Qəbirstanlıq - HEKAYƏ

Qəbirstanlıq - HEKAYƏ
29 fevral 2016
# 12:37

Kulis Qalib Arifin “Qəbirstanlıq” hekayəsini təqdim edir.

“N” batalyonunun qərar tutduğu Quşçular kəndi dağın döşündə yerləşirdi. Elə bil, hansısa əfsanəvi nəhəng kəndin evlərini ovcuna doldurmuş, dağın kəlləsindən aşağı buraxmışdı. Xırda, yöndəmsiz evlər orda-burda, yuxarılarda ilişib qalmış, iri, iki mərtəbəli binalar isə aşağı, vadiyə qədər sürüşmüş, dağın hər iki tərəfindəki dərələrdən axıb kəndin ayağında birləşən iki kiçik çayın sahillərinə qədər gəlib çatmışdı. Kənd sanki arxasını dağa söykəmişdi, hər iki tərəfdən də onu dərələr qoruyurdu. İnsanlar isə onu atıb getmişdilər. İki ay olardı ki, kənddə yalnız hərbçilər yaşayırdı. Kənd camaatı dağın başından baxanda yaşıllığın içində itmiş kimi görünən bu böyük, abad kəndi də, soldakı çayın sahilində, qonşu dağın yamacında yerləşən ata-baba qəbiristanlığını da tərgiyib, deyilənə görə heç Gəncədə də qərar tutmadan Bakıya, Şəkiyə kimi getmişdilər. Kənd burada, adamlar orada yetim qalmışdı. Doğrudur, kənd cavanlarından batalyonda 30-40 nəfər vuruşurdu...

Təzə əsgərləri müşayiət edən zabit onları batalyon komandirinə təhvil verib təcili Ağdama qayıtdı. Aqşin xeyli müddət «Ural»ın arxasınca baxdı. Sentyabrın əvvəlləri olsa da yağışlar hələ başlamamışdı, toz yatmamışdı. Maşın reaktiv təyyarə kimi özündən sonra qalın iz qoyurdu. Toz buludu uzanıb dağıldıqca, maşın da kiçilib gözdən itirdi. Budur o, növbəti dərəyə döndü və görünməz oldu. Aqşin dönüb onunla gələn uşaqlara baxdı, çoxu özünü itirmişdi. Sanki bu gedən maşın deyildi, onların uşaqlığı idi, gedirdi... Dalınca həsrətlə baxırdılar. 30 nəfər idilər. Bakıda, Üçtəpədə keçirilən 3 aylıq təlim toplanışından sonra gəlmişdilər.

Batalyon komandirinin göy gurultusunu andıran səsi onları ayıltdı, elə bil ürəklərini oxuyurdu: “Siz artıq əsgərsiz, uşaqlıq qurtardı, sizi gətirən maşınla birlikdə getdi. Bura müharibədir, siz bura Vətəni qorumağa gəlmisiz. Bunun üçün iki şey lazımdır: əmrə tabe olmaq və salamat qalmaq. Birincini biz sizə öyrədəcəyik, canınızı qorumağı isə özünüz öyrənməlisiz. Bu, əsgərin bir nömrəli borcudur: Vətənə ölü yox, diri əsgərlər lazımdır”. Sonra üzünü yanındakı zabitə çevirdi: “Fərhad, onlara pastel ver, hər rotaya on nəfər olmaqla kazarmalarda yerləşdir. Sonra isə qəbirstanlığa apararsan”. Komandirin son sözləri təzə əsgərləri diksindirdi. Aqşin hələ o vaxt Nemes ləqəbli bu komandiri tanımırdı. Ona niyə Nemes deyirlər, sonralar da bilmədi. Komandir boy-buxunundan da nemeslərə oxşayırdı: hündür, kürən oğlan idi, kvadrat çənəsi, ocaq kimi yanan yaşıl gözləri vardı. Bir əlində bizim “zavod çörəyi”ni gizlədib, iki əlini də qabağa uzadardı ki, tapın hansındadır. Əsl nemes kimi səliqə-səhmanı, qayda-qanunu da sevirdi. Bütün batalyon ondan tük salırdı. Deyirdilər, Qazaxdan Laçına kimi bütün cəbhələrdə ad qoyub.

Komandir deyəsən, zarafat etməmişdi. Kazarma ilə canlı təmasdan sonra onları bel və xərəklə silahlandırdılar (silahı əvvəlcədən vermişdilər), iki cərgə düzüb maşın yolu ilə kəndin ayağına doğru apardılar. Sonra isə çayqovuşandan sola döndərib qonşu dağın yamacına gətirdilər. Burada təzə əsgərlər köhnə qəbirlərlə üz-üzə gəldilər.

Kənd qəbirstanlığı Aqşində acı təəssüf hissi doğurdu. O, iki ildir - 20 Yanvadan bəri, atasının qəbrini axtarır, burda isə...

Ermənilərin iki gündən bəri davam edən artilleriya atəşi, deyilənə görə, bu gün səhər səngimişdi. Qəbiristanlıq böyük dağıntıya məruz qalmışdı. Təzə əsgərləri də bura gətirmişdilər ki, köhnə ölüləri təzədən basdırsınlar. Hər halda, Aqşin belə düşünürdü. Top mərmiləri və “Qrad” raketləri qəbiristanlığı əməlli-başlı “şumlamışdı”. Hər tərəfdə yerindən çıxmış, sınıb dağılmış baş daşları görünürdü, ətrafda insan sümükləri ağarırdı. Arada qara torpağın üstündə daha da vahiməli görünən, dişlərini ağardan kəllələr də gözə dəyirdi. Təzə əsgərlər insan sümüklərini köhnə qəbirlərə yığır, təzədən basdırırdılar. Sümüklər müxtəlif qəbirlərə yayılır, yeni qardaş qəbirstanlığı yaranırdı. Batalyonda vuruşan kənd uşaqlarının çoxu burada idi...

Aqşin qəbirstanlığı nəzərdən keçirir - iki hissədən ibarətdir: dağın sol yamacındakı köhnə qəbirstanlıq və ondan azca sağda yerləşən təzə qəbirstanlıq. Köhnə qəbirstanlıq açıqlıqda yerləşdiyindən dağıntıya daha çox məruz qalmışdı. Əsgərlərin də hamısı burda yığışmışdı. Sağdakı kiçik qəbirstanlıq sanki yetim qalmışdı. Aqşin cığıra düşüb, sağa doğru addımlayır. Buradakı qəbirlərin hamısı təzədir, heç birinin üstü götürülməyib. Aqşin qəbirüstü yazılara diqqət edir - doğum illəri müxtəlif olsa da, ölüm illəri yaxındır: 90, 91, 92... Deyəsən, 89 da var... Aqşin birdən hər şeyi başa düşür: bura şəhidlər qəbirstanlığıdır. Odur ki, qəbirlərin üstünə qırmızı kalağaylar bağlanıb. Çoxunda bu kalağaylar da qaralıb. Qara bəxtləri kimi…

Aqşin şəhidlər qəbirstanlığında 21 qəbir sayır. Qəbirlərdən birinin üstündə tər çiçəklər var, baş tərəfdəki şüşə bankanın içinə qoyulub. Ayaq tərəfdə səliqə ilə düzülmüş solğun çiçəklər görünür. Kimsə bu qəbrə xüsusi qayğı göstərir, hər gün çiçəklərini dəyişir. Yadına Bakı, Şəhidlər Xiyabanı, naməlum şəhidlərin qəbirləri düşür... Nəsə ürəyi sıxılır, şəhidlər qəbirstanlığından çıxır,əsgər yoldaşlarının yanına qayıdır. Fikir verir ki, köhnə döyüşçülər işləyəndə də avtomatı çıxarmırlar. Sadəcə olaraq, çiyinlərindən kürəklərinin arxasına aşırırlar. Bura ön cəbhədir, silahı yerə qoymaq olmaz, düşmən gözləmədiyin anda, gözləmədiyin tərəfdən peyda ola bilər. Sən həmişə hazır olmalısan: «Pioner kimi». Aqşin acı - acı gülümsəyir, avtomatın qayışını başından keçirib silahı kürəyinə doğru aşırır.

Yuxarı tərəfdən ağır iy gəlir. Orda mərmi təzə qəbirlərdən birini dağıdıb. Təzə əsgərlərin çoxu ora gedə bilmir. Onları müşayiət edən zabit də heç bir göstəriş vermir. Çoxunun güclə ayaq üstə dayandığı, ağır sarsıntıya məruz qaldığı bu şəraitdə əsgərin əmrə yox, köməyə ehtiyacı var. Aqşin yuxarı qalxır, təzə qəbrə yaxınlaşır. Mərmi qəbrə aşağı tərəfdən dəyib, onun altını üstünə çevirib. Meyit qara torpağın üstündə ağarır, kəfəni hələ çürüməyib. Deyəsən, qadındır, qaralı-ağlı uzun saçları torpağın, kəfənin üstünə dağılıb. Aqşin diqqətlə baxır: meyitin aşağı hissəsi yoxdur. “Yəqin mərmi qoparıb. Yaxşı ki, üzü üstə düşüb, yoxsa baxmaq da olmazdı”.

Onlarla gələn hündür boylu, qara bığlı zabit də burdadır. O, bir anlığa baxışlarını qəbirdən ayırır, dəstədən ayrılır, Aqşin də ona qoşulur. Xeyli aşağıda, uçulub dağılmış qəbir daşları arasında qadının meyitinin o biri hissəsini tapırlar. Deyəsən, zərblə yerə dəydiyindən dağılıb. Fərhad əlindəki beli yerə qoyur, çantasından bir cüt köhnə brezent əlcək çıxarır. Birini Aqşinə verir. Onlar çürüyüb qaralmış ət, sümük parçalarını sanki göydən peyda olmuş xərəyə yığırlar. Sonra bu “qiymətli” yükü təzədən dağıdacaqlarından qorxurlarmış kimi ehtiyatla, yavaş-yavaş yuxarı qalxırlar. Sağ olsun Fərhad - özü arxadan tutur, onu irəli salır. Ancaq fərqi yoxdur, hətta ölünün vahiməsindən də ağır olan dəhşətli iy onu sarsıdır, ürəyi bulanır, başı fırlanır. Ona elə gəlir ki, bütün hiss üzvləri yalnız bir şeyə, iy bilməyə xidmət edir. Bu lənətə gəlmiş 5-10 metri qalxıb qəbrə çatınca, elə bil yüz il keçir. Burda onları yeni bir səhnə gözləyir: Bir əsgərin ürəyi keçib, elə qəbrin üstündəcə yıxılıb. Kimi onun nəbzini tutur, kimi su verməyə çalışır. Rəngi ölünün torpağın üstündə ağaran kəfənindən seçilmir. Aqşin onu tanımır - yox, bu əsgər təzələrdən deyil. Fərhad “anasıdır” - deyir. Aqşin xərəyi yerə qoyub dizi üstə çökür, rəngi çürük kəfəndən seçilməyən bu əsgərə - dərdi onun dərdindən böyük olan insana baxır, baxır...

Fərhad ürəyi getmiş bu oğlanı xərəyə qoyub qəbiristanlıqdan çıxartmağı əmr edir. Əmri yerinə yetirmək üçün azı on nəfər cumur - bunlar təzə əsgərlərdir. Xərəyin üstündə az qala dava salırlar.

Komandir iki nəfər əsgərə meyitin üstünü torpaqlamağı tapşırıb Aqşinin yanında çöməlir. Məsələni ona izah edir: “Fikir ver, bu iki dağın arasından üçüncü dağ görünür. Ermənilərin mövqeləri bu dağdadır. Aralıq, necə deyərlər, bitərəf zonadır. Bizim kənd dağın dalında mərmi tutmayan yerdədir, odur ki, ermənilər çox vaxt heyflərini qəbiristanlıqdan çıxırlar”. O, Aqşinə nə isə tanış, doğma gəlir, amma xatırlaya bilmir. Fərhad siqaret çıxarır, ona da təklif edir. Çəkən olmadığını biləndə, yaxşı edirsən deyir. O da bu kənddəndir, idman müəllimidir. Əfqanıstanda qulluq eləyib, 90-cı ildən vuruşur. Kəndin müdafiə batalyonunu böyük qardaşı, tarix müəllimi Fizuli ilə bir yerdə yaradıblar. Qardaşı indii rayonun icra hakimiyyəti başçısıdır, Fərhad isə batalyonda vzvod komandiridir.

Aqşin ona atasından, jurnalist Məmməddən danışır. Necə, o jurnalist Məmmədin oğludur? Əlbəttə, tanıyır. Fərhad onu tanıyır - Qara Yanvardan sonra bütün qəzetlər ondan yazırdı. Sonra isə üzünü Aqşinə çevirir: “Elə də bir xəbər çıxmadı?” Aqşin başını bulayır. Fərhad əlini onun kürəyinə vurur: “Qəm yemə, yerində sənin kimi oğlu var. Əgər bu gün məni vursalar, əvəz eləyənim yoxdur. İki qızım var”. Siqaretin kötüyünü yerə atır, çəkməsinin dabanı ilə basıb söndürür. Aqşin xatırlayır: bu qarasaçlı, qarabığlı zabit “Mimino” filminin məşhur qəhrəmanını xatırladır. Bircə vertolyotu çatışmır.

Qəbiristanlığın aşağı tərəfində toplaşmış əsgərlər nəyisə qaldırmaq istəyirlər. Komandir ora qaçır, Aqşin də ondan geri qalmır. Burdakı səhnə formasına görə yuxarıdakından yüngül olsa da, məzmununa görə daha ağırdır. “Qrad” raketinin düşdüyü yerdə böyük bir xəndək yaranıb, bir neçə qəbir dağılıb. Xəndəyin divarından yarıasılmış vəziyyətdə qalmış tabut görünür. Tabut uzun müddət torpaq altında qalıb qaralsa da, metaldan olduğu bilinir. Xəndəyə sallanmış tərəfi azca partlayıb açılıb, içində nə isə qaralır. Bura toplaşan əsgərlər tabutu dartıb xəndəyə salmaq istəyirlər ki, üstünü torpaqlasınlar. Fərhad onları saxlayır, ətrafa dağılmış sür-sümüyü xəndəyə yığıb üstünü torpaqlamağı tapşırır. Tabuta toxunmayın deyir, xəndək torpaqla dolsa, tabutun da üstü örtüləcək. Onun səsi titrəyir, çətinliklə danışır, əli ilə tabutun torpağın altında qalan baş tərəfini göstərir. Aqşin onun göstərdiyi səmtə baxır. Acı təsadüfün nəticəsində tabutun başdaşı salamat qalıb. Qara daşa həkk olunmuş çatmaqaş oğlan qalın bığlarının altından Aqşinə gülümsəyir. O, birdən nəyi isə xatırlayır. Bir də dönüb metal tabuta baxır. Nə vaxtsa çoxdan “Komsomolskaya Pravda»da oxuduğu, ağ tabutları Kabildən Daşkəndə daşıyan qara təyyarələr haqqında yazı yadına düşür. Fərhad “biz onunla birlikdə Əfqanıstanda qulluq etmişik”, -deyib uzaqlaşır. Aqşin isə beli götürüb əsgərlərə qoşulur.

Qəbirləri bacardıqları kimi səhmana salıb qəbiristanlıqdan çıxırlar. Qəbiristanlığın dəmir setkadan olan hasarı qarşısına yığışırlar. Hamının ürəyindən elə bil ki, daş asılıb. Əsgər paltarında olan bir qoca dua verir. Saçı-saqqalı ağappaqdır, üz-gözündən nur tökülür. Aqşin onu bayaqdan görmədiyinə təəccüb edir. Fərhad izahat verir, tanış ol deyir: “N” batalyonunun ən “köhnə” döyüşçüsu - Arif baba. 70 yaşı var. Ancaq yaşına görə yox, həm də təcrübəsinə görə köhnə döyüşçüdür, kəndin müdafiə dəstəsini yaradanlardan biridir. Bir-iki ay əvvəl bütün kəndi arxa cəbhəyə köçürdük, amma o, getmədi, batalyonda qalmaq, döyüşmək istədi. Bir oğlu vardı – Mehdi, Rusiyada yaşayırdı. Müharibə başlayan kimi qayıtdı gəldi, bizimlə çiyin-çiyinə kəndin müdafiəsində durdu. İgid oğlan idi, ölümün gözünə dik baxa bilirdi. Qoruya bilmədik, şəhid oldu...” Aqşin tər çiçəklər qoyulmuş şəhid qəbrini xatırlayır... Fərhadla yanaşı addımlayır. Bu qara oğlan nəsə ürəyinə yatır. Sıraya düzülmək əmri də verilmir. Elə pərakəndə gedirlər…

Aqşin öz düşüncələri ilə tək qalır. Əvvəl kənd camaatını kəndi yetim qoyduqlarına görə qınayırdı, indi Arif babanı görür... Əvvəl təzə, hələ bərkə-boşa düşməmişm əsgərləri qəbiristanlığa, köhnə ölüləri təzədən basdırmağa göndərdiyi üçün batalyon komandirini qınayırdı. İndi isə onu da başa düşməyə başlayır. Nemes, deyəsən, təzə əsgərlərin ruhunu baş verəcək daha ağır hadisələrlə zədələməmək üçün əvvəlcədən onların əsəblərinə yüngülcə gimnastika vermək istəyib. Əgər belə isə, gör qarşıda onları nələr gözləyirdi...

# 1215 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #