Cavid Zeynallı: “Ata” Ən qısa hekayə

Cavid Zeynallı: “Ata” Ən qısa hekayə
16 dekabr 2013
# 10:50

Kulis.Az Cavid Zeynallının “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Ata” (498 işarə) hekayəsini təqdim edir.

İşə gedəndə günaşırı onlara rast düşürdüm. Ata-bala bəxtəvər-bəxtəvər yol gedirdilər. Yoldaşım çantama meyvə qoyanda, birini mütləq uşağa verərdim. O, gülür, yolda it görəndə üstünə cumub “hürür”, sual verir, tək ayaq üstə hoppanır. Bax, atanın səsi uzaqdan eşidilir: Murad, yıxılarsan, Murad... Uşaq öz kefindəydi: bir-iki, bir-iki. Hərdən atasını yamsılayırdı: Murad, yıxılarsan, Murad...

Çoxdandı yoxuydular. O gün ataya rast düşdüm. Tək ayaq üstə hoppanıb öz-özünə deyirdi: Murad yıxılarsan, Murad, bir-iki... Sonra mənə nə desə yaxşıdır: oğlum öldü, mənə alma vermirsən?

# 6239 dəfə oxunub

Müəllifin son yazıları

# # #