Sevməyib evlənmək zülümdü, zülüm...

Sevməyib evlənmək zülümdü, zülüm...
8 avqust 2014
# 11:48

Kulis.az şair Anar Aminin yeni şeirlərini təqdim edir.

Səməd Vurğunun heykəli önündə

...Hərdən durub heykəllərə baxıram,

Bəlkə mən də daş olmağa gəlmişəm...

Üz-gözümü batıracaq quşları

Başım üstdə daşımağa gəlmişəm...

Başım üstdən hədə gəlir; çoxusu –

Dünyamızın azı torpaq, çoxu su.

İslanmışın yağışdan nə qorxusu,

İslanmışam, yaşam, Ağa, gəlmişəm...

Müxalifəm ağasıyla, şahıyla,

Şah yanında mahcamalın mahıyla,

Zülümüylə, əzabıyla, ahıyla,

Mən bu ömrü yaşamağa gəlmişəm...

Min yol ayrılığa sinə gərmişəm

...Bu eşqdir, vərdişdir, nədir, bilmirəm,

Elə darıxıram səndən ötəri.

Necə ki, yay ayı dağlar darıxır,

Dumandan ötəri, çəndən ötəri.

Qaybalı dağından gözlərini çək,

Cəfər dərəsində bir dağdağan ək...

Mən səndən ötəri darıxdığım tək,

Kimsə də darıxır məndən ötəri.

Darıxsın, darıxmaq,– sevincə qənim,

Aranda dumanım, yaylağda çənim...

Hər gün qulaqlarım cingildər mənim,

O səsdən ötəri, ündən ötəri.

Nə sirr var o səsdə, mən nə görmüşəm,

Min yol ayrılığa sinə gərmişəm...

Ömrün otuz ilin qurban vermişəm,

Sənə qovuşduğum gündən ötəri.

Mən səndən ötəri darıxdığım tək,

Kimsə də darıxır məndən ötəri...

Hər şey gözəl imiş həddinə kimi

...Bizə demişdilər “həddi aşmayın”,

Hər şey gözəl imiş həddinə kimi.

Ya ölək, ya qalaq, nə olar, olar,

Gedək açıq işıq xəttinə kimi.

Bəxt bizi işıqla sınar, sınamaz,

Bilmirik kənd bizi qınar, qınamaz...

Məhəbbət deyilən qürur tanımaz,

Əyər qamətini qəddinə kimi.

O kənddə közüm var, bu kənddə külüm,

Sevməyib evlənmək zülümdü, zülüm...

Ən azı cəhd etmiş olarsan gülüm,

Gəl Sədd dərəsinin səddinə kimi.

Biz həddi aşsaq da, heç nə etmədik,

Hər şey gözəl imiş həddinə kimi...

Vaxtın vaxtı yoxdu

...“Hər şey vaxtında gözəldi” – dedin mənə.

Vaxtın dəyərini vaxtında qiymətləndirib,

gözəlliyini vaxtında görə bilmədik, –

yatdıq…

Bir də onda ayılıb gördük ki,

vaxt gəlib, aramızdan keçib, gedib.

Sən vaxtın o tayında qalmısan, mənsə bu tayında.

Axı niyə düşünmədik, ömür bizə verilən vaxtdı?!

Vaxt ötdükcə ömür ağlayır,

gözlərindən günlər, aylar, illər düşür.

O vaxtdan bu vaxta qədər çox şey edə bilərdik,

etmədik, indi sən 38 yaşın içində,

mən 28 yaşın çölündəyəm, neyləyək?

Bu sual da bizim kimi vaxtın qarşısında

başını aşağı salıb, yuxarıdan xəbəri yoxdu.

Yerdə vaxt getmir deyənlərin göydə vaxtı uçur...

Ey, vaxtdı, ayıl!

Vaxt sənə görə nöqtə, mənə görə vergül,

ona görə nədir, bilmirik...

Vaxt yol deyil, yeriyəsən, yolçu deyil, saxlayasan,

çay deyil keçəsən, dəniz deyil üzəsən,

vaxt vaxtdı!

Kişiylə qadının arasında o yerə qədər, o vaxta qədər

yaxınlıq olmursa, ordan o yana uzaqlıq başlayır...

Mən istəyəndə sənin, sən istəyəndə mənim vaxtım olmadı...

Vaxtımız var, istəyirik nəsə olsun;

İndi də vaxtın vaxtı yoxdu –

Vaxt da vaxtında gözəldi!

Ürəksiz yazılan sevgi şeiri

...O xətir, o hörmət sevgiyə döndü,

Bəs idi hörmətə, xətirə kimi.

Bəlkə heç getməyək burdan o yana,

Qalsın yadımızda xatirə kimi?!

Bax burdan o yana yol yoxdu geri,

Getsək də həsrət var, yeri, ha yeri...

Ürəksiz yazılan sevgi şeiri,

Ölürmüş sətirdən-sətirə kimi.

Sətir-sətir başlar sevgi nağılı,

Olmaz sevənlərin, olmaz ağılı.

Sən varlı qızısan, mən kasıb oğlu,

Bu eşq tapa kimi, itirə kimi.

Bəlkə heç getməyək burdan o yana,

Qalsın yadımızda xatirə kimi?!..

# 3422 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #