Cavid Zeynallının Orxan Pamuk olmağı

Cavid Zeynallının Orxan Pamuk olmağı
26 oktyabr 2015
# 15:44

Kulis Ülvi Babasoyun “Günəşsizlər” yazısını təqdim edir.

Sonsuzluq və gənc romançı

XVIII Əsrdə ingilis iqtisadçı Tomas Maltus dünya əhalisinin kəskin şəkildə artması nəticəsində ərzaq təhlükəsizliyi problemi yaranacağı prinsipini irəli sürəndə bu, o qədər də inandırıcı görünmürdü. Necə deyərlər, onda “dünyanın gözəl vaxtları idi”. XIX əsrdə Balzak və Tolstoy romanları göstərdi ki, Maltus sosial-iqtisadi baxımdan yanıla bilər, amma sosial-ictimai mənzərə yer kürəsinə sığacaq səviyyədə deyil.

İki əsr sonra – 2013-cü ildə Amerikan yazıçı Den Braun “Cəhənnəm” romanında Maltus nəzəriyyəsini təsdiq etdi. “Cəhənnəm” romanı dünya əhalisinin azaldılmasına adekvat və qeyri - adekvat təklifdir. XX əsrdə iki dünya savaşı ilə başlayan və dövrümüzdə lokal müharibələrlə davam etdirilən Maltus nəzəriyyəsi yeni erada daha qatı və soyuqqanlı qətliama çevrildi. Romanda dünyanı idarə edən güclər demoqrafik vəziyyəti xüsusi bir virus vasitəsi ilə tənzimləyirlər. Virus İstanbuldan bütün dünyaya yayılır. Hansı insanda immunitet yaranırsa həmin şəxsin gələcəyi təhlükədən xilas olur, əks halda həmin insan sonsuz, qısır bir məxluq dərəcəsinə endirilir. Nəticə etibarı ilə Maltusun nəzəriyyəsi daha “təhlükəsiz” bir formatda tətbiq edilir.

***

Cavid Zeynallı: Çağdaş Azərbaycan nəsrində hələlik ən uğurlu və ümidli gənc imza. Cavidin hekayə və romanları sübut edir ki, yaradıcı prosesin bəhrəsi olan mətnlər təkcə intellekt və mütaliənin yamaqlı montajı olmalı deyil. Bir çox müəlliflər oxuduqları kitabların və “mənimsədikləri ideyaların” təsiri altında qurama, ədəbiyyata dəxli olmayan, cızma-qaraları hekayə və roman kitabı kimi təqdim edirlər və belə hallar müasir nəsrin ən aktual problemlərindəndir. Sevindirici haldır ki, Cavid Zeynallı nəsri ciddi estetik dəyərlər və bədii aura əsasında yenilənir.

Bir vaxtlar Şərq mistizmində “yer üzünün ən şərəfli məxluqu”, Qərb fəlsəfəsində “kiçik bir tanrı” adlandırılan insan modern cəmiyyətdə təkbaşına bir dəyər ifadə etməməyə başladı. Sənaye sonrası çağın başlanğıcından etibarən insan bir həşərat səviyyəsində münasibət gördü. Bioloji sonsuzluq dərəcəsinə qədər endirilən insanın dəyərsizləşməsi, meyvəsiz ağac halına salınması kosmogen siyasət, sosial politika və ağlasığmaz dərəcədə texnoloji inkişafın arzuedilməyən məhsulu oldu. Kafkanın qəhrəmanı “K.” gələcəyin məhzun ab-havasının həyəcan təbilini çaldı. Kafkadan bir əsr sonra ədəbiyyata gələn Cavid bir-biri ilə ucalıq yarışına girən “göydələnçi”lərin uzaq kölgəsində kölgəsini itirən gecəqonduçuların taleyinə ədəbiyyat üfüqlərindən doğan günəşi salmağa çalışır.

“Real” ilğım nədir?

Cavidin “Günəşi gözləyənlər” romanı sözün gözəllik duyumu və estetik zövq müstəvisinə çəkilmiş həqiqətin - küləklər şəhərinin bədii arxitekturasıdır. Reallıq göydələnlərin nirvanasında, işıqlı və dənizli havasında yaşamaq illüziyasıdırmı? Yoxsa gecəqonduların üfunətli, darısqal, havasız yalanıdırmı? “Günəşi gözləyənlər” Bakının unudulmuş məkanlarını və unudulmuş insanlarını “tədqiq edir.” Romanın hər bir cümləsində ifadə olunan soyuq lirizm və ironik romantizm varlığını unutduğumuz ürəyimizi həyəcanlandırır və daxilimizdə metastaz vermiş çirkablar üzərində əməliyyat aparır.

Yalanın həqiqətlə yer dəyişdiyi bir ilğımda forma məzmunu əvəz edir. Cavid Zeynallı demək istəyir ki, həyatımızın gerçək yox, yalan üzü qabarıqdır. “Günəşi gözləyənlər” romanında həqiqət duyğusu qəhrəmanın özünəironiyalarında gizlənib. Gerçəkmi görmək istəyirsiniz, “avara”, “sərgərdan” həyat yaşamayan Üzeyirin kirayə qaldığı “it damına” qonaq olun. Bakının günəş düşməyən bölgəsi Alatava və “ali təhsilli” gənc Üzeyirin qərarsız, dağınıq, melanxolik həyatı bədii biçimdə dərk olunur. Şəngülümlə Şüngülümün bozbaş nağılları evlərimizi, düşüncə və duyğularımzı işğal etdiyi, zövqümüzü öldürdüyü vaxt “uğursuzluqlardan keçib həyata içi boyda bir istəklə bağlanan” Üzeyirlərin taleyi heç kəsin yadına düşmür.

Enis Batur “Coysun qülləsi” essesində yazır ki, “əfsanə doğru və məntiqlidir, amma həqiqət yanlış, məntiqsizdir”. Enis Baturun fikrinə əlavə etsək, gəlib çıxarıq “Günəşi gözləyənlər” romanın müasir Bakı və Azərbaycan insanı haqqında dediklərinə: Miflər və nağıllar doğru və gözəldir və hər kəs qəbul edir. Doğrular, həqiqətlər isə yalandır, çirkindir. Əl qərəz, Ceyms Coysdan fərqli olaraq Cavid insanları, onların dillərini və məişətini bir-birinə qarışdırmır. Cavidin qülləsi günəşdir. Bizdən 25 milyon kilometr uzaqlıqda olan Günəş müəllif obrazının gizləndiyi məkandır. Gənc romançının ürəyi yaradıcılıq günəşində yanıb kül olduqdan sonra həqiqi günəşdən dünyanı seyr etmək mərtəbəsinə ucalır.

“Günəşi gözləyənlər” ilahi məzmundadır. “Günəş” işığın, istinin və aydın sabahın rəmzidir. Günəş həm də Allahın simvoludur. Üzeyir günəşin gerçək sahibi Allahın nə zaman xeyirxah yardım əlini uzadacağını gözləyir: “Dar dalanlı küçələri polis hürküsündən səksəkə ilə keçib, Alatavanın bətnində gizlənən rütubət qoxusunu ciyərlərimə çəkdim. Yaz elə bil, Bakının boyun-buxununa biçilmişdi. Tər-təmiz səmadan boylanan günəş, uşaq arabalarında körpələrini gəzməyə çıxaran gənc anaların üzünə gülümsəyirdi. Görəsən, mənim də nə vaxtsa qadınım, uşağım olan gün gələcəkmi? Mən də gecələr sevgili qadınımın əllərinin istisini saçlarımda hiss edib xumarlansaydım, ayağımı uzadıb, rahat ölə bilərdim. Amma belə getsə, arzum ürəyimdə qurd salacaqdı. Deyəsən, bu gecəqondu köçkün həyatı mənimlə bağrı-badaş olub, ömrümü-günümü çürüdəcəkdi”.

Bir az da sonsuzluqdan, əbədiyyətdən danışaq

“Günəşi gözləyənlər” sonsuz, əbədi arzularımızın yaşaması üçün həyatı və ədəbiyyatı vahid bir nöqtədə qovuşdurur. Ona görə Üzeyir öz xəyallarını dilə gətirməklə yanaşı, hərdən ədəbiyyatla bağlı fikirlərini də bizlərlə bölüşür. Təhkiyəçi – qəhrəman oxucu ilə ünsiyyətə girir. Bu metod xarakterin çözülməsində və oxucunun hadisələri daha obrazlı və əyani şəkildə dərk etməsində müsbət rol oynayır. Sovet ədəbiyyatının köhnəlmiş təşbehlərinə kinayə ilə yanaşan müəllif, həm də dövrün forma oyunları ilə ədabazlıq edən yazıçılara da mesaj göndərir. Roman bütöv bir halda sərhədləri aşır və miqyası böyüyür. “High-tech” (yüksək texnologiya) dövrünün robotlaşan kütləsinə ünvanlanan mənalı məktubdur “Günəşi gözləyənlər”.

İstanbul və Bakı

Orxan Pamukun “Kafamda bir tuhaflık” romanının qəhrəmanı Mövludla Üzeyir arasında oxşarlıqlar çoxdur. Mövlud da Üzeyirin yaşadığı həyat mərtəbəsindədir. Mövlud İstanbulun, Üzeyir Bakının “xəritəyə düşməyən” gecəqondusunda yaşayır. Üzeyir də, Mövlud da həyatda qala bilmək uğrunda mübarizə aparır, günəşin, işıqlı gələcəyin həsrətini çəkirlər. Hər iki xarakter öz dövrlərinin və yaşadıqları mühitin güzgüsüdür: Üzeyir hər nə qədər özünü əzsə də, özünə kəskin kinayə ilə yanaşsa da ürəyini, daxilindəki insanlıq enerjisini itirmir, itirə bilmir. Cavid Zeynallı Üzeyirin həyatı fonunda cəmiyyəti də tədqiq edir. Belə bir insanı məhvə məhkum edən cəmiyyət yaşaya bilərmi? Deməli, həmin toplumda hər şey bir ilğımdır, sadəcə bəzi kosmetik vasitələrlə fasad dəyişimi mövcuddur: müvəqqəti, keçici və eyni zamanda dəhşətli. Mövlud da xaraktercə və hətta zahiri görkəmcə uşaq xislətlidir.

Orxan Pamuk Mövlud obrazının daxilinə böyük İstanbul şəhərini yerləşdirir. Mövludun ağlındakı qəribəliklər mürəkkəb İstanbul toplumuna hər bir həyat bucağından, düşüncə aspektindən baxışdır. Cavid Alatava və Yasamalı olduqca canlı, orqanik bir üslubda roman dilinə köçürür. Necə ki, Orxan Pamuk İstanbulun gözəl və dəyişkən xarakterini roman sənətində rəsm edir.

İstanbulun obyektiv və çoxsəsli görkəminə başqa heç bir yerdə, heç bir sənədli və bədii materiallarda “Kafamda bir tuhaflık” romanındakı qədər real və üzvi yanaşıldığına şahid olmuruq. Cavid də Bakını Alatavadan diqqətlə müşahidə edir və sözlərin rənginə boyayır. “Kafamda bir tuhaflık”da İstanbul Mövluda, Mövlud İstanbula aynadır. “Günəşi göləyənlər”də də Üzeyir Bakının kiçik və yarımçıq modelidir. Səbəb? Səbəbini də siz yazın, əziz oxucular!

# 1412 dəfə oxunub

Müəllifin son yazıları

# # #