Son yolçuluq - Səfər Kəlbixanlıdan hekayə

Son yolçuluq - <span style="color:red;">Səfər Kəlbixanlıdan hekayə
11 oktyabr 2017
# 10:46

Kulis.az Səfər Kəlbixanlının “Son yolçuluq” hekayəsini təqdim edir.

Günəşli bir yaz səhəri idi. Evdən çıxıb ətrafı seyr etdi. Çoxdan idi ki, özünü bu qədər rahat hiss etməmişdi. Hər şey könül oxşayırdı. Aramla, tələsmədən kirayə qaldığı evdən çox da uzaqda olmayan dayanacağa tərəf getməyə başladı. Bu zaman bir qadın əlindən tutduğu körpəsiylə onun yanından ötüb keçdi. Diqqətlə uzaqlaşmaqda olan qadınla uşağa baxdı. Dünyanın bütün köntöylüklərindən xəbərsiz balaca qızcığazın koppuş əlləri diqqətini cəlb etdi. Məmnuniyyətlə elə indi oturub bu əllərə bir nəğmə qoşardı. Bu ara yadına düşdü ki, buna oxşar bir mahnı var artıq. “Necəydi?” - deyə düşünərək mahnının sözlərini yadına salmağa çalışdı. Bir xeyli əziyyət çəkməli oldu. Cibindən siqaret çıxarıb yolun qırağındakı ağacın altında dayandı. Onsuz da tələsik bir işi yox idi. Siqaretini alışdırmaq istəyirdi ki, nəsə yadına düşdü. “Nazik əllər, nazik əllər” - deyə uşaq kimi sevindi. Sonra da öz-özünə gülümsünərək “nə qəribə adamlar var e, əl elə nazik olar da, -deyə məmnun-məmnun siqaretini yandırdı. “Yox, məncə koppuş əllər daha poetik səslənir. Heyif. Yəqin şerin müəllifi o zaman bu uşağı görməyib, yoxsa nazik əllərdən yazmazdı. Eybi yox. Yəqin bunu da edən tapılar”.

Koppuş əlli uşaqla anası artıq dayanacağa çatmışdı. Amma uşaq da onu diqqətlə süzən bu əmidən gözünü çəkə bilmirdi. Elə bil heç bu adamı birinci dəfə görmürdü. Qəribə bir doğmalıqmı, şirinlikmi uşağın qəlbinə hakim kəsilmişdi. Nəhayət avtobus dayanacağa yaxınlaşdı. Xəstəhal qocalara xas fısıltıyla dayandı. Sükan arxasında oturmuş yaşlı sürücü də neçə illərdir ona yoldaşlıq edən dəmir atının yüyənini çəkdi. O da dəmir atından geri qalmamaq üçün dayanacaqdan istifadə edib nəfəsini dərmək istədi. Sərnişinlər öz işlərindəydilər. Mənzil başına çatanlar tələsmədən salonu tərk edir, qalanları isə özlərinə daha uyğun yer seçməyə cəhd edirdilər. Koppuş əlli qızla anası da yer tapıb oturdular. Avtobus yenə fısıltıyla yoluna davam etməyə başladı. Uşağın gözü uzaqlaşmaqda olan avtobus hərəkət etdikcə daha da xırdalaşan siqaret çəkən əmidəydi.

“Bax, bu siqareti də çəkim, sonra gedərəm, onsuz da axşama hələ xeyli var. İşim də çox deyil. Evdə xırda-para yır-yığış olunmalıdır, kağız-kuğuzuma bir də nəzər salmalıyam, vəssalam. Ondan sonra yola hazırlaşmalıyam. Hazırlaşmaq deyəndə ki, hər şey çoxdan ölçülüb biçilmişdi. Cəmi bir neçə saniyə lazım olacaqdı. Sonra isə... Hə, bir də koppuş əllər. İmkan olsa, nəsə yazmaq lazımdır”. Yenə dodağına gülüş qondu. Nə qədər çalışdısa Sevincin əllərini təsəvvür edə bilmədi. “Görəsən onun da əlləri belə koppuşdur. Hə, hə, yəqin ki, elə olar. Axı bütün uşaqların əlləri bir-birinə bənzəyir. Hamısı da yupyumru, şipşirin. Elə bu uşağın əlləri kimi. Təbii ki, Sevincin də əlləri belə koppuşdur. Sadəcə mən fikir verməmişəm. Ya da indiyənə kimi məndən gizlədib. “Ay səni Sevinc, gör nə hiyləgər qızdır, yəqin mənim fikrimi qatmamaq üçün belə edib.” Son fikri ürəyinə yağ kimi yayıldı. Siqaretini tullayıb dayanacağa yaxınlaşdı. Dayanacaqda cəmi bir neçə adam var idi. Hər kəs də öz aləmində. O da dayanıb avtobus gözləməyə başladı. Saniyələr ağır-ağır bir-birini qovurdu.

Avtobusun arxa oturacağında özünə yer edib oturdu. Ondan qabaqkı oturacaqda bir qızla oğlan oturub şirin-şirin söhbət edirdi. Hər şeydən görünürdü ki, tələbədirlər. Burada, Bakıda tanış olub bir-birinə könül vermişdilər. “Xoşbəxt olsunlar”, - deyə ürəyində onlara xoşbəxtlik arzuladı. Qəribəydi, o həmişə belə adamlara xüsusi rəğbətlə yanaşardı. Yaxınlaşıb belə adamları bağrına basmaqdan özünü güclə saxlardı. İndi də bir istədi ayağa durub onlara yaxınlaşsın, hər ikisini bağrına basıb xeyir-dua versin, “camaat nə deyər?” deyib fikrindən vaz keçdi. Avtobus artıq növbəti dayanacağa çatmışdı. Gözünün ucu ilə dayanacağa nəzər saldı. O qədər adam var idi ki, iynə atsaydın yerə düşməzdi. Elə bil hamı işini-gücünü atıb nə üçünsə buraya toplaşmışdı. Adamlar elə hey bir ucdan avtobusa doluşsa da qurtarmaq bilmirdilər. Ürəyi üşüdü. Qorxdu ki, bu insan seli onu ağuşuna alıb aparar, işi yarımçıq qalar. Tələsik yerindən qalxıb avtobusun ikinci mərtəbəsinə qalxdı. Birinci mərtəbəyə nisbətən burada adam az idi. Amma bu gedişlə az sonra burada da basırıq olacaqdı. Lap arxa qapının yanında gözünə boş bir yer dəydi. O tərəfə keçmək istəyirdi ki, hardansa bayaqkı əlləri toppuş qızla anası peyda oldu. Gözünü açıb yummağa macal tapmamış uşaqla anası orada əyləşdi. Lap məəttəl qalmalı iş idi. Axı onlar bundan əvvəlki avtobusla getmişdilər. Bəs indi hardan peyda oldular. “Yox, yəqin səhv edirəm, bunlar başqalarıdır”, - deyə düşündü. Amma yenə içini şübhələr didməkdə davam etd.” Mən o əlləri səhv sala bilməzdim, axı. Bu, o idi. Həmin qızcığaz. Bu əlləri yüzlərin, minlərin içindən tanıyardım. Hə, hə əlbəttə o idi”, - deyib alnınını ovuşdurdu. “A qardaş, imkan verin, keçək də” - deyib kimsə böyrünə bərk bir dürtmə vurdu. Ağrıdan az qala bayılacaqdı. Yanpörtü dayanıb onu dürtmələyənə yol verdi. Sən demə o tək deyilmiş. Arxasında xeyli adam dayanıbmış. Fürsətdən istifadə edib onlar da yel kimi yanından ötüb keçdikcə keçir, səngimək bilmirdilər. Özündən asılı olmayaraq, o da camaata qoşulub irəliləməyə başladı. Deyəsən yenə gecikmişdilər. Avtobusun ikinci mərtəbəsində iynə atsaydın yerə düşməzdi. Hamı bir-birini itələyə-itələyə üçüncü mərtəbəyə qalxırdı. İnsan seli ağuşuna alıb onu indi də üçüncü mərtəbəyə qaldırdı. Gözlərinə inanmadı. Qızla anası indi də üçüncü mərtəbədə idi. Qız koppuş əlini ağzına salıb diqqətlə ona baxırdı. Bu vəziyyətdə o bir qədər də şirin görünürdü. Yanlarından keçib getmək istədi. Qız anasının boynuna sarılıb qulağına nəsə pıçıldadı. Anası da gülümsəyib nəsə dedi. Ancaq o heç nə başa düşmədi. Əlini uzadıb qızın əlini tutmaq istədi. Amma elə o andaca qız da, anası da yoxa çıxdı. Baş verənlər o qədər ani oldu ki, heç nə başa düşmədi. Heç buna vaxtı da olmadı. Yenə insan seli onu qabağına qatıb irəliyə apardı. Nə çevrilib arxasına baxmağa, nə də qızcığaza bir söz deməyə vaxt tapa bilmədi. Adamlar isə yerdən çıxırmış kimi gəlməkdə davam edirdi. Artıq üçüncü mərtəbədə də boş yer qalmamışdı. Hamı dördüncü mərtəbəyə qalxırdı. “Yəqin oralar bir az seyrəylik olar”, deyə düşünərək o da dördüncü mərtəbəyə qalxdı. Burada da insan əlindən tərpənmək mümkün deyildi. Bir dənə də olsun boş yer yox idi. Özünə gəlməyə macal tapmamış kiminsə ona dikilmiş nəzərlərini hiss etdi. Üzünü həmin tərəfə çevirdi. Qəribəydi, orada tanıdığı kimsə yox idi. Amma bütün oturacaqlar dolsa da yan-yana iki oturacaq boş idi və heç kim burada oturmaq istəmirdi. Bir də diqqətlə baxanda gözünə nəsə sataşdı. Gördüyünə inanmadı. “Yox, - dedi, - ola bilməz, bu mümkün deyil”. Amma fikrini tamamlaya bilmədi. Bapbalaca bir əl oturduğu yerdən qalxıb ona işarəylə nəsə deməyə başladı. Adam çox olduğundan onun əl hərəkətlərini aydın görmək mümkün deyildi. Yerindəcə quruyub qalmışdı. “Allah özü xeyirliyə calasın. Görünür məni qara basır. Yoxsa sahibsiz əl hara, adama gəl-gəl demək hara?” - deyə üzünü yana çevirmək istədi. Amma əl bu dəfə də onu rahat buraxmadı. Elə hey nəsə işarə edirdi. Canını dişinə tutub həmin oturacağa tərəf irəliləməyə çalışdı. Amma bu o qədər də asan məsələ deyildi. İnsan seli ona istədiyini etməyə imkan vermirdi. Çətinliklə olsa da, oturacağa yaxınlaşdı. Yenə gözlərinə inanmadı. İndi də oturacaqda yaşlı bir qadınla kişi oturmuşdu. Axı elə indicə burada tam başqa adamlar oturmuşdu. Daha doğrusu ciddi-cəhdlə onu yanına çağıran koppuş əl oturmuşdu. Bəs indi nə oldu belə? Əl hara qeyb oldu. Özünə gəlməmiş daha bir macərayla üzləşdi. Yaşlı qadın başının üstündə dayanıb diqqətlə ona baxan adamı sezincə üz-gözünü turşudub dodağının altında ”day lap ağ eləyiblər, nə ağbirçək bilirlər, nə qarabirçək sayırlar, heç elə bil qadın-zad görməyiblər, abırsızlar”, - deyə deyinməyə başladı. Qadının səsinə bir anlıq hamı ayaq saxladı. Bir ona, bir də yanlarında dayanıb günahkar-günahkar baxışlarını gizlətməyə çalışan cavan oğlana baxdılar. Amma bu da çox çəkmədi. Arxadan gələn insan seli yenə onları ağuşuna alıb aparmağa başladı.” Ayə səninləyəm, e, ay fistrinkə, hara qaçırsan? Elə bilirsən əl çəkəcəm səndən? Anon-bacun yoxdur bəyəm, başuva qız qəhətdi gəlib anon yaşda qadına ilişirsən, bir dayan, gör sənin başuva nə oyun açacam”. Nəsə deməyə çalışdı. Amma elə bil dili-ağzı qurumuşdı. Gözləmədiyi bu səhnədən özünü bir qədər də itirdi. Yaxşı ki, bu çox çəkmədi. Arxadakılar özlərinə yer tapmaq ümidiylə elə hey irəli cumurdular. Səs getdikcə uzaqlaşıb insan selində əridi. O, bir gözü arxada onlara qoşulmağa məcbur oldu. Artıq avtobusun dördüncü mərtəbəsi də dolmuşdu. Ümid beşinci mərtəbəyə qalmışdı. Bu həm də onun xilası olacaqdı. Onu qarabaqara izləyən koppuş əldən, səsini başına atıb donquldanan qadından, ikrah hissiylə anası yaşda qadına sataşmaq istəyən bu yaramazı daha yaxından görmək istəyən sərnişinlərdən və daha kimdən,kimdən. O heç vaxt belə tələsməmişdi. Getmək, bu təhlükə dolu dördüncü mərtəbəni mümkün qədər tez tərk etmək lazım idi. Ayaqlarını əllərinə götürüb irəli cumdu. Amma elə o andaca narazı səslər onun qulağını dəlib-deşməyə başladı. İndi də o kobudluqda ittiham olunurdu. “Bu nədir, elə bil bu gün hamı mənimlə qəsdi-qərəzlik edir. Axı mən kimə neyləmişəm, kimin bostanına daş atmışam?”- deyə beyninə hakim kəsilmiş fikirlərdən qurtulmaq istədi. Amma kim idi ona dayanıb nə barədəsə düşünməyə imkan verən və ya fikirlərini sağmal-subay edən. Adamlar elə hey bir ucdan gəlir, onu qabaqlarına qatıb mərtəbələrinin sayı bilinməyən avtobusla irəliyə qovurdu. Nəhayət beşinci mərtəbəyə çatdılar.” Hə, axırı ki, bir yer tapıb oturaram. Bəlkə bir hovur dincələ bildim”. Elə bu ara ona elə gəldi ki, o artıq neçənci gündür ki, oturub dincəlməyib. Tələsik qolundakı saata baxdı. Ona iyirmi dəqiqə işləyirdi. Lap məəttəl qaldı. Yaxşı yadındaydı ki, avtobus dayanacağına çatanda saat doqquza bir neçə dəqiqə qalmışdı. Belə çıxırdı ki, bütün başına gələnlər cəmi iyirmi dəqiqə vaxt aparmışdı. “Yox, ola bilməz, iyirmi dəqiqə nədir, görünür saatım düz işləmir, ya da dayanıb”. Deyəsən bu fikir özünün də xoşuna gəldi. “Hə. hə, əlbəttə, saatım yəqin yenə dayanıb, çatan kimi gərək saatsaza yaxınlaşıb düzəltdirəm. Bu andır da elə iki gündən bir dayanır. Heç bilmirəm dərdi-azarı nədir”. Sonra da həmişə saatını düzəltdirdiyi saatsazın ünvanına deyinmək istədi. Yenə alınmadı. Kimsə ayağını tapdadı. Ağrıdan həftadı yandı. Çevrilib bu köntöyün dərsini vermək istədi. Amma yenə fürsət vermədilər. Adamlar son döyüşlərinə gedirmiş kimi nəriltiylə irəliləməkdəydilər. Hələ ki, lap arxada bir neçə boş yer vardı. O da özündən asılı olmayaraq onlara qoşuldu. Boş oturacağa çatıb oturdu. “Şükür, axırı ki, mən də özümə yer tapa bildim”, - deyə düşünərək oturdu. Yerini rahatlamağa macal tapmamış yanından keçən ixtiyar bir qadını gördü. Cəld yerindən qalxdı. “Buyurun, nənəcan, əyləşin”, - deyə ona yer vermək istədi. Amma sözləri dodaqlarında dondu. Bayaqkı ixtiyar nənənin yerində koppuş əlli həmin uşaq peyda oldu. Gülümsünüb əyləşdi. Oğlan az qala havalanacaqdı. “Gəl sən də otur”- koppuş əlli uşaq dedi. “Bəs sən?” ”Mən də oturacam. İkimiz baş-başa verib yola nərdivan salarıq.” “Axı bu yer bir nəfərlikdir, camaat nə deyər?” “Kimin nə borcuna?” “Yox, mən belə bacarmaram, qoy gedim özümə başqa yer tapım.” “Niyə axı qaçırsan məndən?”Aha, deyəsən bu doğrudan da yaxşı fikir idi. Qaçmaq. Bu lənətə gəlmiş avtobusdan və bayaqkı deyingən ifritədən, lap elə onu qarabaqara izləyən bu koppuş əldən qurtamağın yolu ancaq qaçmaq idi. Yox, təkcə qaçmaq yox, ilim-ilim itmək, əl-ayaq çatmayan elə bir yerə getmək ki, onu heç kəs tapmasın. “Qaçmaq? Kimdən, nədən? Onsuz da bir neçə saatdan sonra onu heç kim tapa bilməyəcək, narahat edə bilməyəcəkdi. İllah da ki, səsini başına atmış o qadın, özlərinə boş yer tapmaq üçün bir-birinin ətini yeməyə hazır olan bu adamlar, koppuş əlli uşaq, bir sözlə heç kim”. Koppuş əl deyəndə bir az duruxdu. İnsafən uşaq ona heç nə etməmişdi. Özü də o qədər şirin idi ki, adam onunla lap dünyanın o başına da gedərdi. Bu ara yenə kimsə onu dürtməyə qonaq elədi. Yenə qaçhaqaç, qovhaqov başlandı. Yenə aləm bir-birinə qarışdı. Kimsə ayağı tapdandığından yeri-göyü qarğıyır, kimsə səkkiz mərtəbəli avtobus inşa etmiş konstruktoru lənətləyirdi. Nəhayət hamı yerbəyer oldu. O da özünə səkkizinci mərtəbədə yer tapıb əyləşdi. Ləzzətlə dərindən nəfəs alıb xəyala daldı.

Sevincin anasıyla təsadüfən tanış olmuşdu. Həmin gün ilk dəfə işə çıxmışdı. Dostlarından biri baş redaktor təyin olunan kimi ona zəng vurub görüşmək istədiyini bildirmişdi. O da tərəddüd etmədən görüşə gəlmişdi. Hələ heç nədən xəbəri yox idi. Deyilən ünvana çatanda buranın qəzet redaksiyası olduğunu görmüşdü. Redaksiya üçüncü mərtəbədə yerləşirdi. Asta addımlarla üçüncü mərtəbəyə qalxıb içəri girmişdi. Baxışlarıyla nə qədər axtarsa da dostunu tapa bilməmişdi. Bu zaman onun köməyinə içəridəki qızlardan biri çatmışdı:

- Sizə kim lazımdır, cavan oğlan?

O da həmişəki kimi dilini dinc qoymayıb zarafat etmişdi

- Bağışlayın, bura Röstəm bəyin evidir?

Qızlardan da biri onun bu zarafatına zarafatla cavab vermişdi

- Elədir ki, var. Biz də Rüstəm bəyin qızlarıyıq.

- Bəs elə isə Telli hansınızdır?

Yenə həmin dilli-dilavər qız dilini dinc qoymadı:

-Telli, bax o küncdəki gözəlimizdir. Amma ondan əlini üz. Çox adama yovuşmazdır. Başqasından yapış, bəlkə bir şey çıxdı.

Otağı şaqraq gülüş səsi bürüdü. Təkcə Telli dedikləri qız başını bir qədər də aşağı salıb bilgisayarın dillərini şaqqıldatmaqda davam etdi. Səsə baş redaktor çıxdı. Onu görən kimi “mən də deyirəm bu qızlara nə olub belə”, - deyərək dostuna tərəf gəldi. Görüşüb içəri keçdilər. Bayaqkı qızlardan biri çay gətirdi. Çay içə-içə bir xeyli söhbət etdilər. Birdən heç gözləmədiyi halda dostu soruşdu:

- Sən neylədin, özünə bir işdən-zaddan tapdınmı?

- Yox, vallah, hansı qapını döyürəmsə “bir az gözlə” deyirlər.

- Bəlkə, bizdə işləyəsən, iki qardaş baş-başa verib işlərik.

Bir qədər duruxdu. Bura gələndə heç bu barədə düşünməmişdi. Nə deyəcəyini bilmədi. Dostu onun tərəddüdünü görüb bir qədər də təkid etdi:

- Tərəddüd etmə, düzdür elə də çox maaş verə bilməyəcəyəm, amma heç olmamaqdansa, buna da şükür. Daha yaxşı maaşlı iş tapan kimi də gedərsən.

- Nə deyim, vallah, onsuz da boynumda haqqın çoxdur. Sonra da ağzıgöyçəklər deyəcəklər ki, redaksiyanı dost-tanışıyla doldurub. Sənə də söz gələcək.

- Sən heç narahat olma, deyib-deyib yorulacaqlar. Təki sən razı ol. Bir də ki, mənim də sənə ehtiyacım var. Onsuz da redaksiyanın ədəbiyyat bölümünə savadlı birisini axtarırdım.

- Nə deyirəm ki, sən deyən olsun.

- Onda haydı iş başına, - deyə dostu ayağa qalxıb onun qoluna girdi və birlikdə bayıra çıxdılar. Hər kəs öz işindəydi. Çoxunun onların bayıra çıxmağından xəbəri də olmadı. Baş redaktor “qızlar, bir dəqiqə əl saxlayın” - deyib onlara müraciət etdi. Hamı başını qaldırıb sual dolu nəzərlərlə ona baxdı.

- Mən sizə bizim yeni işçimizi təqdim etmək istəyirəm. Sizlərdən çoxunuz yəqin ki, onun imzasıyla tanışsız. Gənc yazar Teymur haqqında yəqin ki, eşitməmiş olmazsınız.

Teymur adını eşidən kimi qızlar yerbəyerdən “hə, hə, əlbəttə tanıyırıq”, - deyə səsləndilər. Bayaq qızların Telli kimi qələmə verdiyi qız da əlindəki işi bir kənara buraxıb bir anlıq Teymura baxdı. Sonra da utana-utana onun bir neçə əsərinin adını çəkdi. Bu Teymura lap ləzzət etdi və gülə-gülə “açığı, bu qədər populyar olduğumu heç düşünməmişdim” dedi. Dostunun redaksiyanın işçiləri tərəfindən tanınması və belə isti qarşılanması təbii ki, baş redaktora xoş oldu:

- Bir halda ki, tanıyırsınız, onda xüsusi təqdimata elə də bir ehtiyac qalmır. Təkcə onu qeyd edim ki, Teymur bu gündən bizim ədəbiyyat şöbəsinə rəhbərlik edəcək. Sizdən də qızlar xahiş edirəm ki, ona dəstək olasınız.

Sonra o əliylə pəncərənin qabağındakı üstü bilgisayarlı boş masanı göstərib “bu da sənin masan, buyur, başla. Xeyirli, uğurlu olsun”. Baş redaktor bunu deyib öz otağına keçdi. Qızlar da öz işlərinə davam etdilər.

Teymur kollektivə tez alışdı. Çox qısa bir vaxtda Telli dedikləri qızdan başqa hamıyla dil tapdı. Yeni şeirlərinin ilk oxucuları da onlar olurdu. Bir gün yenə həmişəki əhval-ruhiyyə ilə redaksiyaya gədi. Hamıyla salamlaşıb qıza yaxınlaşdı:

-Vaxtınız olsaydı, Sizə bir az əziyyət verərdim.

Qız başını qaldırıb “buyurun, Sizi çox diqqətlə dinləyirəm”, - deyərək azacıq gülümsündü. Ancaq intonasiya onun hələ də Teymura olan münasibətinin dəyişmədiyini deyirdi.

- Bilirsiniz, neçə gün idi yeni bir hekayə üzərində işləyirdim, çox istərdim oxuyub münasibət bildirəsiniz. Amma çox xahiş edirəm, son dərəcə diqqətli olun.

- Nə deyirəm ki, verin, baxım.

Teymur o gün özünə yer tapa bilmirdi. İlk dəfə əlinə qələm alan adam kimi səbirsizcəsinə otaqda var-gəl edir, siqareti siqaretə calayırdı. Onun bu halı qızların da gözündən yayınmamışdı. Tez-tez ona söz atır, təlx olmuş ovqatını bir az da təlx edirdilər. Hər dəfə bayırdan içəri girən kimi elektron ünvana girib cavab axtarırdı. Onun fikrincə qız hekayəni çoxdan oxumalıydı. Çünki həm həcmi balaca idi, həm də dili o qədər səlis və aydın idi ki, heç bir problem yaratmamalıydı. Elə mövzunun özü də, Teymurun fikrincə, çox maraqlıydı. Hekayədə nakam bir eşqdən söhbət gedirdi. Əsərin sonunda qızdan müsbət cavab almayan oğlan özünü yaşadığı binanın səkkizinci mərtəbəsindən ataraq intihar edirdi.

Nəhayət, işin sonunda bayaqdan gözlədiyi cavab gəldi. Qız yazırdı: “Hörmətli Teymur bəy, qabaqcaqan qeyd edim ki, fikirlərimlə xətrinizə dəyəcəyimə yüzdə yüz əminəm. Amma inanın ki, qarşıma belə bir məqsəd qoymamışam. Neyləyim ki, düşündüklərimi üzə deyən adamam və bu xasiyyətimdən əl çəkmək üçün heç bir əsas görmürəm. O ki qaldı əsərinizə, deməliyəm ki, nə süjet xətti, nə qoyulan problem, nə də yazı üslubunuz ədəbiyyatda müəyyən ad qazanmış birisinə yaraşmır. Əsərin sonunda intihar etmiş qəhramanınıza gəlincə, fikrimcə, o son dərəcə zəif birisi olduğu üçün bu addımı atıb. Hər kəs öz sevgisi üçün vuruşmalı, əzab-əziyyətə qatlaşmalıdır. Həyat insana bir dəfə verilir və heç kimə haqq verilmir ki, Allahın bizə ərməğan etdiyi bu həyatdan belə asanlıqla köç etsin. Bu qorxaqcasına fərarilik etməkdir. Bəli, bəli, qorxaqcasına fərarilik etmək. Sizin qəhrəmanınız hələ də qəhrəmanlıqla fərariliyin fərqini başa düşmür, qəhrəmanlıq edirmiş kimi özünü səkkizinci mərtəbədən yerə ataraq intihar edir. Amma əslində bu qəhrəmanlıq deyil, əsil qorxaqlıq və fərarilikdir və təbii ki, özünə hörmət edən heç bir qız öz həyatını belə adama etibar etməzdi. Görünür qız da onun sevgisini bu səbəbdən qəbul etməyibmiş.

P.S. Xətrinizə dəydimsə də, üzr istəməyəcəm. Çünki belə doğulmuşam”.

Qızın onun hekayəsinə verdiyi bu qiymət xətrinə dəymədi. Əksinə, bundan sonra ona olan münasibəti bir qədər də yaxşılaşdı. Elə həmin gün evdə öz yazısına bir də baxdı. İlk və son oxucusu tamamilə haqlıydı. “Yaxşı ki, hekayəmi ondan başqa heç kim oxumadı. Yoxsa lap biabır olardım”, - deyə ürəyində qıza yüz dəfə təşəkkür etdi və qərara gəldi ki, bundan sonra bütün yazılarının ilk oxucusu o olacaq...

Avtobus dayanacaqları bir-bir arxada qoyaraq irəlilədikcə Teymurun fikirləri də bir-birini təqib edirdi. Artıq bayaqkı basabas da səngimişdi. Amma qəribəydi ki, heç kim yerindən tərpənmək istəmirdi. Sanki taleyin hökmüylə özlərinə səkkizinci mərtəbədə yer seçmiş sərnişinlərin hamısı son dayanacaqda düşəcəkdilər. Koppuş əlli uşaq da yox olmuşdu. Elə bil avtobusun içindəki bu basabasdan bezib o da harasa qeyb olmuşdu. Nə üçünsə Teymura elə gəldi ki, ona ehtiyacı var. Bax elə indi çox böyük həvəslə onunla dərdləşər, bayaqdan beynini dəlib deşən suallara bir-bir ondan cavab istərdi. Amma hanı? Bayaqdan az qala hər addımında onu təqib edən koppuş əlli uşaq hara qeyb oldu görən?” Yəqin indi o da məni axtarır, ya da elə hardasa mənzil başına çatıb, düşüb gedib işinin dalınca. İşinin dalınca?” Bu fikrindən özü də gülümsündü.” Məgər o nəyləsə məşğul ola bilər ki. O əllər iş görmək üçün yaranmayıb, onlar yalnız əzizlənmək və sevilmək üçün yaranıb”.

Teymurun yadına yenə Sevincin əlləri düşdü. Qızını əlləriylə həmən uşağın əllərini müqayisə etmək istədi. Fantaziyasını işə salmaq üçün yerində xeyli vurnuxdu. Hətta özündən asılı olmayaraq ayağı yanında oturan cavan oğlana da ilişdi. Onun narazı baxışlarını öz üzərində hiss edən kimi tələsik üxrxahlıq etdi. Oğlan narazı-narazı başını bulayıb üzünü yana çevirdi. Oda fikirlərini davam etdirməyə çalışdı. Amma nə qədər çalışsa da bir şey çıxmadı. “Yox, - dedi, - Sevincin əlləri bambaşqadır, koppuşluğu olsa da bu qızın əllərindən fərqlənir. Qoy bir evə çatım, tökəcəm şəkilləri ortalığa, o ki var baxacam o əllərə”. Sonra xəyalən Sevincin evdəki şəkillərini gözü önündə canlandırmağa çalışdı. Onsuz da o şəkillər çox deyildi. Bir də axı üç yaşlı uşağın şəkilləri də çox ola bilməzdi. Olanların da hamısı ya ad günlərində çəkilmişdi, ya da dəniz qırağındakı azsaylı gəzintilər zamanı. Görəsən bu şəkillərdə onun əlləri necə çıxıb, istədiyimi görə biləcəyəmmi? Ya da ki, kaş anası onu bu gün bağçaya aparmırdı. Onda lap əməlli-başlı bu əllərə baxmağa imkanı olardı. Amma bu az inandırıcı görünürdü. Çünki anası hər səhər içə gedəndə Sevinci də özüylə götürüb bağçaya təhvil verər, bir də axşam işdən çıxanda götürərdi. Uşaq heç düz-əməlli səhər yuxusunu da ala bilməzdi. Bu yerdə yenə özü özünün fikirlərini qırdı. “Bu da işdir, sən Allah, uşaq heç əməlli-başlı uşaqlıq da edə bilmir. Biz axı bağça-filan görməmişik. Bapbalaca daxmamız var idi. Üç qardaş iki bacı bir tirin altında böyümüşdük. Səhər yuxudan ana nəvazişiylə durar, Allah verəndən yeyib başlardıq atılıb düşməyə, oynamağa, hər dəfə də özümüzdən bir oyun icad edərdik. Anamız da dəcəllik edəndə yambızımıza şappıldadardı. Amma heç birimizin səsi də çıxmazdı. Bilirdik ki, heç beş dəqiqə keçməyəcək ki, anamızın hirsi soyuyacaq, yenə əvvəlki nəvazişlə könlümüzü alacaq. Yoxsa indikilər kimi. Aparıb səhər tezdən atırıq uşağı bağçaya, nə yediyindən xəbərimiz olur, nə də içdiyindən.

Uşaqlıq illəri onun bəlkə də ən qayğısız, xoşbəxt günləri idi. Düzdür, dəcəlliyinə görə anası tərəfindən tənbeh olunduğu da az olmamışdı. Amma bu tənbehin də ömrü çox olmamışdı. Üstündən bir neçə dəqiqə keçən kimi hər şey unudular, yenə əvvəlki qayğısız anları başlardı. Bir dəfə isə... Balaca bacısıyla birgə həyətin o başında oynayırdılar. Bacısının əynində atasının dünən ona aldığı qısaqol don var idi. Don o qədər gözəl idi ki, anası onu qızının əynindən çıxara bilməmişdi. Qız heç yatanda da paltarı əynindən çıxarmamışdı. Səhər yeməyini yeyib həyətə oynamağa düşdülər. Axşam yağış yağdığından yerdə xırda gölməçələr vardı. Teymur bu gölməçələrin üstündən hoppana-hoppana qaçır, ayağının altından qalxan palçığın bacısının üst-başını batırdığının fərqinə varmırdı. Bir də baxdılar ki, təzə don palçığa bələnib. Bunu görən bacısı ağlaya-ağlaya anasının yanına qaçdı. Qızın əynindəki paltarın palçığa batdığını görən anası Teymuru da, bacısını da oxlovla yaxşıca əzişdirdi. Onda anasından bərk incimişdi. “Görərsən, - Teymur ağlaya-ağlaya demişdi, - bir az böyüyüm çıxıb gedəcəm Bakıya, qayıtmayacağam bu evə. Bacıma da özüm təzə don alacağam”. Elə belə də olmuşdu. Orta məktəbi bitirib universitetə daxil olmuş, təhsilini bitirəndən sonra da taleyini şəhərə bağlamışdı. Anasıyla atası nə qədər yalvarsa da, dediyindən dönməmiş, bir qarnı ac, bir qarnı tox şəhərdə yaşamağa başlamışdı. Amma anasına o vaxt dediyi sözü də unutmamışdı. İlk imkandaca bacısına gözəl bir don almışdı...

- Nə dərin xəyala dalmısan?

Qəfil sualdan diksindi. O idi. Koppuş əlli uşaqdı. Özü də sevindi. Elə bil illərlə dostluq etdiyi bir adamı tapmışdı.

- Yox, - dedi, - elə bir şey yoxdur. Hər şey qaydasındadır.

- Bəlkə, qərarından peşman olmusan? Fikrindən daşınmısan?

- Nə qərar? Mənim qərarımdan sənin nə xəbərin var?

- Mənim hər şeydən xəbərim var.

- Axı, hardan?

- Nə dəxli var ki?

- Hə, hə, indi heç nəyin dəxli yoxdur.

- Sualıma cavab vermədin.

- Heç elə şey olar? Bu mənim qəti qərarımdır. Başqa cür ola da bilməz. Niyə belə düşündün?

- Bilmirəm, mənə belə gəldi ki, fikrindən dönmüsən. Bir də səni axı yaxşı tanıyıram. O qədər fikrindən qaçmısan ki...

Söz onu götürdü. Bir buna bax, bunun boyuna bax, danışdığı sözə bax. Bir istədi başından böyük danışan bapbalaca bu uşaqcığazın dərsini versin. Sonra yenə səbrini basdı.

- Sən ki məni heç tanımırsan. Hardan bilirsən fikrimi tez-tez dəyişdiyimi?

- Mən səni tanımıram? Səni məndən yaxşı heç kim tanıya bilməz.

Bu day lap ağ oldu. Elə bircə bu qalmışdı ki, burnunun suyunu düz-əməlli silə bilməyən birisi ona ağlına gələni desin. Özü də necə birisi. Hələ heç üç yaşı ola, ya olmaya.

Uşaq onun fikirlərini oxuyurmuş kimi bir qədər də incik səslə dilləndi:

- Mənə uşaq deyirsən?

- Uşaq olmayanda bəs kimsən?

- Mən səni illərdir qarabaqara izləyən ikinci sənəm. Bir qədər diqqətli olsaydın, çoxdan tanıyardın məni.

- İkinci mən? Teymurun heyrətdən az qala gözləri hədəqəsindən çıxacaqdı. Deməli, sən hər şeyi bilirsən?

- Əlbəttə, bilirəm.

Susdular. Deyəsən, daha deyiləcək bir sözləri də qalmamışdı. Teymur da öz dayanacağına çatmışdı. Avtobus dayanan kimi asta addımlarla yerindən qalxıb çıxışa doğru irəlilədi. Elə bil hamı onu gözləyirdi. Salondakı digər sərnişinlər də yavaş-yavaş yerlərindən qalxmağa başladı. Amma bayaqkı basabas yox idi. İndi hamı ehtiramla bir-birinə yol verir, heç kim heç kimin ayağını tapdamırdı. Teymur arxasınca gələnlər arasında koppuş əlli körpənin də nəfəsini hiss etdi.

Dayanacaqda avtobusdan düşən sərnişinlər çətin və məşəqqətli yolun yorğunluğunu çıxarmaq üçün hərəsi bir tərəfə səpələndi. Teymur da avtobusdan düşüb bir kənara çəkildi. Siqaret yandırıb uzaqlaşmaqda olan yol yoldaşlarının dalınca baxdı. Heç kimin heç kimlə işi yox idi. Hər kəs öz aləmindəydi. O da indicə siqaretini tullayıb öz işinin dalınca gedəcəkdi. Axşama hələ çox vardı. Yolunun üstündəki dükana girib qəhvəaltılıq nələrsə götürmək istədi. Dərhal da fikrindən döndü. Tələsmədən, asta addımlarla yenicə istifadəyə verilmiş göydələnə doğru irəlilədi. Aramla səkkizinci mərtəbəyə qalxdı. Lift də çağırmadı. Onsuz da tələsəcək bir yeri yoxdu.

Otaqda ölü sükut at oynadırdı. Hiss olunurdu ki, divarlar da onun nəfəsi üçün darıxıb. Əlindəki paketi mətbəxdəki stolun üstünə qoyub əl-üzünü yudu. Sonra öz otağına keçdi. Hər tərəf gül kimi yığışdırılmışdı. Yazı masası küncdə onu gözləyirdi. Sevincin anasından ayrıldığı bu neçə müddətdə bir dəfə də olsun yolunu bu tərəflərdən salmamışdı. Elə bilirdi ki, yazı masası toz içində itib batıb. Amma belə deyildi. Hiss olunurdu ki, o olmadığı müddətdə də otaq xüsusi qayğıyla silinib-süpürülüb. Bilgisayar necə qoyulmuşdusa, elə də dayanırdı. Sadəcə tozu alınmışdı. Bura onun ən çox sevdiyi yer idi. Yalnız burada özünü tam rahat hiss edə bilir, dərd güc gələndə bilgisayar arxasına keçərək bütün ağrı-acısını ondan çıxırdı. Və bəzən öz-özünə “nə yaxşı ki, sən varsan, sən olmasaydın mən dərdimi kimlə bölərdim” deyərək onu əzizlər, bəzən də dərdini xısın-xısın ona pıçıldardı. Qəribəydi, bilgisayar da sanki onu başa düşər, belə vaxtlarında onun ən yaxın sirdaşına və dostuna çevrilərdi. Sətirlər muncuq kimi ekranda yan-yana düzülərək yeni bir əsər araya-ərsəyə gətirərdi. Çox vaxt da özünü həddindən artıq əzazillikdə suçlayaraq bilgisayardan əfv dilərdi. Onun bu hallarında Sevincin anası da elə bil bir başqa adam olardı. Barmaqlarının ucunda otağa girər, gətirdiyi təzədəm kəklikotulu çayı stolun üstünə qoyub sakitcə onun saçlarını qarışdırıb bayıra çıxardı. Bu təmas Teymuru daha da ruhlandırar, yeni-yeni səhifələrə səsləyərdi. Arabir Sevinci də özüylə götürər, “atası, Sevincimiz səbirsizlikə sənin yeni əsərini gözləyir, ha”, deyərək ona güc-qüvvət verərdi. İndi təəssüflə həmin günləri xatırlayan Teymur “heyif, o günlərin qədrini bilmədim”, - deyərək dərindən köks ötürdü.

Sevincin anasıyla ayrılmaq qərarı elə onunla evlənmək barədə verdikləri qərar qədər gözlənilməz və ani olmuşdu. Amma bütün bu müddətdə qız yenə də onun ən yaxın dostu və sirdaşı olmaqda davam edirdi. Yenə əvvəlki həvəslə onun ilk oxucusu və redaktoru kimi fikirlərini bildirir, çəkinmədən mübahisə edir, çox vaxt da istədiyinə nail olurdu. Onlar yenə də bir redaksiyada çalışırdılar və yenə hər gecə bir-biriylə məktublaşırdılar. Teymur yüz faiz əmin idi ki, bütün çətin məqamlarında üz tutacaq bir ünvan var və nə işdə, nə də dostları arasında onların ayrıldığını bilən bir kimsə yox idi. Sadəcə özünə lazım olan şəxsi əşyalarını götürüb evdən çıxmış və şəhərin başqa bir yerində mənzil kirələmişdi. Evdən çıxanda mənzilin açarının bir surətini də özüylə götürmək istədi. Sevincin anası bunu da anlaşıqlı qarşılamışdı. “Bura sənin doğma evindir. Biz burada xoşbəxt günlər də yaşamış, ağır günlərimizdə də bir-biriməzə həyan olmuşuq. Bu evdən Sevincimizin qığıltısı gələndə sən məndən çox sevinmisən, onun atdığı addımlara birgə nəğmələr qoşmuşuq. Götür, əlbəttə, götür, ürəyin də nə vaxt istəsə, əziz qonağımızsan, Sevinc də, mən də gəlişinə çox sevinərik”, - dedi. Teymur ayrılanda onu bir daha bağrına basıb “bağışla sənə yaxşı ər, Sevincə də ona layiq ata ola bilmədim”, - deyə bildi. Boğazını göynədən hıçqırıq sözünün davamını gətirməyə imkan vermədi.

...Teymur həmin gün havalı adamlar kimi şəhərin bütün küçələrini bir-birinə vurdu...

- Dedim axı onda etmə bunu.

Səs onun idi, koppuş əlli uşağın. Gün ərzində artıq neçənci dəfəydi ki, ona öz fikirləriylə baş-başa qalmağa imkan vermirdi.

- Başqa çarəm yox idi. Etməliydim bunu.

- Niyə?

- Çünki onu özümdən çox sevirdim. İstəmədim onu bədbəxt edim.

- Sən onu xoşbəxt edə bilərdin.

- Çox çalışdım, alınmadı.

- Alınmadı yox, bacarmadın, daha doğrusu, istəmədin.

- Bunu deməyə necə dilin gəlir, sən ki, hər şeyi bilirsən. Onu xoşbəxt etmək üçün canımı da verərdim.

Susdular. İnsafən Teymur düz deyirdi. Sevincin anasını xoşbəxt etmək üçün hər şeyə hazır idi. Amma alınmadı. Nə illah etsə də, özüylə bacarmadı. Və çıxış yolunu ayrılmaqda gördü.

- Bəs sonra? Düşünmüsənmi heç? Nə olacaq? Sevinc sənsizliyə dözə biləcəkmi? Axı hələ indi də o elə bilir ki, sən qayıdacaqsan. Hər gün anasıyla birgə pəncərənin qabağında dayanıb sənin gəlişini gözləyirlər.

- Bilirəm, elə ona görə bu addımı atıram. Bəlkə onda gözləri yollardan yığışar.

- Sən mənim düşündüyümdən də qəddar imişsən.

Teymur artıq dözə bilmirdi. Ürəyi az qala partlayacaqdı.

- Onsuz da gedirəm, daha nə istəyirsən?

- Get, özün bilərsən, amma bu addıma görə sənə heç kim qəhrəman deməyəcək.

- Mən bunu ad xatirinə etmirəm. Kimin nə deyəcəyi də önəmli deyil. İndi isə...indi isə rədd ol mənzilimdən. Tək qalmaq istəyirəm.

Koppuş əlli uşaq dodağının altında nəsə mızıldana-mızıldana yox oldu. Otağa yenə qulaq ovuna çıxmış sükut çökdü. Teymur asta-asta eyvana çıxdı. Artıq hava qaralırdı. Həyətdə oynayan uşaqların səsi hər tərəfə yayılmışdı. Uşaqlarını həyətə çıxmış analar iki bir-üç bir kölgəyə çəkilib öz aralarında nədənsə söhbət edirdi. Azacıq aralıdakı yolda şütüyən avtomobillərin zəif işıqlarında məhəllə daha əsrarəngiz görünürdü. Teymurun indi yadına düşdü ki, bayaqdan başı koppuş ələ qarışdığından nə vaxtdır siqaret çəkmir. Otağa qayıdıb siqaretini götürdü. Adətiydi, nə olursa olsun otaqda siqaret çəkməzdi. Eyvana çıxar-çıxmaz siqaretini alışdırdı. Acı tüstünü ləzzətlə ciyərlərinə çəkdi. Ona elə gəldi ki, siqaret ona heç vaxt belə ləzzət etməyib. Bir də axı niyə də olmasın? Təmiz hava, sakitlik, şəhərə açılan gözəl mənzərə, bir sözlə hər şey siqaretdən ləzzət almağa yönəli idi. Daha böyük şövqlə tüstünü ciyərlərinə çəkdi. Sonra daha bir siqaret yandırdı. Onu da birnəfəsə çəkib otağa qayıtdı. Yazı masasına yaxınlaşıb bilgisayarı işə saldı. İndi onun yalnız bir işi qalmışdı: Sevincin anası və özüylə vidalaşmaq. Hələ də özünün bir parçası hesab etdiyi və ona ilk görüşlərində Telli kimi təqdim edilən Sevincinin anasının elektron ünvanına daxil oldu və nə fikirləşdisə əl saxladı. “Bəlkə ona bu məktubu belə göndərməyim, eləcə yazıb masanın üstünə qoyum? Yoxsa oxuyub bu geniş dünyanı öz başına dar edər ”, - deyə duruxdu. Sonra da “onsuz da bir saat tez, bir saat gec hər şeyi biləcək, nə fərqi var ki”, - deyə öz-özünə dedi. Elə o anda da “yox fərqi var, xəbəri ən azı bir neçə saat sonra alar, o vaxta kimi də öz işiylə məşğul olar, Seviclə birgə daha bir neçə saat vaxt keçirər, qızımla həyətə düşüb təmiz hava alarlar. Belə havada uşağı evdə saxlamaq da günahdır, yəqin indi həyətdə gəzir, həyatın dadını çıxarırlar. Qoy çıxarsınlar. Hər ikisi buna layiqdir. Sevic də, anası da”, - deyə fikrindən daşındı. Yaxşısı budur məktub yazıb masanın üstünə qoyum. Belə daha yaxşı olar. Elə də etdi.

“Həyat çox mürəkkəb kombinasiyalardan ibarət oyunmuş, Könül. Təəssüf ki, mən bu oyunlardan baş aça bilmədim. Görünür, mən pis oyunçuyam, bu yaşa çatsam da oyun qaydalarını mənimsəyə bilmədim. Ya da aldığım tərbiyə mənə bu oyunlardan baş açmağa, yalan-palanla dolu bir həyatda heç nə olmamış kimi yaşamağa imkan vermədi. Bağışlayın məni, sənə layiqli ər, Sevincə yaxşı ata ola bilmədim, gücüm yalnız özümə çatır. Bilirəm ki, mənsizlik hər ikinizi üzəcək, çətin olacaq. Amma başqa yolum yoxdur. Artıq dözə bilmirəm. Sən güclüsən, bilirəm ki, Sevincimizi adımıza layiq böyüdəcəksən. Məni indiyə qədər yaşadan sənin məhəbbətin, bir də mənim sənə və Sevincə olan sevgim idi. Ancaq özünü bu qədər zəif hiss edən birisinin səninlə yanaşı addımlaması daha ağır bir yükdür. Sənə və Sevincimizə xoşbəxtlik arzulayıram. Səni bu qədər sevə-sevə ölməyin özü mənim üçün böyük xoşbəxtlikdir.

Sizin Teymurunuz”

Məktubu qurtarıb eyvana çıxdı. Daha bir işi qalmamışdı. İndi rahatca son yolçuluğa çıxa bilərdi. Bayırda bu vaxtlara xas olmayan əsrarəngiz bir yaz axşamıydı. Ulduzlar bir-birinə qonaq gedəcəkmişlər kimi boy-boya düzülmüşdülər. Hər tərəf işıq gölündə üzür, sükut öz atını dördnala çapırdı. Birdən onun diqqətini həyətdəki səs-küy cəlb etdi. Aşağı baxdı. Gözlərinə inanmadı, bayaqdan bomboş həyət adamla doluydu. Diqqətlə baxanda, bu gün səhər onunla bərabər avtobusda gələn adamlardan bəzilərini tanıdı. Onu əxlaqsızlıqda ittiham edən qadın da, təsadüfən ayağını tapdadığı oğlan da, bir-birinə qısılaraq həyatda bərabər addımlamağa qərar vermiş qızla oğlan da aşağıdaydı. Hamı nəsə deyir, bir-birinin sözünü kəsə-kəsə səkkizinci mərtəbəni göstərirdi. Koppuş əlli uşaq da onların arasındaydı. Amma o qışqırmırdı. Sakitcə dayanıb əl işarəsiylə onu harasa çağırırdı. Hara? Teymur bir anlığa onun nə demək istədiyini başa düşmədi. Sonra koppuş əlli uşaqla bu günkü söhbəti yadına düşdü və gülümsündü. Yavaş-yavaş, aramla, amma xüsusi bir şövq və ləzzətlə sağ ayağını qaldırıb eyvanın məhəccərinin üstünə qoydu. Sonra eyni ləzzətlə sol ayağını da qaldırdı. Bir anlıq ayaq üstə dayanıb ətrafa nəzər saldı. Ciyər dolusu nəfəs aldı. Bayaqdan gecəni gündüzə çevirmiş ay bircə anın içində hardansa qəfil peyda olmuş zülmət kimi qapqara buludların arxasında yox oldu. Bu qaranlıq Teymurun qəlbindəki məşəli daha da alovlandırdı və bayaqdan onu çağıran koppuş əllə qucaqlaşmaq üçün aşağı tullandı.

Bakı, oktyabr, 2017-ci il

# 2224 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #