"Aqoniya", yoxsa təkamül? Dördüncü məqalə

"Aqoniya", yoxsa təkamül? Dördüncü məqalə
29 dekabr 2013
# 13:15

(XIX əsr Azərbaycan ədəbiyyatına bir nəzər)

Rüstəm Kamalın impulsiv mülahizələri bəzən absurda gətirib çıxarır: o, Mirzə Fətəli Axundovu «İran millətçisi» hesab edir və deyir ki, «Azərbaycan ədəbiyyatında iki nəfər Sasani dövrünün nostaljisini yaşayıblar: Axundov və Xaqani… (?!- E.)» (Azadlıq radiosu, «Pen klub» proqramı, 19 aprel 2013.)

«İran millətçisi», yəni Mirzə Fətəli Axundov (!!) Xaqani kimi (?!) «Sasani nostaljisi yaşayır» və… Azərbaycan ədəbiyyatında tamam yeni bir janrın banisi olur, milli dramaturgiya məktəbi yaradır, müasir Azərbaycan ədəbi-bədii dilinin formalaşmasında müstəsna rol oynayır, böyük fəlsəfi traktatını Azərbaycan dilində yazır, müasir hekayə janrının əsasını qoyur, milli ədəbi tənqidin («kritikanın»!) təşəkkül tapmasına təkan verir, konkret milli mövzu və məzmunu ədəbiyyata gətirir?

Xaqani dünyagörüşü ilə ondan 700 (!) il sonra və tamam başqa bir epoxada, tamam başqa bir tarixi şəraitdə, tamam başqa bir ədəbi-estetik və siyasi-ictimai mühitdə yaşamış və yazıb yaratmış Axundov dünyagörüşünü eyniləşdirmək hansı metodoloji prinsipə söykənir, ümumiyyətlə, hansı məntiqə əsaslanır?

Şəxsən mən bu sualın cavabını tapa bilmədim.

Bu yerdə yenə Yaşar Qarayevin obrazlı bir bənzətməsi yadıma düşür: «X1X əsrdə yaşasa da, Axundov mənəviyyat tariximizdə bu günü – XX əsri yaradanların ordusu başında durur» (Yaşar Qarayev. Tarix: yaxından və uzaqdan. Bakı, «Sabah», 2996, səh. 225).

Sadə bir sual doğur: nə üçün?

Sovet dönəmində də Mirzə Fətəli Axundovun yaradıcılığı və fəaliyyəti yüksək qiymətləndirilirdi, Axundovun əsas tədqiqatçıları məhz sovet dövrünün mütəfəkkirləri idi (Mirzə Feyzulla Qasımzadə, Məmməd Cəfər Cəfərov, Cəfər Cəfərov, Mikayıl Rəfili, Heydər Hüseynov və b.) və bu baxımdan bu məsələdə, yəni Azərbycan ədəbiyyatında və ictimai fikrində Axundov hadisəsinin qiymətləndirilməsində heç bir əksqütblük yoxdur, ancaq məsələ bu qiymətləndirmənin bəzi hallrda «nə üçün?»lüyündədir, hansı bədii-ideoloji əsaslara söykənilməsində, hansı cəhətlərin şişirdilməsindədir.

Misal üçün, mən Mirzə Fətəlinin yeni əlifba uğrundakı mübarizəsini birmənalı qəbul etmirəm, çünki müasir texnologiya və kommunikasiyanın inkişafı sübut edir ki, «göz»ü «kor» etmək ucbatından, nöqtələrin çoxluğuna və s. görə, maarifi kütləviləşdirmək, savadı artırmaq məqsədilə əlifba dəyişmək o qədər də əsaslandırılmış məsələ deyil. Hər halda, bizim özümüzünküləşdirdiyimiz ərəb əlifbası yapon, yaxud çin ieroqliflərindən çətin qrafika deyil, ancaq baxın, bu gün ən modern kompyuterlər məhz həmin ieroqliflərlə çalışır.

Əlifbanı dəyişmək, əslində, millətin özü ilə öz keçmişi arasında mənəvi bir sərhəd yaratmaq deməkdir və bunun acı nəticələrini bizim bəxtimizə düşən dörd dəfə (ərəb-latın-kiril-yenidən latın) əlifba dəyişmə zamanı görmüşük. Mirzə Fətəlinin əlifba uğrundakı mübarizəsinin rəmzi mənası, mənim üçün, bu mübarizənin nəticəsindən üstündür və mən «rəmzi məna» dedikdə, milləti silkələmək, onu xəyalistandan, «Min bir gecə» nağılları aləmindən dartıb çıxarmaq ehtirasını, sulu qəlyan ləzzətini kitab həvəsi ilə əvəz etmək istəyini nəzərdə tuturam, bu fəaliyyət öz enerjisini dünyanın – müasir elmin, ədəbiyyatın, incəsənətin artıq tamam birtərəfli (Qərb istiqamətindəki!) inkişafı ilə ayaqlaşa bilmək amalından alırdı.

Yaxud, «Axundov ateizmi» mətləbinin (daha dəqiq isə «Axundov və din» mövzusunun) şişirdilməsini və yeri gəldi-gəlmədi hakim sovet ideologiyasının tələbləri baxımından bundan sui-istifadə edilməsini götürək. Mən Mirzə Fətəli Axundovun 170 illik yubiley gecəsində məruzə etmişdim və o məruzəni hazırlayarkən, SSRİ miqyasında keçirilən bu yubiley zamanı Tiflisdə onun abidəsinin açılışı mərasimində Eduard Şevardnadzenin çıxışını oxumuşdum. İdeoloji konyunkturanı ifadə edən bu çıxışda Şevardnadze ədibin yaradıcılığını və bu yaradıcılığın əhəmiyyətini bir tərəfə qoyub, Mirzə Fətəlinin «dinin buxovlarını cəsarətlə qırdığını» xüsusi vurğulayırdı (Bax: «Kommunist» qəzeti, 6 oktyabr 1982).

Hətta bizim böyük ədəbiyyatşünaslarımızdan biri olan rəhmətlik Əziz Mirəhmədov da M.F.Axundovu «dövtələb ateizmin banisi» adlandırır və bunu xüsusi təqdir edirdi (Bax: «Kommunist» qəzeti, 17 oktyabr 1982).

Bir cəhət də vardı ki, «Axundov ateizmi»ndən danışanda, əsas etibarilə bu ateizm islamla bağlanırdı və «Axundov ateizmi» çox zaman məhz islamla bağlı aspektdə təhlil edilirdi, halbuki «Axundov və din» münasibəti yalnız islamı yox, bütün dinləri ehtiva edirdi.

Bütün bunları deməklə, mən yenidən Amerika kəşf etmək fikrində deyiləm, söhbət sadəcə olaraq ondan gedir ki, Azərbaycan ədəbiyyatından və indiki halda XIX əsr ədəbiyyatından bəhs edərkən, biz ilk növbədə onu, sovet dönəminin ideoloji doqma və aksentlərindən azad etməliyik.

Rüstəm müəllim «xarici mütəxəssislərin» bu fikri ilə razılaşır ki, «XIX əsr Azərbaycan ədəbiyyatı təzədən yazılmalıdır» («Kulis. az» saytı, 29 aprel 2013) və mən də «təzədən yazmaq» mənasında yox, XIX əsr ədəbiyyatına, ümumiyyətlə, ədəbiyyat tariximizə yeni gözlə nəzər salmağın vacibliyi baxımından Rüstəm müəllimlə də, onun istinad etdiyi «xarici mütəxəssislərlə» də müttəfiqəm.

Biz müasir ədəbiyyatşünaslığımızın tarixini Firudin bəy Köçərli ilə başlyırıq, ancaq fakt budur ki, Azərbaycan ədəbiyyatşünaslığı 70 illik sovet dövründə təşəkkül tapmış, formalaşmış, inkişaf etmiş və böyük bir elmi-nəzəri təsərrüfat yaratmışdır. Ona görə də xoşbəxtlikdən «təzədən yazmağa» ehtiyac yoxdur (artıq yazılıb!), ancaq bu ədəbiyyata ideoloji məcburiyyət və məhdudiyyətdən azad şəkildə yeni gözlə baxmağa ehtiyac var, bu isə heç vəchlə o demək deyil ki, Mirzə Fətəlini «İran millətçisi» elan edəsən.

Deməliyəm ki, Rüstəm müəllimin bu fikri orijinal deyil. Xatırlayıram ki, hələ 1988-ci ildə mən Nyu-Yorkda ilk dəfə Tadeuş Svyatoxovski ilə görüşdüm və onun evində qəhvə süfrəsi arxasında gecənin yarısına qədər söhbət etdik. O zamana qədər mən onun yanlız Türkiyədə türk dilində nəşr olunmuş «Rus Azerbaycanı: 1905-1920» kitabını oxumuşdum (bu kitabı oxumaq üçün rəhmətlik professor Abbas Zamanovdan götürmüşdüm, sonra isə müəllif özü avtoqrafla mənə bağışladı) və söhbətimiz əsnasında gördüm ki, Svyatoxovskinin bir tarixçi kimi Azərbaycan tarixi, xüsusən Demokratik Respublikanın tarixi ilə ciddi məşqul olur. Elə həmin gecə bir sıra məsələlərlə bağlı isə onunla mübahisəmiz də oldu və o məsələlərdən də ən birincisi bu idi ki, Tadeuş Svyatoxovski Mirzə Fətəli Axundovu «İran millətçisi» hesab edirdi. Sonralar – SSRİ çökəndən sonra – Svyatoxovskinin əsərləri çap olundu, onun hansısa yazısında bu fikirlə də rastlaşdım və mən bunu amerikalı alimin Mirzə Fətəli yaradıcılığını, xüsusən onun komediyalarını yaxşı öyrənə bilməməsi, əxz etməməsi ilə yozuram.

Mən vaxtı ilə Azərbaycan problematikası kontekstində Mirzə Fətəli Axundovun yaradıcılığı haqqında geniş məqalə yazmışdım (Maraqlananlar baxa bilər: «Mənim fikirlərim haqdır», M.F.Axundovun şəxsiyyəti və yaradıcılığı haqqında düşüncələr, «Ədəbiyyat və incəsənət» qəzeti, 10 dekabr 1982) və orada Əbdürrəhim bəy Haqverdiyevin çox dəqiq bir müşahidəsini yada salmışdım: «Mirzə Fətəlinin… epoletlər, imtiyazlar, xaç və medallarla bəzənmiş libasının altında od tutub alışmaqda olan bir ürək döyünməkdə idi» («Revolyusiya və kultura» jurnalı, 1938, № 6-7, səh. 115).

Bir az gurultulu səslənəcəyindən çəkinməyərək demək istəyirəm ki, «od tutub alışmaqda olan o ürəyin» Azərbaycan naminə döyündüyünə əmin olmaq üçün, heç bir elmi-nəzəri yozuma, necə deyərlər, «köməkçi, yönəldici təmayülə» ehtiyac yoxdur və mən Mirzə Fətəli haqqında söylənmiş məlum fikirləri təkrar etmək istəmirəm, qısaca olaraq yalnız elə onun dramaturgiyasına müraciət edirəm.

Mən Molla Pənah Vaqifin bədii dilimizi milliləşdirməsi barədə artıq yazmışam, Mirzə Fətəli Axundov isə X1X əsr Azərbaycan ədəbiyyatına yeni janr gətirərək, ədəbiyyatımızın mövzu və məzmununu milliləşdirdi, artıq söhbət nəzirəçilikdən, mücərrəd qəzəl və qəsidəçilikdən, nəsihətçilikdən, «Divan ədəbiyyatı»nın vaxtı keçmiş təqlidindən yox, xalqın təmiz dili ilə həmin xalqın gündəlik həyatının, güzəranının, xarakterinin, hiss-həyəcanının ifadəsi olan Heydər bəyin Sona xanıma real məhəbbətindən («Sərgüzəşti-mərdi-xəsis»), Ziba xanım ilə Şölə xanımın tipik intiriqasından («Sərgüzəşti-vəziri-xani-Lənkəran»), Tarverdinin Şəmsəddin mahalındakı dərədə uğursuz soyğunçuluğundan(«Hekayəti-xırsi-quldurbasan»), Şahbaz bəyin Parisdə dünyəvi təhsil almağa can atmasından («Hekayəti-müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur»), millətin irəlidə gedənləri hesab olunan Xaçmazlı Şeyx Salahın, Ağa Zaman həkimin, Molla Salmanın, tacir Məşədi Cabbarın, mülkədar Səfər bəyin konkret olaraq 1832-ci ildə Nuxalı zərgər Hacı Kərimin evinə toplaşıb «Tiflisə gedib, rüsxət alıb (!- E.), Xaçmazın dağlarında çadır qurmuş» Molla İbrahimxəlilin kimyanın gücü ilə bir batman misdən xalis gümüş əldə etməsini müzakirə edən və pul toplayıb ucuz gümüş ardınca kimyagərin hüzurunda varid olan bu «möhtərəm» şəxslərin avamlığından və nadanlığından («Molla İbrahimxəlil hər kəs sikkəli pul gətirirdisə, iki çəkisi bərabəri sikkəsiz xalis gümüşə» sahib olur!) və s. gedirdi, artıq Hacı Qara da, Dərviş Məstəli şah da, aferist kimyagər də, Şəhrəbanu xanım da klassik Azərbaycan ədəbiyyatının ən gözəl obrazlarından olan Məcnun, yaxud da Leyli kimi Ərəbistandan gəlməmişdilər, onlar Azərbaycan xalqının tipik nümayəndələri idi və elə buna görə də Mirzə Fətəli komediyaları bütövlükdə Azərbaycan xalqını ifadə edirdi.

Mehdi Məmmədov yazırdı ki, Mirzə Fətəlinin «dramaturgiyası və teatrı yalnız gülmürdü və güldürmürdü, haray qaldırır, fəaliyyətə çağırırdı» («Onun mütəfəkkir və sənətkar dünyası», «Ədəbiyyat və incəsənət» qəzeti, 15 oktyabr 1982).

Bu «haray qaldıran», «fəaliyyətə çağıran» «İran millətçisi» yox, Azərbaycan mütəfəkkiri idi, o azərbaycanlı Molla İbrahimxəlilləri, Dərviş Məstəli şahları ən kəsgin sarkazm (və ürək ağrısı!), ən sadə Azərbaycan dili ilə Azərbaycan xalqının özünə göstərirdi və belə bir bədii cəsarətin arxasında həmin xalqı, artıq neçənci dəfə dediyim kimi, Şərqin orta əsrlər mürgüsündən ayıltmaq ehtirası dururdu.

Düzdür, M.F.Axundovun bədii nəsrində – «Aldanmış kəvakib»də öz-özlüyündə çox maraqlı mövzu və məzmun başqadır və o, Azərbaycan ədəbiyyatında daha artıq dərəcədə mühüm janr hadisəsi idi. Füzulinin «Şikayətnamə»sindən üzü bu tərəfə ədəbiyyatımızın ayrı-ayrı nəsr nümunələrinə təsadüf edirik, ancaq hekayəni bir janr kimi Azərbaycan ədəbiyyatının faktı edən «Aldanmış kəvakib» oldu və bu əsər bədii nəsr dilimizin gələcək inkişafında müstəsna rol oynadı.

Axundovun biləvasitə təmasda olduğu şəxsləri, kolleqalarını xatırlayaq: rus ədibləri Aleksandr Bestujev-Marlinski, Yakov Polonski, Polşa şairi Tadeuş Zablotski, gürcü ədibləri Qriqol Orbeliani, Georgi Eristavi, Georgi Sereteli və b.; Mixail Lermontovun həyat və yaradıcılığının ən sanballı tədqiqatçılarından biri, bəlkə də birincisi olan İrakli Andronikov onun, yəni Lermontovun Mirzə Fətəli ilə biləvasitə təmasda olduğunu yazır və bizim tədqiqatçılar da bu faktı təsdiq edir (Bu barədə ətraflı bax: M.A.Bağırov. M.Y.Lermontov. Bakı, «Azərnəşr», 1964, səh. 35-36) – belə bir əhatə ilə təmasda olan, belə bir ünsiyyətdən faydalanan İran ədəbiyyatı idi, yoxsa Azərbaycan ədəbiyyatı?; belə bir ünsiyyətdə tərəf müqabillərini məlumatlandıran və maraqlandıran «İran millətçisi» idi, yoxsa ki, Nuxalı zərgər Hacı Kərimi, Xaçmazlı Şeyx Salahı, Qarabağlı, Təklə-Muğanlı obasının bəyi Hatəmxan ağanı, Oğuzun Gəldəkli kəndindən Molla İbrahimxəlili, onun şagirdi Samuxlu Molla Həmidi, Lənkəranlı Mirzə Həbibi, Ağcabədili Hacı Qaranı, yaxud Heydər bəyi, Əsgər bəyi, Təbrizli Səkinə xanımı və Əziz bəyi – belə bir coğrafiya sakinlərini səhnəyə çıxaran, personajlarının dili ilə xalqın problemlərini qaldıran Azərbaycan ədibi?

Aydın məsələdir ki, bu tipli sualların sayını xeyli dərəcədə artırmaq olar və bu sualların pozitiv cavabını Mirzə Fətəli Axundov yaradıcılığı və hadisəsi timsalında XIX əsr Azərbaycan ədəbiyyatı verir.

Mən yuxarıda bizim ədəbiyyatşünaslıqdan danışdım və burası da mühüm, eyni zamanda, mövzumuzla bağlı əlamətdar bir faktdır ki, Azərbaycan ədəbiyyatşünaslığının formalaşmasında və inkişafında XIX əsr ədəbiyyatının müstəsna rolu var. Söhbət bir kompleks şəklində ədəbiyyatdan gedirsə, bu mühüm cəhətdən sərf-nəzər etmək olmaz və mən elə yalnız öz kitabxanamda olan əsərlərin adlarını çəkmək istəyirəm: Mirzə Feyzulla Qasımzadənin «XIX əsr Azərbaycan ədəbiyyatı», Məmməd Cəfər Cəfərovun «M.F.Axundovun ədəbi-tənqidi görüşləri», Heydər Hüseynovun «XIX əsr Azərbaycan ictimai-fəlsəfi fikir tarixindən», Əliəjdər Seyidzadənin «Mirzə Şəfi Vazeh», Mikayıl Rəfilinin «M.F.Axundov», «Mirzə Şəfi dünya ədəbiyyatında», Cəfər Cəfərovun «M.F.Axundovun dramaturgiyası», Əziz Mirəhmədovun «XIX əsr Azərbaycan ədəbiyyatında satiranın inkişaf məsələsinə dair», Həmid Məmmədzadənin «Mirzə Fətəli Axundov və Şərq», Hidayət Əfəndiyevin «M.F.Axundovun nəsri», Kamran Məmmədovun «X1X əsr Azərbaycan şeirində satira», «Q.B.Zakir», Nadir Məmmədovun «M.F.Axundovun realizmi», Kamil Mirbağırovun «Seyid Əzim Şirvani», Bəylər Məmmədovun «Xurşidbanu Natəvan»… XIX əsrdə yazıb-yaratmış Nəcəf bəy Vəzirov, İsmayıl bəy Qutqaşınlı, Abbasqulu Ağa Bakıxanov, hətta X1X əsr ədəbiyyatının simasını müəyyənləşdirməyən, ancaq öz-özlüyündə istedadlı qələm sahibləri olan Mir Mövsüm Nəvvab, Mirzə Ələsgər Növrəs, Heyran xanım Dünbili, Baba bəy Şakir, Mirzə Baxış Nadim, Fazil xan Şeyda, Mirzə Məmməd Bağır Ağa Xalxali, Seyid Əbülqasım Nəbati və bir çox digər ədiblər haqqında elmi monoqrafiyalar, yüzlərlə elmi məqalələr nəşr və dərc olunub, ədəbiyyatşünaslığımızda ayrıca «Axundovşünaslıq» qolu yaranıb. Əlbəttə, bu böyük elmi təsərrüfatın hamısı eyni səviyyədə deyil, ancaq adlarını çəkdiyim ədəbiyyatşünaslar, eləcə də Həmid Araslı, Məmməd Arif, Mehdi Hüseyn, Əmin Abid, Əli Nazim, Hənəfi Zeynallı, Məsud Əlioğlu, Yaşar Qarayev, Sadıq Hüseynov və b., elə bil ki, XIX əsr Azərbaycan ədəbiyyatı haqqında nəhəng (və bütöv!) bir monoqrafiya yaratmışlar. Bu nəhəng monoqrafiya nəinki milli ədəbiyyatşünaslığımızın, ümumiyyətlə, ictimai fikrimizin sütunlarından biridir.

Artıq XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı Abbas Səhhətin dili ilə:

Birimiz mərsiyəgulluqda böyük şair idi,

Birimiz sağərə mail, birimiz cananə!

- deyə, yaxud:

Yoxdur daha fikrimdə mənim qönçə dodaqlar dərdi…

- deyə elə bil ki, özündən əvvəlki mərhələ ilə, yəni orta əsrlər poeziyası – «Divan ədəbiyyatı»yla vidalaşırdı və Mirzə Ələkbər Sabirə müraciətlə: «O pərişan yuxudan sən bizi bidar etdin» deyirdi.

Sabiri isə, Cəlil Məmmədquluzadə ilə, XX əsr Azərbaycan ictimai fikrinin Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məmməd Əmin Rəsulzadə, Ömər Faiq Nemanzadə və b. kimi böyük nümayəndələrini də XIX əsr Azərbaycan ədəbiyyatı və XIX əsrin ədəbi-ictimai aurası yetişdirdi.

…1907-ci ildə Həsən bəy Zərdabi vəfat etdi və dəfn mərasimində Əhməd bəy Ağayev onun ruhuna müraciətlə son dərəcə emossional məşhur çıxışında deyirdi ki, o dünyada babalarımızın yaxasından yapışıb soruş: bu nə vətəndir, bizə qoyub getmisiz?!

Ancaq elə Həsən bəyin dəfn mərasimin özü göstərdi ki, cəhalət və nadanlıq baxımından vətən daha əvvəlki vətən deyil, artıq bu vətənin Mirzə Cəlil kimi, Mirzə Ələkbər Sabir, Üzeyir bəy, Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Hadi, Hüseyn Ərəblinski, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Əbdürrəhim bəy Haqverdiyev və b. kimi sənətkar-vətəndaşları və siyasi-ictimai xadimləri, milli burjuaziyanın Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev, Şəmsi Əsədullayev və b. kimi nümayəndələri var idi, bu vətəndə «Molla Nəsrəddin» ədəbi məktəbi yaranmışdı, onlarla qəzet və jurnal nəşr olunurdu…

Artıq Abbas Səhhət bir vətəndaş sevinci ilə deyirdi:

Yaşa, ey nameyi-«İrşad», yaşa!

Ey edən milləti dilşad, yaşa!

Ey «Füyüzat» feyzin cari,

Səndə var çünki «Həyat» asari.

Yaşa, ey «Rəhbəri-əbnayi» vətən,

Qıl «Dəbistan» ilə ehyayi-vətən!

Çox yaşa, çox yaşa ey «Molla əmu»!..

Füzulinin ən gözəl klassik qəzəllərindən birinin lirik qəhrəmanı:

Edəmən tərk, Füzuli, səri-kuyin yarın,

Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!

- deyərkən, onun içində o qədər coşğun bir məhəbbət var idi ki, yarın yaşadığı məhəlləni özünün vətəni hesab edirdi və bu, əslində, böyük bəşəri məhəbbətin konkret ünvanı olmayan bəşəri vətəni idi.

Səhhətin lirik qəhrəmanı isə artıq konkret ünvanlı vətəndən danışırdı:

Millət, ey banisi-həyati-vətən!

Oyan, ey milləti-əziz, oyan!

Sənə vabəstətədir nicati-vətən.

Bu o vətəndir ki, «əcdadımızın mədfənidir, övladımızın məskənidir».

Aydın məsələdir ki, söhbət Füzuli ilə Səhhətin müqayisəsindən getmir (bu gülünc olardı!), söhbət konkret ünvanlı vətəndaş qayələrinin Azərbaycan ədəbiyyatına gəlməsindən, Azərbaycan poeziyasında Mirzə Ələkbər Sabir hadisəsinin yaranmasından və həmin vətəndaşlıq qayələrinin sürətlə poeziyamızın aparıcı istiqamətinə çevrilməsindən gedir.

Bu vətəndaşlığı da, poeziyamızın vətəndaş lirik qəhrəmanlarını da XIX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikri yetişdirdi.

Yaşar Qarayev Məhəmməd Hadini «Azərbaycan poeziyasında yeni romantizmin böyük nümayəndəsi» adlandırırdı (Məhəmməd Hadi. Seçilmiş əsərləri, Bakı, «Şərq-Qərb», 2005, səh. 7.) və bu yeni (!!) romantizm XX əsrin əvvəllərində məşhur misralarını yazırdı:

İmzasını qoymuş miləl övraqi-həyatə,

Yox millətimin xətti bu imzalar içində…

Bu «yeni romantizmi» XIX əsr Azərbaycan ədəbiyyatı yetişdirmişdi.

Həsən bəy Zərdabinin o dəfn mərasimi ilə, elə bil ki, XIX əsr ədəbiyyatını və ictimai fikrini ehtiva edən zəngin mündərəcatlı böyük bir epoxa öz missiyasını yerinə yetirərək estafeti artıq formalaşdırdığı yeni bir mərhələyə ötürürdü.

Bakı, 21 sentyabr 2013

# 2363 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #