“Çingizxanın daşları”- Elçindən yeni hekayə

“Çingizxanın daşları”-   Elçindən yeni hekayə
6 mart 2017
# 13:00

Kulis.az Xalq yazıçısı Elçinin “Çingizxanın daşları” hekayəsini təqdim edir.

1.

...sonra mən həmişəki o səsi eşitdim, bu – qalxan, enən liftin səsi idi, sonra da qəflətən mənə elə gəldi ki, bu lift – mən özüməm, mən liftəm və o anlarda mənim heç ağlıma da gəlmirdi ki, bu səfeh fikir ağlasığmaz bir həqiqətdir – mən lift olmuşam.

Biz – mən və mənim ailəm bu binaya köçəndən sonra neçə il idi ki, Allahın verdiyi hər gün bu liftlə 13-cü mərtəbəyə – öz mənzilimizə – qalxırdım və 13-cü mərtəbədən enirdim.

Ancaq bu liftlə?

Mən liftəmsə, bu liftə necə minirdim, necə qalxıb-enirdim?

Mənim başıma gələn bu hadisə nə qədər inanılmazdırsa, nə qədər fantastik bir şeydirsə, bir o qədər də sirlidir, ancaq nə üçün bu inanılmaz və sirli hadisə məhz mənim taleyimə yazılıb?

O biri dünya var, yoxdur? – həqiqəti heç kim bilmir – bu, bir ümiddir və bu ümid həmin saman çöpüdür ki, mütləq ölüm qorxusu altında ondan yapışırsan – hər şey bitməyib! – ancaq bu ümid artıq məndən çox uzaqlardadır – əlçatmaz, ünyetməz bir uzaqlıqda, çünki mən daha insan deyiləm, liftəm, deməli mənim həyatım (həyatım?) Allahdan yox, elektrikdən asılıdır.

Təzə-təzə vaxtlarda hər dəfə qapı açılanda, məndə elə bir hiss yaranırdı ki, elə bil, qollarımı geniş açıram və içəri girən adamları qucaqlayıram – bəlkə, bu hissi insanlarla ünsiyyət ehtiyacı yaradırdı, bilmirəm – ancaq mən daha onları qucaqlamaq istəmirəm, bu isə mənim istəyimdən asılı deyil – qapılar açılır, bağlanır.

Get-gedə mənim ən böyük arzum o oldu ki, elektrik kəsilsin, ancaq elektrik kəsilsəydi mən nə edəcəydim – mən yox olacaqdım, çünki mən insan deyildim, lift idim və mənim üçün saman çöpü yox idi, mən isə o təzə vaxtlar hələ yox olmaq istəmirdim.

Sonra məlum oldu ki, elektrikin kəsilməyi ilə hər şey bitmir – bir dəfə (ilk dəfə) elektrik kəsildi və mən yox oldum, ancaq elektrik yenidən bərpa edildi və mən yenidən peyda oldum, qalxdım-endim, qalxdım-endim.

Bu, yuxudan ayılmaq kimi bir şey deyildi, çünki yuxu görmürsən, qurcalanmırsan, ösgürmürsən, bu, sadəcə, yox olmaq və təzədən yoxluqdan çıxmaq idi.

Hərdən elektrik kəsilir, mən yox oluram, sonra elektrik bərpa edilir, mən yenə var oluram və bu, Çingiz xanın daşları kimi bir şeydir – azalır, yenə bərpa olur: Çingiz xan hər dəfə döyüşə gedəndə döyüşçülərin hərəsi yerə bir daş atırdı, üst-üstə düşən o daşlardan hündür bir təpə əmələ gəlirdi və ordu geri qayıdanda döyüşçülərin hərəsi o təpədən bir daş götürürdü, yerdə qalan daşlar həlak olmuş döyüşçülərin daşı idi – Çingiz xan ordunun itgisini belə sayırdı, sonra orduya yeni döyüşçülər gəlirdi və yeni döyüşlərə gedəndə yerə daş atırdı, beləliklə də o daş təpə böyüyür, kiçilir, yenə böyüyürdü.

2.

Mən Tarix İnstitutunda işləyirdim, elmi işçi idim, ixtisasım qədim sivilizasiyalar, əsas da Şumer mədəniyyəti idi və həmin yaz günü də, həmişəki kimi səhər saat doqquzun yarısında – doqquzda iş başlayırdı – evdən çıxıb liftin düyməsini basdım və lift elə bil, məni gözləyirdi, o andaca qapıları açıldı.

Hərdən belə olanda, yəni lift 13-cü mərtəbədə bu cür hazır dayanıb mənim yolumu gözləyəndə içimə bir yüngüllük, xəfif bir nikbinlik hissi dolurdu, o anlarda mənə elə gəlirdi ki, liftin qapıları açılanda bütün ətrafa müsbət enerji yayılır və o enerji çox zaman mənim içimdə olan, çox zaman da səbəbini heç özüm də bilmədiyim bədbin əhval-ruhiyyəni beş-on dəqiqəlik də olsa, qovub daxilimdən çıxarırdı.

Həmin yaz səhəri ətrafa yayılmış o müvəqqəti müsbət enerji içində liftə girəndə birdən-birə mənim bütün varlığımı soyuq tər bürüdü və mən hiss etdim ki, mürəkkəb damcısı basma kağıza yayılan kimi, mənim bədənim də sürətlə ətrafa yayılıb, yox olur, güzgüdəki əksim də əriyib itir. Mən liftin içini – dörd divarın dördünü də, döşəməni də, tavanı da ən xırdaca cizgilərinəcən aydın görürdüm və bunu da görürdüm ki, liftin içi bomboşdur: mən liftin içində idim və eyni zamanda, mən yox idim.

Mənim portfelim – düz iyirmi bir il idi ki, o portfellə işə gedib-gəlirdim – qapının yanındakı küncə düşüb qalmışdı və mən, elə bil, indi görürdüm ki, portfelim necə köhnəlib, tamam əldən düşüb.

Mən qışqırmaq istəyirdim, dartılmaq, yoxluqdan çıxmaq istəyirdim, ancaq bu, heç cürə alınmırdı, mən heç cürə qışqıra bilmirdim, çünki mənim səsim də yox idi, ağzım da yox idi – mənim bütün cismim yox olmuşdu.

Mən liftin içində deyildim, mən – liftin özü idim.

Və mən sürətlə 1-ci mərtəbəyə endim, qapı açıldı, 5-ci mərtəbədə yaşayan kişi içəri girdi – səhərlər mən tez-tez onunla rastlaşırdım, nəvələrini bağçaya aparıb, qaydırdı – və məndə sadəlövh bir ümid yarandı ki, o, hər şeyi başa düşəcək, necəsə mənə kömək edəcək, ancaq o, yalnız təəccüblə mənim qapının kənarındakı portfelimə baxdı. Qışqırmaq istəyirdim ki, mənəm, mənə kömək edin, daha doğrusu, mən qışqırırdım, fəryad edirdim, ancaq mənim səsim yox idi və 5-ci mərtəbədə qapı açılanda o, yenə təəccüblə portfelimə nəzər salıb çıxdı.

Sonra mən sürətlə 18-ci mərtəbəyə qalxdım, qapım taybatay açıldı və bizim blokun (əslində, bütün dünyanın!) ən gözəl qızı içəri girdi, qapılar bağlandı, qız əvvəlcə 1-ci mərtəbənin düyməsini basdı, sonra o da təəccüblə mənim portfelimə baxdı, elə bil, portfeli tanıyıb, gülümsədi, sonra iri qara gözlərini mənim portfelimdən çəkib, diqqətlə güzgüdə özünə baxdı, sonra da gödəkcəsinin altından geydiyi köynəyinin bir üst düyməsini açdı, köynəyin yaxalarını azacıq elə araladı ki, döşlərini ayıran xəttin ucu xəfifcə görünsün.

Mən bu qızın adını bilmirdim, hər dəfə liftin qarşısında rastlaşanda, hərdən də bir yerdə liftə minib qalxanda bir-birimizə gülümsəyib, salamlaşırdıq – yalnız bu qədər, ancaq, aydın məsələdr, bu qızın xəbəri yox idi ki, İlahə Ninlil hər dəfə mənim təsəvvürümdə onun simasında canlanır – gecələr Ninlil onun simasında, onun vücudunda, onun çılpaq bədənində mənim yanıma gəlirdi.

Qız gülümsəyib güzgüdə özünə göz vurdu, ancaq o anlarda mən bu gözəl işvənin fərqində deyildim, çünki bütün varlığımla gücənib, qışqıraraq demək istəyirdim ki, mən lift olmuşam, bu qız – mənim sərnişinim! – mənə kömək etsin, ancaq mənim varlığım yalnız gözəgörünməz və səssiz bir şüurdan ibarət idisə, bu qız mənə nə edə bilərdi? (Sadəcə, sonralar bu qız hər gün mənimlə qalxanda, ya birinci mərtəbəyə enəndə mənim gözəgörünməz şüurumdan, elə bil, xoş bir meh ötüb keçirdi – bir anlıq mənə elə gəlirdi ki, şəffaf tülə bürünmüş Ninlil indicə içəri girəcək və bu dalğa da şüuruma onun – Ninlilin ağ, dolu, tarım və istəkli bədənindən axıb gəlir.)

Və mənim lift olduğum həmin yaz səhəri birinci mərtəbədə iki nəfər tanımadığım adam lifti (məni) gözləyirdi və o gözəl qız (mənim Ninlim) çıxan kimi, içəri girib 17-ci mərtəbənin düyməsini basdılar və mən surətlə yuxarı qalxdım.

Sonra isə məni 10-cu mərtəbə çağırdı.

Bu – Akademiyanın müxbir üzvü Mürsəl Süleymanın yaşadığı mərtəbə idi.

Hansısa bir binanın mərtəbəsinə nifrət etmək olarmı? – olar! – mən bizim blokumuzun 10-cu mərtəbəsinə nifrət edirdim – Mürsəl Süleymana görə.

10-cu mərtəbəyə çağrılanda şüurumdan keçdi ki, mənim belə bir ağır, faciəli məqamımda heç olmasa onu görməyim, ancaq mən lift idim, mən basılan düymələrin hökmündən asılı idim və elə ki, 10-cu mərtəbədə dayandım, qapım açıldı, Mürsəl Süleyman içəri girdi.

Ümumiyyətlə, haçansa, nə isə mənim istəyimlə olub bəyəm?

Bu ortaboylu, kök, kinli və təkəbbürlü kişi anac toyuğa oxşayırdı, danışanda da, elə bil, anac toyuq qəzəblə gözlərini sənə zilləyib, qaqqıldayaraq öz cücələrini qorumağa hazırlaşır.

1-ci mərtəbənin düyməsini basdı və portfeli görən kimi, tanıdı, gözlərini qəzəblə portfelə zilləyib öz-özünə qaqqıldadı:

- Bu bədbəxt, daha portfelini də yadından çıxarır…

Sonra ayaqqabısının ucu ilə portfeli qapının yanından bir az kənara çəkib, yenə dodaqaltı qaqqıldadı:

- Bədbəxt oğlu, bədbəxt…

Məsələ burasında idi ki, Mürsəl Süleyman mənim şöbə müdirim idi, Atropatena haqqında yazdığı monoqrafiyaya görə Dövlət mükafatı almışdı, Kembric Universiteti o monoqrafiyanı ingilis dilinə çevirib nəşr etmişdi, o monoqrafiya Yaponiyada da çap olunmuşdu, indi də Qafqaz Albaniyası ilə məşqul idi və şöbənin o iclası olmurdu ki, işçilərin yanında mənə qaqqıldamasın:

- Ay bədbəxt, Şumer sənin xörəyindi?..

Yaxud:

- Ay bədbəxt, adam ayağını yorğanına görə uzadar!.. İyirmi ildi hıqqanırsan, bir dənə dissertasiyanı bitirib ortaya qoya bilmirsən!..

Yaxud:

- Bu bədbəxt başa düşmür ki, Şumerlə bu gün arasında nə qədər məsafə varsa, bununla, bu bədbəxtlə Şumer arasında yüz dəfə ondan çox məsafə var!..

Və s.

Ancaq bu anac toyuğun xəbəri yox idi və ağlına da gəlməzdi ki, gecələr çarpayımda gözlərimi yumub, qədim Şumerdə, Fərat çayının sahilində gəzəndə, dünyada məndən xoşbəxt adam olmur –əlbəttə, bu, bir xəyal aləmi idi, ancaq nə olsun? – əslində, xəyal aləmindəki xoşbəxtlik daha şirin bir xoşbəxtlik idi, çünki real həyatdakı xoşbətlik nisbi bir şeydir, xəyal aləmindəki xoşbəxtlik isə tamdır, bütövdür, müqayisəsiz və maneəsizdir.

Mən Fəratın barlı-bərəkətli sahili boyu Allahların əkdiyi o müqəddəs söyüd ağaclarının hər birini tanıyırdım və mən hiss edirdim ki, o söyüd ağacları da məni tanıyır, məni gözləyir və məni görməklərinə sevinirlər. Mən o sahilboyu Enlil kimi addımlayırdım, mən həqiqətən özümü Yerin və Göyün oğlu Enlil kimi hiss edirdim və mən o gözəl xəyal aləmində Şumerin baş şəhəri Nippurun ilahi himayədarı idim, Ay da, Yeraltı dünya da, Allahların səfiri də, ən qüdrətli ordular da mənim oğlanlarıma tabe idi.

Mən Şumer nağıllarını dinləyirdim, Şumer nəğmələrinə qulaq asırdım, Şumer rəqslərinə tamaşa edirdim və həmin gecələrdə mən İlahə Ninlili sevirdim. Şəffaf tül Ninlilin bədənindən sürüşüb düşürdü, onun isti döşləri mənim çiynimə toxunurdu, sonra onun o zərif və doğma əli mənim sinəmi sığallayırdı. Həmin sevimli anlarda dünyanın ən bədbəxt adamı mən yox, elə Kembric Universitetində monoqrafiyası nəşr olunmuş Mürsəl Süleymanın özü idi.

Və 1-ci mərtəbədə qapılarım açıldı, Mürsəl Süleyman nəhayət (sonralar da bu adamı yuxarı qaldıranda, aşağı düşürdəndə elə bilirdim ki, saniyələr yox, ağır və uzun dəqiqələr keçir) çıxdı və məni 13-cü mərtəbə – bizim mərtəbə çağırdı.

Az qalmışdı deyəm ki, mənim ürəyim döyünməyə başladı, ancaq olmayan bir şey necə döyünə bilərdi? – mənim şüurum nəbz kimi vurmağa başladı və 13-mərtəbədə qapılar açılanda mənim oğlum və qızım içəri girdi.

Məktəblərdə yaz tətili idi və bilirdim, onlar nənələrinin yanına – mənim qaynanamgilə gedəsiydilər.

Həmin anlarda mən istəmirdim ki, qızım portfeli görsün, çünki birdən-birə məndə elə bir hiss yarandı ki, elə bil, o portfelin bu cür köhnə olduğuna görə utanıram, ancaq qızım dərhal o portfeli gördü:

- A-a-a… Bu, papanın portfelidi ki!..- dedi.

Qışqırmaq istədim ki, mən burdayam, qorxmayın, mən lift olmuşam, ancaq mənim səsim, elə bil, şüuruma dolub, onu, yəni mənim şüurumu şar kimi partlatmaq istəyirdi, hətta həmin anlarda mən özüm də bunu istəyirdim, istəyirdim ki, yalnız cismən yox, ruhən də yox olum.

1-ci mərtəbədə dayananda qızım portfeli götürdü, təzədən 13-cü mərtəbənin düyməsini basdı, 13-cü mərtəbədə ikisi də tələsik çıxdı və bundan sonra bir müddət ən çox eşitdiyim sözlər mənim itməyimlə, heç harda tapılmamağımla bağlı oldu. Liftə minən qonşular, axışıb bizə gələn qohum-əqraba – hərə bir söz deyirdi: özünü öldürüb (yəni mən), borcu var imiş, verə bilməyib, onu öldürüblər, oğurlayıblar (niyə?) …

Bir dəfə qaynanamla arvadım bir yerdə bizdən aşağı enirdilər və qaynanam:

- Başına o qədər tırp əkdin ki, - dedi.- Sənin əlindən canını qurtardı.

Arvadım:

- Mən ona nə deyirdim e, ay ana?!- dedi və doluxsundu.

Həmin vaxt 10-cu mərtəbədən çağırış var idi, mən orada dayananda, qapılar açıldı və Mürsəl Süleyman içəri girdi, arvadımla salamlaşdı, sonra arvadımın doluxsunmuş gözlərinə baxıb, ürəkdən gələn bir səslə:

- Nə etmək olar?..- dedi.- Həyatdır…

Və mən 1-ci mərtəbədə dayananda:

- Sağ olun…- deyib, elə bil, bu sözləri də özü-özünə deyə-deyə getdi: - Kim nə bilir taleyinə nə yazılıb?.. Fələk bildiyini biz hardan bilək?..

O, eləcə özü-özü ilə danışa-danışa blokun qapısından küçəyə çıxdı, ancaq mən daha onun nə dediyini eşitmirdim.

Qəribədir, həmin gündən sonra mən daha 10-cu mərtəbəyə nifrət etmirdim – niyə? – bilmirəm.

Günlər beləcə ötür.

Daha sakitlikdi və daha heç kim məndən danışmır – mən tamam yaddan çıxmışam, hətta oğlumla qızım da daha mənim barəmdə bir söz demirlər – hər halda mən bir söz eşitmirəm, ancaq çox istəyirəm ki, onlar mənim haqqımda nəsə desinlər.

Nə olsun mən istəyirəm?

Qalxıb-enəndə liftin səsi mənim xəyal aləmimi də dağıdır, hətta gecələr də mən daha Fəratın sahilində gəzə, o müqəddəs söyüd ağaclarını sevindirə bilmirəm, kiməsə, nəsə bir göstəriş də verə bilmirəm, çünki mən daha qüdrətli Enlil ola bilmirəm, çünki mən lift olmuşam.

Mən daha gecələr Ninlili də sevə bilmirəm, çünki daima səksəkə içində oluram: indicə hansısa gecikmiş bir sərnişin düyməmi basacaq, qapılar səs sala-sala açılacaq, çox zaman o sərnişinlə də birlikdə içəri spirt iyi ilə dolacaq və o gözəl ilahə Ninlil uçub gedəcək.

Hərdən mənim o köhnə portfelim yadıma düşür və mənə elə gəlir ki, o portfel də haçansa insan olub.

Deyəsən mən dəli olmuşam.

Mən – yəni lift.

3.

Sizifə bu dünyanın və axirət dünyasının ən ağır cəzasını verdilər, ancaq Sizifin o böyük təqsiri nədən ibarət idi? – o, Ölüm Allahını aldatmışdı, çünki ölmək istəmirdi, ancaq mən «Kim» deyiləm, mən «Nə»yəm, mənim şüurdan başqa heç nəyim yoxdur, ancaq mən də ölmək istəmirəm, yox olmaqdan qorxuram.

Mənim yalnız şüurdan ibarət olan varlığım səhər tezdən – liftin (mənim) düyməsi (düyməm) basılandan, gecə sakitlik çökənə kimi heç cürə dərk edə bilmir ki, əgər mən «Kim» deyiləm, «Nə»yəmsə, o zaman nə üçün belə bir Sizif əzabına məhkum olunmuşam?

Sizifdə, yəqin, heç olmasa bir qığılcım zərrəsi qədər ümid vardı ki, o böyük daşı haçansa o dağın başına qoya biləcək və daş orda dayanacaq, ancaq məndə o qığılcım zərrəsinin bir zərrəciyi qədər də haçansa nəsə edə biləcəyimə ümid yoxdur, çünki mənim üçün o «nəsə» yoxdur.

Sizif Ölüm Allahını aldadıb, onu əsir edib, ancaq mən ən adi insanlardan – özüm də yaxşı bilirəm ki, ən adi kiçik insanlardan – biri idim və mən hansı böyük günah sahibi idim ki, belə bir inanılmaz və dəhşətli cəzaya layiq görülmüşəm?

Mən xəstəxanada anadan olmuşam, bağçaya getmişəm, oxuyub məktəbi, sonra da universitetin tarix fakültəsni bitirmişəm, elmi tədqiqat institutunda elmi işçi işləmişəm, evlənmişəm, həyat yoldaşım evdar qadındır, iki övladım olub və mən lift olana qədər oğlumun səkkiz, qızımın on bir yaşı vardı – vəssalam! – mənim bütün ömrüm, bütün bioqrafiyam yalnız bundan ibarətdir.

Fikirləşirəm ki, bəlkə kimisə incitmişəm? – yox, ən çox incidilən elə mən özüm olmuşam, ömrümdə bir adama bir cırtma da vurmamışam, evlənənə qədər və evlənəndən də sonra başqa bir qadın tanımamışam (…Ninlildən başqa?), maaşımdan əlavə bircə qəpik də görməmişəm, heç kimi satmamışam – və belə bir cəza?!

Nə üçün?

Bəzən ağlıma gəlir ki, bəlkə 13 rəqəmi doğrudan da tilsimli bir şeydir?

Qaynanam eşidəndə ki, iki otaqlı təzə mənzilimiz 13-cü mərtəbədədir:

- A-a-a…- dedi.- On üç niyə?

Ancaq bu məntiqlə, gərək, təkcə Bakıda yox, bütün dünyada 13-cü mərtəbədə yaşayan insanların bir qismi lift olsun və bunu fikirləşəndə özüm özümə deyirəm: «- Sən nə bilirsən ki, belə deyil?» – bundan kim xəbər tuta bilər? – heç kim – sənin lift olmağından kimsənin xəbəri var? – yox.

Axır vaxtlar mən, deyəsən, yox olmaqdan daha əvvəlki tək qorxmuram, hətta mənə elə gəlir ki, şüurumun lap dərinindən – zərif bir otcığaz asfaltı deşib yavaş-yavaş böyüdüyü kimi – yox olmaq arzusu baş qaldırır, hərdən elektrik kəsiləndən sonra, bir daha bərpa olunmasını istəmirəm – ancaq məndən asılı heç nə yoxdur.

Mənim istəyimin bir qara qəpiklik də qiyməti və əhəmiyyəti yoxdur.

Lift qalxır, enir.

Liftin qapısı açılır, bağlanır.

Mən məhkumam.

10 yanvar 2017.

Roqaşka.

# 1498 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #