Təkliyə alışmaq istəməyən qadının şeirləri

Təkliyə alışmaq istəməyən qadının şeirləri
3 iyun 2013
# 11:40

Onu ilk dəfə Gənc Ədiblər Məktəbindən tanımışam. Söhbətimiz elə təbii və səmimi başladı ki, bilmədim, o mənə müsahibə verdi, yoxsa mən ona... Məşhur el məsəlimizdə deyildiyi kimi, yeddi arxın suyunu bir yerə yığdıq: sevgidən, tənhalıqdan, anlanmamaqdan, övlad qayğılarından, ağrılarımızdan, duyğularımızdan, arzularımızdan danışdıq.

Onu dinləmək, suallarıma cavab almaq olduqca xoş idi, çünki mənim demək istədiklərimi danışırdı. Müsahibəmiz onun şeirlərinə və siqaret tüstüsünə bənzədi bir az – təkcə ruhumuza yox, paltarımıza, saçımıza da hopdu sanki. Oxucularımızın da eyni hissləri yaşamasını istədik. Həmsöhbətim istedadlı şair və tərcüməçi Rəbiqə Nazimqızıdır.

– Şeirə marağın olmadığı vaxtda “Epizodik sevgilər”i imzalamaq necə bir duyğu idi?

– Son illər mən də düşünürdüm ki, şeirə maraq azalıb. Amma istər özümdən, istər də başqalarından görürəm ki, bizim düşündüyümüz qədər də deyil. Ola bilsin ki, biz oxuculardan kənar düşmüşük. Lakin son illər ictimai şəbəkələşmə, bir az da kənar adamlarla ünsiyyət məndə belə təəssürat yaratdı ki, insanların içində mütləq şeirə, o hisslərə ehtiyac olur.

Sadəcə olaraq, son illər adamların başı daha çox pul qazanmağa, komfortlu həyat qurmağa qarışdığından bir az bundan uzaq düşə bilərlər. Amma istənilən adamın içərisində həssas nöqtələr var. Görünür, biz o həssas nöqtələrə vurmağı, oxucularla işləməyi bacarmırıq. Təqdimat mərasimində tanımadığım adamların da olması məni çox sevindirdi. Fikrimcə, 5-10 nəfər diqqətli oxucu olsa, bu özü də üstünlükdü. Bu mənada təqdimat mərasimi mənim üçün sürprizli oldu. Bu da adama stimul verir.

– Neçə kitabın satıldı?

– Hardasa bir saatın içərisində 53 kitab satıldı orda.

– Bizim reallığımız üçün yaxşı rəqəm sayıla bilər.

– Məncə də yaxşı rəqəmdi. Düzdür, sonrakı prosesdən xəbərim yoxdu, deyəsən gedir. Ondan qabaq da pulunu verib özümdən 7 kitab almışdılar. 3 kitab da təqdimatdan sonra özümdən aldılar. Məncə, pis başlanğıc deyil.

– Müsahibədən əvvəl ilk kitabını – “Sənə qədər”i vərəqlədim. Orada tənhalığın ilk dönəmini yaşayan, buna alışmağa çalışan qadını gördüm. “Sənə qədər” deyəndən sonra “Epizodik sevgilər”ə necə gəlib çıxdın?

– Haqlısan, çox düzgün tutmusan. “Sənə qədər”də toplanan şeirlər təvazökarlıqdan uzaq olsa da məktəb illərində yazdığım şeirlər kimi deyildilər, amma yenə də yaradıcı mühit üçün ilk addımlarım idi. Həqiqətən də daha çox təklik və tənhalığı əks etdirirdi. Mən onları yazanda şeirlə peşəkar şəkildə tanış deyildim. Daha çox öz içimi boşaltmaq istəyirdim. Ondan sonra təbii ki, şəxsi həyatımda dəyişikliklər baş verdi. Yəni “Sənə qədər”dən “Epizodik sevgilər”ə gələn yolda həm yaradıcı, həm də şəxsi mənada dəyişikliklər baş verdi.

Şəxsini ona görə deyirəm ki, “Sənə qədər”də o şeirlərimi bölüşə biləcəyim dostlar o qədər də çox deyildi. “Epizodik sevgilər”də artıq yaradıcı mühitin içində idim. Yəni, mənim həm şeirlərimi, həm içimi bölüşməyə adamlar var idi. Aradakı 5 il ərzində həm çağdaş Azərbaycan ədəbi prosesində fəal iştirak etdim, eyni zamanda dünya poeziyasının müasir mətnləri ilə tanış oldum. Müqayisə imkanları yarandı. “Epizodik sevgilər” kitabını özüm bu qədər gözlədim. İkinci kitab artıq hesabat məsələsidir. Düşünürəm ki, “Epizodik sevgilər”də keyfiyyət fərqi var, bunlar daha peşəkar yazılıb.

– Kitabın adı diqqətçəkəndir. Bu reklama, oxucu marağına hesablanıb, yoxsa...

– Əvvəlcə istədim adı şeirlərimin birindən seçim. Amma düşündüm ki, uğurlu deyil, kənardan diqqəti çəkmir, açığı, ürəyimcə də deyildi. Günlərin bir günü rəfiqəm Günel Xəzəl dedi, kitabım üçün iki ad fikirləşmişəm, bir halda ki, hələ öz kitabımı təxirə salıram, mən o ideyanı sənə verə bilərəm. Ad əslində Salam Sarvandan gəlir. Məclislərin birində Salam Sarvan “epizodik sarsıntılar” ifadəsini işlətmişdi. Bu, Günelin çox xoşuna gəlmişdi, bu kimi bir neçə ifadəni qeyd eləmişdi.

Bir dəfə ərklə dedim ki, bura bax, Günel, mən nə vaxtdı kitabın adı üstündə baş sındırıram. Rəfiqəm deyilsən, kömək elə. O da “epizodik sarsıntılar”ı təklif etdi. Sonra Salam müəllimdən də icazə aldıq, o da dedi ki, buyurun, bu mənim dədəmin ifadəsi deyil ki (gülür)... Dizayn mərhələsinə, üz qabığı məsələsinə gələndə, Zahir Əzəmət kitabın üz qabığına yadında qaldığı kimi- “sarsıntılar” əvəzinə “sevgilər” yazmışdı. Mən də fikirləşdim ki, yanlış da bir naxışdı, niyə də belə olmasın? Sarsıntılar adı uzundu, həm də pozitiv məqama köklənmir, amma sevgilər daha yumşaqdır.

– Axı sevgi epizodik olmur. Niyə məhz belə fərqli assosiasiya doğuran ifadə?

– Bu məqamda mən fikirləşdim ki, bax, bu, oxucuya, reklama hesablanıb. Amma əvvəlcədən planlaşdırılmamışdı, belə alındı mən də düşündüm ki, belə də qalsın. Dostlardan Səlim də dedi ki, bəlkə epizodik sözündən sonra üç nöqtə olsun. Amma mütləq deyil ki, şeir kitabının adı real olsun. Əslində sevgi özü də belə baxanda epizodlarla yaşanır. Yəni, birbaşa yaşanmır. Bunu şərti mənada sevgi epizodları kimi də başa düşmək olar.

– Kitabının adı özü bu sualı verməyə məcbur eləyir: sənin fikrincə, həqiqətənmi, sevgi epizodik ola bilər?

– Yox, sevgi epizodik olmur. Ola bilər ki, hansısa hissin adını sevgi qoyasan. Olsun rəğbət, pərəstiş, lap elə ehtiras hissi. İnsanıq də, bu və ya digər dərəcədə bunların hamısını hiss edirik. Amma düşünürəm ki, sevgi epizodik ola bilməz, sevgi ya olur, ya olmur. Əgər kiməsə qarşı sevginin öldüyünü hiss edirsənsə, deməli, yanlış adamı seçmisən, seçimində yanılmısan. Deyirlər ki, sevgidə seçim olmur, məncə, boş söhbətdi. İnsanın ruhu intuitiv olaraq seçir. Yəni, sonra başa düşürsən ki, hissinin adı nə imiş.

– Sonra yəni, bəlli bir yaşdan sonra əslində nə istədiyini dərk edirsən...Yetkin məhəbbətin nə olduğunu müəyyən yaşdan sonra anladığın kimi yəni...

– Məhəbbət əslində yetkin hissdir və mən də əsl məhəbbətin müəyyən yaşdan sonra gəldiyini düşünürəm.

– Məhəbbət onsuz da yetkindir, deməli, insan bunu dərk etmək üçün yetkinləşməlidir, əslində, deyilmi?

– Tamamilə düzdür. Ola bilsin ki, yetkinləşmədən, təsadüfən səninlə eyni dalğada olan adamı tapmısan. Amma müəyyən bir yaşdan, mərhələdən sonra bunun əslində O ADAM olub-olmadığını başa düşürsən. Məncə, insan 27-28 yaşdan sonra hisslərini analiz edə bilir, özünü, qarşısındakıları tanıyır. Ola bilsin ki, bu fiziki yaş mərhələsi fərddən-fərdə dəyişsin. Məndə bu, 28 yaşından sonra oldu.

– Bəzən deyirlər ki, yaradıcı adamda hər şey normaldısa, deməli o yaradıcı baxımdan öldü də..

– Həqiqət var. Amma yaradıcı adamda onsuz da həmişə hər şey qaydasında olmur. Bu daha çox insanın ruh halı ilə bağlıdır. Həyat harmonikdir, qüsur da var, məziyyət də, yaxşı da, pis də. Amma yaradıcı adam o adamdır ki, bunların hər birinə daha həssaslıqla yanaşır. Yaradıcı adamlarda həssaslıq, səmimilik hissi normanı keçir.

– Bəs sən bu qədər səmimilikdən qorxmursan?

– Düzdür, həmişə deyirlər ki, dilim başıma bəladır. Amma mən qorxmuram. Mən adamları tanıyanam, ətrafımı diqqətlə seçirəm. Ancaq səmimiyyət də elə bir silahdır ki, pislik edə biləcək adamları belə tərksilah edə bilər. Əvvəllər ictimai rəyə həssas idim, indi yox. Kimisə mənim şəxsi həyatım narahat edirsə, artıq bu mənim problemim deyil. Mən düşünürəm ki, əxlaq çox geniş anlayışdır. Bu təkcə qadının kişiyə, kişinin qadına münasibəti deyil.

Əxlaq həm də qadının qadınlara, kişinin kişilərə, bundan əlavə ictimai və bəşəri proseslərə münasibətidir. Əxlaq təkcə sevgi, ehtiras məsələsində üzə çıxmır. Əxlaq həm də öz işini normal görməkdir. Əgər mən bu gün yazı yazmalıyamsa, amma əvəzində xaltura eləyirəmsə, bu, artıq əxlaqsızlıqdır. Əxlaq borclarına və öhdəliklərinə məsuliyyətlə yanaşmaqdır. Məsələn, övladın qarşısında məsuliyyətini dərk edib axıra qədər apara bilirsənsə, deməli yaxşı, əxlaqlı adamsan.

– Valideyn məsuliyyətini vurğuladın. Bir az da ana Rəbiqəni dinləyək.

– Bu çox çətin məsələdir. Çünki mənim uşaqla məşğul olmağa çox az zamanım qalır. Bu həm ondan irəli gəlir ki, uşaqla tək qalmısansa, işləyib ailəni təmin eləməlisən. Düzdür, reallıqda bizim maaşımız elədir ki, normal dolanmağa kifayət eləmir. Anam-atam, qardaşlarım mənə kömək edirlər. Mən indi də onlarla yaşayıram, kirayə pulu vermirəm. Son vaxtlar ağrılı bir şeyi hiss etmişəm. Aynur deyir ki, mənə səninlə maraqsızdı, darıxdırıcıdır.

Başa düşürəm ki, hardasa, hansısa mərhələdə uşaqla ünsiyyətdə yanlışlığa yol vermişəm. Məktəbdə yaxşı inşalar yazır, humanitar sahəyə meylli idi. Onu başa saldım ki, mütləq texniki bir ixtisası olsun, belə olan halda da yaza bilər. Ola bilsin ki, onun istəyinə qarşı çıxmışam deyə, ruhi müstəvidə qırılma baş verib. Hardasa zəncirin bir həlqəsi qırılıb, indi ikimiz də çalışırıq ki, o həlqəni bərpa edək.

– Yaradıcılıqla bağlı nə planlaşdırırsan, nəsrə keçmək istəmirsən?

– Ədəbi aləmdə olan dostlarım epistolyar üslubda yazdığım mətnləri hətta şeirlərimdən də maraqlı hesab edirlər. Mənə deyirlər ki, məktub, eləcə də esse janrında yaza bilərsən. Bu roman-esse də, epistolyar roman da ola bilər. Əslində mənim belə bir öhdəliyim də var. Mərhum Fərhad Mete ilə bir roman yazmalıydım. Qismət olmadı.

Sonra düşündüm ki, onun xatirəsinə verdiyim sözü doğrultmalıyam. Amma hələ özümü buna hazır bilmirəm. Nəsr oturmaq, hövsələ tələb edir. Mən ovqata uyğun yazıram, qurtardı getdi, hövsələ yiyəsi deyiləm. Amma noyabra qədər (noyabrda ad günüm olacaq) esse və məktublardan ibarət kitab buraxmaq istəyirəm. Neçə vaxtdı oxucularım məndən bunu istəyir. Ovqatım normal olanda və normal düşünə biləndə həmin kitabı çapa hazırlayıram.

– Son sualım: həyatdan hansı gözləntilərin, hansı arzuların var?

– Yaralı yerimə toxundun (gülür). Gözləntilərim daha çox maddi arzularla bağlıdır. Mənəvi arzular da var təbii ki, amma başa düşmüşəm ki, onlar mənim gözləməyimlə deyil, Allahın işidir. Təbii maddi məsələlərlə bağlı işlər də onun kimi, amma mən bunun üçün çalışa bilərəm də.

Son vaxtlar sürücülüklə yaman maraqlanıram. Hələ təzə öyrənirəm, bir məsələni anlamışam ki, maşın sürmə prosesi məni sakitləşdirir. Əvvəllər maşın sürməkdən qorxurdum, düşünürdüm bu, məndə alınmaz, bacarmaram, əsəblərim dözməz. Sonra gördüm ki, əksinə, əsəblərimə xeyir eləyir. Yaxın bir neçə ayda maşın almaq istəyirəm. Əlbəttə, ayrıca evimin olmasını da istəyərdim. Şəxsi mənada da həyatdan çox şey gözləyirəm. Amma düşünürəm ki, gözləmək lazım deyil.

Mənəvi, ruhi mənada hədsiz çox gözlədiyin şeyləri sənə vermirlər. Hər şeydə dozanı gözləmək lazımdır. Əslində, şəxsi mənada çox şey də istəmirəm. Tez-tez sevinmək istərdim. Depressiyalı olduğum vaxtlarda məni həyata qaytara biləcək təbəssümlər olsun, fərqi yoxdur kimin təbəssümü – rəfiqəm də, dostum da, sevdiyim adam da, küçədə heç tanımadığım biri də ola bilər.

Ümumiyyətlə, depressiyaya meylli adamam, amma necə tez düşürəmsə, bir o qədər də tez çıxıram. Bircə sözlə, bircə hərəkətlə, bir dəstə nərgizlə, lap elə çiyələk mürəbbəsi ilə başımı aldadıb məni sevindirmək olar. Bunlardan belə xoşbəxt ola bilərəm. Xoşbəxtlik hissi məndə anlarla ölçülür. Mənim üçün yaşamaq o qədər də çətin deyil.

Sonda onu deyim ki, müsahibə verməyi çox sevirəm, bunu danmıram. Ona görə yox ki, bunu oxusunlar, sadəcə, zaman-zaman danışmağa ehtiyacım olur. Müsahibənin nə dərəcədə uğurlu alınması ovqatdan və kiminlə oturmağımdan da çox asılıdır. Mən tənhalıqdan yox (onsuz da heç kimi axıra qədər başa düşmürlər), təklikdən qorxuram, amma şərt deyil ki, mütləq yanımda sevgili olmalıdır.

Bu mənada mənim üçün müsahibə vermək həm təklikdən, həm də özümdən qaçmaqdır, mənə özümlə maraqlı deyil, çünki artıq özümü çözüb qurtarmışam. Prinsipcə, bu müsahibəni qəzetə verməyə də bilərsən, amma əsas odur ki, səninlə xeyli danışdım, ürəyimi boşaltdım, buna görə də özümü çox yaxşı hiss eləyirəm.

Sevinc MÜRVƏTQIZI, 525-ci qəzet

# 2091 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #