Yeni telekanalın açılması təklif olunur

Yeni telekanalın açılması təklif olunur
18 iyul 2017
# 17:54

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının iclası keçirilib.

Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda Türkiyə, Rusiya və digər ölkələrdə olduğu kimi Azərbaycanda da “Tarix” adlı yeni televiziya kanalının açılması, institut nəzdində “Sənədli filmlər studiyası”nın yaradılması təklif olunub və institutun Azərbaycanın təhsil müəssisələri ilə əməkdaşlığının genişləndirilməsi qərara alınıb.

İclasda tarixçi-alim Vasif Qafarov ermənilərin törətdiyi soyqırımlar zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanıb vahid bir rəqəm müəyyənləşdirilməsi ilə bağlı təkliflərini hazırlayaraq Tarix İnstitutunun Elmi Şurasına təqdim edib.

Sonra iclasda “Azərbaycan mədəniyyət tarixi: inkişafın əsas mərhələləri” adlı toplunun nəşrə hazırlanması istiqamətində müzakirələr aparılıb və bu iş Tarix İnstitutunun “Azərbaycan mədəniyyəti tarixi” şöbəsinin müdiri Tamilla Musayevaya həvalə olunub.

Eyni zamanda, AMEA-nın Tarix İnstitutu tərəfindən Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” və AMEA prezidenti Akif Əlizadənin “AMEA-da əqli mülkiyyətin yaradılması, qorunması və istifadəsi prosesinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamı ilə əlaqədar təkliflər səsləndirilib.

# 1068 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #