Remark ağlaya-ağlaya kimə məktub yazırdı?

Remark ağlaya-ağlaya kimə məktub yazırdı?
16 may 2017
# 19:00

Kulis.az Azər Qismətin “Remarkın bədbəxt sevgisi”yazısını təqdim edir.

Erix Mariya Remark və Marlen Ditrix sevgisi. Bu iki məşhur şəxsin məhəbbəti alınmadı. Biri sevgidən əzablar içində qovruldu, digəri karyerasını düşünüb kişiləri əlcək kimi dəyişdi. Sakit təbiətli Remarkla çılğın Ditrixin həyata baxış parametrləri bu sevgidə üst-üstə düşmədi. Marlen Ditrixin öz memuarında yazdığından görünür ki, o, sevgi üçün yaranmamışdı, yalnız eyş-işrət barədə düşünürdü: “Kişilərdən xoşlandığım iki şey var: əllər və dodaqlar. Yerdə qalanları yamaqdır”. Erix Mariya Remarkın gündəliyinin əsas hissəsini isə gəzdiyi qadınlar deyil, Ditrix təşkil edirdi: “Bu qadın mənim həyatımı məhv etdi”. Bu ifadədə acılarla dolu həyatının necə keçdiyini görməmək mümkün deyil.

1970-ci ilin sakit sentyabr günlərinin birində Ronko qəbiristanlığında dünyaya “Üç yoldaş” kimi roman bəxş edən yazıçını dəfn etdilər. Eleqant şlyapadakı dul qadın başını vüqarla yuxarı qaldırıb baxırdı. Müqəddəs Ata Tanrının duasını pıçıldayırdı. Elə bu vaxt qəbiristanlığın kənarında qara rəngli avtomobil dayandı. İçəridən bir oğlan çıxıb qadına iri gül dəstəsi və məktub verdi. Dəfn mərasiminin yekunlaşmasına səbri çatmayan qadın tez qəbrə torpaq töküb oradan uzaqlaşdı. Toplaşanlar arasında pıçıltı yayıldı: “Görəsən, gülü kim göndərib? Məktub kimdən idi?”. Yaşlı xanım dərindən “ah” çəkib dedi: “Yazıq Polett! Mən eşitmişəm ki, o, Ditrixin bütün məktublarını yandırıb”. Başını vüqarlı tutan qadın Marlen Ditrix idi. Nə vaxtsa sevgilisi olmuş şəxsin dəfn mərasiminin sonunu gözləməyib növbəti sevgilisinin göndərdiyi gül dəstəsinin havasına uçub getdi.

Remark həyatda çox qadını sevib. Müxtəlif vaxtlarda sevgililəri arasında alman aktrisası Qret Qarbo, rus əsilli amerikalı maneken Nataşa Braun və 30-cu illərin kino ulduzu Hedi Lamarr da olub. Düzdür, dahi yazıçı pozğun qadınlara daha çox üstünlük verirdi, ancaq hərdən səviyyəli qadınlarla da görüşürdü. Bu da səviyyəli qadınların onu özünə valeh etməsindən asılı idi. Bioqraflar Remarkın niyə pozğunlara üstünlük verməsini şəxsi xarakteri ilə əlaqələndiriblər. O, çox utancaq olub, həm də səviyyəli qadınla ünsiyyətdən sonra atılmağından qorxub. Lakin heç də həmişə utancaqlığı ilə seçilməyib. Birinci Dünya müharibəsindən iki yerdən güllə yarası almış halda qayıdandan sonra şan-şöhrət barədə planlarını tituldan başlayıb. O, baron Huqo fon Buxvaldla çox əlaqə saxlayıb. Nəhayət günlərin birində baronu ona atalıq etməsinə razı salıb. Pula görə hər şeydən keçən baron Remarkdan külli miqdarda pul istəyib. Remark 500 reyxsmarka verərək qocanı yoldan çıxarıb, baronluq titulunu əldə edib. İndi qalırdı üst-başı düzəltmək. Gənc oğlan kostyumlarını ən yaxşı dərzilərə tikdirər, monokl taxar və bununla da zərif cinsin nümayəndələri arasında rəğbət qazanardı. Onun hörməti “Qərb cəbhəsində dəyişiklik yoxdur” romanı dərc ediləndən sonra daha da artdı. Qadınlar artıq gənc oğlana intellekt sahibi kimi yanaşır, hörmətini tutur, bəziləri isə gizli atmacalar atır və məktub yazırdılar. Deyilənə görə, Remark həmin romanı Berlindəki mənzildə gözəl qadın Leni Rifenştalla yaşadığı vaxtlarda yazıb. Leni ona ilham pərisi rolunu oynayıb. Qeyd edək ki, Leni Rifenştal sonralar Hitlerin sevimli rejissoru olmuşdu. Ancaq yazıçı sevgilisi ilə yaşayanda, heç də subay deyildi. Rəqqasə Yutte Zambonla ailə həyatı qurmuşdu. Maraqlıdır ki, o vaxtkı həmyerliləri və indiki bioqraflar yazıçının xəyanətinə haqq qazandırırlar. Çünki həyat yoldaşı Yutte vərəm xəstəsi idi. Remark həyat yoldaşını “Üç yoldaş” əsərinin qəhrəmanlardan birinin prototipi seçmişdi. Bunun üçün arvadının bütün hərəkətlərini saatlarla müşahidə edər, çarpayıda necə əzab çəkməsini, gecələr qəfildən vanna otağına qaçıb öskürməsini yaxından izləyərdi. Məhz bu səbəbdən prototip inandırıcı və səmimi alınmışdı.

1929-cu ildə onların yolu ayrıldı. Ancaq buna baxmayaraq Remark keçmiş arvadına Amerika vətəndaşlığı almaq üçün yenidən evlənməyi təklif etmişdi. Çünki xəstə qadının faşistlərin əhatəsində qalmasını istəmirdi. Artıq Almaniyada faşizm toxumu cücərirdi. Belə cücərtini ilk hiss edənlərdən biri də Remark oldu. Belə ki, alman əsgərinin qəhrəmanlığını alçaltdığına görə yazıçının kitablarının oxunmasına və dərcinə qadağa qoyuldu, şəhər meydanlarındakı tonqallarda yandırıldı. Remark həyatına təhlükəni duyub İsveçrəyə qaçdı, malikanə aldı, burada da müxtəlif qadınlarla həyatını keçirdi, içkiyə qurşandı. Günlər ayları əvəz etdikcə Remarkın əsəb pozğunluğu yarandı. Həkimin diaqnozu çoxlarını təəccübləndirdi: “Həyata yüksək iddialılıq və başqalarının sevgisindən güclü asılılıq”. Qarşıdan isə yeni romantik günlər, “Marlen” adlı yeni həyat fəlsəfəsi, əzablı dəqiqələr gəlirdi. Sirli və məşhur kinodiva ilə tanışlığın əzablı olacağını bilsəydi vaxtında uzaqlaşıb qaçardı, çox uzaqlara qaçardı. Ancaq elə ilk görüşdəcə Marlen onu ovsunladı, şirin gülüşləri, eyni zamanda qürurlu baxışları ilə. Qadın ona çox əzab verdi, ürəyini yaraladı, Remark isə sitayiş etməyindən yorulmadı. Marlen laqeyd qaldı, biganəlik göstərdi, Remark az qala bütün qəlbini ona verdi, qulluq göstərdi, istədiyini yerinə yetirdi.

Remarkın Marlenlə ilk sevişməsi Fransanın cənubundakı Antib kurortunda baş tutdu. Marlen Ditrix, əri Rudolf Ziber, 13 yaşlı qızları Mariya və dayə - rus mühacir Tamara Matul kurortda dincəlirdilər. Remark otağına çəkilib yeni romanı üzərində işləyir, Marlen gecəsini qonşu malikanədə keçirirdi. Həmin malikanə ABŞ-ın Böyük Britaniyadakı səfiri Cozef Kennediyə məxsus idi. Qısa xatırlatma verək ki, Cozef preziden Con Kennedinin atası olub. Remark otaqdan çıxıb gəzişəndə Marleni gördü. Aralarında söhbətin nədən getdiyini heç kim bilməsə də, bircə o məlumdur ki, yazıçı ona kiçik məktub göndərib: “Ah, mən sənin incə çiynin, zərif dərin barədə nə bilirəm ki? Mənə nə qədər vaxt lazımdır ki, bütün bunları bilim. O vaxtacan saçım töküləcək, gözlərim işıqdan məhrum olacaq”.

Marlen Ditrix yazıçının məktubuna gülümsəyib. Bəlkə də demək istəyib ki, Ernest Heminqueylə keçirdiyi sevgili həyatı ona heç kim yaşada bilməz. Erix Mariya Remark kimi utancaq gənc şövqlü sevgidə istisnalıq təşkil edirdi. Remark bilirdi ki, belə açıq-saçıq məktubdan qadın inciyəcək. Kinoaktrisa doğrudan da incimişdi. Bax onda guya utancaq oğlan Remark kiçik hiyləgərliyə əl atıb. Məktubu Alfred adlı oğlan uşağının adı ilə yazaraq Marleni “Leni xala” adlandırıb. Ditrixin əsəbi gülüşlə əvəz edilib, özünü sevdirməyə Remarka icazə verib.

Çimərlik mövsümü başa çatandan sonra ailə üzvləri əvvəlcə Parisə, ordan da Hollivuda getdi. Fransada qalan Remark həm yeni əsərlərini yazır, həm də sərt Ditrixdən məktub gözləyirdi: “Balaca incə meymunum! Axı, bu nə zavallı həyatdır. Sən dünyanın o tərəfində yaşayırsan və hərdən teleqram göndərirsən. Məgər bir məktub yazmaq eləmi çətindir?”. Aktrisa və müğənni Marlen Ditrixin isə buna vaxtı yox idi. Həm filmlərə çəkilir, həm də Hollivudun yaraşıqlı aktyoru Orson Uelslə sevgi romanı yaşayırdı. Remark həsrətə dözməyib Hollivuda uçdu. Marlenə ona ərə gəlməyi xahiş etdi. Cavabında gözəl aktrisadan eşitdiyi sözlərdən pərişanlıq yaşadı: “Mən aktyor Ceyms Styüartdan hamilə qaldım, sonra uşağı abort etdirdim. Və bugünkü həyat məni qane edir”.

Remark xəyali sevgilisinin sözlərindən təsirlənsə də, belə qadınla ömürlük yanaşı qalmaq üçün hər şeyə hazır idi. Aktrisanın qızı Mariya xatirələrində yazırdı: “O, sanki anamın evimizə yaxınlaşan maşınının qıjıltısını, telefon zəngini eşitmək üçün yaşayırdı”. Belə əzabı ona bəxş etdiyinə görə Erix özünü danlayır, hisslərini ələ ala bilmirdi. 1939-cu ildə yazıçının əsəbləri daha da tarıma çəkilmişdi. Həkimlərin çaldığı həyəcan təbili belə idi ki, hisslərini boğmasa tezliklə həyata göz yumacaq. Elə həmin il Remark Marlenə məktub yazdı: “Bu səhər sənin həsrətinlə sanki iflic oldum. Mənə elə gəldi ki, əlimi tərpədə bilmirəm. O halda idim ki, sanki sinəm cırılacaq və qan axacaq”.

Amma 1930-cu ildə hər şey necə də gözəl başlamışdı. O, Marleni ilk dəfə Berlindəki “Eden” otelində görmüşdü. Restoran müğənnisi Marlen Ditrixin çıxışından sonra söhbət edib ayrılmışdılar. Gənc yazıçı qadına valeh olmuşdu. Həmin axşam cəsarətlənmək üçün çoxlu kalvados içmişdi ki, tanışlığı davam etdirsin. Alınmadı. Səhər tezdən Marlen oteldən getmişdi. Yazıçı 7 il onu görmədi. Lakin hər dəqiqə, hər saat onun “Eden” otelindəki şirin söhbətini, şaqraq gülüşünü unutmadı, daim xatırladı. Kinoteatrlara gedib aktrisanın oynadığı filmləri izlədi, afişalardakı şəkilləri qarşısında dəqiqələrlə dayanıb baxdı. Əgər Ditrixin qızı Mariyanın xatirələrinə inansaq, onların arasındakı növbəti görüş 1937-ci ildə Venesiya kinofestivalı zamanı baş tutub. “Otel de Ben”in nahar zalında Marlen Ditrix, əri Rudolf Ziber və kinorejissor Cozef Şternberqin əyləşdiyi masaya eleqant geyimli gənc yaxınlaşdı: “İcazə verin özümü təqdim edim. Erix Mariya Remark”. Marlen isə gülümsəyərək dedi: “Siz dövrümüzün belə möhtəşəm əsərinin müəllifi olmaq üçün hələ gəncsiz”. Remark özünü itirmədi: “Mən belə əsəri ona görə yazardım ki, sizin ifanızda dinləyim”. Tezliklə parketli zalda rəqs etdilər, bir də baxdılar ki, nə ər, nə də rejissor qalıb. Onda Remark Marlenin qulağına onu necə sevdiyini pıçıldadı. Sonrakı məktubu da göstərir ki, yazıçı bu qadının əhatəsində olmağa can atır: “Mən sənin yanında olmaq istəyirəm, başqa heç nə. Bil ki, mən varam. Gərək heç nədən qorxmayasan. Duy ki, həmişə yanında olacağam. Və bundan sonra “tənhalıq” adlı nəsnədən uzaqlaşacaqsan”. O, Marleni depressiyadan qurtarmağa çalışırdı. Çünki bioqrafiyasına nəzər salanda görmək olar ki, aktrisanı bir müddət kinoçəkilişlərə dəvət etməyiblər. Əvəzində qadın onun mühacirətdəki darıxdırıcı həyatını al-əlvan rəngə boyayırdı. Remark hisslərində səmimi olsa da, Ditrix kişilərlə yeni romanlara can atırdı. Yazıçı yeni əsərlər yaza bilmirdi. Tanrı ona Marlenin timsalında cəza vermişdi. Hətta əsərlərindən birində yazdığı dialoq da ifritə Marlenə aid idi: “Ah, səni ifritə! Sirli qəlbinlə cəhənnəm ol”.

Əzabların həyatına son qoyacağından qorxan yazıçı 1953-cü ildə Marlen Ditrixi seçim qarşısında qoydu: “Ya mənə ərə gələcəksən, ya da Çarli Çaplinin keçmiş arvadı aktrisa Polett Qoddarla evlənəcəyəm”. Polett gözəl varlı qadın idi. Həmin vaxt Marlen Remarkın təklifini rədd etdi. Çünki bu dəfə fransız maço Jan Qabenlə sevgi yaşayırdı. Yazıçı sözünün üstündə dayanıb Polett Qoddarla ailə həyatı qurdu. Bununla da məmnuniyyətlə “Yaşamaq vaxtı və ölmək vaxtı” romanını yazmağa başladı. Bu əsəri Polettə ithaf etdi. Romanın sərt yazılışından, ilan zəhərli sözlərindən məlum olurdu ki, sanki Erix-Polett evliliyi qəribə müttəfiqlikdir. Yazıçı İsveçrədə yaşayır, Polett isə filmlərə çəkilib dünya kinofestivallarında iştirak edirdi. Ər və arvad əksər hallarda məktublaşırdılar.

1967-ci ildə Almaniyanın İsveçrədəki səfiri Erix Mariya Remarka Federativ Respublikanın ordenini təqdim edəndə yazıçının ürək ağrıları başlamışdı. Heç kim bilmirdi ki, işıqlı insanın ölümünə üç il qalıb. Marlen Ditrix isə ondan 22 il çox yaşadı. Ömrünün son illərində Parisdəki mənzilinə köçüb spirtli içkilərin təsiri altında sərxoş hərəkətlər edirdi. Ayılanda isə məşuqlarının divara yapışdırdığı fotolara baxırdı. Son günlərində isə gözlərini Remarkın fotosundan çəkməyib işlər katibi Mariya Zimmelə pıçıldadı: “İlahi, mən bu insanı necə də sevirdim”.

Marlen Ditrixin ölümündən sonra qızı Mariya yazıçı Remarkın məktublarını dərc etməyi qərara aldı. Hiss etdi ki, bütün məktublar göz yaşları içində yazılıb. Sevdiyi qadının bircə nəvazişini görməyən, xoş sözünü eşitməyən yazıçının məhəbbəti ürəyində qalmışdı. Yazıq Remark.

# 1264 dəfə oxunub

Müəllifin son yazıları

# # #