı,

əydilər inadımı

nimdaş bir adətin köhnə sandığının

küncündəki paslı bir qurşunla...

ayrı saldılar məni

o gözəlim quşumdan!

yaman quş olmaq istəyirdim amma...

hüdudlar,

sərhədlər,

sınırlar tanımayan,

tikanlı məftillər,

elektrikli şunurlar tanımayan.

...bir də gördüm

iş-işdən keçib

mənimki quşluqdan keçib –

dinirəm, söz oluram,

susuram, köz oluram

bağırsam, boğuluram səsimdə

quşürək olammıram...

istəsəm də

daşürək olammıram.

...beləcə, gözümü çəkdim səmalardan

sığındım SÖZün içinə,

səmaları içimə çəkdim!

yana-yana, alışa-alışa

yaza-yaza, danışa-danışa

bir gün SÖZ vurdu məni –

yıxıldım SÖZün yelinə...

ayıldım, SÖZ adamı oldum.

imrəndim duyğu selinə

ovladılar könlümü –

duyğuların öz adamı oldum.

gah şair dedilər, gah alim...

neçə-neçə kürsüdən çəkildi adım.

mən quş olmaq istəyirdim amma...

heyf, quş olammadım!..

2012

# 3852 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #