“Torqovı”da bütün görüntülər seksualdır

“Torqovı”da bütün görüntülər seksualdır
14 iyun 2018
# 17:30

Kulis.az Elxan Zal Qaraxanlının “Yovşanlı qağayı gəzintisi” yazısını təqdim edir.

Elçin Hüseynbəyliyə

Yazıçı Elçin Hüseynbəylinin “Yovşan qağayılar” romanını oxuyurdum. Bu yazıçının ruhu, dünya duyumu mənə yaxın olduğundan, əsər məni tutdu. Kitabı bitirər-bitirməz, nəsə qanım qaynadı, evdə oturammadım. Gecə yarıdan keçsə də, geyinib şəhərə çıxdım.

Gecəydi. Susqun və soyuq bir gecə. İşıqsız küçələrə yağış çisələyirdi. İslaq havanın nəmliyini siqaret tüstüsünə qarışdıra-qarışdıra mən xalq arasında “Torqovı” deyilən küçəyə gəldim. Bu küçə Bakının göbəyidir və göbək kimi şəhvət doğurandır. Zəngin supermarket vitrinlərindən boylanan manekenlərin baxışları yağışlı gecənin əsrarında qızğın dəvələr kimi boylanır. “Torqovı” Bakının ən erotik küçəsidir, bura seviş ilahəsinin hökmündədir. Burada hər yanda seviş iyi var, burada bütün görüntülər seksualdır. Xüsusən də gündüz saatlarında. Amma indi gecədir, binaların sinəsində almaz kolye kimi parıldayan reklam işıqları, beton cəngəlliyə bənzər şəhərin üstünə çökmüş qaranlığın zəhmli vahiməsində ürkək ahu kimi görünür. Mən reklam işıqlarının və yağmur damlalarının səssiz musiqisi altında dənizə doğru addımlayıram. Qağayılara baxmaq istəyirəm, yovşan qağayılara. Onlar bizim sahillərin əbədi keşikçiləridir, onlar Adəm oğullarından daha etibarlıdır. İnsanlar günlərinin xoş keçdiyi yerlərə Vətən deyirlər, qağayıların əbədi vətəni isə dünyaya göz açdıqları sahillərdir. Qağayı heç zaman başqa sahilə uçmaz, əgər uçarsa, demək o, həqiqi qağayı deyil.

Mən qağayı uçuşunu seyr etmək üçün dənizə doğru addımlayıram. Burnumda yovşan iyi var, düşüncəm qağayı kimi uçunur. Mən yovşan iyini çox sevirəm, mənə elə gəlir ki, bu qoxu həmişə mənimlə olub. Bəlkə də hansı babamsa (bəlkə də nənəm) yovşan kolunun üstündə bətnə düşüb. Biz bozqır millətiyik və bir Allah bilir, neçə nəslimiz yovşan kolunun ovsunlu qoxusuyla mayalanıb. Neçə dünya fatehi, toxumu göydən göndərilən bu sirli kolların üstündə dünyaya gəlib. Belə bir misra düşünürəm: “Göy səma altında yovşan üstündə, bir vaxt bətnə düşüb şanlı Atilla”. Fəqət indi Atillalar doğulmur, çünki adamlar yovşan iyini unudublar, indi düşüncələr də qağayı uçuşlu deyil. Üç tərəfi bozqır olsa da, indi Bakıda bozqır havası duyulmur. Bakı oturaqlığın ətalətindən lırtlaşıb, o çox həvəssiz və yorğundur. Neft pullarının törətdiyi hərəkət və qalxınma görüntüsü tamam parıltısızdır, çünki bu hərəkətin mayasında yovşan qoxusu yoxdur. Yovşan iyi çatmır bu şəhərdə, qağayılı düşüncə çatmır. Mən sahilə doğru gedirəm – yovşan qağayıların uçuşuna baxmağa. Onlar da yovşan iyi kimi dopdoğmadı, dopdoğma.

Mən “Torqovı” deyilən küçə ilə yavaş-yavaş addımlayıram. Deyəsən, indi onun adını dəyişiblər, amma “torqovı” kəlməsi beyinlərə möhkəm oturub, adamlarımız burada gəzinməyi çox sevir. “Torqovı” Bakının həm sifətidir, həm göbəyi. Bura bizim Brodveyimizdi, bura bizim Monmartrdı. Ötələrdə buraya “passaj” deyərdilər. Məncə, “passaj” daha lakonikdir, əcnəbicə deyirik, heç olmasa lakonik deyək. Mən bundan sonra “passaj” deyəcəyəm “Torqovıya”. Bura şəhər içində şəhərdir, bura “türk gözəli” Bakının ortasında Avropa vadisidir, səkkizqıraq İştar ulduzunun işığına sığınmış yabançı dəblər sərgisidir. Burada bütün görüntülər seksualdır, özü də avroseksual. Bəlkə də Şərq seksuallığı Avropa çadrasına bürünüb, nə bilim. Bu küçə, bu vitrinlər, bu reklam işıqları və insanlar, bir sözlə, hər şey seviş ilahəsinin hökmündədi. Rəngarəng reklam işıqları açıq səma səhnəsində striptiz göstərir. Eros oxuna tuş gəlmiş can yaxan qadın bədənlərinin kabusları dövrəmdə dolaşır, mən isə yovşan qağayılara doğru gedirəm. Hava seviş ritmindədir, dənizdə dalğalar oynayır, içimdə yovşan qoxusu var, amma baxışlarım striptiz göstərən reklam işıqlarının parıltılı dərisini yalım-yalım yalayır. Qadın bədəni şirin olur, amma yovşanlı öpüşlər onu daha da şirinləşdirir. Yovşanlı öpüşləri də itiririk, deyəsən. İndi hər şey Avropasayağıdır, - geyim, yeriş, musiqi, adlar, xitablar. Bircə sevişimiz hələ türksayaqdır. Yovşanlı türk sevişləri cəlb eləyir əcnəbiləri bizim “passaj”a. “Passaj” açıb qucağını, hər tərəfdən adamlar axın-axın gəlir, urussayaq akkordeon gələnlərə “bonjur” deyir. Yambızları şalvar cıran madamlar (əlbəttə, par-par yanan çılpaq ayaqlar da var) ac erkək bəbəklərinə qram-qram yanğı yükləyir. Bir sözlə, “hara baxırsan var madam, ev madam, mənzil madam, passaj madam, bulvar madam”. İndi Fatma-Tükəzbanlıq tükənmək həddindədir. Yəqin ki, yaxın gələcəkdə qırmızı kitaba düşəcəklər. “Passaj” Bakının fəthinə çıxıb, “Passaj” Bakını madamlaşdırır. Yox, madam olmaq heç də pis deyil, amma nədənsə bizdə madamlıq yabançı görünməklə ölçülür. Bakı madamlarının erotik görünmək istəyi uruscadır, bilmirəm, türk dili erosa düşməndir, yoxsa seviş ahu-zarı rus tamındadır…

Burası Bakı, mən asta addımlarla dənizə doğru gedirəm, seviş ilahəsinin çılğın parıltısı, yüngül yağmur damlalarının çiynində birəm-birəm qənşərimə tökülür. Binaların sinəsində almaz kolye kimi parıldayan reklam işıqları, beton cəngəlliyə bənzər şəhərin üstünə çökmüş qaranlığın zəhmli vahiməsində ürkək ahu kimi görünür. Mən gecə ovçusuyam Bakının Avropa oazisində, mən yovşan tamı ovlamaq istəyirəm. Düşüncəmdə çılpaq qadın bədənləri gəzişir, havada bir az fransız ətri var, fəqət qulağıma qəribə səslər gəlir. “Ötükən ormanı, Alp Arslan meydanı, Midya, Altay, Səmərqənd, Xan Tenqri” və daha nələr. Mən türk Bakısı görmək istəyirəm, türk Bakısı. Məgər mənim yaddaşım elə gödəkdimi ki, ötələrin gözəlliyini unudum? Bəlkə də bura Monmartr deyil, bizim “Zəfər tağımız” da yoxdur. Fəqət minlərlə zəfərimiz var. Burası Bakıdır, “qızıl alma”sını axtaran dünya fatehlərinin qəlb şəhəri. Dünya boyu səpələnmiş türk etno-coğrafiyası buraya görünməz tellərlə bağlıdır. Göyçə, Aral, Ural, Baykal, sayı-hesabı bilinməyən nə qədər doğma məfhum Bakı küçələrində, Azərbaycanın ayrı yerlərində öz yeni doğuluşunu gözləyir. Niyə bizim də öz Sibirimiz olmasın, öz tayqamız, öz Irtışımız olmasın? Axı bu kəlmələr ilk dəfə əcdadlarımızın dilində səslənib! Onsuz da Azərbaycan türk ellərini hər tərəfindən dərlənmiş uruqların yaşadığı bir diyardır. Qıpçaqlar, oğuzlar, qaraxanlılar, şahsevənlər, kəngərlilər və daha kimlər. Bunların hamısı azərbaycanlılar adlanan bir etnosun formalaşmasında iştirak edib. Onlar bizə həyat verib, biz niyə onları yaşatmayaq? Nədən qədim türk yazılarını yaşadan qayaların kopyası Bakı meydanlarını bəzəməsin? Axı ruslar, ingilislər, fransızlar hələ dünya səhnəsinə çıxmayanda bizim babalarımız əlifba yaradıb, dövlətlər qurub. İndi biz özgələrin önündə əksiklik kompleksi ilə yaşayırıq, onları təqlid edirik. Onlar kimi görünmək, onlar kimi sevişmək istəyirik. Əlbəttə, avropalılardan öyrəniləsi çox şey var, xüsusən onların texnologiyalarını, təhsil sistemini, müəyyən dəyərlərini mənimsəmək lazımdır. Tarixin bütün dönəmlərində aparıcı xalqlar və dövlətlər olub ki, başqaları onlardan çox şey öyrənib. Elə Avropa da İslam mədəniyyətini mənimsəyib intibah yapmadımı? Fəqət bizimki mənimsəmək deyil, kor-koranə təqliddir. Özü də yaxşı şeyləri təqlid eləmirik, sadəcə onların pis hesab etdiklərinə büt kimi sitayiş edirik. Nə olsun ki, biz postmodern bir zamanda yaşayırıq, nə olsun ki, dünya qloballaşır, sərhədlər demək olar ki, götürülür. Bunlarla bərabər, dünyada mədəniyyətlərin toqquşması gedir. Olsun ki, bu toqquşma yeni bir mədəniyyət sintez edəcək. Bir çox millətlər bu mədəniyyətlər toqquşmasında, bu informasiya basqısında silinib gedəcək.

Mən istəməzdim ki, bizi də belə bir aqibət gözləsin, axı üstündə dayana biləcəyimiz dərin göklərimiz var, sadəcə özümüz kökümüzlə aramızda yaddaşsızlıq məsafəsi yaratmışıq. Biz passajın qiyafəsini bir az dəyişdirsək, bir az türkləşdirsək, bir az şərqləşdirsək, nə olacaq ki? Madamlarımızın erotikliyimi azalacaq? Biz dünya səhnəsinə təzəcə çıxmış gənc bir millətik. İndi gənclik eşqi ilə alışıb yanan Bakı avropalı çanağına girmək istəyir, Avropa isə bu çanağın içində yavaş-yavaş quruyur. Çünki Avropa özü də öz yovşanından aralı düşüb. Qadınlığın düşgünləşməsi, erkəklərin geyləşməsi, narkomaniya, amoral bir gənclik - Avropa bu problemlərlə iç-içədir. Tarixdə məhv olan cəmiyyətlərin əksəriyyəti harınlıqdan məhv olub. Harınlaşmış Avropanın artıq şeir deməyə həvəsi yoxdur. Harda şeir ölməyə başlayırsa, orada insanlıq da ölməyə başlayır. Avropa yeni qan axtarır, o artıq vəhşi zənci qanına möhtacdır. Mən isə Bakının Avropa vadisinə, passaja yeni qan gəlməsini istəyirəm, mən bu şəhərin yovşan tamını duymasını istəyirəm. Bizim hələ ki, zənci qanına ehtiyacımız yoxdur, çünki həvəsimiz yetərincədir. Bizim sevişimiz ilahədəndir, bu şəhvətə bürünmüş şəhər də bizimkidir. Bir az öpüşümüzün yovşan tamı çatmır. Yovşan öpüşlü sevişlər şirin olur, şipşirin. Onsuz da sevgi ilhəsinin hökmündədir insanlıq. Fərqi yoxdur, onu necə adlandırırlar-adlandırsınlar...

Mən yovşan qağayılara baxıram, onlar durub dincəlməz dalğaların oynaq ritmi üstündə qanadlarını yelləyə-yelləyə şəhərə xoş bir rüzgar axıdırlar. Mən bu rüzgarın dadını ciyərlərimə çəkirəm. Bu dad mənə dopdoğmadır, dopdoğma.

# 1471 dəfə oxunub

Müəllifin son yazıları

# # #