Fəlsəfi əsərləri necə tərcümə etməli?

Fəlsəfi əsərləri necə tərcümə etməli?
10 fevral 2015
# 15:30

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı ilə Kulis.az saytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihəyə start verib. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır.

Müzakirələr bir neçə paneldə keçiriləcək. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olacaq. “Türk dilindən tərcümə lazımdırmı?”, “Tərcümə sənətinin hazırkı problemləri”, “Tərcümə mətnlərinin müqayisəli təhlili”, “Fəlsəfi mətnlərin tərcümə problemləri”, “Poetik tərcümənin çətinlikləri” “İkinci dildən tərcümə problemi” kimi mövzular 6 panelin məruzəçiləri tərəfindən müzakirə ediləcək. Artıq “Türk dilindən tərcümə lazımdırmı?” və “İkinci dildən tərcümə problemi”, “Tərcümə mətinlərinin müqayisəli təhlili”, “Poetik tərcümənin çətinlikləri”mövzularının müzakirəsi ilə tanış olmusuz.

Budəfəki müzakirə “Fəlsəfi mətnlərin tərcümə problemi”dir. Bu panelin məruzəçiləri Qan Turalı, Əlisa Nicat, Qardaşxan Əzizxanlı və Nadir Qocabəylidir.

Məşhur tərcüməçi Nadir Qocabəylinin məruzəsini təqdim edirik.

Bir dildən digər dilə tərcümə problemi günümüzün aktual məsələlərindəndir və elmin müxtəlif sahələri olan tərcümə nəzəriyyəsinin, təfsir elminin, koqnitiv (idrak və təfəkkür) linqvistikanın, mətnin interpretasiyasının, fəlsəfi dilin araşdırma obyektidir. Bu mənada fəlsəfi mətnin tərcüməsi problemi xüsusi əhəmiyyət daşıyır. Tərcümə problemi bu gün yeni olmasa da, müxtəlif elm sahələrinin təmsilçiləri arasında fəal diskussiyaların predmetidir, çünki məhz tərcümə bir fəaliyyət növü olaraq artıq xeyli müddətdir ki, yalnız dilçiliyi deyil, fəlsəfi dilin müxtəlif istiqamətlərini də maraqlandırır. Tərcümə nəzəriyyəsi və onun praktiki tətbiqi göstərir ki, tərcümə sırf dillə bağlı deyil, yetərincə mürəkkəb koqnitiv bir fenomendir, çünki tərcüməçilər öz işlərini yerinə yetirərkən kifayət qədər ekstralinqvistik xarakterli interpretasiyalara baş vurmalı olurlar. Tərcümə bir mətnin bir dildə dərk olunaraq digər bir dildə həmin mətnin ekvivalentinin yaradılmasını ehtiva edən fəaliyyət növüdür. Bu istər-istəməz müəyyən çətinliklər yaradır. Biz istənilən mətni oxuyarkən qarşımısa semantik anlaşılmazlıqlar çıxır, xüsusilə də, müəllif təkrarsız dil sistemini müəyyən edən fərqli mədəniyyətin daşıyıcısı olduqda.

Bu gün tərcümə fəlsəfi problemi ola bilərmi? Məşhur filosof, bir çox fəlsəfi əsərlərin tərcüməçisi, akademik Nataliya Avtonomova bu suala müsbət cavab verir. Onun fikrincə, tərcüməyə həm dərketmə, həm izah etmə, həm də ünsiyyət vasitəsi kimi baxmaq lazımdır. Məşhur tərcüməçi filosof “bütün Avropa filosoflarının, yunanlar istisna olmaqla, bir dildən digər dilə tərcümə və onunla bağlı yaradıcılıq prosesində ortaya çıxdığını iddia edir. Latın, italyan, fransız, alman və digər dillərdəki fəlsəfi anlayış və kateqoriyalar bu cür formalaşıb. Buna baxmayaraq, fəlsəfə tərcüməyə həmişə layiq olduğu diqqəti yetirməyib, bununla yanaşı fikrin formalaşmasında dil vasitələrinin rolunu da görə bilməyib”.

Tərcümə ilk növbədə dil hadisəsidir. O, texniki olmaqla bərabər, həm də yaradıcı bir prosesdir, mədəniyyətdə, elmdə, məntiqdə keyfiyyətli irəliləyişlər üçün zəmin yaradan daimi innovasiyalar tələb edir, şəxsiyyətin, qrupların, bütövlükdə cəmiyyətin keyfiyyətli inkişafının əsasını qoyur.

Tərcümə bir tərəfdən gündəlik qayğılarımızı həll etməkdə bizə kömək edən bir vasitədirsə, – məsələn, bilmədiyimiz bir dilin olduğu bir bazara gedib, alver etmək, – digər tərəfdən, çox ciddi bir yaradıcılıq, müxtəlif mədəniyyətlərin, onların spesifik xüsusiyyətlərinin, norma və məntiqlərinin interpretasiyasıdır.

İstənilən xalqın təfəkkürünün strukturunu, ətraf dünyanı dərketmə qabiliyyətini onun Dilinin strukturu müəyyən edir. Yəni interpretasiyanını silahı dildir. Bu fərziyyə Vilhelm fon Humboltun dilçilik fəlsəfəsi nəzəriyyəsindən doğur. Buradan isə belə bir nəticə hasil olur ki, bir dildən digər dilə tərcümə zamanı yüzdə-yüz uyğunluq mümkün deyil.

Əcnəbi dildə olan mətnin tərcüməsi yad mədəniyyətlə tanışlıqla bərabər, həm də konfliktlə müşayiət olunur. Bu konflikt prosesində insan öz mədəniyyətini, öz dünyagörüşünü, həyata və insanlara münasibətini daha dərindən dərk etməyə başlayır. Əgər bu fikri şərh etsək, şəxsiyyətin inkişafının düsturlarından birinin qarşımızda olduğunu görərik. Konflikt (ixtilaf, toqquşma) ziddiyyətin bir formasıdır, ziddiyyət , daha doğrusu, onun həlli isə inkişafın başlıca mənbəyidir. Bir dildən başqa dilə tərcümələr edən insanın intellektual səviyyəsi yüksəlir, biliyi, dünyagörüşü genişlənir. Yeni dili mənimsəyən insan yeni mədəniyyəti edir və bu zaman inkişaf mədəniyyətlərin çuğlaşması fonunda baş verir. Bu ikitərəfli proses fərdi xüsusiyyətlərin dəyişməsinə səbəb olur və tədricən kütləvi dəyişikliyə çevrilir. İnsanın mədəni potensialı yüksəlir və nəticə etibarilə şəxsiyyətin və cəmiyyətin inkişafı yeni stimul qazanır.

Fəlsəfi mətnlərin tərcüməsi müəyyən spesifik interpretasiyalar, təfsir üsulları və texnikası tələb edir. Fəlsəfi mətnin tərcüməsi zamanı interpretasiyanın zəruriliyi mətnin dərk olunmasına və ondakı mənanın yenidən bərpasına yönəlik analitik fəaliyyəti şərtləndirir. Fəlsəfi mətnin, yəni konkret təfəkkür mədəniyyətilə bağlı məna və fikirlərlə zəngin dil sisteminin tərcüməsi qarşı mədəniyyət tərəfindən hər zaman müəyyən interpretasiyalar, adaptasiyalarla müşayiət olunur.

Çağdaş fəlsəfi mədəniyyət xarici mətnlərin tərcüməsinə yüksək tələbkarlıqla yanaşır. Tərcümə təkcə mətnin mənasını dəqiq verməklə kifayətlənməməli, həm də oxucunun diqqətini digər mədəniyyətə və dilə cəlb etməyi bacarmalıdır. Fəlsəfi mətnlərin tərcüməsi zamanı bu tələbat ikiqat artır, çünki burada söhbət təkcə mətndən deyil, bütövlükdə təfəkkürün strukturundan gedir. Onu isə çox zaman hərfi mənada vermək olmur, yalnız tutmaq və interpretasiya etmək mümkündür. Fəlsəfi mətnə peşəkar yanaşmaq üçün onu sadəcə oxumaq yetərli deyil, bunun üçün sanki mətnin içinə girib oradakı gizli mənaları, fəlsəfi məntiqi çıxarmaq lazımdır. Bu zaman ən adi və yayğın söz və ifadələrdən, terminlərdən istifadə etmək olar. Fəlsəfi mətnlərin tərcüməsində qarşıya çıxan digər bir problem eyni terminin müxtəlif fəlsəfi məktəblərdə və fəlsəfi fikrin müxtəlif inkişaf mərhələlərində çeşidli mənalarda işlənməsidir.

Fəlsəfi mətn öz spesifik terminologiyası və diqqətlə seçilmiş leksikasıyla da fərqlənir, fəlsəfi mətnin xüsusi kommunikativ-praqmatik funksiyasına tabe olan qrammatik struktur, bir qayda olaraq, dərindən düşünülməlidir. Belə mətnlərin sintaktik quruluşları çox zaman təkcə başqa dilin üslubi konstruksiyasının ekvivalentini vermək deyil, eyni zamanda bu qəliblərin anlaşılması baxımından da mühüm çətinliklər yaradır.

Fəlsəfi mətnin xarakterik xüsusiyyətlərindən biri də təfəkkürün ekstraintellektual ontoloji çıxış nöqtəsinə istinadən yaradılan mətnin ekstralinqvistik başlanğıcının izahatıyla bağlı frazaüstü tamlığın funksiyasıdır. Bu o deməkdir ki, sözlər çox zaman mürəkkəb fəlsəfi fikirləri dəqiq vermək gücündə olmadığından fəlsəfi mətnlərin dərkində dilxarici amillər mühüm rol oynayır. Misal olaraq postmodernist fransız filosofu J. Bodiyarın hər absazı bəzən bir səhifədən artıq olan, yeni absazdakı məna və ya struktur baxımından əvvəlkinin davamı olan cümləsi isə birləşdirici bağlayıcı ilə başlayan əsərlərini göstərmək olar.

Fəlsəfi dilin özünəməxsusluğu həm də onun elmin quru, süni dilində çıxış etməsi və əsaslı olaraq təbii dilin məna qatlarının dərinliyini izah etməyə iddialı olmasıdır. Beləliklə, fəlsəfi mətnin interpretasiyasının spesifikliyi onun praqmatik analizindən, eyni zamanda mətnin kommunikativ təşkilinin xüsusiyyətlərindən asılıdır.

Fəlsəfi mətnlərin tərcüməsi zamanı qarşıya çıxan problemlərdən biri də fəlsəfi-elmi mətnin dilinin xüsusiyyətləridir, bunlar yalnız bu və ya digər dünya dilinin əsas parametrləriylə, müəllifin yaratdığı praqmatik (müasir fəlsəfədə gerçəkliyin obyektivliyini inkar edən və yalnız praktik fayda verən şeyi həqiqət kimi qəbul edən cərəyan) -diskursiv (formal məntiqi nəticələrə əsaslanan)-situativ kontekstlə deyil, həm də fəlsəfi düşüncənin spesifikliyi ilə bağlıdır.

Ona görə də, mürəkkəb koqnitiv fenomen olan fəlsəfi mətnlərin tərcüməsi tərcüməçidən dil bilgiləri, qabiliyyət, istedad tələb etdiyi kimi, ekstralinqvistik biliklər də tələb edir. Tərcüməçi müvafiq mətnin hansı fəlsəfi mənzərəyə istinad etdiyini, hansı cəmiyyəti və mədəniyyəti əks etdirdiyini, tərcümə olunacaq mətnin hansı şəraitdə yarandığını, tərcümənin hansı şəraitdə oxunacağını bilməlidir.

Klassik fəlsəfi mətnlərdən fərqli olaraq çağdaş postmodernist fəlsəfi mətnlərin terminoloji bazası elmin digər müxtəlif sahələrinin – fizikanın, riyaziyyatın, biologiyanın, genetikanın, təbabətin, kompüter terminologiyasının leksikasından da faydalanır.

Postmodern fəlsəfi mətnlərin tərcüməsi zamanı spesifik və mürəkkəb qrammatik, sintaktik konstruksiyaların və idiomatik ifadələrin ekvivalentlərinin verilməsində mühüm çətinliklər qarşıya çıxır. İstifadə olunan üsul və texnika, germenevtik (təfsiri) analizin nəticəsi, şübhəsiz, tərcüməçinin subyektiv baxışlarından, tərcümənin məqsəd və strategiyasından, böyük dərəcədə tərcümə edənin ümumi erudisiyasından, hazırlığından, fəlsəfi biliyindən asılıdır. Fəlsəfi bilik prinsipial olaraq interpretasiya olunmuş bilikdir. İnterpretasiya fəlsəfi biliklərin funksional forma və üsullarının qaçılmaz, labüd məqamıdır.

Ona görə də, fəlsəfi mətnlərin tərcüməsi tərcüməçidən yalnız tərcüməçilik səriştəsi, fəlsəfi terminlər lüğəti deyil, həm də geniş ekstralinqvistik biliklər, dünyanın fəlsəfi mənzərəsinin dərkini və düzgün interpretasiyasını tələb edir.

Sonda qeyd etmək istərdim ki, fəlsəfi, eyni zamanda bədii-fəlsəfi mətnlərin tərcüməsi zamanı ən vacib məsələ fikrin və orijinalın dilinin qorunmasıdır, hərfilik və tam dəqiqlik mütləq həqiqət qədər əlçatmazdır. Ancaq yaxşı tərcümə mümkündür və orijinaldan heç də geri qalmır.

# 1402 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #