Fərid Hüseyn: “Qan”-Ən qısa hekayə

Fərid Hüseyn: “Qan”-Ən qısa hekayə
17 dekabr 2013
# 12:00

Kulis.az Fərid Hüseynin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qan” (498 işarə) hekayəsini təqdim edir.

Qarabağda yandırılan evlərdən duman kimi yüksələn tüstü dinc yurdlardakı kabab tüstüsünə qarışıb dərgaha doğru ağır-ağır qalxırdı. Dinc yurdlarda kəsilən qoyunların qanı şəhidlərin qanıyla torpağın altında qovuşurdu. Qan torpağı necə qızdırırdısa, yalquzaq ayağını yerə basa bilmirdi – ağzını göz işlədikcə uzanan dərgaha tutub ulayırdı.

O illərdə xalq arasında “əsgər aparan” adı ilə tanınan “Vilis”in işığı hər dəfə həyətə düşəndə xalamın əri yüyürüb tövlədən qoçların ən irisini seçib voenkomun maşının qabağına qaçırdı.

Xalaoğlumsa pəncərədən çölə baxıb irişirdi.

# 2618 dəfə oxunub

Müəllifin son yazıları

# # #