Hamilə qadınlar niyə dovşan yeməməlidir?

Hamilə qadınlar niyə dovşan yeməməlidir?
12 may 2014
# 12:00

Kulis.az Xalq Yazıçısı Mövlud Süleymanlının Ov çaşar, ovçuya qənşər gələr” yazısını təqdim edir.

Dədələr deyər, ovçu ki, yayını-oxunu, tüfəngini götürdü, asdı çiynindən, bıçağını, baltasını alıb qapıdan ki, çıxdı, meşələrə ün düşər, baltanın gəldiyini ağaclar hiss edər, yarpaqlarınacan sızıldaşar, amma heyvanların içində ovçunun gəldiyini birinci tülkülər bilər; ona görə də çaşar, getdiyi yeri itirər, el diliylə desək, “ütələnər”, yəni vurnuxar, o yan bu bu yana qaçar, bilməz hara getsin. Qorqud Dədə də elə el-obadan götürüb deyib: “Yeddi dərə qoxuların tülkü bilər”... Belə məsəl də var, “tülkünün quyruğu düzdü, əyrilik özündədi...”

Deyərlər, “Ov yolun çaşdı, ovçuya qənşər çıxar”. Tülkü fağır da ora qaçdı, bura qaçdı, gəldi düz ovçunun qənşərinə. Ovçu da hal əhlidirsə ilk gülləsini tülküyə atmaz. Çünki dədələr deyər, tülkü xeyirliyə çıxar, dovşan pisliyə...

Ona görə də uğur üstə qarşısına dovşan çıxan deyinə-deyinə qayıdar, bu minilliklərin sınağıdır, düşəri də olur, düşməzi də...El arası dovşanın bir adı da “çəp göz”dür. Deyərlər, dovşanın gözü dəmgillidi, evi-eşiyi gözə gətirə bilər, ona görə də deyərlər, evə dirisini aparma, gözü dəyər. Dədələr deyər, dovşanın əti daddı olsa da üzə çıxandı. Ona görə də boylu gəlinlərə dovşan əti yeməyi məsləhət görməzlər. Deyərlər, “Uşaq dovşan ağız olar...”, yəni, dodağı çapıq. Tələskən, tədbirsiz adamlara deyərlər, “ dovşanı üzü yoxuşa qovur...” Dovşanın qabaq ayaqları gödək olduğu üçün üzü aşağı yaxşı qaça bilməz, ona görə də belə deyim var: “Dovşan yoxuşa qaçar”... El arasında belə də deyərlər, dovşan pis ruha meyllidir, deyərlər, çox zaman ona görə gözə görükür ki, kimisə ardınca aparsın; bunu bilən ağsaqqallar ova çıxanlara tapşırar: dovşan ardınca at sürmə. Bunu ona görə deyillər ki, dovşan atlını uçuruma çəkər... Amma minilliklər boyu gələn sınaqdan bu da aydındır ki,insan dovşanla armaqdır, yəni,həvəslidir, özündə olmur, dovşanı görən kimi onu qovmağa qalxar. “İşığa dovşan düşdü”, ifadəsi var. Gecə vaxtı kənd-kəsəkdə, daha çox yaylaq yollarında maşınların işığına dovşan düşər, işıqdan çıxa bilməz... Bununla bağlı da el arasında qəza hekayətləri çoxdur, hamısını da dovşandan görərlər.El arasında indi də yaşayan bir fikri də bildirim; Elin düşüncəsində dovşan bir az da zarafat-şaka yeridi, insanların dovşanla bağlı münasibətinin də zarafatyana olmağı ona görədi.

Herodot “Tarix” əsərində yazır ki, Dara üç yüz minlik ordusuyla Skiflərin üzərinə yeridi, skiflər Daranın gəlişini bilsələr də bir düzənlikdə dovşan qovlayırdılar. Daranın çuğulları-kəşfiyyatçıları qayıdıb bu mənzərəni hökmdara danışanda Dara fikrə getmişdi. Sonra skiflərə-işquzlara belə bir məktub göndərdi. “Siz döyüşdən niyə qaçırsınız?!” Cavab gəldi: “Bizim qorunmalı bir şeyimiz yoxdur, bir kurqanlarımızdır, dədə-babalarımızın yatdığı yer, ona toxunsanız, döyüşümüz onda başlayacaq, dünyanı başınıza yxacağıq... Mən bu məlumatı bildiyimə və skiflərlə yaddaşımızdakı tarixi yaxınlığı hiss etdiyimə görə illər boyu araşdırma apardım. Hörmətli Zaur Həsənov da özünün möhtəşəm “Çar skiflər” əsərində bu yaxınlığı, bu qənaəti təsdiq edir.

Yuxarıda ovçuluqla bağlı materialda belə bir atalar sözü işlətdim: “Ov çaşar, ovçuya qənşər gələr”...Bunu tarixə də aid etmək olar. Tarix bəlkə də düzgün araşdırılmadığı, çaşdırıldığı üçün çox vaxt ütələnib-vurnuxub qarşımıza çıxıb. Yəni, çox-çox tarixi tapıntıları, bizə aid olduğu üçün, yer üzü gizlətməyə çalışdı, amma biz bəzi hallarda öz tariximizlə “çaşmış ov kimi” qarşı-qarşıya gəldik, bir-birimizi bu cür tapdıq, tanıdıq. Çünki onu biz yaratmışdıq, yer üzü onu bizi kimi tanıya bilməzdi. Hələ tanınmayan, tapılmayan çox itgilərimiz var ki, rast gəldiyimiz anları, günləri, ayları, illəri gözləyirik...

Torağay...

Qar yağan kimi qara tökülüşərdik. “Qar qalıb qarıyar...” deyərlər, qarın qalmağına səbr edə bilməzdik, ilk qar yumşaq olduğu üçün “tozanaq” oynayardıq, qar tozanağı. Sonra atımızın quyruğundan tük qopardıb bu tüklə cələ qurardıq. Tükü “sıyırtma” bağlayıb, yəni, ilgək eləyib dən səpdiyimiz qarın üstə qoyardıq, tük bir şeyə ilişilməliydi ki, külək aparmasın. Torağaylar çox ayıq, sayıq olduğuna görə tükün harasa bağlandığını bilirdi, ona gorə qarı toparlayıb cələni elə qara ilişdirərdik. Daha çox sərçə düşərdi, atdana-atdana dənə gələndə ayağı ilgəyə keçərdi. “Sərçə əti ösgürəyin dərmanıdı”, deyərdi, nənəm. Torağaylar sərçələrdən bir az böyük olduğuna görə cələyə düşəndə də cələ qarışıq uçib gedərdilər. Qorqud Dədə də deyib, “dünlə karvan keçdiyin torağay bilər.” Elə quş olurdu cələni dimdikləyb açıb qaçardı. “Cələ kəsən” ifadəsi də ona görə yaranıb, indi də çox işlədilir.Oğru, yalançı, dələduz adamlar üçün deilir: “Cələ kəsənin biridi”...İlk qar yağanda nənələr nəvələrə alacorablar toxuyardı. Deyərdilər, ala corab torağaylarındı, geyinin torağayların gözü qalsın...Nənəm ən gözəl alacorabı mənim üçün toxuyardı ,belə bir züm-züməylə ayağıma geyindirib oxuyardı.

Ala corab ala sən,

Balacasan hələ sən.

Kəhərin yalmanından,

Toxumusan cələ sən.

Torağayın toyu var

Bap-balaca boyu var...

***

İnsan yaddaşı tarixlərə yaxılan ləkələri, əyriliyi, yalanları çox zaman yadında saxlamır, atır üstündən. Ona görə bir də deməyi lazım bilirəm ki, əsil Tarix həm də içə- insanın daxili aləminə yazılanlardır...Yaddaşımıza sığınaq, bilək ki, bütün bu arayıb axtardıqlarımız düşmən əli yetməyən içimizdə yaşayan tarixi abidələrimizdir.

İndi bir millət olaraq zamanında səsimi çıxartmadığım üçün özümü səsi batmış kimi hiss eləsəm də, anlayanların olacağına inanıb yazıram. Bədiilikdən qaçmaq...düşünürəm ki, bu gün bər-bəzəyin yeri deyil, yazdıqlarımı,- yazılanları, ümumiyyətlə, gördüyüm bir çox “üzdən iraq” üzləri, yalançı tarixçiləri, “boğazını otaran” mətbuat aləmini, tele-şoulardakı “burcutmaları”, istedadsız, səviyyəsiz aparıcıların görüntülərini unudub yazmaq. Nə qədər ki, yaddaşımızdan silinib getməyib qələmə almaq!...

***

Belə deyirlər ki, Ağrıdağ böyüyən, bitən dağdı, ildə bir kərə, daha doğrusu, İl Ay gecəsində,- bizim indi Novruz bayramı dediyimiz ilin-ayın hər son gecəsində, yəni, gecəylə gündüzün bərabər olduğu gecədə boy atır, böyüyr, bu vaxt ağrı çəkir, gərnəşir, içi,-el diliylə desək, sümükləri səs eləyir. Ona görə də deyirlər ki, həmin İl-Ay gecəsində Ağrı dağının üstündə nə qədər canlı var, diksininb yerlərini dəyişirlər. Elə ağrı çəkdiyinə görə də Ağrıdağ adlanıb.

Dədələr deyər ki, hansı dağın kökü var, böyüyür. Dağ bir yana, köklü qayalar, daşlar da var ki, daş olsa da kökü olduğuna görə boy atır, bir insan ömrü bunu hiss etməsə, görə bilməsə də kökü olan hər şey böyüyür, dəyişir. Kökü olmayanlarsa aşınıb- daşınıb kiçilər, balacalaşar.

Köksüz qayalara “düşmə” deyərlər...

Belə söyləyirlər ki, Ağrıdağın üstündə göl yeri varmış, hər ağrı çəkəndə bu göl yeri südlə dolarmış. Göylərin hansı qatındansa qanadlı atlar bura süd içməyə gələrlərmiş. Bu atların dörd gözləri, iki qanadları varmış. İki göz göyə baxmaqçün, iki göz yerə baxmaqçünmüş...Günlərin birində insanlar bundan xəbər tutur, süd gölündə tələ qururlar, qanadlı atları tələyə salıb tuturlar. İnsanları görən kimi atların qanadları quruyub çəkilir, gözlərinin ikisi,-göyə baxanlar soğulub gedir... Göyü görə bilmədikləri üçün də hardan gəldiklərini unudurlar...( “Koroğlu” dastanında Alı kişi də Qıratla Düratı belə böyüdürdü. Orda da insanın nəzərlərinə- baxışlrına görə atlar qanadlarını itirdi. Baxmayaraq göydən gəlməmişdi, sudan çıxmışdılar...)

***

Atalar ona görə deyiblər ki, qalan şey yoxdur, hər şey dəyişir, böyüməli olanlar böyüyür, kiçilməli olanlarsa kiçilir...

Xalq da belədir, xalqın da köklüsü, köksüzü olur. Köksüz, əsilsiz-nəsilsiz xalq yaradıcı deyil, bu mənada heç nəyi olmaz; nə şəhəri olar, nə qalası, nə musiqisi, nə özünə məxsus adət-ənənəsi. Heç nəyi olmadığına görə də başqa xalqların yaratdıqlarına əl uzadır, oğurluq edir; musiqisindən götürür, geyimindən, yeməyindən, adət-ənənəsindən götürür. Baxmayaraq, millət kimi özünü göstərməkçin yalan-doğru, yazıb yaratdıqları da var.Əl uzadıb başqa xalqlardan götürdüklərinə də: -Bu mənəm, bütün bunlar mənimdi...!-deyə bilir.

Təəssüf ki, bu cür oğurluqları çox görmüşük, indinin özündə də tez-tez başımıza gəlməkdədir.

Əsilli-nəcabətli, köklü Xalq yaradıcı xalqdır, yaratdıqlarıyla ətrafına güclü təsir edər, ab-hava yaratmağı bacarar, özünün olan heç nəyi başının üstə qaldırıb,-Mənəm,-demək ağlına belə gəlməz...Yaşayıb-yaratmaqla məşğul olar.

***

Belə deyirlər ki, vaxtın-zamanın ilk çağlarında Günəş Güngözəl adında qızıl saçlı bir gözəlmiş, ulduzlar da başında qırx incəbel qız bəxtəvərlik içində yaşayırmış. Dan söküləndə darana-darana dənizlərdən çıxarmış, doğudan batıya dünyanı seyr eləyərmiş, sonra da bir dağın bir yamacında düşərgə salıb əylənərmiş.

Günlərin birində bir çobana rast gəldi, Çoban çiynində kəpənəyi(yapıncı) tütək çalmaqdydı, heç başını da qaldırıb Güngözələ fikir vermədi, tütəkdə sevgisini axtarırdı:

Saçın uzun hörməzlər, Sarı gəlin,

Gülü sulu dərməzlər...

Səni mənə verməzlər, Sarı gəlin...

Güngözəl başının dəstəsi qırx incəbelə dedi:

- İndi çobanın yapıncısını soyunduracam, baxın...

Qırx incəbel yeri-yerdən gülümsədilər... Güngözəl üz-gözünün dumanını silib cilvələndi, yanaqları alışıb yandı, ala-seyrək buludlar vardı, qarşısından çəkildi, Güngözəlin baxışlarından od saçıldı. Çoban yapıncısını çıxardıb yan-yörəsinə baxdı. Sonra başını qaldırdı, gördü Gün qızıl saçlı bir gözəldi. Min könüldən bir könülə Güngözələ aşiq oldu... Güngözəl də Çobana vurulmuşdu, bunu qırx incəbel də bilirdi, artıq. Vaxt idi, Güngözəl qızıl tellərini yığıb qəmlənə-qəmlənə dağların ardına,-ayrılığa endi... Dan söküləndə Güngözəl yenə darana-darana, tellənə-tellənə dənizlərdən çıxdı, qırx incəbel də ardınca...Yenə dünyanı seyr eləyəndən sonra gəlib dağın ətəyində əyləndilər...Amma Güngözəl fikirliydi, ona görə də yerüzü qayğılı, hava qaş-qabaqlı, buludluydu. Çobanınsa nə gecəsi gecəydi, nə gündüzü gündüz. Buludların arasından sevdiyi Güngözəli arayırdı.

Qırx incəbel Güngözəlin könlünü açmaq üçün dövrəsində halay tutub oxuyurdular.

Bulud gəldi aşdı-daşdı,

Çəmən çayıra dolaşdı.

Bir igid el çobanı

Güngözəli aldı qaçdı...

Güngözəlim gəl çıx,

Səmənd ata kəmənd at,

Səmənd ata min çıx!

Elə buna bənd imiş, göyün üzü açıldı, buludlar qoşun-qoşun dərələr boyu sürünüb gözdən itdi. Güngözəl qızıl hörüklərini sallayıb Çobanın yanına endi. Çobanla qol-boyun olmuşdular. Çəmən-çayır, gül- çiçək sevinc içində ətir saçırdı. Qırx incəbel qızsa yenə mahnısını oxuyurdu:

Səmənd ata kəmənd atdım,

Səmənd ata min çıx...

Güngözəl gəl, çıx!

Qaraxan adında zalım bir xan vardı, o da başının adamlarıyla ova çıxmışdı. Gördü, Çoban sürünü başına buraxıb gözəl bir qızla kef-damaqdadı. Qız da elə gözəldi, dillə deyiləsi deyil. Qaraxan hirsləndi, adamlarına dedi:

- Gedin, Çobanı qandallayın, qızı da gətirin gəlin!

Xanın atlıları hücum etdilər. Çoban işi belə görüb qamçısını çəkdi, qamçı ildırım oldu, çaxdı, Xanı da addımlarını da yandırıb külə döndərdi.

Belə deyirlər ki, o vaxtdan Güngözəllə Çoban bir-birini tapa bilmədi. Çobanın özü Ay oldu, qamçısı ildırım. Qırx incəbel də dağılışdı, çəkilib hərəsi bir ulduza döndü...

Beləcə, onlar yedi içdi, dörə ( yuxarı başa, hörmətli, sayılan yerə) keçdi, bir bu nağıl qaldı, bir də qırx incəbelin oxuduğu bu mahnı...

Səmənd ata kəmənd at,

Səmənd ata min çıx,

Gün gözəlim gəl çıx...

Yel Babası, Çən Qarısı...

Uşaq vaxtı, ən çox gözlədiyimiz, nənələrimizin-babalarımızın söylədikləriylə varlığını yaxından duyduğumuz Yel Babasıydı, bir də Çən Qarısı...Tərbiyəmizdə iştirak etmiş baş qəhrəmanlar da deyə bilərik...

“Yel babası yelnən gələr, Çən qarısı çənnən gələr” çənli-çiskinli havalarda nənəm nəvə nəticələrini başına yığıb nağılına beləcə başlayardı...

“Çən qarısı həmişə çənə bürünüb gəlir, onun bürüncəyi çəndi, gəlir, bacamızdan baxır, buxarı başında əlini qızdıra-qızdıra sizi axtarır, deyir, görüm balacalar necədi, hardadılar, neynirlər? Sözə baxırlarmı, xalı toxuyurlarmı, dərs oxuyurlarmı? Bilirlərmi ki, quşa daş atmazlar, yola daş atmazlar. Quşun qanadına dəyər, yolun adamına dəyər...Çən qarısının ətəyi yayda sərin olur, qışda ilıq. Kim sözə baxır, kim dərs oxuyur, ətəyini onun üstünə salır ki, tez böyüsün. Sözə baxmayanları, dərs oxumayanları, yola daş atanları, quşa daş atanları, çox yatanları ətəyinə büküb aparır, ilin bu başından o başına yumaq yumaqladar, kələf açdırar...

Yel babası da sözə baxanları, dərs oxuyanları yel atına mindirib yarıdar-yarsıdar, sözə baxmayanlara püşkək təmizlədər, çör-çöp yığdırar...Bunların belə mahnısı da vardı, oxuyardıq:

Yel babası yelnən gəl,

Aynan gəl, ilnən gəl,

Xıdır Nəbiyə qovud,

Sənə yelapardı bişirdim

Çiçəklə-güllə gəl.

Çən qarısı çən qara

Mən ağ olum, sən qara.

Püşkəyi sel apara,

Çör-çöpü yel apara.

Yumağın suya düşəsi,

Kələfin ucu itəsi,

Ətəyində gül butası...

***

Atalar deyib: “elmin başı səbrdi”...

***

Bir daha düşünək...Yaradıcı xalq hər şeydən əvvəl keçmişinə,-yaşamış olduğu ömür-günə, bir sözlə, tarixlərə yaratdıqlarıyla bağlıdır. Özü bilməsə də bu yaratdıqları həm də onun tarixidir...Yaddaşında kodlaşdırılmış tarix. Yer üzünə məktubu da deyə bilərik.

Tarixi yaradan da dediyimiz kimi elə kökü olan xalqlardır. Xalq təbiətə, varlığa, yaranışa olan münasibətlərinin dərinə işləməyiylə yaşayır. Gətirdiyim bu yaşı bilinməz yaddaş nümunələri də onun tanınması üçündür... Köksüz xalqlar, dediyim kimi yaradıcı deyillər, düzdür işləyib çalışırlar, sabahlar üçün yox, daha çox bu günlə yaşayıb ömür-gün keçirərlər, bununla belə özlərinin yaratdıqları yox dərəcəsindədir...

Bu cür xalqlara da kökü olmayan qayalar, daşlar kimi “düşmə” demək olar; “düşmə xalq...”. Belə xalqlar başqa xalqların yaratdıqlarını mənimsəməyə çalışarlar, bu öz yolundan sapmaqdır, başqasının olan yol da yalana, oğurluqlara,-yuxarıda dediyim kimi “tarix oğurluğuna” aparıb çıxardır...

Qarğa məndə qoz var...

Bir qarğa göydə uçurdu. Göy üzünün də azad, dinc çağıydı. Qarğa şimala doğru uçurdu. Yerdə,-lap aşağılarda bir qoz ağacı vardı, qarğanı görüb dırnağının ucuna qalxdı, dikəldi ki, özünü göstərsin, desin ki, “ qarğa mən də qoz var”, amma qarğa görmədi, qoz ağacının çevizləri bir-birinə dəyib səs elədi. Qarğa yenə görmədi...Cevizi insanlar gördü, biri dəstədən ayrılıb sağ əlini Lenin kimi qarşıya uzatdı, qoz ağacının başı üstündən gələcəyə baxdı: -Yoldaşlar,-dedi,-gəlin, yığışaq, qoz ağacı əkək! Elə eliyək ki, yel əsəndə qoz tökülsün!

Dəstə,-Urraaa,-deyb çığırışdı...

Qoz ağacı hələ də ümid içindəydi ki, qarğa eşidib qayıdacaq. Yerdən baxanda alaca- qaraca, göydən baxanda bab-balaca, dünyanı qoz boyda eləyib dişinə vurmuş, gözləri dəmgilli, əmgəyi kəkilli, adam şəkilli, birli, ikili, qoca qarğaydı. Qoz ağacı yarpaqlarını yelləyə-yelləyə yenə çağırdı:

- Qarğa, qarğa, məndə qoz var!

Aşağıda adamlar dəstə-dəstə qoz ağacı əkirdilər. Qarğa onları gördü, ağaca tərəf bir “çırt” atdı:

- Qozun başına dəysin!-dedi.

Deyirlər, elə o vaxtdan o yerlərdə güllə atılan kimi başdan papaq düşür, yel əsən kimi ağacdan qoz...

***

Xalq, yaratdıqlarıyla həm də Vaxtı ifadə edir, Xalq həm də vaxt deməkdir. Vaxt ancaq Xalqda saxlana bilər, Vaxta ancaq xalqın yaddaşında, düşüncəsində rast gəlmək olar... Ona görə də xalqın yaddaşıyla vaxtı bərpa etmək mümkündür...

Vaxtı duyub anlamaq həm də Xalqın millətə çevrilməyinin, millət olaraq inkişaf etməyinin əsas şərtlərindəndir. Ona görə də deyə bilərik ki, xalq hələ millət deyil.

Millət olmaq xalqın inkişaf etmiş duru yerindən başlayır. Bunu başqa cür anlamaq düzgün olmazdı. Ağıllı, sağlam xalqdan ağıllı, sağlam da millət yaranır. Əksinə ola bilərmi? Yəni, sağlam xalqdan xəstə millət törəyə bilərmi? Məncə bu, xalqın yaşam tərzindən,-həm aldığı, həm də verdiyi tərbiyədən asılıdır.

Xalq, eyni soydan, eyni dildən gələn insanların birliyindən yaranır. Bu adamların birliyi sağlamdırsa Xalq sağlamdır, ağıllıdırsa ağıllıdır. Ona görə də “xalq obrazı” deyilən anlayış var. Bir-birinə bənzəməyən cürbəcür insan xarakterləri olduğu kimi xalqlar da ayrı-ayrıdır, həm də xaraktercə bir-birinə bənzəməz...

Yüzilliklərlə bir hakimiyyət altda yaşayıb yaxşı tanıdığımız Rus xalqının obrazını bir anlıq təsəvvürümüzə gətirək: sadəlövh, səmimi, ürəyi açıq, sağlam. Həm də kinli, tərs, dediyindən dönməyən. Təsadüfi deyil ki, aramızda belə bir atalar sözü də formalaşıb. “Rus kimi, net, dedi, qurtardı”. Bu dediyimiz cizgilər rus xalq obrazının təxmini cizgisidir.

Ancaq mənə belə gəlir ki, indi dünyanın aparıcı, güclü millətləri sırasında əsaslı yer tutan rus milləti bir başa Rus xalqından əmələ gəlmədi, ondan törəmədi, bir az türk-tatarlardan, bir az alman, fransız millətindən, ingilis milliyəsindən, yəhudilərdən götürdü, dikəldi, bu səbəbdən də tarixin bir çəx məqamlarında az qala özünü də tanımadı...hətta xalqın zahirən də olsa dəyişməsi haqda sərəncamlar, fərmanlar da verdi. Müəyyən mənada xalqa təsir edib onu dəyişdirə də bildi...

1941-45-ci illərdə, yəni Böyük Vətən müharibəsi illərində hələ rus xalqı çox dəyişməmişdi, xalq kimi var idi. Başının üstə dayanmış rəhbərlər müxtəlif millətlərin nümayəndələri olsa da onların əmriylə döyüşürdü, öz sağlam inamıyla Vətəni müdafiə edirdi və etdi də. Əfqanıstan müharibəsində isə artıq Rus xalqı yox dərəcəsindəydi, artıq heç nəyə, net,-demirdi, əfqanlarla rus xalqı yox, birləşmiş Sovet xalqının birləşmiş milləti müharibə aparırdı. Qarşı tərəfdə isə xalq dayanmışdı...Əfqan xalqı! Xalq qalib gəldi.

Qarabağ müharibəsində isə nə millət iştirak edirdi, nə xalq. Bizim doğma, milli müharibəmiz baş tutmamışdı. Cəbhədə ölənlərimiz, ölümə gedən igidlərimiz olsa da rəhbərlik qaraguruhun, yuxarıda dediyim xalq-millət obrazına dəxli olmayanların əlində qalmışdı...Çaşqınlıq içində rəhbərini gözləyirdi. Hərc-mərclik idi.

Ona görə də düşmən əlinə keçməsin deyə Ata öncə qızını, qadınını öldürürdü, sonra özünü... Onun öz doğma müharibəsi alınsaydı qələbəyəcən gözünü qırpmadan gedəcəkdi. Bundan əmin olun!...Düşmən əlinə keçməsin deyə özünü qayalardan atan xanım qızlarımız, xatun analarımız və Ata dediyim bu obraz bizim Xalqın obrazıdır. Yüzilliklərlə, minilliklərlə yaşayıb yaratmağımız da bu “ataların” üzünədir. Bu cür yüzlərlə fakt var, xalqı da belə tarixi faktlar yaşadır, tərbiyə edir, ayağa qaldırır, Millət kimi boyunu göstərir.

# 5558 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #