Kulis.az Kamran Nəzirlinin “Kənan Hacının yaradıcılığı barədə bir neçə söz” yazısını təqdim edir.
Azərbaycan ədəbiyyatında ədəbi Sözə dəyər verən yeni nəsillər yetişir. Fikrimcə, müstəqillik dövründən bu yana yetişən ədəbi nəsillərin bədii təfəkküründə yeni məzmun və formalı üfüqlər görünür. Əlbəttə, mütəmadi olmasa da, imkan daxilində oxuduğum bir çox müəllifin adını çəkə bilərəm; lakin bu gün konkret müəllif - Kənan Hacı və onun yaradıcılığı barədə düşündüklərimi paylaşıram.
Kənan Hacının nəsr və nəzm, esse və tərcümələrini, həm də publisistikasını vaxtaşırı izləyən bir oxucu kimi deməliyəm ki, o, çox məhsuldardır. Nə qədər çox yazıb dərc olunursa, bir o qədər də durulur, aydınlaşır və getdikcə daha çox əmin oluram ki, Kənan içindəki ədəbi İŞIĞI sönməyə qoymur, zəhməti, istedadı bahasına ətrafa ötürməyə çalışır. Kənanın nəsrindəki obrazlar, şablon çıxmasın, diridir - məsmələr, talıblar, dəllək səfilər, kababçı vəlilər, unudulan, unudlmayan, "arzularının qurbanı olan" qadınlar, sərxoş, bivec, əfəl kişilər... sanki keçmiş sovet həyat tərzinin yetirmələridir, əslində isə bugünkü müasir obrazlardır və bir çox hallarda onların faciəsi də məhz buna görə baş verir ki, "həyatın mənasını tapmağı" bacarmırlar.
Kənan bəzən bu adamların, yumşaq desək, əzilməsini mentalitetlə bağlayır, "mentaliteti isə islah etmək mümkünsüzdü, o, çayın qabağını kəsmiş əjdaha kimi elə hey qurban tələb edir..." Kənanın hekayələrində ("Boz ilan", "Dünyanın ən ağır daşı", "Dərə kəndin adamları", "Kölgələr şahiddir", "İki qadını ayıran pəncərə", "Quşlar üçün karusel" və s.) ən çox diqqətimi çəkən cəhətlərdən biri də obrazların dilidir; onlar söz, ifadə və ibarələri yerli-yerində işlədə bilir, dialoqlarda sünilik yoxdur, təzədir, şirindir. Hiss edirsən ki, yazıçı ədəbi-bədii dilimizin ənənələrindən xəbərdardır, bu xəzinədən istifadə etməyi bacarır və bəzən özü də çox maraqlı və mənə yeni görünən təhkiyələrdən istifadə edir. Yazıçı üçün bu cəhət xüsusilə vacibdir.
İkinci bir cəhət: Kənanın demək olar ki, bütün yazılarında (istər nəsr və nəzm, istərsə də publisistikasında) iki əxlaq qarşı-qarşıya gəlir - biri insanidir, biri heyvani! (Əslində heyvanın ƏXLAQı olmur!). Təbii ki, yazıçının təsvir elədiyi həyat səhnələrində heç də həmişə insani, bəşəri əxlaq qalib gəlmir, amma müəllifin yazı mədəniyyəti və nəcibliyi bundadır ki, o, bu qaranlıq və qəbuledilməz əxlaqlar içində İŞIQ axtarır və insan cəmiyyətinə çağırışlar edir: insanlıq üçün yaşayın, içinizdəki işığı qoruyun! Mən yazıçının bu mövqeyini alqışlayıram.
Kənanı tanıdığım yaşıdlarından fərqləndirən bəlkə də ən başlıca cəhətlərdən biri onun zəngin mütaliəsidir; o, təkcə dünya ədəbiyyatı nümunələrini deyil, həm də Azərbaycan ədəbiyyatını, klassiklərimizi, müasirlərimizi oxuyur, öyrənir, analiz edir. (Çox təəssüf ki, bir çox yazarlarımız öz ədəbiyyatımızdan uzaq düşüblər, ağına-bozuna baxmadan xarici müəlliflərin "dalınca" sürünürlər!). Kənanın güclü təhliletmə qabiliyyəti, bədii və elmi təfəkkürü var. Bu da təbii ki, onun bədii yazılarına sözün yaxşı mənasında təsir göstərir, onların bədii-estetik dəyərini daha da artırır.
Ümumiyyətlə, Kənan kimi yeni ruhlu (təkəbbürdən, lovğalıqdan, özünəməftunluqdan uzaq!) şair və yazıçıların yaxşı cəhətlərini görmək, demək və göstərmək lazımdır. Bu, çox vacibdir!
Mən də çalışdım ki, əziz bayramımız – Novruz ərəfəsində Kənanı sevindirim, xəstəlikdən əziyyət çəkən, amma ona qalib gəlməyə çalışan içi işıqla dolu qələm dostuma, onun ailəsinə sağlam həyat və yaradıcılıq uğurları arzulayım. Və sonda isə deyirəm: içindəki və evindəki işığı sönməyə qoyma!
Bakı, 14 mart, 2018-ci il
Mənbə: manera.az