“Kitabçı” jurnalının ikinci sayı çıxıb

“Kitabçı” jurnalının ikinci sayı çıxıb
10 aprel 2014
# 13:45

Bu ilin martında nəşrə başlayan “Kitabçı” jurnalının ikinci – aprel sayı çapdan çıxıb.

Aylıq kitab və ədəbiyyat dərgisi olan jurnalın yeni sayı baş redaktor Səlim Babullaoğlunun “Klassika mövzusuna sözardı” yazısı ilə açılır.

Jurnalın şef-redaktoru Seyfəddin Hüseynlinin moderatorluğu ilə keçirilən ədəbi müzakirənin mətni bu sayda “Klassika... elə inkar olunmaq üçündür” başlığı ilə verilib.

Müzakirədə Cavanşir Yusifli, Mahir Qarayev, Könül Bünyadzadə, Fəxri Uğurlu və Sevinc Mürvətqızı iştirak ediblər.

“Kitabçı”nın ikinci sayında çağdaş ingilis və dünya ədəbiyyatının usta nümayəndələrindən olan, 2011-ci ilin Buker Mükafatı laureatı Julian Barnes-ın “Aqibət duyğusu” romanından geniş bir parça verilib. Seyfəddin Hüseynlinin tərcümə etdiyi bu roman tezliklə “Kitabçı” seriyası üzrə nəşr olunacaq əsərlərdəndir.

Yeni sayda dərginin eksperti Qismət “Kallimaxın sabit, Əbdülqasimin səyyar kataloqları”ndan, Aygün Aslanlı “Səfillər”in zəngin və parlaq ekran taleyi”ndən söz açıb.

“Qüsursuz cəngavər”in evində gördüklərim” və “Xan Rəsuloğlunun kitabxanasında söz-söhbət” yazılarını jurnalın redaktoru Fərid Hüseyn hazırlayıb.

Yazıçı Məqsəd Nurun “Şəhər meri” romanından bir parça və roman haqqında Gürcüstan yazarlarının fikirləri də jurnalın yeni sayındadır.

Bu sayda “Üz qabığı: kitab satışında uğur meyarı”, “Sükuta sığınanların kitabı”, “Sözdən qazandığını sözə xərcləyən Pulitzer”, “Almanlara Azərbaycan kitabını oxutmaq” və başqa maraqlı yazılar, həmçinin bir sıra yerli və xarici müəlliflərin yazıları dərc edilib.

# 1558 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #