Salam, ata! – Vaqif Səmədoğludan ŞEİRLƏR

Salam, ata! – Vaqif Səmədoğludan ŞEİRLƏR
28 yanvar 2015
# 21:30

Kulis.az Vaqif Səmədoğlunun seçmə şeirlərini təqdim edir

Bir cüt ayaqqabı...

Məzarıma

nə başdaşı qoyun,

nə heykəl.

Bir cüt ayaqqabı qoyun,

ayağıyalın

geyib getsin...

Son gecədir bu gün yenə...

Son gecədir bu gün yenə,

Sabah yenə son səhər.

Son yel dolur son yelkənə,

Qayıq üzür birtəhər...

Axırıncı ağacdır bu,

Əsir sonuncu külək.

Bağlayıb sonuncu yolu

Yenə sonuncu fələk...

İndi son küçə üstünə

Yağacaq son addımlar.

Yenə dönəcəklər tinə

Sapsarı son adamlar...

Doğulur sonuncu insan,

Sonuncu insan ölür.

Yenə son dəfə ağlayan

Son dəfə gülən olur...

Qağayı, axtar məni...

Qağayı, axtar məni,

Bu yerdən apar məni,

Ölüm köksümü döyür,

Qorxuram açar məni...

İçim qara gecədir.

Səkisiz dar küçədir.

Qağayı, dəniz üstdə

Söylə, saat neçədir?

Doğuldum 1939-da...

Doğuldum 1939-da,

1937-də tutuldum.

48-də nənəm öldü,

ömrümdə ilk dəfə

ölüyə ağladım.

Balıqlar saxladım

akvariumda.

Açıq qaldı pəncərəm

bir qış gecəsi.

Dondu balıqlar...

İndi 1965-in

yanvar gecəsidir.

Deyəsən yaşamaq istəyirəm.

Salam, ata...

Salam, ata, salam.

Bilirəm,

arxamdasan.

Məzarından cəmi əlli-altmış

addım bu yanda dayanıb

trolleybus gözləyirəm.

Trolleybusa minib,

sənin yanına

gələnə qədər

yaşamağa gedəcəyəm.

Ömür bu imiş, ata?

Gəldi...

Salam trolleybus,

əlvida ata...

Yusif Səmədoğluna

Yorğunluq axşamıdır,

Böyüyüb saat səsi.

Evdə təkcə özüməm,

Gözləmirəm heç kəsi.

İçimdə baş qaldırıb

Yenə də ölüm eşqi.

Ümid dərsləri bitib

Qurtarıb arzu məşqi.

Qızardılmış mal əti,

Bir az gürcü çaxırı.

Ya günün əvvəlidir.

Ya da ömrün axırı.

Bərq vuran tülkü gözü

Sönməz həyat şamıdır.

Böyüyüb saat səsi

Yorğunluq axşamıdır...

# 1234 dəfə oxunub

Müəllifin son yazıları

# # #