Zakir Fəxridən QOŞMA

Zakir Fəxridən <span style="color:red;">QOŞMA
30 oktyabr 2015
# 12:17

Kulis tanınmış şair Zakir Fəxrinin qoşmasını təqdim edir.

Xalıq

Tikdiyin qalanın özülü uçdu,

Daşı-daş üstünə qalandı, Xalıq!

Bilirdin dünyanın axırı puçdu,

Bilirdin ki, dünya yalandı, Xalıq!

Dəyərlər əridi, bir-bir aşındı

Var-dövlətin torba-torba daşındı.

Daşınanlar öz torpağın, daşındı,

Baxanda gözlərin sulandı, Xalıq!

Yüz yol sinənə vur, yaxanı yırt da,

Öz içindən yeyər meyvəni qurd da…

Gör nələr yaşandı qurduğun yurdda,

Sağdan da, soldan da talandı, Xalıq!

Qocalıq yetişdi, nəfəs təntidi,

Dövran ömür biçən bir kərəntidi…

Xoş gün, xoş güzəran bir görüntüdü

Düz yolun son ucu dalandı, Xalıq!

Zakir Fəxri, var üstündə yarışdı,

Nəfslər milçək tək bala darışdı...

Halal, haram bir qazanda qarışdı,

Dupduru sular da bulandı, Xalıq!

# 978 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #